Azərbaycan sərhədi üçün ABŞ katerləri, süni intellekt və nüvə energetikası: Vans Bakıya niyə gəlmişdi

Şəklin mənbəyi, https://x.com/VP
- Müəllif, Məhərrəm Zeynalov
- Vəzifə, BBC
- Oxuma vaxtı: 4 dəq
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Yerevandan sonra ABŞ-ın vitse-prezidenti Cey Di Vans (JD Vance) Bakıya yollandı.
Burada o, Azərbaycanla müdafiə, atom energetikası və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq haqqında xartiya imzaladı və ABŞ-ın Azərbaycana Xəzərdə sərhədi qoruyacaq katerlər verəcəyini vəd etdi.
"Düşünürəm ki, mən Azərbaycanın iki ayrı hissəsini birləşdirəcək yeni "Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu" boyunca uçan ilk şəxslərdən biri olmuşam", - Vans çərşənbə axşamı gecə saatlarında Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.
Bu yol Azərbaycanı onun eksklavı olan Naxçıvanla birləşdirəcək. Naxçıvan ölkənin əsas ərazisindən Ermənistan ərazisi ilə ayrılmış muxtar respublikadır.
Hələ yayda, Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda ölkələr arasında sülh münasibətləri barədə bəyannamənin yekun mətnini imzalayarkən (sülh müqaviləsinin özü hələ imzalanmayıb), Ermənistan razılaşdı ki, öz ərazisinin bir hissəsini müvəqqəti istifadəyə (99 il müddətinə) Amerika şirkətlərinə verəcək.
Bu şirkətlər həmin ərazidən keçidi nəzarətdə saxlayacaqlar.
Azərbaycan bundan əvvəl azərbaycanlıların Naxçıvana gedə bilməsi üçün yolun faktiki olaraq eksteryitorial olmasında israr edirdi. Ermənistan isə bunu öz suveren ərazisinin verilməsi kimi qiymətləndirərək qəti şəkildə etiraz edirdi.
"Tramp yolu" hər iki tərəf üçün bir növ "Solomon həlli" oldu və Vansla görüşdə Əliyev də bu yolun üstünlüklərini xüsusi vurğuladı.
Kibertəhlükəsizlik və Xəzərdə gəmilər
"Biz Azərbaycanın ərazi sularını qorumaq üçün yeni katerlər göndərəcəyik", - Vans Bakıda bəyan etdi.
Azərbaycanın ərazi suları Xəzər dənizindədir. Azərbaycan burada Mərkəzi Asiya ölkələri, Rusiya və İranla həmsərhəddir. Son iki ölkə ilə Azərbaycanın münasibətləri isə asan deyil.
Global Firepower indeksinə görə, Azərbaycanın hərbi donanması həm Rusiyanın, həm də İranın donanmasından daha zəifdir. Bununla belə, Azərbaycan vaxtaşırı dənizdəki neft quyularını qorumaq üçün təlimlər keçirir.
Ölkənin su sərhədlərinin qorunmasında 90-cı illərdən bəri Azərbaycana müttəfiq olan Türkiyə mühüm rol oynayır.
Türkiyə gəmilər verməsə də, Azərbaycanda istehsal olunan gəmilərin təchizatına kömək edir və kiçik pilotsuz qayıqlar (dron-gəmilər) tədarük edir.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Hərbi ekspert Azad İsazadə deyir ki, ABŞ-ın konkret hansı katerləri verəcəyi hələ aydın deyil:
"Əvvəlcə onların nə ilə təchiz olunduğunu, hansı tip raketlərə, hansı radiolokasiya sistemlərinə və hansı hava hücumundan müdafiə (HHM) sistemlərinə malik olduğunu anlamaq lazımdır".
Onun sözlərinə görə, Xəzər dənizinin (faktiki olaraq gölün) dünya okeanından təcrid olunması səbəbilə iri gəmiləri Azərbaycana gətirmək mümkün deyil.
Vans Əliyevlə birlikdə kibertəhlükəsizlik və ümumilikdə hərbi əməkdaşlıqdan bəhs edən əməkdaşlıq xartiyasını da imzalayıb.

Şəklin mənbəyi, Azertag
Regionu birləşdirmək
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Nüvə energetikası, süni intellekt, hərbi əməkdaşlıq və razılaşmaların digər məqamları Vansın Ermənistanda razılaşdığı məsələlərə bənzəyir.
Xartiyanın birinci bəndi belə adlanır: "Regional bağlılıq, o cümlədən energetika, ticarət və tranzit sahələrində".
Bu bənd ABŞ-ın vasitəsilə regionu birləşdirəcək bütün növ infrastruktur və logistika məsələlərini əhatə edir. Əsas diqqət isə iqtisadi əlaqələri olmayan Azərbaycan və Ermənistan üzərindədir.
Təxminən 30 il əvvəl Ermənistanla Azərbaycan arasındakı iqtisadi əlaqələr Sovet İttifaqının dağılması və Qarabağda birinci müharibə ilə birlikdə çökdü.
Həmin vaxt Azərbaycan öz ərazisindən Ermənistana yük daşınmasını qadağan etdi. Eyni zamanda ölkə neft və qaz kəmərlərini Avropaya qonşu Gürcüstan ərazisindən keçirməklə inşa edirdi.
Ermənistanda da Azərbaycanla ticarət qadağan edilmişdi. 2017-ci ildə bəzi mağazaların rəflərində Azərbaycan almaları aşkar ediləndə bu, cəmiyyətdə qalmaqala və cinayət işinin açılmasına səbəb olmuşdu.
Ötən ilin sonunda isə Azərbaycan həmin dövrdən bəri ilk dəfə Ermənistana yanacaq satmağa başladı və öz ərazisindən Ermənistan istiqamətində məhsul tranzitinə icazə verdi.
Əsir məsələsi

Şəklin mənbəyi, Azertag
Çərşənbə axşamı günün ikinci yarısında, Yerevandan Bakıya uçarkən, Vans artıq hava limanında erməni KİV-lərinə söz vermişdi ki, Azərbaycanda "erməni əsirləri" məsələsini qaldıracaq.
Azərbaycan həbsxanalarında azı 19 erməni saxlanılır.
Onların arasında həm erməni hərbçilər, həm mülki şəxslər, həm də ləğv edilmiş, keçmiş separatçı Dağlıq Qarabağ Respublikasının liderləri var.
Bir neçə gün əvvəl sonuncular ömürlük həbs cəzası alıb.
Doğrudur, Azərbaycanda hökmün çıxarılması insanların azad edilməyəcəyi demək deyil: bir ay əvvəl Azərbaycan artıq məhkum olunmuş dörd ermənini Ermənistana təhvil verib.
Vansın bu məsələ ilə bağlı danışıqlarının nəticələri barədə hələlik heç nə məlum deyil.
Amma çərşənbə axşamı tanınmayan separatçı respublikanın keçmiş dövlət naziri Ruben Vardanyanın məhkəmə iclası keçirilib. O, son sözlə çıxış edib, sonra isə məhkəmə müşavirəyə gedib.
Adətən, bundan sonra hökm elan olunur, lakin bu yazı hazırlanarkən hökm hələ açıqlanmamışdı.



























