COP30 nədir, niyə vacibdir, kimlər iştirak edir?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Mark Poynting
- Vəzifə, BBC News iqlim müxbiri
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Dünya liderləri bu gün iqlim dəyişikliyi ilə necə mübarizə aparılacağına dair illik toplantıları üçün bir araya gələcəklər.
COP30 ölkələrin qlobal istiləşməni 1,5°C səviyyəsində saxlamaq öhdəliyi götürdükləri Paris İqlim Razılaşmasından on il sonra keçirilir.
COP30 nədir və nə deməkdir?
COP30 hökumətlərin iqlim dəyişikliyini necə məhdudlaşdıracaqlarını və ona necə uyğunlaşacaqlarını müzakirə etdikləri, Birləşmiş Millətlər Təşkilatının (BMT) hər il keçirilən iqlim konfranslarının 30-cusudur.
"COP" ingiliscə "Conference of the Parties" sözlərinin qısaltmasıdır, yəni "Tərəflər Konfransı" deməkdir.
"Tərəflər" ifadəsi isə 1992-ci ildə ilk BMT İqlim Sazişini imzalayan təxminən 200 ölkəni əhatə edir.
COP30 nə vaxt keçiriləcək?
COP30 rəsmi olaraq 10 noyabr - bazar ertəsi günündən 21 noyabr - cümə gününə qədər davam edəcək.
Dünya liderləri zirvənin açılışından əvvəl, 6–7 noyabr tarixlərində bir araya gələcəklər.
Konfrans çox vaxt son anda aparılan danışıqlar səbəbindən uzanması ilə tanınır, çünki məqsəd bütün iştirakçılar üçün qəbul edilə bilən ortaq razılaşma əldə etməkdir.

Şəklin mənbəyi, Photo by Chris Jackson/Getty Images
COP30 harada keçirilir?
Konfrans ilk dəfədir ki, Braziliyada, Amazon yağış meşələrində yerləşən Belem şəhərində təşkil olunur.
Ev sahibi olacaq ölkə, FIFA Dünya Kuboku və Olimpiya Oyunları kimi, bölgələrin növbə ilə namizəd göstərilməsi və üzv ölkələrin səsverməsi nəticəsində seçilir.
Lakin Belem şəhərinin seçilməsi bir sıra logistik çətinliklərə səbəb olub — zəif nəqliyyat əlaqələri və münasib qiymətli otellərin çatışmazlığı bu problemlər arasındadır.
Bəzi nümayəndə heyətlərinin qalmaq üçün yer tapmaqda çətinlik çəkəcəyi, daha kasıb ölkələrin iştirakı üçün maneə yarada biləcəyi narahatlıqları da səsləndirilib.
Zirvə üçün istifadə olunacaq bir yolun tikintisi məqsədilə Amazon meşələrinin bir hissəsinin kəsilməsi qərarı isə ayrıca mübahisələrə yol açıb.
Bundan əlavə, Braziliya hökuməti COP30 öncəsi yeni neft və qaz lisenziyaları verməyə davam edib.
Neft, qaz və kömür qazıntı yanacaqlar sayılır və qlobal istiləşmənin əsas səbəbi kimi qəbul olunur.

Şəklin mənbəyi, Getty Images
COP30-a kimlər gedir, kimlər getmir?
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Dünyanın müxtəlif ölkələrindən nümayəndələrin iştirakı gözlənilir, lakin bir çox dünya lideri hələlik iştirakını rəsmi şəkildə təsdiqləməyib.
ABŞ nümayəndə heyətinin tərkibi hələlik məlum deyil.
2025-ci ilin yanvarında vəzifəyə gələndən az sonra Prezident Donald Tramp, iqlim dəyişikliyi ilə mübarizəyə yönəlik beynəlxalq səylərin əsasını təşkil edən Paris İqlim Razılaşmasından çıxacağını açıqlamışdı.
Tramp, artıq 2017-ci ildəki ilk prezidentlik dövründə bu sazişdən çıxmış, lakin keçmiş prezident Co Bayden 2021-ci ildə vəzifəyə başladığı ilk gündə həmin qərarı ləğv etmişdi.
Dünyada iqlimə zərər vuran qazların ən böyük yayıcısı olan Çin konfransa nümayəndə heyəti göndərəcək, amma Prezident Si Cinpinin şəxsən iştirak edəcəyi gözlənilmir.
COP30-da Azərbaycan nümayəndə heyətinə Milli Məclisin sədri Sahibə Qafarova rəhbərlik edir.
Siyasətçilərlə yanaşı, diplomatlar, jurnalistlər və ekoloji fəallar da COP30-da iştirak edəcəklər.
Əvvəlki konfranslar, kömür, neft və qaz sənayesi ilə əlaqəsi olan çoxsaylı nümayəndələrin iştirakı səbəbilə tənqid olunmuşdu. Kampaniyaçılar bu vəziyyətin qazıntı yanacaq lobbilərinin təsirinin hələ də davam etdiyini göstərdiyini bildirirlər.
COP30 niyə vacibdir?
COP30 qlobal iqlim məqsədlərinin ciddi təzyiq altında olduğu mühüm bir vaxtda keçirilir.
2015-ci ildə Parisdə təxminən 200 ölkə, qlobal istiləşməni sənaye inqilabından əvvəlki səviyyələrdən 1,5°C yuxarıda saxlamaq və 2°C həddinin "xeyli altında" qalmaq barədə razılığa gəlmişdi.
Elmi sübutlar göstərir ki, 2°C-lik istiləşmənin təsirləri, istər ekstremal istilər, istər dəniz səviyyəsinin yüksəlməsi baxımından, 1,5°C-lik istiləşmədən qat-qat daha təhlükəlidir.
Bərpa olunan enerji – xüsusilə günəş enerjisi – istifadəsi artmaqda davam etsə də, ölkələrin iqlim planları hələ də 1,5°C hədəfinə çatmaq üçün kifayət qədər iddialı deyil.
Paris Razılaşmasına əsasən, ölkələr COP30-dan əvvəl qlobal istiləşməyə səbəb olan qazların emissiyasını necə azaldacaqları ilə bağlı yenilənmiş planlarını təqdim etməli idilər, lakin yalnız üçdə biri bunu edib.
BMT Baş katibi Antonio Quterreş emissiyaların hələ də yüksək olduğunu vurğulayaraq, 1,5°C hədəfinin artıq aşılmasının qaçılmaz olduğunu bildirib.
O, bununla belə, əsrin sonuna qədər temperaturun yenidən 1,5°C səviyyəsinə endirilə biləcəyinə ümid etdiyini də əlavə edib.
BMT, COP30-un Paris sazişində müəyyən olunmuş prosesə sadiqliyi artıracağına ümid edir.
COP30-da nə müzakirə olunacaq?
Braziliya, əvvəlki konfranslarda verilən öhdəliklərin icrasına dair yeni addımların razılaşdırılmasını hədəfləyir.
Ölkələrin yeni karbon emissiyasının azaldılması planları ilə yanaşı, bir sıra əsas mövzular da gündəmdə olacaq:
- Qazıntı yanacaqları
2023-cü ildə keçirilən COP28 konfransında ölkələr ilk dəfə enerji sistemlərində qazıntı yanacaqlardan uzaqlaşma zərurəti üzərində razılığa gəlmişdilər.
Lakin bu istiqamət 2024-cü ildə COP29-da gözlənildiyi kimi gücləndirilmədi.
- Maliyyə məsələləri
COP29 zamanı varlı ölkələr, inkişaf etməkdə olan dövlətlərə iqlim dəyişikliyi ilə mübarizədə kömək məqsədilə 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar ayırmağı öhdələrinə götürmüşdülər.
Lakin bu məbləğ yoxsul ölkələrin real tələbatından çox azdır.
Razılaşma həmçinin bu məbləğin ictimai və özəl mənbələr hesabına 1,3 trilyon dollara çatdırılmasını nəzərdə tutur, amma bunun necə həyata keçiriləcəyi barədə konkret detallara hələlik yer verilmir.
- Bərpa olunan enerji
COP28-də ölkələr, külək və günəş kimi bərpa olunan enerji mənbələrinin qlobal gücünü 2030-cu ilə qədər üç dəfə artırmaq barədə razılığa gəlmişdilər.
Bərpa olunan enerjinin artımı sürətli olsa da, Beynəlxalq Enerji Agentliyi dünyanı bu hədəfə çatmaq yolunda görmür.
- Təbiət
Yeni bir təşəbbüs kimi "Əbədi Tropik Meşələr" (Forever Tropical Forests) adlı fondun yaradılması gözlənilir.
Bu fondun məqsədi tropik meşələrin itirilməsinin qarşısını almaqdır.

Şəklin mənbəyi, Reuters
COP30 hər hansı bir fərq yaradacaqmı?
Bu il xüsusilə Tramp administrasiyasının siyasətləri səbəbindən, əvvəlkindən daha böyük irəliləyişlər əldə etmək çətin görünür.
Prezident Tramp, sentyabr ayında BMT-də etdiyi çıxışda iqlim dəyişikliyini "dünyanın ən böyük saxtakarlığı" adlandıraraq, qlobal istiləşməyə dair elmi sübutlara hücum etmişdi.
O, həmçinin neft və qaz hasilatını artıracağını və əvvəlki administrasiyaların ekoloji təşəbbüslərini ləğv edəcəyini vəd etmişdi.
2025-ci ildə keçirilən digər beynəlxalq görüşlərdə də irəliləyiş əldə etmək çətin olub — məsələn, avqust ayında qlobal plastik razılaşmasına dair danışıqlar ikinci dəfə iflasa uğrayıb.
Oktyabr ayında qlobal dəniz daşımacılığı emissiyalarının azaldılmasına dair əhəmiyyətli bir saziş ABŞ və bir neçə digər ölkənin təzyiqi nəticəsində təxirə salınıb.
Greta Thunberg kimi iqlim fəalları bəzi əvvəlki COP görüşlərini "yaşıl yuma" (greenwashing) ilə günahlandırıblar.
Bu ifadə, ölkələrin və şirkətlərin əsl dəyişikliklər etmədən, sadəcə iqlimçi imici formalaşdırmalarını nəzərdə tutur.
Bununla belə, COP konfranslarında əhəmiyyətli beynəlxalq razılaşmalar əldə olunub və bu razılaşmalar tək-tək milli tədbirlərdən daha çox irəliləyiş təmin edib.
Məsələn, Paris COP21 zamanı qəbul edilən 1,5°C-lik istiləşmə limiti, bütün dünyada demək olar ki, universal iqlim fəaliyyəti üçün təkan yaratdı.
Dünya hələ bu məqsədlərə çatmaq üçün lazım olan sürətlə hərəkət etməsə də, BMT-yə görə, bu saziş gözlənilən istiləşmə səviyyəsinin azalmasına mühüm təsir göstərib.







