İranda din adamlarının çöküşü: onlar xalqın etimadını itirirmi?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Masoud Azar
- Vəzifə, BBC Farsca
1979-cu il islam inqilabından sonra İranda həmişə ruhanilər hakimiyyətdə olublar.
Ali dini rəhbərlə yanaşı, prezident, baş nazir (konstitusiya dəyişikliyinə qədər), Ali Məhkəmənin sədri və yüzlərlə digər mühüm vəzifələrdə də bütün bu illər boyu məhz onlar təmsil olunublar.
Amma son illərdə ruhanilərin siyasətdəki və cəmiyyətdəki rolu getdikcə azaldığını müşahidə edirik.
Keçmişdə xalqın inamını qazanmış din xadimləri inqilabdan sonra iqtidarı ələ keçirə bilmişdilər.
40 ilə yaxındır ki, davam edən dini hakimiyyət dövründə onlar getdikcə xalqın inamını itiriblər və artıq əvvəlki qədər nüfuzlu deyillər.
2022-ci ildə Məhsa Əmininin polis şöbəsində ölməsinə görə başlamış və onlarla ruhaninin başından “çalma çıxarma” faktlarıyla müşayiət olunmuş genişmiqyaslı etiraz aksiyalarında bu etimadsızlıq daha aydın üzə çıxdı.
Aksiyaçılar ruhaniləri alçaltmaq və ələ salmaq üçün başlarındakı çalmalarını vurub salır və bunu videoya çəkirdilər.
Son parlament və prezident seçkilərində də narazılıqlar müşahidə edildi.
Prezident seçkisinə buraxılmış yeganə ruhani namizəd Mustafa Purməhəmmədi kifayət qədər səs toplaya bilmədi.
Helikopter qəzasında ölən keçmiş prezident İbrahim Rəisi kimi, Purməhəmmədi də 1980-ci illərdə "Ölüm Korpusu"nun üzvü olub və o da siyasi məhbuslarla bağlı məhkəməsiz edam əmri verməkdə ittiham edilir.
Seçkidəki ağır məğlubiyyətindən sonra Purməhəmmədi bu nəticənin onun üçün gözlənilməz olmadığını və çox səs almağın “mümkünsüzlüyünü” əvvəlcədən bildiyini vurğulayıb.
Doğrudanmı, İranda din xadimlərinin cəmiyyətdəki rolu azalır? Ruhanilər vəzifələrə seçilməsələr, onları kim əvəz edə bilər?

Şəklin mənbəyi, EPA-EFE/REX/SHUTTERSTOCK
İranda məhkəmələrə və kəşfiyyat nazirliyinə həmişə ruhanilər rəhbərlik ediblər
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
İranın inqilabdan sonrakı ilk lideri Ayətullah Xomeyninin tövsiyəsilə ruhanilərin heç biri 1980-ci ilin fevralında keçirilən prezident seçkisinə qatılmadı.
Amma inqilabdan sonrakı ilk parlamentdə onlar 164 nəfərlə təmsil olundular.
Sonrakı illərdə məhkəməyə və kəşfiyyat nazirliyinə həmişə onlar rəhbərlik etdilər.
Bundan başqa, dini lideri seçən və onun fəaliyyətinə nəzarət edən Ekspertlər Məclisinin üzvləri də yalnız ruhanilərdən ibarətdir.
Konstitusiyanı şərh edən, seçkilərə nəzarəti həyata keçirən və namizədləri təsdiqləyən Mühafizlər Şurasının 12 üzvündən 6-sı ruhanidir.
Əvvəlki dini liderin dövründə onların ikinci prezidentlik müddətindən sonra rəhbər vəzifələrdə işləməsinə qoyulan qadağa aradan qaldırılıb.
1981-ci ilin oktyabrından bu yana ölkədə beş ruhani prezident seçilib, cəmi səkkiz illik bir dövr ərzində bu vəzifədə qeyri-ruhanilər təmsil olunublar.
Mahmud Əhmədinejadın ikinci dönəm üçün qatıldığı 2009-cu il seçkilərinin nəticələri onun rəqibləri tərəfindən şübhə altına alınıb və geniş etirazlara səbəb olub, amma Ayətullah Əli Xameneyinin dəstəyi sayəsində Əhmədinejad növbəti dəfə İran prezidenti kreslosuna əyləşib.
Ayətullah Əli Xameneyi bu vəzifəyə gəldiyi ilk illərdə dəfələrlə ruhaniləri “səhnədə” - siyasi, sosial və mədəni dəyişikliklərin “ön cərgələrində” olmağa səsləyib.
Son illərdə isə Xameneyi yaşlı ruhaniləri gənc imamlarla əvəz edib və onları bir çox mühüm qurumlara rəhbər təyin edib.
Amma statistika göstərir ki, əvvəlki illərə nisbətən ruhanilərin siyasi və ictimai çəkisi azalıb.
Onların səslərində ilk azalma Ayətullah Xameyeni dönəmindəki üçüncü parlament seçkilərində baş verib, birinci parlamentlə müqayisədə ruhanilərin sayı 50 faiz azalıb.
Bu tendensiya çoxluğu islahatçıların qazandığı altıncı parlament seçkilərində də davam edib, ruhaniləri qurumda cəmi 35 nəfər təmsil edib.
Son parlament seçkilərində isə onlar 290 mandatdan yalnız 17-ni qazanıblar.
Reyimin simvolu

Şəklin mənbəyi, UGC
Vaxtilə bu ölkədə ruhanilər xalq arasında böyük nüfuza sahib idilər. Amma uzun illər hakimiyyətdə olduqlarına görə artıq xeyli sayda insan İranın çoxsaylı problemlərində onları günahkar sayır. Ruhanilər İran rejiminin simvoluna çevriliblər.
İslahatçılara yaxınlığıyla tanınan siyasi şərhçi Abas Abdi deyir ki, “İnqilabın ilk illərində yüksək səs toplayan ruhanilər inqilabdan əvvəl təzyiq altında yaşadıqları, mübarizə apardıqları və xalqla həmrəy olduqları üçün sevilirdilər. İnqilabdan sonra bu vəziyyətdən faydalananlar ortaya çıxdı. Hakimiyyətə gələn ruhanilər xalqın yanında dayana bilmədilər və buna görə də xalq onlardan uzaqlaşdı".
Ruhanilərin sonu?
2022-ci ildə baş verən kütləvi etirazlar ölkə tarixində dönüş nöqtəsi oldu.
“Jin, Jiyan, Azadi” (“Qadın, Həyat, Azadlıq”) şüarının səsləndirildiyi aksiyalar zamanı ruhanilər onlara ciddi və böyük bir “meydan oxuyan” kütləylə qarşılaşmalı oldu.
“Ruhanilər getməlidirlər” şüarını səsləndirən etirazçılar “çalma salma” aksiyası başlatdılar. İş o yerə çatdı ki, ruhanilər küçədə kimlərinsə arxadan onlara hücum edəcəyindən narahat olmağa başladılar. Hətta bəziləri ictimai yerlərdə cübbə geyinməkdən belə vaz keçdi.
İran cəmiyyətində onlara qarşı nifrət və inamsızlıq çoxdan var və bu, bir gecədə baş verməyib. İnsanlar hesab edirlər ki, ölkənin indiki iqtisadi və siyasi vəziyyətinə görə ruhanilər məsuliyyət daşıyır. Onlardan narazılıq hətta ölkədəki dini məkanlara da mənfi təsir edir. Hazırda məscidlərin çoxu boşdur.
“Təxminən 75 min məsciddən 50 mini bağlanıb, bu, fəlakətdir”

Şəklin mənbəyi, EPA-EFE/REX/SHUTTERSTOC
"Ölkədə təxminən 75 min məsciddən 50 mini bağlanıb, bu, fəlakətdir" - yüksək vəzifəli hökumət rəsmisi belə deyir.
Son illər ilahiyyat təhsilini seçən tələbələrin sayında da xeyli azalma müşahidə olunur.
Bunun yüksək yaşayış xərcləri və təhsil haqqından qaynaqlandığı bildirilir. Son illərdə tələbələrə məktəb və banklarda iş imkanları yaratmaqla gəncləri ilahiyyat fakültələrini seçməyə təşviq edirlər.
Rejim müxtəlif vasitələrlə bu fakültələri təsiri altına almağa çalışır.
Bəzi analitiklər deyirlər ki, İranda dinin populyarlığının azalmasının və cəmiyyətin müxtəlif təbəqələrində, xüsusilə gənclər arasında dünyəviliyin artmasının səbəbi ruhanilərdir.
Boşluğu kim doldurur?

Şəklin mənbəyi, X: KHAMENEI.IR
Yüksək dövlət vəzifələrində ruhanilərin sayı getdikcə azalırsa, onların yerini kimlər doldurur? Əsasən “İnqilab Keşikçiləri” və təhlükəsizlik qüvvələri.
Analizlər göstərir ki, Mahmud Əhmədinejadın prezidentliyindən sonra parlamentdə, hökumətdə, müxtəlif qurumlarda və iqtisadi sektorda “İnqilab Keşikçiləri”nin, hərbçilərin və təhlükəsizlik işçilərinin sayı artıb.
Bundan əvvəlki parlamentin ən azı 26 deputatı İnqilab Keşikçiləri Korpusunun briqada generalı və ya polkovniki olub.
İyun ayında formalaşan hazırkı parlamentdə isə 30-a yaxın deputat vaxtilə bu qurumda çalışıb.
“İnqilab keşikçiləri”nin Əhməd Vahidi kimi tanınmış nümayəndəsi isə daxili işlər naziri postundadır.
Vitse-prezidentlər və valilər arasında da onların təmsilçiləri var; əksər əyalətlərdə vali vəzifəsinə məhz İnqilab Keşikçiləri Korpusunun üzvləri təyin edilir.
Şərhçilər hesab edirlər ki, güclü siyasi partiyaların olmadığı İranda bu qurum ən monolit və güclü təşkilatdır, ciddi səviyyədə iqtisadi-hərbi gücə malikdir və buna görə də İran siyasətində əsas oyunçu kimi çıxış edir. Həmçinin qeyd olunur ki, İnqilab Keşikçiləri Korpusu ölkənin dini liderinə ruhanilərdən daha sadiqdir.
Amma ruhanilərin parlamentdə və yüksək vəzifələrdə əvvəlkindən sayca az olmalarına baxmayaraq, onların ölkə həyatına təsiri qalmaqdadır.
Birbaşa dini liderin nəzarəti altında fəaliyyət göstərən ruhanilər hökumətin və hərbi qurumların bütün strukturlarında həlledici mövqedədirlər.
İranın kiçik-böyük şəhərlərində fəaliyyət göstərən çox sayda imam və saysız-hesabsız məscidlər də ölkədə ruhanilərin hələ də mühüm rola sahib olduğunu göstərir.







