Rusiyada miqrantlar niyə hədəfə alınır?

Şəklin mənbəyi, Kirill Kukhmar/TASS
- Müəllif, BBC Rusca
Ən adi hesablamalara görə, Rusiyada altı milyondan çox miqrant yaşayır.
Rusiya iqtisadiyyatının - tikinti, mənzil-kommunal təsərrüfatı, logistika, məişət xidmətləri və çatdırılma kimi - bütöv sektorları, eləcə də öz ölkələrinin iqtisadiyyatı onların işindən asılıdır: miqrantların pul köçürmələri Mərkəzi Asiya ölkələrinin Ümumi Daxili Məhsulunun əhəmiyyətli hissəsini təşkil edir.
Buna baxmayaraq, onlar Rusiyanın daim ayrı-seçkiliyə məruz qalan ən həssas sosial qruplarından biridir.
Bu il isə qeyri-leqal miqrantların qeydiyyata alma sistemi - "nəzarət olunan şəxslər" reyestri - işə salındı və əgər kimsə bu reyestrə düşsə, dərhal işindən, universitetdəki yerindən, bankdakı pulundan məhrum ola bilər.
Çoxları "qeyri-leqal" damğasını səhvən alır.
500 nağd
Arsen* aprelin 5-də səhər saat 9-da oyanmışdı və hələ də yorğun idi. Dünən o, dostları ilə bara, ordan da hamısı birlikdə fast-food yeməyə getmişdi və sonra Arsen evə taksi ilə qayıtmışdı.
25 yaşlı kişi üçün tipik Moskva gecəsi.
Arsen beş ildir ki, Rusiyada yaşayır. Əslən o, Qazaxıstandandır.
Arsen elə yataqdaykən telefonunda Sberbank tətbiqini açıb dostuna az miqdarda pul köçürür.
Qırmızı fonda "Rədd edildi" yazılır.
Aşağıda isə izahat verilib: "Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi sizi nəzarət edilən xarici vətəndaşlar siyahısına daxil edib. Sizə aşağıdakılar istisna olmaqla, bütün bank əməliyyatları qadağandır: daxil olan pul köçürmələri, dövlət (Rusiya Federasiyası) lehinə məcburi ödənişlər, ayda 30 min rubldan çox olmayan məbləğdə nağd pul çıxarmaq".
Arsen əvvəlcə bunun nasazlıq olduğunu düşünüb. Banka zəng edib, lakin orada deyiblər ki, belə məsələlərlə məşğul olmurlar və Daxili İşlər Nazirliyinə müraciət etməyi tövsiyə ediblər.

Bir çox gənclər kimi, Arsen də bütün pullarını indi artıq bloklanan kartda saxlayırdı. O, mənzilini araşdıdıb 500 rubl nağd pul tapır və polis bölməsinə çatır. Orada çiyinlərini çəkib onu "Ziqzaq"a göndəriblər.
Moskvanın Dmitrovski rayonundakı bu adda ticarət mərkəzində lokal miqrasiya məntəqəsi yerləşir. Burada, adətən, qeydiyyat, miqrasiya qeydiyyatının yenilənməsi və iş üçün icazə məsələləri ilə məşğul olurlar. Orada qəbula düşmək üçün "Qosuslugi" vasitəsi ilə qeydiyyatdan keçmək lazımdır. Növbəti qeydiyyata alınma 10 gündən sonra mümkün idi. Arsen əldən düşmüş halda evə qayıdır.
İcarənin ödəmə müddəti yaxınlaşırdı. Ərzaq almaq lazım idi. Arsen bir neçə vəkilə zəng edir, lakin ilkin məsləhətləşmə üçün belə pulu yox idi.
Son pulu ilə Arsen Saxarovaya getmək qərarına gəlir.
Saxarovo
Moskvanın mərkəzindən 60 kilometr cənub-qərbdə, Saxarovo kimi tanınan çoxfunksiyalı Miqrasiya Mərkəzi miqrantlara tanışdır. Bura, böyük növbələri və "sosial əhəmiyyətli xəstəliklər və infeksiyaları" – İİV (İnsanın İmmunçatışmazlığı Virusu), sifilis və vərəmi aşkar etmək üçün qan və sidik vermək kimi aşağılayıcı prosedurları ilə tanınır. "Cinayətkarlar kimi", - Arsen deyir.
"Orada şərait dözülməzdir. Çöldə yüzə yaxın insan növbəyə durur. İçəriyə isə saatda bir neçə nəfəri buraxırlar. Qadınlar, uşaqlar, təqaüdçülər... Basabasdır. Hər tərəfdə OMON (xüsusi təyinatlı milis dəstəsi) ətrafı mühasirəyə alıb. Və OMON bu insanlarla söyüşlə danışır və "hey, sən" deyə müraciət edir. Məndə elə bir hiss var idi ki, hansısa İŞİD** düşərgəsinə düşmüşəm. Hər yanda dəmir çəpərlər. İnsanlarla heyvan kimi rəftar edirlər".

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
"Üç saat küçədə, qarda növbədə durdum. Heç kəsi isinmək üçün belə içəriyə buraxmırlar. Yarım litrlik suyu aşağısı 150 rubla (1,8 dollar) almaq olar. "Snikers" - 200 rubl. Bir neçə saat da içəridə, növbədə gözlədim. Bəziləri eləcə döşəmənin üstündə oturmuşdu, uşaqlar isə künc-bucaqda əşyaların üstündə yatırdılar".
Arsen Saxarovoya günorta saatlarında gəlib və yalnız axşam yeddinin yarısında klubların girişində verilən nömrə kimi, əlinin üstünə kağızdan bir nömrə vurublar - Sənədlərin rəsmi şəklə salınması prosesi başa catmayınca, bu nömrələri silmək və ya itirmək olmaz.
Arsen Saxarovoya ertəsi gün qayıtmalı olduğu üçün bu, özünün dediyi kimi, "damğa" ilə ictimai nəqliyyatda səyahət edir, axşam duşda qoruyub saxlayır və sabahısı daktiloskopiya və analizləri verməyə gedib.
O, çirkli tibb kabinetlərini və dəhlizləri xatırlayır: sidik nümunəsi toplamalı olduğu çirkli tualetlərdə suyun işləmədiyi və yerə səpələnmiş qanlı pambıq qırıqlarını.
Arsen də, hər gün mərkəzin qarşısında növbəyə düzülən bir çoxları kimi, Rusiyada qanuni yollarla qalır, işləyir və ev kirayə edir. Və bir gün birdən o, bank hesabına girişi olmayan "nəzarət olunan şəxsə" çevrilir.
Nəzarət olunan şəxslər
Nəzarət olunan şəxslər reyestri Rusiyada olmağa qanuni əsası olmayan əcnəbilərin (eləcə də vətəndaşlığı olmayan şəxslərin) daxil edildiyi məlumat bazasıdır.
Onun yaradılmasına imkan verən qanun layihəsi Dövlət Dumasına ötən il iyunun sonunda təqdim edilib.
Cəmi bir ay yarım ərzində bütün oxunuşlardan keçib və artıq martın əvvəlində Federasiya Şurası tərəfindən təsdiqlənib.
Deputatlar izah ediblər ki, "nəzarəti gücləndirmək" və miqrasiya qaydalarını pozanların mərkəzləşdirilmiş uçot sisteminin yaradılmasına ehtiyac var.
Rusiya hakimiyyəti, həmçinin mütəmadi olaraq, miqrantlar tərəfindən törədilən cinayətlərin çoxluğundan danışır.
Ötən il İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin miqrantlar tərəfindən törədilən ağır cinayətlərin sayının cəmi bir il ərzində 32 faiz xüsusilə ağır cinayətlərin - 26 faiz, ekstremizmlə bağlı cinayətlərin isə 147 faiz artdığını göstərən rəqəmlərə istinad edib.
Düzdür, bu məlumatlar Daxili İşlər Nazirliyinin rəsmi statistikasından fərqlənir. DİN qeyd edir ki, əcnəbilər tərəfindən törədilən hüquqpozmalarının sayı, əksinə, azalıb.
Reyestrin yaradıldığı bir ay ərzində ora 685 min əcnəbi daxil edilib.
DİN-in məlumatına görə, Rusiyada təxminən 6,2 milyon miqrant yaşayır. Belə çıxır ki, hər 9-cu miqrant "nəzarət olunan şəxsə" çevrilib, yəni Rusiyada qeyri-qanuni yaşayır.
Dünyada "qeyri-leqal" miqrant daha çox miqrasiya qaydalarını pozaraq hansısa ölkənin ərazisinə daxil olan şəxslərə deyilir. Rusiyada isə əmək miqrasiyasının mənbəyi olan əksər ölkələrlə vizasız rejim olduğuna görə, bu ölkəyə qeyri-qanuni daxil olan insanlar, demək olar ki, yoxdur.
"Qeyri-qanuni immiqrantlar" dedikdə, məmurlar qalma şərtlərini pozan şəxsləri nəzərdə tuturlar, məsələn, miqrant təhsil məqsədi ilə ölkəyə daxil olub, lakin icazəsiz işləməyə başlayıbsa və ya yaşayış yeri üzrə qeydiyyatdan keçməyibsə, "qeyri-qanuni" sayılır.
Rəsmilər hələ də Rusiyadakı miqrantların real sayı ilə bağlı mübahisə edir: məsələn, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin əmindir ki, söhbət 13-14 milyon nəfərdən gedir.
Rusiyada ən çox əcnəbi Özbəkistandandır. Tacikistan, Qazaxıstan, Çin, Qırğızıstan, Ermənistan, Azərbaycan və Belarusdan da əcnəbilər var.
Bəzi ölkələrin bütöv iqtisadiyyatı vətəndaşlarının Rusiyadakı işindən asılıdır.
Dünya Bankının hesablamalarına görə, 2024-cü ildə əmək miqrantlarından pul köçürmələri Tacikistan ÜDM-nin 49 faizini, Qırğızıstan ÜDM-nin 18,59 faizni və Özbəkistanın ÜDM-nin 14 faizini təşkil edib.

Şəklin mənbəyi, Stanislav Krasilnikov/TASS
Ancaq əmək miqrantları Rusiya iqtisadiyyatında da mühüm rol oynayır. Məsələn, Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin hesablamalarına görə, paytaxtda tikinti sektorunda miqrantların payı 50 faizi ötür, nəqliyyat, ticarət, mehmanxana və ictimai iaşə sektorunda isə miqrantlar işçilərin təxminən üçdə birini təşkil edir.
Eyni zamanda, bazar elə qurulub ki, yerli sakinlərlə miqrantlar iqtisadiyyatın müxtəlif sahələrində işlədikləri üçün bir-biri ilə rəqabət aparmasınlar. "Moskva miqrantlar tərəfindən tikilir, qorunur və təmizlənir iddiası mübaliğə deyil", - deyə araşdırmanın müəllifləri qeyd edirlər ki, miqrasiya siyasətinin sərtləşdirilməsi kadr qıtlığına səbəb ola bilər.
"Reqistrasiyalar təzyiq, təcrid və repressiya alətləridir, - Volqoqrad vilayətindən olan immiqrasiya üzrə hüquqşünas K.R. (o bu mövzuda açıq danışmaqdan ehtiyatlandığı üçün adının çəkilməsini istəmir) deyir. - Bu reyestrlərə düşmək ciddi hüquqi nəticələrə səbəb ola biləcək ictimai damğa almaq kimi bir şeydir. Hökumətimiz nizam-intizamın bərpası zərurətinin arxasında gizlənərək qeydiyyat və nəzarət modelindən fəal şəkildə istifadə edir".
Şəxsin adı reyestrə daxil edilərsə, ona yaşayış yerini dəyişmək qadağandır, yerləşdiyi regiondan kənara çıxa bilməz, daşınmaz əmlak və ya avtomobil almaq və ya satmaq, nikah bağlamaq, avtomobil sürmək, bank hesabı açmaq, şirkət qeydiyyata almaq və ya fərdi sahibkarlıqla məşğul olmaq, ayda 30 min rubl istisna olmaqla, kredit götürmək və öz pulunu idarə etmək hüququ yoxdur.
"Formal olaraq, bu, hansısa səbəbdən deportasiya təşkil edilənə qədər insanı "qələmin ucunda" saxlamaq üsuludur: ya sənədlər yoxdur, ya da bu deportasiyanı təşkil etmək üçün, sadəcə, pul və resurs, ya da şəxsin harada olduğu bəlli deyil, ya da qərar hələ məhkəmədə mübahisələndirilir", - vəkil izah edir.
Səhvən
Miqrantların hüquqlarının müdafiəsi mərkəzinin təsisçisi Valentina Çupik deyir ki, əslində reyestrə daxil edilənlər heç də təkcə qeyri-qanuni miqrantlar deyil. O özü 2005-ci ildə Özbəkistandan Rusiyaya qaçıb, orada siyasi sığınacaq alıb və miqrantlara pulsuz hüquqi yardım göstərməyə başlayıb.
Lakin dörd il əvvəl Rusiya onu statusundan məhrum edib və növbəti 30 il ərzində ölkəyə girişinə qadağa qoyub. Çupik əmindir ki, bu, Daxili İşlər Nazirliyindəki korrupsiyanı tənqid etdiyinə və hüquq-müdafiə fəaliyyətinə görə cəzadır.
Valentina Çupik deyir ki, təkcə reyestrin mövcud olduğu ilk iki gündə ona siyahıya səhvən salındığını iddia edən 30-dan çox adam müraciət edib.
BBC Rusiya Daxili İşlər Nazirliyinə bu cür səhvlərin sayını soruşub, lakin cavab almayıb.
İndi Valentina Çupik uzun müddət Rusiyada yaşayan və rəsmi olaraq işləyən gənc qadın Olesyaya* kömək edir. Arsen kimi, Olesya da bank hesabının bloklandığını aşkar edib və tam sənədlər paketinə malik olmasına baxmayaraq, "qeyri-leqallar" reyestrinə düşüb.
Məlum olub ki, məmurlar özləri səhv ediblər: Rusiyaya daxil olarkən hər bir əcnəbinin almalı olduğu miqrasiya kartında onun soyadındakı "o" hərfi "a" hərfi kimi yazılıb.
"Bunu aşkar edəndən sonra o, dərhal miqrasiya şöbəsinə gedib. Əvvəlcə onu hədələyib və deyiblər ki, deportasiya edəcəklər. Biz ərizələr yazdıq, yuxarı rəhbərliyə zəng etdik, nəhayət, nail olduq ki, sənədləri qaldırıb problemin nədə olduğunu görsünlər. Nəticədə ondan üzr istəyib və təsadüfən bazaya daxil edildiyini bildiriblər. Və təklif ediblər ki, hər şey düzələnə qədər gözləsin", - Çupik söyləyir.
Olesya hələ də gözləyir.

Şəklin mənbəyi, Vladimir Gerdo/TASS
Bəzi ekspertlər ilk ayların qarmaqarışıqlığını "müxtəlif idarələrin öz hərəkətlərini bir-biri ilə uzlaşdırmağa çalışdığı keçid dövrü" ilə izah edib və bir az gözləməyi tövsiyə etmişdilər.
Amma bu, gələcək planları sözün əsl mənasında bir gündə məhv olan insanları sakitləşdirmir.
İki cərimə
Əcnəbinin reyestrdə peyda olmasının çoxlu səbəbi var:
Bəzilərinin vizasının müddəti başa çatıb, digərlərinin müvəqqəti yaşamaq icazəsi və ya patentlərinin (iş icazəsi - bunları keçmiş prezident Dmitri Medvedevin vaxtında verməyə başlayıblar) vaxtı bitib, kiminin də vizasız qalma müddəti başa çatıb - yəni miqrasiya qanunlarının çoxsaylı pozuntuları. Ancaq bu, yeganə səbəb deyil.
Rusiyada inzibati deportasiya deyilən bir cəza var, yəni qanunu pozan əcnəbi ölkəni tərk etməyə məcbur edilə bilər.
"İnzibati Məcəllədə belə bir tədbiri nəzərdə tutan bir sıra maddələr var. Məsələn, qeyri-qanuni əmək fəaliyyəti. Yəni, İnzibati Xətalar Məcəlləsinin hər bir pozuntusu inzibati qaydada deportasiyaya səbəb olmur. Amma bu, nəzəri cəhətdən belədir. Praktikada isə istənilən kiçik hüquq pozuntusu əsas ola bilər", - miqrasiya məsələləri üzrə hüquqşünas K.R deyir.
Mirat* Rusiya universitetlərindən birində 4-cü kurs tələbəsidir, Türkmənistandan gəlib. Fevral ayında o, tələbə səyahət kartı ola-ola, gediş haqqını ödəmədiyinə görə cərimələnib.
Mirat cəriməni mübahisələndirmək üçün federal məhkəməyə müraciət edib və məhkəmənin qərarını gözləyərək cəriməni ödəməyib. Eyni zamanda, "Mosqortrans" [Moskva şəhər nəqliyyatı idarəsi] cərimə ödənilmədiyi üçün mülki məhkəməyə müraciət edib.
Hüquq müdafiəçisi Valentina Çupik əmindir ki, bu, qəsdən edilib: "Onlar bilirlər ki, cəriməni ödəmirlərsə, deməli, federal məhkəməyə şikayət verilib. Mülki məhkəmədə isə şans var ki, hakim Moskva Şəhər Məhkəməsi sisteminə baxmayacaq və həmin şəxsin apellyasiya verdiyini görməyəcək".
Mülki məhkəmə hakimi Miratın verdiyi apellyasiyaya məhəl qoymayaraq, "Mosqortrans"un dəlilləri ilə razılaşıb. Bunu əsas götürərək, indi o, guya iki inzibati xəta törətdiyi- gediş haqqını vermədiyi və cəriməni vaxtında ödəmədiyi üçün reyestrə daxil edilib.

Şəklin mənbəyi, Artyom Geodakyan/TASS
İki inzibati xəta törətmiş şəxslərin ölkədən birbaşa qovulmasını nəzərdə tutan belə bir qayda yoxdur.
Lakin əgər əcnəbi "müntəzəm surətdə" qanunları pozursa, Daxili İşlər Nazirliyinin onun ölkədə qalmasını arzuolunmaz hesab etmək hüququ var.
DİN isə bu müntəzəmliyi iki və ya daha çox inzibati xəta kimi şərh edir. Bu, kiçik cərimələr ola bilər: məsələn, avtomobili düzgün yerdə saxlamamaq, yolu səhv yerdən keçmək, sürət həddini aşmaq, gediş haqqını ödəməmək.
İndi Mirat, nəzarətdə olan şəxslər reyestrində olan şəxs kimi, universitetdən xaric edilir.
"Konduktorlar öz planlarını yerinə yetirirlər: onlar müəyyən sayda cərimə protokolları gətirməlidirlər. Hətta bu mərhələdə ən asan hədəf miqrantlardır, - ekspert Valentina Çupik deyir. – Onlar hüququ olmayan insanlardır, onları çox asan qarət etmək, onlardan çox asanlıqla rüşvət qoparmaq olar, onlarla istədiyin kimi rəftar etmək olar, lazım gələrsə, məsələn, müharibəyə göndərmək olar".
"İrqçi baxışların kökü kəsilməyib"
Rusiyada miqrantlar tənzimlənən sistemdə yaşamaq məcburiyyətindədirlər, onların hüquqi statusu isə bilavasitə onların iş icazəsi, qeydiyyatı, miqrasiya kartı və digər sənədlərindən asılıdır: istənilən xırda səhv onların statusunun ləğvinə və deportasiyasına səbəb ola bilər.
Mülk sahibləri çox vaxt miqrantlara mənzil kirayə vermirlər, bəziləri isə ayrı-seçkiliyə qarşı qanunlara məhəl qoymadan öz elanlarında açıq şəkildə "yalnız slavyanlara" yazırlar.
Kirayə verdikləri təqdirdə isə , qanun onları bilavasitə bunu etməyə məcbur etsə də, çox vaxt insanları rəsmi qeydiyyata almaqdan imtina edirlər. Qeydiyyatsız miqrantlar qanunu pozurlar və buna görə də fərdi şəxslərdən və saxta sənədlər verən bir günlük firmalardan asılı olmağa məcbur qalırlar.
Hüquqları pozulduqda, miqrantlar ədalət axtarmaqda çətinlik çəkirlər. Hər gün bir çoxları ksenofobiya ilə üzləşir, övladları "yer çatışmazlığına görə" bağça və məktəblərə qəbul olunmur, özləri isə birbaşa iş yerlərində "reydlərə" məruz qalırlar. Hüquq müdafiəçiləri daim deyirlər ki, hüquq-mühafizə orqanı əməkdaşları miqrantları deportasiya ilə təhdid edərək onlardan rüşvət alırlar.

Şəklin mənbəyi, Kirill Kukhmar/TASS
Hətta Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi miqrantlara təzyiq vasitəsinə çevrilib: onlar, məsələn, ölkəyə giriş qadağalarının aradan qaldırılması, qısa müddətə vətəndaşlıq və ya deportasiyanın ləğvi vədləri müqabilində müharibəyə getməyə məcbur edilirlər.
Məlum hallar var ki, kiçik cinayətlərə görə həbs edilən miqrantlara Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq müqabilində azadlıq təklif edilib.
Miqrantlara qarşı tədbirlərin bəzisi Rusiyada ötən ilin martında "Crocus City Hall"a hücumdan sonra qəbul edilib. Hadisənin dörd Tacikistan vətəndaşı tərəfindən törədildiyi güman edilir.
Buna cavab olaraq, hakimiyyət irimiqyaslı reydlər və yoxlamalar təşkil edib - miqrasiya rejimini pozduqları ehtimal olunan minlərlə miqrantı saxlayıb.
Tacik diasporunun nümayəndələri məişət ayrı-seçkiliyinin artdığını bildiriblər.
Tacikistan hakimiyyəti isə Rusiyadakı vətəndaşlarına tövsiyə edib ki, öz təhlükəsizlikləri üçün, imkan daxilində, evlərini tərk etməsinlər.

Şəklin mənbəyi, Kirill Kukhmar/TASS
Son bir ildə Rusiya hakimiyyəti nikah əsasında yaşayış icazəsinin alınması prosesini məhdudlaşdırıb: sadələşdirilmiş prosedur ləğv edilib və artıq əcnəbilər nəinki nikah faktını, həm də uzunmüddətli birgə yaşayış faktını sübut etməlidirlər.
İndi, həmçinin, rus dilini nəzərdə tutulan səviyyədə bilməyən uşaqların məktəbə qəbuluna qadağa qoyulub.
Digər düzəlişlər də Daxili İşlər Nazirliyinə miqrantları Rusiyadan mühakiməsiz deportasiya etməyə imkan verir.
Rusiya hakimiyyəti tez-tez digər ölkələri rusdilli vətəndaşların hüquqlarını pozmaqda ittiham edir - Ukraynada müharibə də digər şeylərlə yanaşı, onları qorumaq bəhanəsi ilə başlayıb.
Xarici İşlər Nazirliyinin ötənilki hesabatında bildirilirdi ki, Qərbdə "onların bir çoxunun müstəmləkə keçmişindən miras qalmış, insanları "yaxşı" bizimkilərə və "pis" özgələrə bölməyə imkan verən irqçi baxışlar və yanaşmalar hələ də aradan qaldırılmayıb".
Eyni zamanda, Rusiya siyasətçi və məmurlarının "miqrantlar bizim əvəzimizə burada yaşamaq istəyirlər", Moskva vilayətini isə "ağartmaq" lazımdır ki, "necə deyərlər, xarici vətəndaşlar sayəsində qaralmasın" sözləri rəsmi səviyyədə pislənməyib.
Saxarovoda iki gün keçirən, ac və pulsuz halda növbə gözləməyə vadar olan, arabir 200 rublluq "snikers" şokaladına nəzər salan Arsenin əhvalatının xoşbəxt sonluğu var.
Birdən-birə reyestrə daxil edildiyi kimi də, çoxsaylı analizlər verdikdən bir-iki gün sonra onu "qeyri-leqallar" siyahısından çıxarıblar. Heç kim ondan üzr istəməyib və səhvin səbəbini izah etməyib.
*Bu mətnin bütün qəhrəmanları anonim qalmaq istəyiblər.
**İŞİD Rusiyada və dünyanın digər ölkələrində qadağan edilmiş terror təşkilatıdır.







