You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycanda 20 Yanvar faciəsində həlak olanlar yad edilir
Bakıda 1990-cı ilin 20 Yanvar hadisələrinin 33 illiyi qeyd olunur.
Saat 12-də 20 Yanvar hadisələrində həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Günorta saatlarından sonra Prezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib.
Daha əvəl isə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva anım günü ilə bağlı sosial şəbəkədə paylaşım ediblər.
Bakı Nəqliyyat Agentliyi matəm günü ilə əlaqədər əhaliyə xəbardarlığında bildirib ki, cümə axşamı günü Parlament prospekti ilə Şəhidlər Xiyabanı istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq:
“Qeyd olunan ərazilərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək. Sərnişin avtobuslarının hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək”, deyə qurum bildirib.
1990-cı ilin yanvarın 19-dan 20-ə keçən gecə on minlərlə Sovet əsgəri müstəqillik tələb edən Bakıya hücum edib və mülki əhaliyə atəş açıb.
Rəsmi mənbələrə əsasən, faciə zamanı 137 insan həlak olub, yüzlərlə adam yaralanıb.
20 Yanvar faciəsi ilə bağlı Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Şəhidlər Xiyabanını ziyarət edib. Bu barədə o, “Twitter” hesabında məlumat paylaşıb.
“Bu gün 20 Yanvar hadisələrində şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad edirəm. Onlar Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarından keçiblər”, deyə səfir bildirib.
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktoru Mark Cameron da Şəhidlər Xiaybanını ziyarət edib. Bu haqda məlumatı ABŞ-ın Azərbaycandakı səfirliyi yayıb:
"Biz Qara Yanvarda yaralanan və həlak olan çoxlu sayda mülki vətəndaşların xatirəsini ehtiramla yad etməkdə azərbaycanlılarla qoşuluruq. Şiddətli hücüm zamanı yaxınlarını itirən ailələrə və dostlara dərin hüznlə başsağlığı verir və öz əqidələrini dinc yolla müdafiə edənlərin fədakarlıqlarını unutmuruq", -deyə məlumatda bildirilib.
Yerli medianın yazdığına görə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da Şəhidlər Xiyabanını ziyarət edib:
"20 Yanvar azadlıq mübarizəsidir. Təbii ki, onların qanı bahasına bu torpaqlar müstəqillik qazanıb. Bu mücadilə eyni zamanda, Qarabağın azadlığının da yolunu açıb. 20 yanvar zamanı xalq azadlıq üçün meydanlara toplanmışdı. Cəmi bir il sonra artıq müstəqillik əldə edildi”, deyə səfir bildirib.