İsrail-İran hücumları: bundan sonra nə olacaq? - BBC təhlili

Şəklin mənbəyi, GETTY IMAGES
İsrailin İranı vurduğu bildirilir, İran isə bunu təkzib edir.
Bundan əvvəl, aprelin 14-də İran İsrailə 300-dən çox raket və dron zərbəsi endirmişdi.
İsrail-İran arasında "dron atışması" real və davamlı müharibəyə çevrilə bilərmi? - BBC müxbirlərinin təhlilində oxuyun.
İran tərəfi baş verənlərin əhəmiyyətini aşağılayır, deyirlər ki, heç bir hücum olmayıb. Rəsmi media isə miniatür dronların zarafatyana fotolarını yayıb, BBC-nin beynəlxalq şərhçisi Jeremy Bowen yazır.
O vurğulayır ki, indi bir neçə sual ortaya çıxır.
İran İnqilab Keşikçiləri Korpusunda sərt xətt tərəfdarları geri çəkilmək istəyəcəklərmi?
İsrail daha başqa hücum planlaşdırırmı?
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Bu, indi Baş nazir Netanyahunun Prezident Bideni özündən daha da uzaqlaşdırmadan cavab vermək cəhdi ola bilər.
Biden İsraildən "qələbə əldə etmək" üçün İranın ötən şənbə günü etdiyi hücuma cavab verməməsini istəyib.
Britaniya və digər müttəfiqləri də İsrailə təmkinli olmaqla bağlı çağırışlar ediblər.
Əgər belədirsə, digər sual ondan ibarətdir ki, görəsən bu, İsrailin düşmənlərini müəyyən etmək məqsədilə ölkənin müdafiə imkanlarını bərpa etmək və güclü qarşılıq vermək niyyətində olan İsrailin komanda qərargahında oturan keçmiş generallara kifayət edəcəkmi?
Netanyahunun ultramillətçi koalisiyadakı müttəfiqləri də İsraildən sərt cavab verməsini tələb ediblər. Biri deyib ki, israillilər "çılğınca” davranmalıdırlar.
Qərb hökumətlərinin fikrincə, region üçün ən yaxşı variant həm İranın, həm də İsrailin qəhrəmanlıq hekayələrinin üstündən xətt çəkməsidir.
Bu böhran İsrailin Dəməşqdəki İran diplomatik iqamətgahına hücumu ilə başlayıb və üçü general olmaqla azı 7 nəfəri öldürüb.
Hətta bu, bu böhranın bu mərhələsinin sonu olsa belə, artıq yeni presedentlər müəyyən edilib.
İran birbaşa hücumda İsraili vurdu, İsrail də öz birbaşa hücumu ilə cavab verdi.
Bu, bölgədə İran və İsrail arasında uzun müddət davam edən münaqişənin “oyun qaydaları”ndakı dəyişiklikdir.
İki ölkə arasında uzun sürən gizli müharibə kölgədən çıxıb.

Şəklin mənbəyi, Getty Images
Təhlükəli eskalasiya pilləkəninin orta pilləsi
Vəziyyət bundan sonra da xeyli pisləşə bilər, BBC-nin təhlükəsizlik üzrə müxbiri Frank Gardner təhlilində yazır.
İsrail İranın gecə etdiyi raket hücumuna "ciddi cavab" vəd edib.
Bəs, bu, hansı formada baş verəcək? İsrail ordusu və hərbi kabineti məhz bu məsələni müzakirə edirlər.
Ən çox ehtimal olunan hədəflər bu raketlərin göndərildiyi İran bazaları olacaq.
Lakin İsrail daha da irəli gedərək, İranın əsas hərbi bazalarına və İslam İnqilabı Keşikçiləri Korpusunun ölkə daxilindəki təlim mərkəzlərinə zərbələr endirərək insan tələfatı və maddi ziyan vura bilər.
O zaman İran, şübhəsiz ki, söz verdiyi kimi cavab verər.
Beləliklə, biz indi çox təhlükəli eskalasiya pilləkəninin “orta pilləsindəyik”.
Yaxın Şərq ölkə hökumətləri nəfəslərini saxlayıb, İsrailin vəd etdiyi cavabın nə qədər böyük və sərt olacağını gözləyirlər.
İsraillə hərbi qarşıdurma iranlıların əksəriyyətinin istədiyi ən son şeydir
Behrang Tajdin, BBC Farsca
İqtisadi məsələlər üzrə müxbir
İranda, rəsmi məlumatlara görə, son bir ildə inflyasiya 40 faizdən çox olub, ölkədə on milyonlarla insan qiymət artımından əziyyət çəkir və İsraillə hərbi qarşıdurma onların indi arzulaya biləcəyi son şeydir.
Aprelin 1-də İranın Dəməşqdəki konsulluğuna hücumdan sonra İran valyutası rialın məzənnəsi dollara nisbətdə daha 10 faiz ucuzlaşıb. Çoxları bunun gec-tez mobil telefonlar, məişət texnikasından tutmuş ərzağa qədər bir çox malın qiymətində yeni sıçrayışlara səbəb olacağından qorxur.
İran hökuməti çörək və yanacaq kimi bəzi zəruri məhsulların qiymətini müəyyən edir və bir çox malların güzəştli məzənnə ilə (başqa sözlə ucuz xarici valyuta) idxalına icazə verir. Amma yenə də bir çox malların qiyməti hələ də bazar məzənnəsi əsasında müəyyən edilir.
2018-ci ildən, ABŞ-ın İranın nüvə sazişindən çıxdığı və sanksiyaları yenidən bərpa etdiyi, xüsusən də İran neftinin ixracına qoyulan məhdudiyyətləri geri qaytardıqdan sonra İran iqtisadiyyatı yüksək inflyasiyadan əziyyət çəkərək, praktik olaraq, artmır və ya hətta əskilir.
İndi İranda çoxlarını bir sual narahat edir: İsrail necə cavab verəcək? İstənilən eskalasiya İran valyutasının daha da devalvasiya etməsinə gətirib çıxara bilər ki, bu da inflyasiya və bahalaşmaya təkan verər.
"Vəziyyət dəyişib"

Şəklin mənbəyi, EPA-EFE/REX/Shutterstock
Lyse Doucet, BBC,
BBC, beynəlxalq müxbir
“İran İsrailə dərs verdi”. Bu, Tehran universitetinin professoru Seyid Məhəmməd Mərəndinin “öz ərazisindən İsrailə ilk birbaşa zərbəsi nəticəsində İran heç olmasa, nəyəsə nail ola bildimi” sualına verdiyi hərfi cavabdır. İsrail bu misli görünməmiş hava hücumunun, sadəcə, puça çıxdığını deyir.
Professorun cavabının mahiyyəti ondan ibarət idi ki, İranın “modus operandi”-si [iş görmə vərdişləri] əsaslı dəyişikliklərə məruz qalıb. Əgər əvvəllər İslam dövlətinin strateji təhlükəsizliyinin əsas doktrinası, necə deyərlər, “strateji səbir” idisə, bu gündən etibarən “səbir” sona yetib.
Əvvəllər İran obyektlərinə və ya konkret şəxslərə edilən hücumlara ya cavab vermir, ya da Yaxın Şərqdə yerləşən əlaqəli qruplar vasitəsilə cavab tədbirləri görürdü.
İndi isə professor Marandinin sözlərinə görə, “vəziyyət dəyişib”.
“İsrail rejimi hər hansı bir iranlıya sui-qəsd etdikdə, biz onlara, eləcə də onlara yardıma gələn ABŞ və Böyük Britaniyaya cavab zərbələri endirəcəyik”, - o deyib.
Professor israrla iddia edir ki, ölkənin cənubunda yerləşən İsrail Hərbi Hava Qüvvələrinin “Nevatim” bazası ciddi zədələnib, baxmayaraq ki, İsrail zərərin son dərəcə cüzi olduğunu və bazanın fəaliyyətini davam etdirdiyini bildirir.
Hər necə olsa da, bu cür bəyanatların sərt tonu açıq şəkildə nümayiş etdirir ki, bu yeni mərhələdə iki barışmaz düşmən arasında pərdəarxası müharibə ön səhnəyə çıxa bilər.
Görünür, İran deeskalasiyaya meyillidir

Şəklin mənbəyi, Reuters
Jiyar Gol, BBC Farsca xidməti
İran İnqilabı Keşikçiləri Korpusunun (İİKK) İsrailə raket və pilotsuz təyyarələrlə zərbəsindən sonra bir çox iranlı əllərində Fələstin simvolları ilə küçələrə axışıblar. Onlar bayram edirlər.
İİKK üçün regiondakı müttəfiqləri və daxili tərəfdarları arasında nüfuzunu qoruyub saxlamaq prinsipial əhəmiyyət kəsb edir.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bağırı bildirib ki, İsraildəki hədəflər arasında İsrailin Notam aviabazası olub, onda olan məlumatlara görə, iki həftə əvvəl İranın Dəməşqdəki konsulluğuna həmin bu bazadan zərbələr endirilib və Korpusun 7 komandirini öldürən İsrailin F-35 qırıcıları məhz burdan havaya qalxıb.
Bağırı İranın öz məqsədinə nail olduğunu və əməliyyatları davam etdirmək niyyətində olmadığını deyib.
İran Prezidenti İbrahim Rəisi xəbərdarlıq edib ki, hər hansı yeni hücuma İran tərəfindən daha sərt cavab veriləcək.
Görünür, Tehrandakı əhval-ruhiyyə vəziyyətin deeskalasiyası və gərginliyin azaldılmasına yönəlib.
Göründüyü kimi, həm hərbçilər, həm də hökumət rəsmiləri gecə hücumlarının nəticələrindən məmnundurlar.
Belə görünür ki, İsrailə müdafiə tədbirləri görmək üçün kifayət qədər vaxt verərək, İran daha çox zərər vurmaq və ya itkilərin sayını artırmaq niyyətində olmayıb.
İsrail və ABŞ İran hücumuna nə qədər hazır idi?
Israil və ABŞ İranın hücumuna yaxşı hazırlaşıb, BBC-nin müdafiə məsələləri üzrə müxbiri Jonathan Beale yazır.
Bu, əvvəldən aydın idi. Lakin daha vacibi həm İsrailin, həm də ABŞ-ın yüksək səviyyəli havadan müdafiə sistemləri artıq yerini almışdı.
İsrail Həmasın uzun illər ərzində Qəzzadan eyni vaxtda atdığı raket hücumlarının qarşısını almaqla xeyli təcrübə toplayıb.
İsrailin "Dəmir Günbəz", "David's Sling" (Davidin qayışı) və "Ox" da daxil olmaqla yüksək səviyyəli havadan müdafiə sistemləri Həmasın raketlərini sıradan çıxarmaq üçün istifadə olunub.
ABŞ da Qırmızı dənizdə oxşar təhdidlə - Yəməndə fəaliyyət göstərən, İranın dəstəklədiyi Husilər tərəfindən atılan dronlar, qanadlı raketlər və eləcə də ballistik raketlərlə üz-üzə qalıb.
ABŞ-ın Dwight D Eisenhower adlı reaktiv təyyarələr daşıyıcısı da Husilərin dronlarını vurmağa cəlb edilib, lakin Arleigh Burke adlı idarəolunan raket məhvedicisi sinifindən olan müdafiə sistemləri son 4 ayda mütəmadi olaraq dron və raketləri müvəffəqiyyətlə vurublar.
Başqa sözlə, İsrail də, ABŞ da İran silahlarını müvəffəqiyyətlə zərərsizləşdirmək üçün özlərinin hərbi imkanlarını bilirdi.
İranın İsrailə hücumu “qırmızı xətti” keçməkdir
BBC-nin beynəlxalq şərhçisi Jeremy Bowen yazır ki, çox şey İsrailin indi nə edəcəyindən asılıdır.
Gecə ərzində ona çox kömək etmiş müttəfiqləri indi israillilərə çoxlu siqnallar verirlər.
Amerikalılar İsrailin təhlükəsizliyini dəstəkləməyin “sarsılmazlığından” danışırlar və bununla da ABŞ-ın onun tərəfində olduğunu göstərirlər. Hücumun dəf edilməsində britaniyalılar və iordaniyalılar da iştirak ediblər, İsrailin özü də çox ciddi hava hücumundan müdafiə imkanlarına malikdir.
Düşünürəm ki, İsrailin bu müdafiəsini praktiki olaraq yarmağı bacarmadığını bilmək İran üçün çox xoşagəlməz olub.
Beləliklə, indi əsas sual İsrailin cavab verib-verməyəcəyi və bu cavabın İran ərazisini əhatə edib-etməyəcəyidir. Hadisələrin bu cür inkişafı eskalasiyanın daha da artması demək olacaq.
Mən yüksək rütbəli Qərb diplomatı ilə danışdım, o dedi ki, dünənki gecə çətin olub, lakin indi bu hadisələrə yekun vurmağın vaxtıdır.
Qərb israillilərdən İran ərazisinə zərbə endirməməyi xahiş edir. ABŞ Prezidenti Joe Biden-in diplomatik cavab verməyə çağırması vacibdir və bu, hadisələrin heç bir hərbi inkişafı variantından danışmır.
İranlılar belə bir şey edəcəklərini olduqca aydın ifadə etmişdilər – odur ki, İsrail, ABŞ, Britaniya və digər ölkələr buna hazır idilər. İranın bu addımı yaxşı hesablanmışdı və indi İsrailin Qərb müttəfiqləri bu epizodun bitdiyinə ümid edirlər.
İran üçün İsrailin qabağında durduğu anlayışını bərpa etmək çox vacib idi. Yaxın Şərqdəki bütün İran müttəfiqlərinin şəbəkəsi məhz bunun üzərində qurulub.
Aydındır ki, İsrailin aprelin 1-də diplomatik obyektə zərbə endirməyə qadir olması və bunun heç bir nəticəsi olmayacağına ümidi bu inamı sarsıdır. Və Tehran onu bərpa etməyə çalışır.
Lakin amerikalılar hələ də Yaxın Şərqdə vəziyyətin gərginləşməsinin qarşısını almağa çalışırlar.
İranın İsrail ərazisinə birbaşa hücumu isə ilk dəfə olaraq “qırmızı xətti” pozur.
İsraildə sağ siyasi qüvvələrin tərəfdarları artıq cavab verməyi tələb edirlər. Belə ki, bu epizodun həqiqətən bitdiyinə hələ heç bir əminlik yoxdur. Və onun altından xətt çəkilməsə, vəziyyət çox təhlükəli ola bilər.




