Azərbaycan ərazisindən “İrana qarşı istifadəyə yol verilməyəcək”

Azərbaycan ərazisindən “İrana qarşı istifadəyə yol verilməyəcək”

Hər hansı xarici dövlətin Azərbaycanın hava məkanından və ya ərazisindən istifadə etməklə İrana qarşı hərbi əməliyyat aparmasına heç vaxt imkan verilməyəcək.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Araqçı ilə danışarkən deyib.

Nazirlər İran ətrafında regional vəziyyətin gərgin olduğu bir vaxtda telefonla danışıblar.

Məlumatı Azərbaycan XİN yayıb.

Abbas Araqçı bildirib ki, regiondakı bütün ölkələr sülh və sabitliyə təhdidlərin qarşısını almaqda və üçüncü tərəflərin onların ərazilərindən digər dövlətləri hədəf almaq üçün istifadə etməsinə imkan verməməkdə ortaq məsuliyyət daşıyır, İranın Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Amerika Birləşmiş Ştatları İranı hücumla hədələyib və hərbi donanmasını İrana sarı istiqamətləndirib.

Son 12 günlük İsrail-İran müharibəsi zamanı da Azərbaycan öz ərazisindən İran və digər qonşularına qarşı başqa dövlətin hərbi əməliyyat üçün istifadəsinə imkan verməyəcəyini bəyan etmişdi.