ABŞ-ın dron zərbəsi ilə öldürülən Əl-Qaidə lideri Ayman al-Zawahiri kimdir?

Əl-Qaidə, Zavahiri, terror, ABŞ, Joe Biden

Şəklin mənbəyi, AFP/Al-Jazeera

ABŞ-ın endirdiyi dron zərbəsi nəticəsində Əl-Qaidə lideri Ayman al-Zawahiri Əfqanıstanda öldürülüb, Prezident Joe Biden bildirib.

Qruplaşmanın lideri Mərkəzi Kəşfiyyat Agentliyinin bazar günü Əfqanıstanın paytaxtı Kabildə apardığı anti-terror əməliyyatı nəticəsində öldürülüb.

O və Osama Bin Laden 11 Sentyabr hücumunu birlikdə planlaşdırıblar və al-Zawahiri ABŞ-ın “ən çox axtarılan terrorçularından” biri idi.

ABŞ Prezidenti Biden bildirib ki, Zawahiri “Amerika vətəndaşlarına qarşı cinayət və zorakılıq izi qoyub”.

“11 il əvvəl ABŞ Bin Ladenlə bağlı ədaləti bərpa etdikdən [onu öldürdükdən] sonra Zawahiri Əl-Qaidənin lideri olub”, - Biden deyib.

“O gizlənərək Əl-Qaidənin bütün qolları ilə əlaqələri dünyada koordinasiya edib. Zawahiri ABŞ-a məxsus hədəflərə hücumların təşkil edilməsi daxil olmaqla, prioritetlərin və əməliyyat şərtlərinin müəyyənləşdirilməsinə də özü nəzarət edib”, - ABŞ Prezidenti bildirib. 

Joe Biden Co Bayden Taliban

Şəklin mənbəyi, Getty Images

Joe Biden əlavə edib ki, artıq “ədalət öz yerini tapdı və terrorçu lider daha yoxdur.

O deyib ki, bu tapşırıq “diqqətlə planlaşdırılıb” və digər mülki şəxslərə zərər vermə riski yetərincə azaldılıb: “Bir həftə əvvəl şərtlərin uyğun olduğu bildirildikdən sonra onun işini bitirmək üçün son qərarı verdim və tapşırıq uğurlu oldu”.

Zawahiri 2011-ci ildə Bin Ladenin öldürülməsindən sonra Əl-Qaidəyə rəhbərlik edib.

Rəsmilərin bildirdiyinə görə, Zawahiri bir evin eyvanında olan zaman dronla ona sarı 2 raket atılıb. Digər ailə üzvlərinə xəsarət yetirilməsə də, onlar tərk-silah edilib və hücum nəticəsində yalnız Zawahiri öldürülüb, rəsmilər açıqlayıb.

Joe Biden vurğulayıb ki, 71 yaşlı, əslən Misirdən olan terrorçunun öldürülməsi 2001-ci ildə baş vermiş 11 Sentyabr hücumundan zərər çəkən 3 minə yaxın qurbanın ailəsinə təsəlli olacaq.

Əl-Qaidənin arxasında duran ideoloji beyin

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Gordon Corera-nın təhlili

BBC-nin təhlükəsizlik məsələləri üzrə müxbiri

Ayman al-Zawahiri Əl-Qaidənin arxasında duran ideoloji beyin idi.

1980-ci illərdə islamçı qruplaşmada iştirak etdiyinə görə həbs edilən misirli həkim azadlığa çıxdıqdan sonra ölkəni tərk edərək, beynəlxalq zorakı cihadçı hərəkatlarda iştirak etməyə başlayıb.

Nəhayət, o, Əfqanıstanda məskunlaşdı və Səudiyyə Ərəbistanından olan varlı Usama Bin Ladenə qoşuldu. Birlikdə ABŞ-a müharibə elan edərək 11 sentyabr 2001-ci il hücumlarını təşkil etdilər.

Bin Ladenin ABŞ tərəfindən tapılaraq öldürülməsi on il çəkdi. Bundan sonra Zawahiri Əl-Qaidə liderliyini öz üzərinə götürdü (2011-ci ildə - red.), lakin o, yalnız arabir mesajlar verən uzaq və marjinal bir fiqur oldu.

ABŞ onun ölümünü qələbə kimi elan edəcək, xüsusən də keçən il Əfqanıstandan xaotik şəkildə çıxarıldıqdan sonra.

Lakin İŞİD kimi yeni qruplar və hərəkatlar getdikcə daha çox nüfuz qazandığından Zawahiri nisbətən zəif təsir bağışladı.

Şübhəsiz ki, yeni “Əl-Qaidə” lideri ortaya çıxacaq, lakin o, sələfindən də az təsir gücünə malik olacaq.

Talibanın reaksiyası

Taliban sözçüsü ABŞ-ın bu əməliyyatını beynəlxalq prinsiplərin açıq şəkildə pozulması kimi qiymətləndirib - lakin Zawahirinin adını çəkməyib.

 "Bu cür hərəkətlər son 20 ilin uğursuz təcrübələrinin təkrarıdır və Amerika Birləşmiş Ştatlarının, Əfqanıstanın və regionun maraqlarına ziddir", - sözçü əlavə edib.

 ABŞ rəsmiləri sözügedən əməliyyatın hüquqi əsası olduğunu iddia ediblər.

 Zawahirinin öldürülməsi ABŞ qoşunlarının cənab Biden-in əmri ilə Əfqanıstandan çıxarılmasını başa vurmasından və oradakı 20 illik hərbi mövcudluğa son qoyulmasından təxminən bir il sonra baş verib.

Əl-Qaidə lideri Ayman al-Zawahiri kim idiʔ 

Əfqanıstanda ABŞ dron zərbəsi ilə öldürülmüş Ayman al-Zawahiri Əl-Qaidənin baş ideoloqu kimi tanınırdı.

Misirdə İslami Cihad silahlı qruplaşmasının əsasını qoyanlardan biri olmuş bu göz cərrahı 2011-ci ilin may ayında Osama Bin Ladenin ABŞ qüvvələri tərəfindən qətlindən sonra liderə çevrilmişdi.

Bundan əvvəl Zawahiri Bin Ladenin sağ əli hesab olunurdu və bəzi ekspertlər hesab edirdilər ki, o, ABŞ-da 2001-ci il 11 sentyabr hücumunun “əməliyyat beyni” olub. 

Zawahiri ABŞ hökumətinin 2001-ci ildə elan etdiyi 22 “ən çox axtarılan terrorçu” siyahısında Bin Ladendən sonra ikinci idi. Onun başına 25 milyon dollar pul qoyulmuşdu. 

1951-ci ilin 19 iyununda Misirin paytaxtı Qahirədə doğulmuş Zawahiri orta təbəqədən olan həkim və alimlər ailəsindəndir. 

Onun babası Rabia al-Zawahiri Yaxın Şərqdəki Sünni İslam tədris mərkəzi olan al-Azhar -ın imamı olub.

Zawahiri hələ məktəbdə olarkən siyasi islamla məşğul olub. O, 15 yaşı olarkən Misirdə qanunsuz Müsəlman Qardaşlığı təşkilatının üzvü olduğu üçün həbs edilib.

Lakin onun siyasi faəllığı onu Qahirə Universitetinin tibb fakultəsində oxumaqdan çəkindirməyib. O, cərrahiyə üzrə magistr dərəcəsinə yiyələnib. 

Onun 1995-ci ildə vəfat etmiş atası Mohammed həmin təhsil ocağında farmokologiya professoru olub. 

Zawahiri ailəsinin ənənəsini davam etdirərək Qahirədə tibb klinikası açıb.

Lakin o sonradan Misir hökumətinin devrilməsinə çağıran radikal İslamçı qrupa qoşulub. 

1973-cü ildə o, yenicə yaranmış Misir İslami Cihad təşkilatına qoşulur. 1981-ci ildə qruplaşmanın yüzlərlə üzvündən biri kimi onu da həbs edirlər. Onlar Prezident Ənvər Sadatın qətlində şübhəli bilinirdilər. 

Sadat İsraillə sülh müqaviləsinə imza atdığı üçün islamçı fəalların qəzəbinə tuş gəlmişdi. 

Məhkəmə zamanı Zawahiri müttəhimlərin lideri kimi çıxış edir və deyir: “Biz öz dinimizə inanan müsəlmanlarıq. Biz İslam dövləti və İslam cəmiyyəti qurmaq istəyirik”.

Əvvəllər siyasi aktivliyinə baxmayaraq son illər Zawahiri zəif və tükənmiş bir fiqura çevrilmişdi və arabir bəzi mesajlar verirdi.