Türkiyə Yunanıstanın Egey adalarına raket yerləşdirmə planına necə reaksiya verir?

Şəklin mənbəyi, Reuters
- Müəllif, BBC News Türkcə
- Məkan, Ankara
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
2023-cü ildə başlanmış və Atina Bəyannaməsinin imzalanması ilə konkretləşən Türkiyə-Yunanıstan münasibətlərindəki yumşalma prosesi getdikcə daha da artan qarşılıqlı gərginlik ritorikasına yerini verməyə başlayıb.
Bunun son nümunəsi Yunanıstan müdafiə naziri Nikos Dendias-ın 28 noyabrda etdiyi "Qlobal Perspektivdə Yunanıstan" adlı çıxışı və ona Türkiyədə Milli Müdafiə Nazirliyi mənbələrinin 4 dekabrda verdiyi cavab oldu.
Dendias-ın çıxışında diqqət çəkən əsas məqam o idi ki, 1952-ci ildən bəri eyni müdafiə ittifaqında olsalar da, Yunanıstana təhlükənin NATO üzvü Türkiyədən gəldiyi və yunan ordusunun bu təhlükəyə cavab olaraq yeni bir doktrin hazırladığı vurğulandı.
Dendias bildirdi ki, Egey dənizi artıq yalnız dəniz qüvvələrinin donanması tərəfindən qorunmayacaq; "Axilles Qalxanı" adlandırılan yeni müdafiə xətti çərçivəsində Egey adalarına yerləşdiriləcək raketlərlə də qorunacaq.
"Əslində, Egey dənizi minlərlə olmasa da, arxipelaqdakı yüzlərlə adaya yerləşdiriləcək raketlərlə qorunacaq", - o deyib.
Dendias əlavə edib ki, Fransa və İtaliyadan alınan freqatlara da təxminən 1500 kilometr mənzilli strateji raketlər yerləşdiriləcək və beləliklə, bu yeni silahlarla Yunanıstanın istənilən nöqtədən atəş açma qabiliyyəti artırılaraq ölkənin çəkindirici gücünü artıracaq.
Yunan mətbuatında yer alan xəbərlərə görə, Yunanıstan Egey Adalarına yerləşdirəcəyi raketləri İsraildən tədarük etməyi planlaşdırır.

Şəklin mənbəyi, @NikosDendias
Dendias bildirib ki, yeni müdafiə doktrininin ən önəmli hissələrindən biri Türkiyənin Bayraktar 2 kimi mühüm silahlı pilotsuz uçuş aparatlarına (SİHA) qarşı "anti-SİHA" sistemi inkişaf etdirməkdir və bu sistem bütün yunan gəmilərinə və quru müdafiə nöqtələrinə yerləşdiriləcək.
Türkiyədə narahatlıq yaratdı
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Yunanıstan müdafiə naziri Nikos Dendias-ın mərkəzində Türkiyənin durduğu çıxışında, xüsusilə Egey adalarına raket yerləşdirmə ilə bağlı yanaşması Ankarada narahatlıq doğurdu.
Ankara isə daha əvvəl xarici işlər naziri vəzifəsində çalışmış və digər yunan rəsmilərlə müqayisədə daha sərt və qarşıdurmacı dil istifadə etdiyi bilinən Dendias-a cavabı həftəlik mətbuat brifinqi zamanı və "mənbələrə əsaslanaraq" verməyi üstün tutdu.
Milli Müdafiə Nazirliyi mənbələri Yunanıstanın hərbi fəaliyyətlərinin diqqətlə və yaxından izlənildiyini, Türkiyənin başda Egey dənizi olmaqla bölgədəki prioritetinin sülh və sabitlik olduğunu vurğuladılar.
Yunanıstandan da eyni konstruktiv davranışı gözlədiklərini bildirən mənbələr belə dedilər:
"Bəzi yunan rəsmiləri tərəfindən edilən gərginliyi artıran hərəkət və açıqlamalar, beynəlxalq anlaşmalara zidd olan, reallıqdan uzaq, xəyali iddialar iki ölkə liderləri arasında əldə olunmuş razılığa əsaslanan müsbət atmosferə zərər verməkdən başqa bir işə yaramır".
Bu cavab vasitəsilə bütövlükdə Yunanıstanı deyil, daha çox Dendias-ı hədəf alan mənbələr əlavə etdilər:
"Türk Silahlı Qüvvələri ona təhdid yaratmayan heç kim üçün təhdid deyil. Lakin ölkəmizə qarşı yönələ biləcək hər cür təhdidi aradan qaldıracaq gücə və qətiyyətə sahibdir. Türkiyəni hədəf alan cəhdlərin keçmişdə olduğu kimi bu gün və gələcəkdə də nəticə verməyəcəyini bir daha xatırladırıq".

Şəklin mənbəyi, Yunanistan Deniz Kuvvetleri Komutanlığı
Hansı adalara raket yerləşdiriləcək?
İsraillə davam edən danışıqlar Yunanıstanın bu ölkədən Spyder, Barak MX və "Davut Sapanı" kimi tanınan yaxın, orta və uzun mənzilli hava müdafiə sistemləri tədarük etməsini nəzərdə tutur.
Dendias çıxışında raketlərin konkret hansı adalara yerləşdiriləcəyini deməyib, lakin Yunanıstan materikinin adalardan başlayaraq qurulacaq müdafiə xətti ilə qorunacağını söylədi.
Bununla, Türkiyəyə yaxın bir çox ada və adacığın da bu çərçivəyə daxil ediləcəyi ehtimal olunduğu düşünülür.
Milli Müdafiə Nazirliyi mənbələrinin "beynəlxalq hüquq"u vurğulaması da bununla izah edilir.
1923-cü il Lozanna Müqaviləsi və 1947-ci il Paris Müqaviləsi Şərqi Egey adalarının silahsız statusda qalması şərti ilə Yunanıstana verildiyini təsbit edir.
Türkiyə son dövrdə Şərqi Egey bölgəsindəki bir çox adanın Yunanıstan tərəfindən silahlandırıldığını deyərək Yunanıstanı tənqid edir və onu "müqavilələri pozmaqda" ittiham edir.
Yunanıstan isə 1960-cı illərdən sonra, xüsusilə Kipr böhranı səbəbilə təhlükəsizlik şəraitinin dəyişdiyini bildirir və lazım gördüyü adalarda hərbi tədbirlər aldığını vurğulayır.
Türkiyənin 1974-cü ildə "Kıbrıs Barış Hərəkatı" adlandırdığı hərbi əməliyyatdan sonra Yunanıstanın Egey adalarını silahlandırma fəaliyyətlərini artırdığı bilinir.
Yunanıstan və Kipr Respublikası "Kıbrıs Barış Hərəkatı" əməliyyatını "işğal" olaraq dəyərləndirir.
Türkiyə isə son olaraq 2021-ci ildə BMT Baş katibi Antonio Guterres-ə məktub göndərərək Yunanıstanı "beynəlxalq hüququ pozduğu" iddiası ilə şikayət etmişdi.
Yunanıstanın suverenliyində olan Egey arxipelaqının təxminən 6 min ada, adacıq və coğrafi quruluşdan ibarət olduğu bilinir.
Bu adaların təxminən 200-də yaşayış var.
Silahlanma yarışı davam edir
Türkiyə ilə Yunanıstan, tarixi olaraq Egey dənizi və Şərqi Aralıq dənizindən qaynaqlanan suverenlik problemləri səbəbilə tez-tez qarşı-qarşıya gəlir.
1997-ci ildə Kardak böhranı səbəbilə müharibə həddinə çatan iki ölkə, ən son 2019 və 2020-ci illərdə Şərqi Aralıq dənizində dəniz səlahiyyət bölgələrinin müəyyənləşdirilməsi məsələsində yaranan fikir ayrılığı səbəbilə ciddi gərginlik yaşamışdı.
Yunanıstan və Kipr Respublikasının Avropa İttifaqına (AB) üzv olmaları, regional gərginliyin Ankara-Brüssel münasibətlərinə də təsir göstərməsinə gətirib çıxarmış; Aİ Türkiyəyə sanksiya tətbiq etmək qərarı almışdı.
Yaşanan gərginliyin ardından Türkiyə və Yunanıstan 2023-cü ildən etibarən yumşalma mərhələsinə qədəm qoydu.
Prezident Recep Tayyip Erdoğanın 2023-cü ilin dekabrında Afinaya səfəri zamanı Yunanıstanın Baş naziri Kiryakos Miçotakis ilə imzaladığı Atina Bəyannaməsi tərəflərin gərginlik yaradan siyasət və açıqlamalardan çəkinməsini, problemlərin dialoq və diplomatiya ilə həll edilməsini nəzərdə tuturdu.
Ancaq Türkiyənin müdafiə sənayesi sahəsində ciddi sıçrayışlar etməsi – xüsusilə SİHA, Kızılelma və KAAN kimi yerli layihələrlə yanaşı, ABŞ-dan F-16 və F-35 qırıcı təyyarələrini, həmçinin Avropa konsorsiumundan 20 ədəd Eurofighter Typhoon təyyarəsi tədarük edəcək olması – Yunanıstanda ciddi narahatlıq yaratdı.
Bu silahların Türkiyəyə satılmasını əngəlləmək cəhdləri uğursuz olan Yunanıstan, öz müdafiə sənayesini qurmaq və yeni satınalmalarla TSQ-ni təhdid olaraq gördüyü gücü balanslaşdırmaq səylərini sürətləndirdi.
Tərəflər arasında siyasi dialoqun azalması, Miçotakis-in 2025-ci ildə nəzərdə tutulan Türkiyə səfərinin baş tutmaması da gərginliyin həm hərbi, həm də siyasi ölçüdə dərinləşməyə meyilli olduğunu göstərir.







