32 uelsli futbol azarkeşi Yerevanda niyə həbs olundu və onlarla necə rəftar etdilər?

Futbol
Şəklin alt yazısı, Uels Futbol Assosiasiyası azarkeşlərin həbsindən sonra vəziyyəti nəzarətdə saxlayıb.

Uelsli futbol azarkeşi Lefi Gruffudd noyabrın 18-də Yerevanda keçirilmiş Avropa çempionatının seçmə mərhələsi üzrə Ermənistan-Uels oyunundan əvvəl başına gələnləri, yəqin ki, həyatı boyu unutmayacaq. Yerevan polisi onu da 30-dan çox digər uelsli futbol azarkeşi kimi saxlayıb.

Lefi Gruffudd şəhərdə xoş əyləncəli bir gecə keçirdikdən sonra bir qrup dostu ilə birlikdə həbs olunmasını “bir şok” kimi təsvir edib, - BBC müxbiri Chris Wood yazır.

Başqa bir azarkeş BBC-yə deyib ki, onlardan 25-ə yaxınını divar qarşısında cərgəyə düzərək və onlara 6 aylıq həbs cəzası veriləcəyini deyərək ələ salıblar.

35 yaşlı, Gerwyn Williams adlı bir azarkeş isə deyib ki, polis onu silah altında saxlayıb və o bundan çox qorxub: “Polis silahı üzümüzə tuşladı, bizi qorxutmağa çalışırdı”.

O 12 saat yeməksiz və susuz saxlandığını deyib. O qədər qorxub ki, polis onu azad etdikdən futbol matçını gözləmədən geri, ölkəsinə uçub.

"Ötən gecə biz üçümüz olduqca gec otelə qayıdırdıq və polis maşınları düz bizə yaxınlaşdı, bizi maşınlarına mindirdi, həbs etdi və bu gün günorta [şənbə günü] səhər saat 3:30-a qədər həbsdə saxladılar, - bunu isə cənab Gruffudd həmin vaxt BBC-nin müxbirinə deyib. - “Bizimlə təhqiramiz rəftar etdilər, bütün gecə su, telefon, heç nə yox idi”.

“Bizə nə üçün həbs olunduğumuzu izah etmirdilər. Biz hər dəfə soruşurduq, lakin cavab ala bilmirdik. Biz gecə yata bilmədik və qəzəbliyik”, - Gruffudd BBC-yə deyib.

O, olduqları yerdən, oyundan əvvəlki gün getdikləri bardan məmnun qalıbmış: “Ancaq bu, [saxlanmamız] şok oldu. Gözləmirdik. Dünən gecə barlardakı insanlardan çox razı qaldıq, orada çox yaxşı atmosfer var idi, lakin bu, [saxlanmamız] hamımız üçün böyük şok oldu".

Bu oyunu izləmək üçün paytaxt Yerevana 1200-ə yaxın uelsli azarkeş getmişdi.

Ermənistan yerevan Uelsli futbol azarkeşləri futbol
Şəklin alt yazısı, Uels azarkeşləri Ermənistanın paytaxtı Yerevanda saxlandıqdan sonra

“Dava olub”

"Mən eşitdim ki, onlar uelsli azarkeşlər arasında dava olduğunu iddia edirlər, amma biz bu barədə heç nə bilmirik və bunun baş verdiyindən əmin deyiləm ancaq onların bizə açıqladığı səbəb budur", - Lefi Gruffudd BBC müxbiri Chris Wood-a deyib.

Çoxlarının cümə günü həbs olunduğu, bəzilərinin isə şənbə günü yerli vaxtla saat 3-də, matçın axşam saat 6-da başlaması ərəfəsində sərbəst buraxıldığı güman edilir, BBC müxbiri Chris Wood yazır.

Futbol
Şəklin alt yazısı, Lefi Gruffudd deyib ki, o dostları həbs olunanadək şəhərdə vaxtını səmərəli keçirirmiş.
Uelsli azarkeşlər
Şəklin alt yazısı, Bəzi fanatlar Ermənistan polisinin onları 6 aylıq həbslə qorxutduğunu deyir.

“...Mən hələ də baş verənlərə görə dilxoram”, – başqa bir fanat Gerallt Dafydd deyib.

O, dostlarıyla barda içki içib.

Azarkeş deyir ki, onlar taksi gözləyərkən “haradansa polis peyda oldu”.

“Çox aqressiv idilər və bizi qandalladılar. Onlar əslində zorakılıqla sıxışdıraraq bizi polis maşınının arxa oturacağına oturtdular, çox rəhmsiz rəftar edirdilər, mən arxa oturacaqda danışanda, yumruqla üzümə zərbələr endirirdilər", - Gerallt Dafydd BBC müxbirinə deyib.

“Seksual xidmət” tələbi

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Cənab Dafydd Chris Wood-a bildirib ki, azarkeşlər narahat idi, çünki, onun fikrincə, polis əməkdaşları onları ələ salaraq deyirdilər ki, onlar altı həftə və ya altı ay müddətinə azadlıqdan məhrum edilə bilərlər.

O, tam əminliklə azarkeşlərin heç bir səhv etmədiyini vurğulayıb: "Onlar bizə bir sənəd verib dedilər ki, "yaxşı, siz heç bir pis iş görməyibsiniz, buraya imza qoyun” .

Ermənistanın Britaniyadakı səfirliyi azarkeşlərin şikayətlərinin "reallıqla əlaqəsi olmadığını" deyib.

Bu hadisədən bir gün əvvəl gecə bardan qayıdan bir azarkeş qadın bildirib ki, istifadə etdiyi taksi sürücüsü maşını kimsəsiz bir yerə çəkib, sonra maşından düşərək arxa qapını açıb və onun yanına oturaraq ödəniş əvəzinə "seksual xidmət" istəyib.

Qadın bununla bağlı Uels Azarkeşlər Səfirliyinə müraciət edərək xahiş edib ki, xaricdəki azarkeşlər əgər gecə vaxtı tək hərəkət etməli olarlarsa, “çox diqqətli olsunlar”.

Uels Azarkeşlər Səfirliyi həmin vaxt uelsli azarkeşlərə tövsiyə edib ki, mindikləri maşının fotosunu çəksinlər və tək səyahət etməsinlər.

Ermənistan Yerevan futbol
Şəklin alt yazısı, Gerallt Dafydd nə üçün saxlandıqlarını bilmir.

Yerevan polisi nə deyir?

Shamshyan.com kriminal xəbər saytının məlumatına görə, xidmət zamanı patrul və polis əməkdaşları bir qrup vətəndaşın ictimaiyyətə qarşı hörmətsizlik etdiyini, “qışqıraraq hay-küy saldığını” müşahidə ediblər.

“Lakin əvvəlcə patrul xidmətinin əməkdaşları və polis əməkdaşları hər hansı bir hərəkətdən çəkiniblər. Lakin onların asfaltda pivə butulkalarını sındırdıqlarını, bəzi azarkeşlərin isə açıq ərazidə işədiyini görən hüquq-mühafizə orqanları qaydanı pozanları polis bölməsinə aparmağa məcbur olublar. Saytın məlumatına görə, həbs edilən fanatların əksəriyyəti sərxoş olub. Polis şöbəsinə onların 16 nəfəri aparılıb”, - Shamshyan.com saytındakı məqalədə deyilir.

Həmin vaxt Ermənistanda olan Uels polisinin təmsilçisi Supt Steve Rees deyib:

“Şənbə günü səhər saatlarında Yerevanda 32 uelsli azarkeşin həbsi ilə nəticələnən insidentdən xəbərdarıq. Baş verənləri dəqiq bilmək üçün Azarkeşlər Səfirliyi və yerli hüquq-mühafizə orqanları ilə işləyirik. Uels azarkeşləri xaricə səyahətdə yaxşı reputasiyaya malikdirlər, odur ki, bu, çox qeyri-adi haldır”.

Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abrahamyan yerli informasiya agentliklərinə bildirib ki, noyabrın 18-də polis tərəfindən 16 xarici vətəndaş saxlanılıb və istintaq orqanına aparılıb. BBC Azərbaycancanın Ermənistan müxbiri deyib ki, Qor Abrahamyan saxlanılanların hamısının sərbəst buraxıldığını bildirib.

1:1 hesabı ilə heç-heçə başa çatan Uels-Ermənistan görüşündən bir gün əvvəl, noyabrın 17-də yerli media yazıb ki, Mərkəzi Polis İdarəsinin və Ermənistan Daxili İşlər Nazirliyinin Polis Patrul Xidmətinin əməkdaşları uelsli futbol azarkeşlərini saxlayıb polis şöbəsinə aparıblar.

Shamshyan.com kriminal xəbər saytı yazıb ki, azarkeşlər “ictimai qaydaları pozaraq küçədə hay-küy salıblar və ona görə də polis onları saxlamalı olub.

Uels Futbol Assosiasiyası (FAW) həmin vaxt 32 azarkeşin həbs olunduğunu təsdiqləyib.