Türk Kipri nədir və niyə türk dövlətləri onu tanımır?

Kipr

Türkiyə Prezidenti Erdoğan deyib ki, Kipr türklərinin olmadığı "bir türk dünyası əksik qalar".

Elə onun müstəqilliyini tanıyan yeganə ölkə də Türkiyədir.

"Türk dünyasının kipr tükrlərinin haqq, ədalət və müstəqillik uğrunda apardıqları mübarizəyə dəstək verməsini gözləyirik",- Erdoğan deyib.

Bura bəzən "Şimali Kipr" və ya "Türk Kipri" də deyirlər.

Bəs Azərbaycan da daxil olmaqla, Türk Dövlətləri Təşkilatında yer alan ölkələr niyə bu dövlətin müstəqilliyini tanımır?

Təşkilatın Şuşa və Bişkekdə keçirilən zirvə toplantısında Türk Kiprinin Prezidenti Ersin Tatar da iştirak etdi.

Bu, türk dövlətlərinin tezliklə Şimali Kipri müstəqil dövlət kimi tanıyacağı fikrinə yol açdı. Amma bu baş vermədi.

Bunun səbəbini daha çox iqtisadi faktorda görmək olar.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları Mərkəzi Asiya ölkələrinə də təsir edib.

Sanksiya təsirindən qorunmaq üçün Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan bu ilin aprelində Avropa İttifaqı ilə 12 milyard avroluq müqavilə imzaladı.

Şərtlərdən biri də o idi ki, onlar Yunan Kiprində nümayənədəlik açsınlar. Onlar da bu şərtlə razılaşdılar.

Yunan Kiprinin nə olduğuna daha sonra qayıdacağıq.

Bəs Azərbaycan niyə Şimali Kipri tanımır?

Dağlıq Qarabağ münaqişəsi Azərbaycanı Türk Kiprini tanımaqdan çəkindirən amillərdən biri olub.

Bakının Türk Kiprini tanıması Dağlıq Qarabağın müstəqilliyini istəyənlərin əlini gücləndirərdi.

Yunan Kipri Avropa İttifaqının üzvüdür və Azərbaycan Yunanıstanla münasibətlərini də gərginləşdirmək istəməz.

Buna görə də Azərbaycan hələlik Türk Kipri ilə təhsil, turizm və digər sahələrdə əlaqələr qurmaqla kifayətlənir.

Panamadakı bir hüquq firmasından sızdırılan və Panama Papers adlanan sənədlərdə Yunan Kiprinin də adı çəkilir.

Yunan Kipri bu sənədlərdə offşor şirkətlər üçün münbit ölkə kimi görünür.

İddia olunur ki, Azərbaycan hakim elitası da offşor şirkətlərdən çirkli pulların yuyulmasında istifadə edir. Azərbaycan hakimiyyəti bu iddiaları rədd edir.

1974-cü ildə Kipr adasında yunanlar və türklər arasında etnik münaqişə çıxıb.

Türklər 1983-cü ildə yunan Kiprindən ayırılıblar.

Türkdilli ölkə liderlərinin Macarıstanda mayın 21-də keçirilən görüşünə Türk Kipri dəvət edilmədi.

Görünür, Avropa İttifaqı üzvü olan Macarıstan eyni blokda yer aldığı Yunan Kipri ilə problem yaşamaq istəməyib.

Bu isə, deyəsən, Erdoğanı narahat edib.

"Kipr türklərinin olmadığı bir türk dünyası əksik qalar. Türk dünyasının kipr tükrlərinin haqq, ədalət və müstəqillik uğrunda apardıqları mübarizəyə dəstək verməsini gözləyirik", - Türkiyə Prezidenti bu tədbirdə deyib.

Videoya Youtube kanalımızda baxın.