Daha iki şərt. Niyə Azərbaycanla Ermənistan hələ də sülh müqaviləsi imzalamayıb?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Qriqor Atanesyan, Məhərrəm Zeynalov
- Vəzifə, BBC News Rusca
Ermənistan və Azərbaycan sülh müqaviləsinin yekun mətni üzrə razılığa gəliblər, lakin sülh hələ çox uzaqdır; prinsipial məsələlər üzrə fikir ayrılıqları aradan qaldırılmayıb və ekspertlər Rusiyanın regionda öz təsirini bərpa etmək üçün vəziyyətdən yararlanacağından ehtiyat edirlər.
Martın sonunda, xəstəxanadan çıxdığı gün Roma Papası Fransisk möminlərə müraciətində xəstəxanada yatdığı zaman baş verənləri sadalayıb. Onların arasında postsovet məkanından nadir xoş xəbər də var idi.
"...Mən şadam ki, Ermənistan və Azərbaycan sülh sazişinin yekun mətni üzrə razılığa gəliblər. Ümid edirəm ki, o, ən qısa zamanda imzalanacaq və beləliklə, Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına kömək edəcək", - Roma Papası yazıb. Onun ruh yüksəkliyini dünyanın 60-dan çox ölkəsində bölüşüblər.
Martın 13-də Yerevan və Bakı elan etdilər ki, sülh müqaviləsi üzərində dörd illik işdən sonra son iki mübahisəli müddəanı razılaşdırıblar.
Lakin Azərbaycan Prezidenti İlham Əliyev əlavə şərtləri təkrarlayıb: Ermənistan konstitusiyası dəyişdirilməli və ATƏT-in Minsk qrupu buraxılmalıdır. Yerevan hər iki tələbi qəbul etməyə hazırdır, lakin əsas qanunun dəyişdirilməsi referendum keçirilməsini tələb edir, onun nəticəsini isə proqnozlaşdırmaq mümkün deyil.
Ekspertlər xəbərdarlıq edir ki, əgər indi iki ölkənin mövqeləri yaxınlaşıbsa, prosesin ləngidilməsi sülh şanslarını məhv edə bilər. Görünməmiş güzəştlərə getməyə hazır olan Ermənistanın hakim partiyası yerli seçkilərdə get-gedə daha zəif nəticə əldə edir, müxalifət isə daha sərt barışmazlıq nümayiş etdirir.
Ermənistanda və Azərbaycanda müşahidəçilər də Rusiyanın danışıqlara müdaxilə edəcəyindən narahatdılar. Ukraynaya başlatdığı genişmiqyaslı işğalın əvvəlində Cənubi Qafqaza marağını itirmiş Rusiya, Kiyevlə barışıq əldə olunacağı təqdirdə bölgəyə qayıtmağa cəhd edə bilər.

Şəklin mənbəyi, AFP
Hərbi və diplomatik "rokirovka"
2020-ci ilin payızında baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində qaliblə məğlub yerlərini dəyişdilər. Azərbaycan işğal olunmuş yeddi rayona və Azərbaycanın əsasən ermənilərin yaşadığı və şiddətli etnik münaqişə bölgəsi olmuş Dağlıq Qarabağın (Azərbaycan Dağlıq Qarabağ adlı regionun artıq mövcud olmadığını deyir -red.) bir hissəsinə nəzarəti bərpa edib. Münaqişəyə maraq göstərən yeganə dünya dövləti Rusiya idi və atəşkəs sazişinin mətnini hazırlayan da Rusiya olub.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Bakı atəşkəs razılaşmasından sonra öz qələbəsini kağız üzərində möhkəmləndirməkdən ötrü dərhal sülh sazişi bağlanması üçün birbaşa ikitərəfli danışıqlara keçmək istəyirdi.
Lakin Yerevan məğlubiyyətin ağırlığını qəbul etməyə hazır deyildi və Qarabağın bir hissəsini ermənilərin nəzarətində saxlamaq üçün diplomatik sahədə öz mövqeyini bərpa etməyə çalışırdı.
"Yerevan 2020-ci il müharibəsindəki məğlubiyyətdən sonra yaranmış vəziyyəti düzəltmək üçün sona qədər çalışıb. Adətən, Ermənistan rəsmiləri azərbaycanlılarla ermənilərin dinc yanaşı yaşaması üçün etimadın addım-addım yaradılması, tədricən həyata keçiriləcək barışıq prosesinin mərhələləri barədə uzun-uzadı izahat verirdilər", - Cənubi Qafqaz geosiyasəti üzrə ekspert Olesya Vartanyan yazır.
Ermənistan Qarabağ münaqişəsinin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Rusiya, ABŞ və Fransadan dəstək almağa çalışırdı. Lakin Rusiya və ABŞ Yerevanın tərəfini tutmağa tələsmirdilər, Fransanın ermənipərəst mövqeyi isə yalnız Parislə Azərbaycan arasında münasibətləri korladı.
2022-ci ildə Moskvanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsindən və Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən sonra Moskvanın Yerevanı dəstəkləməkdən imtina etməsi Ermənistan hakimiyyətinin Rusiyanın təhlükəsizlik zəmanətlərinə ümidini tamamilə itirməsinə səbəb olub.
Moskvanın rəhbərlik etdiyi hərbi blok KTMT çərçivəsində təhlükəsizlik zəmanətləri, Qarabağdan fərqli olaraq, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə şamil edilir. Lakin Yerevan Bakı ilə təkbətək qaldı.
Bundan sonra, sərhədin Ermənistan tərəfində Avropa İttifaqı mülki müşahidəçi missiyası yerləşdirilib. 2025-ci ilin yanvarında isə Joe Biden administrasiyasının son günlərində Washington-da ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq sazişi imzalanıb.
Eyni zamanda, Baş nazir Nikol Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb və sülh ümidi ilə əvvəllər ağlasığmaz görünən güzəştlərə razı olub.

Şəklin mənbəyi, Getty Images
"Yalnız Moskvanın diqqətinin yayınması və regional təsirinin zəifləməsi fonunda ciddi danışıqlar başladı", - region üzrə ekspert Zaur Şiriyev qeyd edir. O yazır ki, o vaxt "qonşusunun işğalına başı qarışmış Rusiya regiona nəzarətini itirmişdi".
Ancaq o anda Azərbaycan sülh müqaviləsi bağlamağa tələsmək istəmədi. Qonşusu üzərində şəksiz hərbi üstünlüyə və Avropa İttifaqının mühüm qaz tərəfdaşı statusuna malik olan Bakı hərbi yolla bütün ərazisinə nəzarəti bərpa etdi. Qarabağın erməni əhalisi Ermənistana qaçdı.
Bundan sonra, Ermənistan Bakının tələbləri ilə razılaşmağa davam etdi. Yalnız iki məqam mübahisəli olaraq qaldı: avropalı müşahidəçilərin sərhəddən çıxarılması və beynəlxalq məhkəmələrdən qarşılıqlı iddiaların geri götürülməsi tələbi.
Avropalı müşahidəçilər Ermənistanda 2023-cü ilin fevralında, sərhədlərdə eskalasiya nəticəsində Azərbaycan qüvvələrinin Ermənistan ərazisinin kiçik bir hissəsini tutduqdan az sonra peyda olublar.
Müşahidəçilərin işi məhz kimin atəş açdığını izləməkdir və onların sərhəddə müşahidə aparması Yerevana müdafiə imkanı verməsə də, heç olmasa, kimin kimə hücum etdiyi barədə obyektiv məlumat verəcək müstəqil arbitrlərə ümid verirdi. Lakin onların mövcudluğu Bakını son dərəcədə qıcıqlandırır: Azərbaycanın hökumətyönlü mediası avropalı müşahidəçiləri regionda sabitliyi pozmaqda və casusluqda ittiham edir.
Nəhayət, Paşinyan Azərbaycanın bu tələblərini qəbul etməyə razılaşdı. O hesab edir ki, Ermənistanın başqa seçimi yoxdur və sülh müqaviləsi ölkənin təhlükəsizliyini təmin edə bilər.
Hər iki bənd sülh müqaviləsinin yekun mətninə daxil edildi və saziş imzalanan kimi Yerevan avropalı müşahidəçilərin xidmətlərindən imtina etməyə və beynəlxalq məhkəmələrdən iddialarını geri götürməyə hazırdır.
Amma diplomatik sahədə, 5 il əvvəl döyüş meydanında olduğu kimi, "rokirovka" baş verdi: indi Ermənistan sülh bağlamağa tələsir, Azərbaycan isə prosesi uzadır.
İlkin şərtlər və iddialara qarşı iddia

Şəklin mənbəyi, AFP
"Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, o, 17 bənddən ibarətdir. Azərbaycan burada heç bir əlavə şərt irəli sürməyib. Şərtlərimiz Ermənistana məlumdur, onlar yeni deyil", - İlham Əliyev aprelin əvvəlində deyib.
O, iki şərti səsləndirib: ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistan konstitusiyasına dəyişikliklər. "Bu iki şərt yerinə yetirildikdən sonra sülh müqaviləsinin imzalanmasına heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın meydanındadır", - Əliyev əlavə edib.
ATƏT-in Minsk Qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin həlli üçün yaradılıb və ona Rusiya, ABŞ və Fransa rəhbərlik edib. Son illər Minsk qrupunun işi faktiki olaraq, dayanıb və o, ancaq kağız üzərində mövcuddur. Əliyev hesab edir ki, "Qarabağ münaqişəsini Azərbaycan özü həll edib" və əgər münaqişə yoxdursa, onu həll etmək üçün beynəlxalq qrupa da ehtiyac yoxdur.
Ermənistanın Baş naziri bu tələbi yerinə yetirməyə hazır olduğunu bildirib. Amma qrupun ləğvi üçün Rusiya, Fransa və ABŞ-ın razılığı və növbəti iclası dekabr ayında keçiriləcək ATƏT Nazirlər Şurasının qərarı lazımdır.
Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı Əliyevin ikinci şərtinin yerinə yetirilməsi daha az proqnozlaşdırıla bilən və uzun sürən prosesdir.
2023-cü ildə min ildən artıq müddətdə ilk dəfə olaraq,Dağlıq Qarabağda (Azərbaycan Dağlıq Qarabağ adlı regionun artıq mövcud olmadığını deyir-red.) erməni qalmayıb. Lakin mübahisəli bölgə 1990-cı ildə qəbul olunmuş və onun Ermənistana "birləşməsi"ni əks etdirən müstəqillik bəyannaməsində qalıb. Ermənistanın hazırkı konstitusiyasında bu bəyannaməyə istinad var. Bakı buna öz ərazisinə rəsmi iddia kimi baxır və onun çıxarılmasını tələb edir.
Azərbaycan diplomatları deyirlər ki, bunsuz sülh mümkün deyil: hətta Paşinyan və onun seçiciləri indi Qarabağdan həmişəlik imtina etməyə hazır olsalar belə, bir gün konstitusiyada bu ərazinin qeyd olunmasından istifadə edəcək revanşistlər hakimiyyətə gələ bilər.
Ermənistan hökuməti Bakını inandırmağa çalışırdı ki, qorxacaq heç nə yoxdur. Ermənistanın Konstitusiya Məhkəməsi ölkənin əsas qanununda başqa ölkələrə qarşı ərazi iddialarının olmaması barədə qərar qəbul edib. Üstəlik, sülh müqaviləsinin mətnində ərazi bütövlüyünün qarşılıqlı tanınması, habelə müqaviləni pozmaq üçün daxili qanunlara istinadın qadağan edilməsi nəzərdə tutulur.
Nəhayət, Paşinyan qeyd edir ki, Azərbaycan konstitusiyasında müasir Ermənistanın yarıdan çoxuna iddialı olan 1918-ci il birinci respublikanın müstəqillik deklarasiyasına istinad edilir. Ermənistan lideri Azərbaycan hakimiyyətinin Ermənistan torpaqlarını "Qərbi Azərbaycan" adlandırdığını da xatırladır. Bəs bunlar ərazi iddiaları deyilsə, nədir, Paşinyan deyir.
Lakin onun arqumentləri Bakını razı salmayıb. Bu ssenarini qabaqcadan görən Ermənistan hökuməti artıq bir ildən çoxdur ki, əhalini referenduma hazırlayır.
Paşinyan deyir ki, yeni konstitusiyaya ehtiyac Əliyevin tələbləri ilə bağlı deyil, lakin müstəqil ekspertlər əmindirlər ki, bu, ilk növbədə Azərbaycana xoş gəlmək üçün edilir.
Referendum üçün ən çox ehtimal olunan tarix növbəti parlament seçkilərinin keçiriləcəyi 2026-cı ilin yayı ola bilər - bu halda konstitusiya məsələsi səsvermə bülleteninə daxil edilə bilər.
Rusiyanın və yeni müharibənin kabusu

Şəklin mənbəyi, Getty Images
"İmkanlar pəncərəsi daralır. Müqavilə ilin sonuna qədər imzalanmasa, 2022-ci ildən qazanılan sürət yox ola bilər", - Zaur Şiriyev yazır. O hesab edir ki, Ukraynada mümkün atəşkəs, xüsusən də Moskva üçün əlverişli şərtlərlə, Rusiyanın diqqətini bir daha Cənubi Qafqaza yönəldə bilər. Bütün bunlar ABŞ-ın postsovet məkanına ən az maraq göstərdiyi şəraitdə baş verəcək.
Erməni politoloq Tiqran Qriqoryan hesab edir ki, Biden administrasiyası regionda fəal rol oynamağa çalışsa da, Trump komandasının hərəkətləri və bəyanatları Ermənistan hökumətini Moskva ilə "daha rasional" münasibətlər axtarmağa vadar edib.
"ABŞ-da yeni administrasiyanın özü Moskva ilə, hər yerdə, xüsusən də Yerevanla əlaqə quranda mesaj belə olur: qonşularınızla, Rusiya ilə problemlərinizi özünüz həll edin", - Qriqoryan "Exo Kavkaza"ya müsahibəsində deyib.
Eyni zamanda, Rusiyanın regionda fəallığının artması ölkələrin heç biri üçün sərfəli deyil. Onların hər ikisinin də çoxlu şikayətləri yığılıb. Azərbaycanda Birinci Qarabağ müharibəsindəki məğlubiyyəti Moskvanın siyasətinin nəticəsi hesab edirlər; Ermənistanda İkinci Qarabağ müharibəsində məğlubiyyət və sonrakı gərginliklər Moskva ilə Bakının sövdələşməsi ilə əlaqələndirilir.
Yerevan Avropaya inteqrasiya prosesinə 2010-cu illərin əvvəllərində başlayıb, lakin 2014-cü ildə Kreml Ermənistanın Aİ ilə Assosiasiya sazişini imzalamaqdan imtina etməsinə nail olub. İndi proses yenidən işə salınıb və vizasız rejimin tətbiqi artıq fəal müzakirə olunmaqdadır, ermənilər onun yenidən iflasa uğrayacağından ehtiyat edirlər.
Azərbaycan isə Türkiyənin timsalında etibarlı hərbi və diplomatik müttəfiqə malikdir və onun Moskva ilə ikitərəfli münasibətləri Rusiyanın hava hücumundan müdafiə tədbirləri nəticəsində Azərbaycan təyyarəsinin qəzaya uğramasından sonra xüsusilə korlanıb.
"Rusiya regiona sülh yolu ilə deyil, yalnız münaqişələr yolu ilə qayıda bilər". Bunu Ermənistanın "Civilnet" kanalında azərbaycanlı politoloq Natiq Cəfərli deyib.
Ermənistanda, həmçinin qorxurlar ki, yeni konstitusiyanın qəbulundan sonra da Bakı sülh müqaviləsi bağlamağa tələsməyəcək. Olesya Vartanyan bunun ardınca Qarabağa görə ümummilli üzrxahlıq və ya kütləvi tövbə tələblərinin gələcəyini ehtimal edən erməni siyasətçilərə və xarici diplomatlara istinad edir.
BBC ilə söhbətində politoloq Tiqran Qriqoryan ayrıca qeyd edib ki, Azərbaycan getdikcə Ermənistan ordusunun 2020-ci il məğlubiyyətindən sonra bərpasını militarizasiya kimi təqdim etməyə çalışır və Ermənistana xarici silahların tədarükünü dayandırmağı tələb edir. O, konstitusiyanın dəyişdirilməsindən və ATƏT-in Minsk Qrupunun buraxılmasından sonra növbəti tələbin Ermənistan ordusunun sayı və silahlarının məhdudlaşdırılması ola biləcəyini və bu tələblərin yeni eskalasiyaya səbəb ola biləcəyini ehtimal edib.
Aprelin sonunda Əliyev yenidən "sürətli silahlanma, öldürücü silahlar əldə etmə və Ermənistanın Fransa tərəfindən yeni təxribatlara sövq etməsindən" şikayətlənib. Məsələ ondadır ki, Paris son vaxtlar Ermənistana silah, o cümlədən "Sezar" tipli haubitsaları satır və bu, Moskvanın və Bakının etirazlarına səbəb olur. Müasir silahların digər əsas tədarükçüsü Ermənistanın, həmçinin, çoxsaylı raket yaylım atəş sistemləri aldığı Hindistan olub.
"Ermənistan ordusunda aparılan islahatların Azərbaycanla əlaqəsi varmı? Həm hə, həm yox", - bu ittihamları şərh edən Paşinyan bildirib. Onun sözlərinə görə, Ermənistan qonşusuna hücum etmək fikrində deyil, lakin ondan irəli gələn təhdidlərə hazırlaşmağa çalışır.
Son həftələr – artıq sülh müqaviləsi elan edildikdən sonra - Azərbaycan müntəzəm olaraq Ermənistanı sərhəddə atəş açmaqda ittiham etməyə başlayıb. Ermənistan Müdafiə Nazirliyi bu ittihamları rədd edir, Aİ-nin monitorinq missiyası da.
Siyasi risklər və şərti sərhədlər

Şəklin mənbəyi, Facebook/Nikol Pashinyan
Yeni konstitusiya üzrə referendumun nəticəsi Paşinyanın taleyi ilə sıx bağlı olacaq. Burada təşəbbüs tamamilə ona və onun hakim partiyasına məxsusdur, rusiyayönlü partiyalardan tutmuş avropayönlü partiyalara qədər müxtəlif müxalifət qüvvələri isə əsas qanunun dəyişdirilməsinə qarşıdırlar.
Ermənistanda son səsvermənin nəticələri göstərir ki, artıq hakim partiya seçicilərin əksəriyyətinin dəstəyinə malik deyil. Bunlardan ən sonuncusu ölkənin ikinci ən böyük şəhəri olan Gümridə şəhər şurasına seçki oldu ki, burada hakim partiya səs çoxluğu qazana bilmədi və bələdiyyə sədrinin müxalifətdən təyin ediləcəyi gözlənilir.
Lakin yerli seçkilər həmişə ölkədəki vəziyyəti əks etdirmir – məsələn, Gümridəki seçki kampaniyasına yerli klan fikir ayrılıqları təsir edib. Bundan başqa, parlament seçkilərində partiyanın siyahısına, hakimiyyətinin əvvəlindən reytinqi xeyli aşağı düşsə də, ölkənin ən populyar siyasətçisi olaraq qalan Paşinyan başçılıq edəcək. Müxalifət isə son dərəcə parçalanıb və vahid lideri yoxdur; hətta keçmiş prezidentlər Serj Sarkisyan və Robert Köçəryanın partiyaları kimi, aralarında heç bir ideoloji fikir ayrılığı olmayan qüvvələr belə bir-biri ilə savaşırlar.
Münaqişənin yenidən başlaması üçün sülh müqaviləsinin mətnindən çıxarılan iki məsələ – kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası da bəhanə ola bilər. Hələlik iki ölkənin nümayəndələri sərhədin yalnız kiçik bir hissəsi üzrə razılığa gəliblər. Ermənistanı atəşə tutmaqda ittiham edən Azərbaycan Müdafiə Nazirliyi "şərti sərhəd"dən danışır və Ermənistan Respublikasının tərkibindəki ərazilər üçün Azərbaycan toponimlərindən istifadə edir.
Yol məsələsi də qalır. Sülh müqaviləsi imzalanandan sonra ölkələr arasında sərhədlər açılmalıdır. Lakin bunun hansı şərtlərlə baş verəcəyinə dair beş ilə yaxındır razılaşa bilmirlər. Azərbaycan öz əsas ərazisinin eksklavı olan Naxçıvanla Ermənistan ərazisindən keçəcək "dəhliz" hüququnda israr edir. Bakının fikrincə, bu, Ermənistan sərhədçilərinin nəzarətindən kənar və üçüncü tərəfin mühafizəsi altında marşrut olmalıdır. Üçüncü tərəf kimi, Rusiya Federal Təhlükəsizlik Xidməti sərhəd qoşunları nəzərdə tutulur.
Yerevan bu ssenarini öz suverenliyinin və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirir. Bunun müqabilində o bu sahədə pasport və gömrük nəzarətinin beynəlxalq şirkətə verilməsi kimi kompromis həll yollarını təklif edir. İdeya ondan ibarətdir ki, azərbaycanlılar erməni sərhədçiləri ilə üz-üzə gəlməyəcək, lakin Ermənistan, hər necə olsa da, öz sərhədlərinə nəzarət edəcək.
Bakı kompromis variantları rədd edir, lakin, eyni zamanda bu marşrut üzrə hərəkət etməli olan dəmir yolunun öz ərazisindəki hissələrini aktiv şəkildə tikir.
Bu o deməkdir ki, Paşinyan tezliklə dilemma ilə üzləşə bilər: Ermənistan üçün "qırmızı xətt" kimi təyin etdiyi məsələdə növbəti güzəştə getmək və ya dünya və regional güclərdən heç birinin Ermənistanın təhlükəsizliyinə təminat vermədiyi şəraitdə bundan imtina etmək.
"Biz bu məsələdə son dərəcədə yaradıcı və çevik olmuşuq və qalırıq", - Ermənistanın Baş naziri deyib. - Bu təkliflərin Azərbaycan tərəfindən niyə rədd edildiyi bəlli deyil. Ümid edirəm ki, eskalasiya üçün saxta bəhanə yaratmaq məqsədilə deyil".
Rəsmi Bakı da Ermənistanın həqiqi sülh istəmədiyini, manipulyasiya etdiyini deyib. Azərbaycan Xarici İşlər Nazirliyi verdiyi bəyanatlarda tez-tez Ermənistanı azərbaycanlı qaçqınların Ermənistana qayıtması haqlarının tanınmasına, itkin düşmüş azərbaycanlılarla bağlı məlumatların açıqlanmasına və daha dəqiq mina xəritələrinin təqdim edilməsinə çağırıb.







