ABŞ-ın vitse-prezidenti Vansın Ermənistan və Azərbaycana səfəri: Gözləntilər nədir?

Şəklin mənbəyi, Azərtac
ABŞ-ın vitse‑prezidenti JD Vans Azərbaycanda rəsmi səfərə gəlib. O, Prezident İlham Əliyevlə görüşüb.
ABŞ və Azərbaycan hökumətləri Strateji Xartiya imzalayıblar.
JD Vans bundan əvvəl Yerevanda olub.
Səfər ABŞ-ın İranla gərgin münasibətlərinin davam etdiyi, həmçinin Bakı və Yerevanın Moskva ilə münasibətlərinin mürəkkəbləşdiyi bir dövrdə baş verir.
Vans: "Sülh sazişi baxımından düşünürəm ki, Prezident Əliyev təşəkkürə layiqdir"
"Hazırda sülh sazişi baxımından düşünürəm ki, Prezident Əliyev həqiqətən böyük təşəkkürə layiqdir", - Vans deyib.
O əlavə edib ki, Ermənistanın Baş naziri və Azərbaycan Prezidentinin liderliyi olmasaydı, onlar sülh sazişinə nail ola bilməzdilər:
"Düşünürəm ki, üç şəxs tarixi sülhü yaratdı", - o əlavə edib.
Vans deyib ki, ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq regionda daha möhkəm sülhə və əmin-amanlığa aparacaq.
"ABŞ-ın iş adamları üçün əlavə bazarlara çıxış yaranacaq. Bununla daha təkmil dünya yaranacaq ki, insanlar bir-biri ilə vuruşmasınlar, ticarət aparsınlar", - o deyib.
Prezident İlham Əliyev deyib ki, "dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq" Azərbaycan üçün böyük şərəfdir.
İlham Əliyev əlavə edib ki, son 6 aydır ki, Ermənistanla sülh içində yaşayırlar və bunun üçün ABŞ Hökumətinə minnətdardırlar.
Ermənistana ABŞ dəstəyi nə olub?

Şəklin mənbəyi, Armenpress

Şəklin mənbəyi, Ermənistan hökuməti
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ-ın vitse-prezidenti JD Vans nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığa razılaşıblar.
Paşinyan bildirib ki, "bu saziş iki ölkə arasında enerji tərəfdaşlığının dərinləşdirəcək" və "Ermənistanın enerji resurslarının şaxələndirilməsinə töhfə verəcək".
Vans deyib ki, imzalanmış sənəd "Amerika və Ermənistan şirkətlərinin mülki nüvə layihələri üzrə anlaşmalar imzalaması üçün yol açacaq".
"Bu, ilkin mərhələdə 5 milyard dollara qədər ABŞ ixracı, üstəlik yanacaq və texniki xidmət müqavilələri vasitəsilə əlavə 4 milyard dollarlıq uzunmüddətli dəstək deməkdir," – Vans bildirib.
ABŞ vitse-prezidenti vurğulayıb ki, Ermənistanda iyun ayında keçiriləcək parlament seçkisində Paşinyanın qələbəsi ABŞ-ın 2025-ci ilin avqustunda vasitəçilik etdiyi Ermənistan‑Azərbaycan razılaşmalarının icrası üçün vacibdir.
Bir qrup erməni aktivisti Vansın diqqətini Azərbaycanda saxlanılan erməni məhbuslar məsələsinə yönəltmək üçün Baş nazirin ofisinin qarşısında aksiya keçirib.
Aksiyaçılar ingiliscə "Xristian erməni girovlar azad edilsin" şüarı səsləniblər.
ABŞ şirkətlərinin Azərbaycana marağı
Vansin 10–11 fevral tarixlərində Bakıya nəzərdə tutulan səfəri ərəfəsində Azərbaycanın Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ-dan iri şirkətlərin nümayəndəsinin olduğu heyəti qəbul edib.
Əliyev bildirib ki, ABŞ-la münasibətlər "yeni, tamamilə möhtəşəm bir dövrə" daxil olur.
O vurğulayıb ki, Bakı öz enerji potensialından istifadə edərək aparıcı Amerika şirkətlərini süni intellekt və rəqəmsal transformasiya sahələrində tərəfdaş kimi cəlb etməyi, nəticədə Azərbaycanı qlobal süni intellekt və data mərkəzinə çevirməyi hədəfləyir.

Şəklin mənbəyi, Getty Images
Vans niyə gəlib?
Prezident Donald Trump yanvarın 24-də verdiyi açıqlamada vitse‑prezidenti regiona göndərməkdə məqsədin Bakı və Yerevan arasında sülh səylərini dəstəkləmək və "Tramp marşrutu" kimi təqdim olunan TRIPP layihəsinin iinkişafına töhfə vermək olduğunu bildirib.
Ağ Ev həmçinin ABŞ-ın Azərbaycanla strateji əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu vurğulayıb. Trump bəzi hərbi texnologiyaların Bakıya satışının nəzərdən keçirildiyini də deyib.
Ermənistana gəldikdə isə ABŞ Prezidenti Vaşinqtonun Yerevanla dinc məqsədlər üçün nüvə sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu açıqlayıb.
Bu kontekstdə ABŞ istehsalı olan yarımkeçiricilərin Ermənistana ixracı məsələsinin də gündəmdə olduğu bildirilir.
Bu açıqlamalar fonunda Vansın səfərinin yalnız sülh danışıqları və nəqliyyat əlaqələri ilə məhdudlaşmayacağı, həm də hərbi, texnoloji və enerji sahələrində mümkün əməkdaşlıqların da müzakirə ediləcəyi gözlənilir.

Şəklin mənbəyi, Getty Images
Bakı ABŞ-dan nə gözləyir?

Şəklin mənbəyi, President.az
Azərbaycan üçün prioritet məsələlərdən biri ölkənin əsas hissəsi ilə Naxçıvan arasında fasiləsiz və təhlükəsiz əlaqənin təmin edilməsidir.
Bakı TRIPP marşrutunun mümkün qədər tez işə düşməsini regiondakı kommunikasiyaların açılması üçün mühüm addım sayır.
Digər məsələ isə uzun illərdir müzakirə olunan 907-ci düzəlişdir. Bu qanun ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını məhdudlaşdırır.
Bakı hesab edir ki, Ermənistanla sülh danışıqlarında irəliləyiş fonunda, 1992-ci ildə Qarabağ münaqişəsi səbəbilə qəbul edilmiş bu düzəliş artıq aktuallığını itirib və tam ləğv olunmalıdır.
Yerevanın Vaşinqtondan gözləntiləri nədir?

Şəklin mənbəyi, Getty Images
Ermənistan son iki ildə Moskva ilə münasibətlərindəki gərginlik fonunda siyasi və təhlükəsizlik baxımından yeni tərəfdaşlar axtarır.
Rəsmi Yerevan ABŞ-ı bu boşluğu qismən doldura biləcək mümkün təhlükəsizlik tərəfdaşı kimi görür.
Azərbaycanla sülh müqaviləsi istiqamətində müəyyən irəliləyişlərin olduğu bir dövrdə, Ermənistan həm regiondakı kommunikasiyaların açılmasını, həm də Qərblə, xüsusilə ABŞ-la əlaqələrin möhkəmləndirilməsini strateji fürsət hesab edir.
Bu baxımdan vitse‑prezident Vansın səfəri Yerevan üçün yalnız iqtisadi və enerji məsələləri baxımından deyil, həm də təhlükəsizlik zəmanətləri kontekstində əhəmiyyətli görünür.
ABŞ nəyi hədəfləyir?
Azərbaycan və Ermənistanın hər ikisi İranla sərhəd ölkələrdir. Bu faktorun ABŞ üçün xüsusi strateji əhəmiyyət daşıdığını söyləmək olar.
Eyni zamanda, bu iki ölkə İranın Rusiyaya açılan ən qısa quru marşrutunun üzərində yerləşir və görünür, Vaşinqton bölgədəki geosiyasi balansı öz maraqları çərçivəsində dəyişdirməyə çalışır.
Tramp marşrutu layihəsi də həm iqtisadi, həm də siyasi baxımdan Vaşinqtonun Cənubi Qafqazdakı maraqlarınının işarəsi kimi qiymətləndirilə bilər.
İnsan haqları müzakirə olunacaqmı?
İnsan haqları məsələsinin Vaşinqtonun regional gündəmində ön sıralarda olmadığı müşahidə olunur.
Hər halda, ABŞ Prezidenti Vansın səfəri ilə bağlı verdiyi açılqlamasında buna işarə etməyib.
Yerevanda isə hökumətlə problem yaşayan kilsə rəhbərliyi Azərbaycanda saxlanılan ermənilərin, xüsusilə də tanınmayan keçmiş Dağlıq Qarabağ Respublikasının separatçı liderlərinin azad olunması məsələsini qabartmaq istəyir, Ermənistan mediası yazır.
Ermənistan hakimiyyətində isə düşünürlər ki, belə bir məsələnin qabardılması Azərbaycanla aparılan sülh danışıqlarını ləngidə bilər.
Səfərin hansı nəticələri ola bilər?
Avqustun 8-də Vaşinqtonda sülh sazişinin mətnini parafladıqdan sonra Bakı və Yerevan arasında təmaslar xeyli artdı.
JD Vansın regional gözlənilən səfəri də bu təmasların daha da sıxlaşmasına səbəb ola bilər.
Mümkündür ki, tərəflər aralarında sərhədlərin demarkasiyası kimi açıq qalan bəzi məsələlərin də həllini sürətləndirsin.
Ermənistanla Türkiyə arasında normallaşma növbəti mərhələyə keçə bilər.
Sülh sazişinin imzalanması tarixinin bu səfərdə müəyyən ediləcəyi real görünmür, çünki Azərbaycanın Ermənistan konstitusiyaslı ilə bağlı tələbi hələ də qüvvədədir. Ermənistan isə referendumu yayda gözlənən parlament seçkisindən sonraya saxlayıb.



























