Əliyev və Paşinyanın görüşü: sülh nə zaman imzalanacaq?

Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabidəki görüşünü "nəticəyönümlü dialoq" kimi qiymətləndirib.

Şəklin mənbəyi, Ermənistan hökuməti

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabidəki görüşünü "nəticəyönümlü dialoq" kimi qiymətləndirib.

Martda sülh sazişinin mətninin artıq razılaşdırıldığı bildirilsə də, bu görüşdə sazişin imzalanma tarixi barədə XİN-lərin yazılı bəyanatında hər hansı məlumat verilməyib.

Azərbaycan və Ermənistan liderlərinin görüşündə sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin paraflanması müzakirə olunub.

İlham Əliyevlə Nikol Paşinyanın görüşü 5 saat çəkib, Azərbaycan mediası bildirib.

Onlar iki dəfə təkbərək, iki dəfə tam heyətlə görüşüblər.

Azərbaycan tərəfindən xarici işlər naziri Ceyhun Bayramov, Baş nazirin müavini və sərhədlərin delimitasiyası üzrə komissiyanın rəhbəri Şahin Mustafayev, Prezidentin köməkçisi Hikmət Hacıyev və xüsusi nümayəndəsi Elçin Əmirbəyov görüşə qatılıb.

Ermənistan nümayəndə heyətinə xarici işlər naziri Ararat Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Baş nazirin müavini və sərhədlərin delimitasiyası üzrə komissiyanın rəhbəri Mher Qriqoryan və vitse-spiker, Türkiyə ilə normallaşma üzrə xüsusi nümayəndə Ruben Rubinyan daxil olub.

İki lider mayda Albaniyada, Avropa Siyasi Birliyinin zirvə toplantısında görüşmüşdülər.

Bakı və Yerevan mart ayında sülh sazişi mətnini razılaşdırdıqlarını açıqlayıb, amma hələ də iki ölkə arasında sülh imzalanmayıb.

"Mühüm addım"

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

"Hətta konkret açıqlamalar olmasa belə, onların görüşüb əsas məsələləri müzakirə etməsi mühüm addımdır", - Qarabağ münaqişəsi üzrə ekspert Olesya Vartanyan Twitter-də yazıb.

BBC Rusca yazıb ki, hər iki tərəfin hökumətyönlü nəşrləri görüşün regionun tarixində taleyüklü məqam olduğunu qeyd ediblər və sülh prosesini pozmağa çalışan "dağıdıcı qüvvələr"dən, yəni Moskvadan bəhs ediblər.

Rusiya Xarici İşlər Nazirliyi rəsmi olaraq, iki ölkə arasında normallaşmanı dəstəkləyir.

Həm Azərbaycan, həm də Ermənistanda münasibətlərin normallaşması Rusiyanın Cənubi Qafqazda mövcudluğunu məhdudlaşdıran fürsət kimi qiymətləndirilir.

2022-ci ildə Ukraynanın işğalından sonra Moskvanın təsiri zəifləyib, lakin həm Bakı, həm də Yerevan narahatdır ki, Kreml itirdiyi mövqeləri bərpa etmək istəyəcək.

Birləşmiş Ərəb Əmirliklərində keçirilən görüş Əliyevlə Paşinyan arasında ilk birbaşa danışıqlar kimi diqqət çəkib - buna qədər iki lider yalnız vasitəçilərin iştirakı ilə və ya çoxtərəfli sammitlər çərçivəsində görüşüblər.

Bu, bir neçə illik işin kulminasiya nöqtəsidir. İki ölkənin xarici işlər nazirləri artıq hazırlanmış, lakin hələ imzalanmamış sülh müqaviləsi üzərində işləyiblər; sərhədlərin delimitasiyası üzrə işçi qruplara Baş nazirlərin müavinləri rəhbərlik edir; iki liderin müşavirləri Armen Qriqoryan və Hikmət Hacıyev arasında da birbaşa əlaqə kanalı yaranıb.

Amma görüş onu da göstərdi ki, hər iki tərəfdə Rusiyanın təsir dairəsindən uzaqlaşmaq istəyi olsa da, bu, onilliklər boyu davam edən düşmənçilik və yaxın vaxtlara qədər müharibə şəraitində olan iki ölkə arasında etimadsızlığı dərhal aradan qaldırmağa kifayət etmir, BBC Rusca qeyd edib.

Mövqelərin yaxınlaşmasına baxmayaraq, görüşdə heç bir məsələdə irəliləyiş olmayıb - sülh müqaviləsinin imzalanmasının mümkün yeri və tarixi barədə heç bir açıqlama verilməyib. Kommunikasiyaların açılması ilə bağlı da konkret heç nə deyilməyib.

Əliyev Paşinyan

Şəklin mənbəyi, Azertac

Rusiya Əbu-Dabi görüşünü "alqışlayıb"

Rusiya Azərbaycan və Ermənistan rəhbərlərinin Əbu-Dabidə baş tutan birbaşa dialoqunu müsbət qarşılayıb.

Kremlin sözçüsü Dmitriy Peskov bildirib ki, Moskva sülh danışıqları ilə bağlı tərəflər arasında gedən prosesi dəstəkləyir.

"Biz, əlbəttə ki, birbaşa dialoq faktını alqışlayırıq. Dəfələrlə müxtəlif səviyyələrdə də bildirmişik ki, sülh razılaşmasının imzalanmasını tezləşdirən addımları alqışlayırıq", Kreml rəsmisi iyulun 10-da keçirdiyi brifinqdə deyib.

O əlavə edib ki, iki ölkə arasında sülh müqaviləsinin imzalanması regionda "sülh və sabitliyin yaranmasında vacib faktor" olacaq.

Azərbaycan və Ermənistan XİN görüşü "nəticəyönümlü dialoq" kimi qiymətləndirib

Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri tərəflərin görüşünü "nəticəyönümlü dialoq" kimi qiymətləndirib.

Nazirliklərin görüşdən sonra yaydıqları bəyanatda vurğulanıb ki, ikitərəfli danışıqlar normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli formatdı və "bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb"

Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər, bəyanatda deyilir.

Niyə görüş Əbu-Dabidə keçirilib?

Azərbaycan mediası bunu Birləşmiş Ərəb Əmirliklərinin Cənubi Qafqaza, o cümlədən, Azərbaycan və Ermənistana münasibətdə neytral olması ilə izah edir.

AzTV-yə görə, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan və Ermənistanla sıx iqtisadi əlaqələrə sahib olsa da, nə tarixi, nə də hazırda bölgəyə "siyasi ambisiyası" var.

"Bu, vasitəçilik missiyası deyildi. Azərbaycan dəfələrlə bəyan edib ki, sülh danışıqlarında vasitəçiyə ehtiyac yoxdur", - dövlət televiziyasının yaydığı reportajda deyilir.

İyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə gedən Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanın Əbu-Dabidə qarşılanma mərasimi olub.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Onların Azərbaycanla Ermənistan arasında sülhü müzakirə edəcəyi deyilir.

Bu görüşdə sülhə nail olmaqla bağlı ümidlər böyükdür.

Video açılmırsa, YouTube kanalımızda baxın.