Trump-ın Zelenski və Avropa liderləri ilə görüşündə nələr olub?

Şəklin mənbəyi, AFP via Getty Images
- Müəllif, BBC Azərbaycancanın xəbər bölməsi
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski ilə Donald Trump arasında Ağ Evdə keçirilən görüşdən sonra hər iki tərəf Ukraynada sülh prosesi ilə bağlı müsbət bəyanatlar verib.
Bazar ertəsi Trump əvvəlcə Zelenski ilə, sonra Avropa liderləri ilə görüşüb. Nəhayət, o, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Müzakirələrdə atəşkəsin mümkünlüyü, Ukrayna üçün təhlükəsizlik təminatları və Trump, Putin və Zelenski arasında üçtərəfli görüşün mümkünlüyü müzakirə edilib.
Trump ABŞ-ın Ukraynanı "çox yaxşı müdafiə" ilə təmin edəcəyinə söz verib və bunun "bəzi Avropa ölkələri tərəfindən ABŞ-la koordinasiyalı şəkildə təmin ediləcəyini" qeyd edib.
ABŞ Prezidenti Trump bu görüşdən əvvəl, Putinlə görüşündən sonra isə demişdi ki, , Zelenski "istəsə, Rusiya ilə müharibəni bitirə bilər", amma NATO-ya üzvlükdən və Krımdan imtina etməlidir.
O, Rusiya Prezidenti Putinlə avqustun 15-də Alyaskada görüşüb.

Şəklin mənbəyi, Getty Images
ABŞ Prezidenti Putinlə görüşdən əvvəl mövqeyinin əksinə olaraq, müharibəni bitirmək üçün atəşkəsin lazım olduğuna inanmadığını bildirib.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Üçtərəfli görüşün müharibəni bitirmək şansının yüksək olacağını bildirən Trump Zelenski ilə söhbətini "Putin bu görüşdən sonra mənim zəngimi gözləyir" deyərək yekunlaşdırıb.
Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib ki, Putin Trumpla təxminən 40 dəqiqə telefonla danışıb və söhbət "səmimi və kifayət qədər konstruktiv" olub.
Uşakov əlavə edib ki, söhbətin ən mühüm mövzusu "Moskva və Kiyev arasında danışıqlarda təmsilçilik səviyyəsinin artırılması imkanları" olub.
Bu il İstanbulda Rusiya və Ukrayna arasında üç raund danışıqlar aparılıb, lakin əsir mübadiləsi kimi bəzi humanitar məsələlərdən başqa, müharibənin dayandırılması istiqamətində heç bir irəliləyiş əldə olunmayıb.
Zelenski-Trump görüşü bu dəfə mehriban keçib.
Zelenski və Tramp 2025-ci ilin fevralında görüşüblər və görüş gözlənildiyi kimi keçməyib. Bu dəfə isə Ağ Ev mehriban davranıb.
Görüşün əvvəlində Zelenski Trump-dan xahiş edib ki, həyat yoldaşı Olena Zelenskanın Rusiyada saxlanılan ukraynalı uşaqların geri qaytarılmasında göstərdiyi səylərə görə şəxsi təşəkkür məktubunu Melaniya Trump-a çatdırsın.
Zelenskinin prezident aparatının rəis müavini Serhiy Palisa Ağ Evə daxil olarkən əlində bükülmüş kağız parçası ilə görüntülənib. Bunun xəritə olduğuna inanılır. Onu prezident aparatının rəhbəri Andriy Yermak və keçmiş müdafiə naziri Rustem Umerov müşayiət edib.
Zelenski gələndə Trump onu qapıda qarşılayıb. "Ukrayna xalqına mesajınız nədir?" sualına Trump "Biz onları sevirik" cavabını verib.
Trump: "Əgər Zelenski müharibəni bitirmək istəyirsə, Krımdan imtina etməlidir"

Şəklin mənbəyi, Reuters
Putinlə görüşdən sonra mediaya görüşün nəticələri barədə mətbuata heç bir açıqlama verilməsə də, sonradan Trump öz sosial media hesabında Ukraynanın sülh üçün NATO-dan və Krımdan imtina etməli olduğunu bildirib.
"Necə başladığını xatırlayın. Obamanın verdiyi Krımı geri qaytarmaq olmaz (12 il əvvəl, atəş açılmadan!) və UKRAYNA NATO-ya DAXİL OLA BİLMƏZ. Bəzi şeylər heç vaxt dəyişmir!!!", - o, özünün Truth sosial media hesabında yazıb.
Trump bu mesajını Prezident Zelenski Ağ Evdə Ukraynanın gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün ABŞ-a gedən ərəfədə yazıb.
Bazar ertəsi Vaşinqtonda Trump Zelenskini və bəzi Avropa liderləri ilə görüşəcək.
Trampın xüsusi nümayəndəsi isə deyib ki, Vladimir Putin Ukrayna üçün "möhkəm" təhlükəsizlik zəmanətləri, o cümlədən NATO tipli potensial müdafiə sistemi ilə razılaşıb.
Zelenski ABŞ-ın təhlükəsizlik zəmanəti təklifini "tarixi" adlandırıb.
Alyaska: Trump və Putinin görüşü necə bitdi?

Şəklin mənbəyi, Getty İmages
Alyaskada ABŞ və Rusiya liderlərinin görüşünün ardınca Ukrayna Prezidenti Zelenski Vaşinqtona gedir.
Zelenskinin avqustun 18-də ABŞ Prezidenti ilə Trump-ın Putinlə görüşünü müzakirə edəcəyi gözlənir.
Cümə günü rusiyalı həmkarı Putinlə Alyaskada görüşmüş ABŞ Prezidenti Donald Trump deyib ki, danışıqlarda "böyük irəliləyiş"ə baxmayaraq, heç bir razılaşma əldə olunmayıb.
Trump-ın Putinlə görüşməkdə məqsədi Ukraynadakı müharibəyə son vermək idi.
Alyaskada Putinlə, demək olar ki, üç saatlıq görüşdən sonra mətbuata açıqlamasında Trump "Biz ora çata bilmədik" deyib.
O bildirib ki, hələ də fikir ayrılıqları var və "razılaşma olana qədər heç bir razılaşma yoxdur".
Trump "bir çox məqamların razılaşdırıldığını", "azının qaldığını" deyib, amma detallar açıqlamayıb.
O, tezliklə Zelenskiyə və Avropa liderlərinə zəng edəcəyini deyib və əlavə edib ki, bu, "son nəticədə onlardan asılıdır".
Putin münaqişəyə son qoymaqda "səmimi" olduğunu deyib, lakin təfərrüata varmayıb.
O deyib ki, Trump Rusiyanın "öz maraqları olduğunu anlayır".
Prezidentlər jurnalistlərin suallarını cavablandırmayıblar.
Alyaskaya uçarkən jurnalistlərin suallarını cavablandıran Trump prioritetinin müharibəni bitirmək olduğunu və bundan əvvəl iş müzakirəsi aparmayacaqlarını demişdi.
O bildirmişdi ki, razılıq əldə olunmasa, Putini ağır iqtisadi sanksiyalar gözləyəcək.
"Putin bu görüşdən çox şey qazandı və heç bir nəzərəçarpan güzəştə getmədi"

Şəklin mənbəyi, Reuters
Steve Rosenberg
BBC Rusca
Alyaskada keçirilən bu görüşdə, Prezident Trumpın ümid etdiyi şey - Rusiya tərəfdən atəşkəs əldə edilmədi.
Bu görüş Prezident Putinə çox şey verdi: qırmızı xalçada qarşılanma, geo-siyasi diqqət mərkəzində olan bir gün və dünyanın ən güclü ölkəsinin lideri ilə bir səhnəni bölüşmək şansı.
Beləliklə, Moskva üçün bir çox müsbət cəhətlərlə yanaşı ortada bu da var: Moskva Ukraynadakı müharibə ilə bağlı heç bir nəzərəçarpan kompromis və ya güzəştə getməyib.
Son həftələr Prezident Trump Ukraynada atəşi dayandırmaq istəmədiyinə görə Rusiyanı daha sərt yanaşma ilə hədələyirdi.
İndiyə qədər Ağ Ev təhdidini yerinə yetirməyib.
İyulun sonunda Donald Trump Vladimir Putinə ultimatum qoymuşdu: Ukraynada müharibəni 10 gün ərzində dayandırın, əks halda daha çox sanksiyalarla üzləşin.
Kreml lideri mübarizəni dayandırmadı.
Sanksiya əvəzinə o, Donald Trumpdan sammitə dəvət alıb.
Alyaskadakı görüş ərəfəsində nələr oldu

Şəklin mənbəyi, Reuters
Putin Alyaskaya gələrkən onun yolüstü liman şəhəri Maqadanda yerli sənaye müəssisələrinə baş çəkdiyini göstərən kadrlar yayılıb.
Rusiya xarici işlər naziri Sergey Lavrovun Alyaskaya gələrkən geydiyi köynək medianın diqqətini çəkib.
Jurnalistlərin dediyinə görə, köynəyin üstündə "SSRİ" yazılıb.
Ukrayna Prezidenti Zelenski görüşə qatılmır. O, görüşə saatlar qalmış "ABŞ-a etibar edirik" deyə mesaj paylaşıb.
Zirvə görüşü öncəsi Trump deyib ki, görüşün uğursuz olma ehtimalı 25 faizdi. Onların görüşü ərəfəsində Ukrayna torpaqları ilə bağlı açıqlamalar ön plana çıxıb.
Trump Putinlə görüşündə Ukraynanın işğal olunmuş torpaqlarının bir hissəsini geri almağa çalışacağını bildirib.
O daha əvvəl də Ukrayna və Rusiya arasında "torpaq mübadiləsi" ola biləcəyi fikrini səsləndirmiş, lakin bunun hansı bölgələri əhatə edəcəyi barədə hər hansı işarə verməmişdi.
Avropa liderləri görüşmə ərəfəsində Ukrayna sərhədlərinin zorla dəyişdirilməsinə qarşı xəbərdarlıq edən bir açıqlama yayıblar.
Ortaq açıqlamada "ərazi bütövlüyü" prinsipinə hörmət göstərilməsinin vacib olduğu və "beynəlxalq sərhədlərin zorla dəyişdirilə bilməyəcəyi" vurğulanıb.
Açıqlama, Macarıstan istisna olmaqla, Avropa İttifaqının 26 üzvü tərəfindən imzalanıb.
Donald Trump isə mümkün bir sülh müqaviləsinin "bəzi torpaq dəyişmələrini" ehtiva etməsinin lazım olduğunu tez-tez təkrarlayır.
Trump Rusiyanın şərqdəki bütün Donbas bölgəsini və Krımı əlində saxlayarkən, qismən işğal etdiyi Xerson və Zaporijya bölgələrindən çəkilməli olduğuna işarə edir.

Şəklin mənbəyi, Getty Images
Görüş haqqında maraq doğuran suallar
ABŞ Prezidenti Trump-ın Rusiya lideri Putinlə keçirəcəyi bu görüş Ukraynadakı müharibəyə son vermək üçün davam etdirdiyini dediyi səylərin bir hissəsi kimi qarşılanır.
Bu qərar Trump-ın Rusiyaya Ukraynada atəşkəsi qəbul etməsi və ya daha sərt sanksiyalarla üzləşməsi üçün verdiyi müddətin sona çatdığı gün elan edilib.
Rusiya və Ukrayna arasında Trump-ın təşəbbüsü ilə bu yay keçirilən üç raund görüş hələ ki, tərəfləri sülhə yaxınlaşdırmayıb.
15 avqustda planlaşdırılan görüş isə, görünür, yeni mübahisələrə yol açacaq.
İki liderin görüşü ilə bağlı məlum olanları təqdim edirik.
Putin və Trump niyə görüşür?

Şəklin mənbəyi, Yasin Öztürk/AA via Getty Images
Trump yanvarda vəzifəyə başlamazdan əvvəl Rusiyanın Ukraynadakı müharibəsini bitirmək vədini vermiş və prezident olduqdan sonrakı 24 saat ərzində bu müharibəni bitirəcəyini dəfələrlə dilə gətirmişdi.
O vaxtdan bəri ciddi təzyiq göstərdiyi görünsə də, təşəbbüsləri hələ nəticə verməyib.
Görüşmələr əvvəlcə optimist bir ab-hava yaratsa da, sonradan bu ab-havanın dağıldığı müşahidə edilib.
Ötən ay Tramp BBC-yə verdiyi müsahibədə, xüsusi nümayəndəsi Steve Witkoff-un bütün səfərlərinə baxmayaraq, Putinin onu məyus etdiyini etiraf edib.
Məyusluqlar artdı və Trump Putinə dərhal atəşkəsi qəbul etməsi və ya daha ağır ABŞ sanksiyaları ilə üzləşməsi üçün cümə gününə qədər vaxt verdi.
Müddət yaxınlaşarkən Tramp bunun əvəzinə Putinlə növbəti cümə günü, 15 avqustda üz-üzə görüşəcəyini elan etdi.

Şəklin mənbəyi, Ori Aviram/AFP via Getty Images
Görüş harada keçiriləcək?
Toplantı üçün Roma, Macarıstan və hətta Birləşmiş Ərəb Əmirlikləri kimi yerlərin adı çəkilsə də, son qərar ABŞ Prezidentinə daha "yaxın" bir məkan üçün seçilib.
Cümə axşamı Trump öz sosial media platforması Truth Social-da Putinlə "səbirsizliklə gözlənilən görüşünün" 15 avqustda "böyük Alyaska ştatında" baş tutacağını açıqlayıb.
O "digər detalları sonradan açıqlayacağıq" deyib.
Trump görüş yerinin "bir sıra səbəblərdən çox populyar bir yer" olacağını söyləyib.
Alyaskadakı görüşün dəqiq məkanı hələ açıqlanmayıb.
Ukrayna iştirak edəcəkmi?
ABŞ mediasında yayılan xəbərlərdə bu görüşdən – uğurlu olacağı təqdirdə – Trump, Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirak edəcəyi başqa bir toplantı olacağı bildirilsə də, bu, hələ ki, uzaq görünür.
İndiyə qədər görüşə Putin və Trump-dan başqa kimin qatılacağı bəlli deyil.
Zelenski aylardır ABŞ-ın Moskvaya qarşı daha sərt mövqe tutacağına ümid edir və Avropanın da bu danışıqlarda iştirak etməsinə çağırır.
Zelenski, "Müharibə Avropadadır, Ukrayna Avropanın ayrılmaz bir hissəsidir və hazırda Avropa İttifaqına üzvlük danışıqları aparırıq" deyərək əlavə edib:
"Buna görə də Avropa, özü ilə bağlı proseslərin bir hissəsi olmalıdır".
Həm Tramp, həm də Zelenski bu həftə bir-birləri və Avropalı həmkarları ilə ünsiyyətdə olublar.
Xüsusi nümayəndəsinin Rusiyada Putinlə görüşməsindən sonra Trump Avropa liderləri ilə görüşərək, mümkün bir sülh sazişini müzakirə etmək üçün Putinlə bir araya gəlmə planları barədə məlumat verib.
Zelenski çərşənbə axşamı Tramp ilə "səmərəli bir görüş" keçirdiyini və ona Rusiyanın "hücumlarının şiddətini" artırdığını söylədiyini bildirib.
Ukrayna Prezidenti daha əvvəl, Ukraynanın iştirakı olmadan Kremllə əldə ediləcək hər hansı bir razılaşmanı qəbul etməyəcəyini demişdi.
Ukrayna, yaxınlaşan toplantıya dair xəbərlərə hələ rəsmi reaksiya verməyib.

Şəklin mənbəyi, EPA
Tərəflər bu görüşdən nə gözləyir?
Trump-ın hədəfi aydındır: seçki kampaniyası vədlərindən biri olan müharibəni dayandırmaq.
Trump bu həftəki açıqlamasında "Ölümləri dayandırmaq üçün əlimdən gələni edəcəyəm" deyib.
ABŞ Prezidenti cümə günü etdiyi çıxışda iki ölkə arasında razılaşmanın "çox yaxın" olduğunu iddia edib.
Hər iki ölkə müharibənin bitməsini istədiklərini söyləsə də, həm Ukrayna, həm də Rusiya bir-birinin qəti şəkildə qarşı çıxdığı şeyləri tələb edir.
Ukrayna, başda Krım olmaqla, ələ keçirilmiş bölgələrin Rusiya tərəfindən idarə olunmasını qəbul etməyəcəyində qətiyyətlidir.
Ukrayna Prezidenti Volodimir Zelenski bu fikri tamamilə rədd edib.
"Burada danışılacaq bir şey yoxdur. Bu bizim konstitusiyamıza ziddir", - o deyib.
Putin indiyə qədər sərhədlər, Ukraynanın neytrallığı və ordusunun gələcək ölçüsü barədə maksimalist tələblərindən geri çəkilməyib.
O, ölkəni bir qədər də Ukraynanın Qərb xəttinə yerləşdiyinə inandığı üçün işğal edib və NATO-nu Rusiyanın sərhədlərinə hərbi olaraq yaxınlaşmaq üçün Ukraynadan istifadə etməkdə günahlandırır.
Ağ Ev isə hər iki tərəfi razı salmağa çalışdığı bir plana sahibdir.
BBC-nin ABŞ-dakı tərəfdaşı CBS News-un məlumatına görə, Trump administrasiyası xeyli Ukrayna torpağını Rusiyaya verəcək bir atəşkəs razılaşması barədə Avropa liderlərini razı salmağa çalışır.
Məsələyə bələd mənbələrə görə, razılaşma Rusiyanın Krım yarımadasını əlində saxlamasına və Ukraynanın şərqindəki Donetsk və Luqanskdan ibarət Donbas bölgəsini almasına imkan verəcək.
Rusiya 2014-cü ildə Krımı qanunsuz şəkildə işğal edib və Donbas bölgəsinin böyük hissəsi də rusiyapərəst qüvvələrin nəzarətindədir.
Razılaşmaya əsasən, Rusiya hələ də hərbi nəzarətində saxladığı Xerson və Zaporijya bölgələrindən imtina etməli olacaq.
Trump cümə günü Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada "Hər iki tərəfin də xeyrinə olacaq şəkildə bəzi torpaq dəyişmələri olacaq, amma bunu ya sonra, ya da sabah danışacağıq" deyib.
Görüş niyə Alyaskada keçiriləcək?
Bunun bir neçə səbəbi var.
Alyaska ABŞ torpağıdır və bu da təhlükəsizlik narahatlıqlarını xeyli azaldır.
Eyni zamanda Trump-ı, ABŞ-ın 150 ildən çox əvvəl Rusiyadan satın aldığı torpaqlarda rusiyalı həmkarına ev sahibliyi edən şəxs kimi mövqeləndirir.
Putinin köməkçisi Yuri Uşakov, bu mövqenin "çox məntiqli" olduğunu bildirib və iki ölkənin Berinq boğazı ilə ayrılan qonşu ölkələr olduğunu xatırladıb:
"Rusiya və ABŞ yaxın qonşulardır, sərhəd qonşusudurlar. Heyətimizin yalnız Berinq boğazından uçması və iki ölkə liderlərinin bu qədər mühüm və gözlənilən bir zirvəsinin Alyaskada keçirilməsi olduqca məntiqli görünür".
Alyaska sonuncu dəfə 2021-ci ilin martında, o vaxtkı ABŞ Prezidenti Joe Biden-in yeni diplomatik və milli təhlükəsizlik komandası çinli həmkarları ilə Ankoricdə görüşəndə ABŞ diplomatik fəaliyyətlərinin mərkəzində olmuşdu.
Görüş çinlilərin amerikalıları "yuxarıdan aşağı baxmaq və ikiüzlülük" ilə ittiham etməsi ilə gərginləşmişdi.
Müşahidəçilər Alyaskanın seçilməsinin başqa səbəblərlə də əhəmiyyətli olduğunu deyirlər.
ABŞ, Putin haqqında həbs qərarı çıxaran Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yurisdiksiyasını tanımır. Bu səbəbdən Putin üçün hüquqi problem yaratmır.

Şəklin mənbəyi, Justin Sullivan/Getty Images
Əvvəlki birbaşa görüşmələr
Trump və Putin fevral ayında telefonla danışmışdılar. Bu, Rusiyanın 2022-ci ildə Ukraynanı genişmiqyaslı işğalından bəri liderlər arasında baş tutan ilk birbaşa təmas idi.
Bu görüşdən az sonra Trump Rusiya ilə ABŞ arasında, mübahisəli şəkildə Ukraynanın kənarda qalacağı danışıqların başlayacağını açıqlamışdı.
Hər iki lider bir-birlərinin ölkələrini ziyarət etmək barədə razılığa gəliblər.
ABŞ Prezidentinin Putinlə fiziki olaraq ən son görüşü 2021-ci ildə olub, Rusiyanın Ukraynanı işğalından əvvəl, o, İsveçrənin Cenevrə şəhərində keçirilən zirvədə Joe Biden-lə bir araya gəlmişdi.







