Taliban Əfqanıstanda interneti tamamilə kəsdi

Taliban internet

Şəklin mənbəyi, AFP via Getty Images

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Taliban onun baxışlarına görə əxlaq normalarına uyğun gəlmədiyi üçün bazar ertəsi ölkəni tamamilə internetdən ayırıb.

Bu barədə beynəlxalq internet monitorinq xidməti NetBlocks məlumat yayıb.

"Əfqanıstanda Taliban hakimiyyəti tərəfindən əxlaq normalarının tətbiqi çərçivəsində tam internet qaranlığı baş verib: səhər saatlarında bir çox şəbəkələr mərhələli şəkildə söndürülüb; bu, telefon əlaqəsinə də təsir edib", – deyə NetBlocks Mastodon.social bildirib.

Kabilin bir neçə sakini BBC-yə deyib ki, iş gününün sonunda, yerli vaxtla təxminən saat beşdə, optik kabellər üzərindən internet dayandırılıb.

Beynəlxalq xəbər agentliyi AFP bildirib ki, Kabil bürosu ilə, o cümlədən mobil telefonlar vasitəsilə əlaqə itib.

Əfqanıstanın bütün ərazisində mobil internet və peyk televiziyası ilə bağlı ciddi fasilələr müşahidə olunur. Bundan əlavə, Kabil aeroportundan uçuşların ləğv edildiyi barədə məlumatlar var.

Taliban bir neçə həftə əvvəl ölkənin müxtəlif vilayətlərində yüksək sürətli optik internet bağlantısını söndürməyə başlayıb və yerli istifadəçilər o vaxtdan bəri internetin ya çox yavaşladığını, ya da tamamilə yoxa çıxdığını bildirirlər.

Yerli sahibkarlar bildiriblər ki, bu praktika davam edərsə, ciddi maliyyə itkiləri ilə üzləşəcəklər.

Taliban hökuməti daha əvvəl, təfərrüat vermədən, alternativ internet kanalları yaradacağını açıqlamışdı.

"Əfqanıstan indi rəsmi olaraq internetin kəsilməsi üzrə Şimali Koreya ilə yarışda birinci yeri tutdu", – deyə keçmiş 1TV xəbər kanalının baş redaktoru Hamid Haidari X sosial şəbəkəsində bazar ertəsi baş verən tam kəsintini şərh edərkən yazıb.

Taliban 2021-ci ildə hakimiyyətə gəldikdən sonra Əfqanıstanda onların anlayışına uyğun şəkildə şəriət normalarını ardıcıl şəkildə tətbiq edir.

Onların son addımları arasında qadınlar tərəfindən yazılmış kitabların universitetlərdə öyrənilməsinə qadağa da var.

Eyni zamanda insan hüquqları və seksual zorakılıqla bağlı materialların öyrənilməsi də qadağan edilib.

Bundan əvvəl Taliban 12 yaşdan yuxarı qadın və qızlar üçün məktəb və digər təhsil formalarını tamamilə ləğv etmişdi.