Azərbaycan: 100 məhbusdan 45-i narkotikə görə tutulub

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Azərbaycanda narkomanlığa qarşı mübarizəyə dair 5-ci dövlət proqramı qəbul olunsa da, vəziyyət pisləşib.

BBC açıq mənbələr əsasında araşdırıb ki, son on ildə narkotika üzrə həbs olunanların sayında, qeydiyyata alınan narkotik istifadəçilərinin sayında və aşkara çıxarılan narkotik maddələrin həcmində diqqət çəkən şəkildə artım var.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının son açıqlamasına görə, təkcə 2019-2024-cü illərdə ölkədə məhkum olunanların təxminən yarısı narkotiklə bağlı cinayətlərə görə cəzalandırılıb.

Bu o deməkdir ki, Azərbaycanda türmədə yatan hər 100 nəfərdən 45-nin ittihamı narkotikə ilə bağlıdır.

Azərbaycan bu ittihamla həbs edilən məhbus sayına görə də Avropa Şurası ölkələri arasında rekord göstəriciyə sahibdir, 46 üzv ölkə arasında 1-ci yerdədir.

Son illər Azərbaycanda tez-tez dindarların və ictimai fəalların saxta narkotik ittihamı ilə həbs olunduğu iddiaları səslənir.

Azərbaycan hakimiyyəti belə itithamları rədd edir.

Hüquq-mühafzə orqanlarının aşkar etdiyi narkotik maddələrin həcmi isə az qala üç dəfə artıb.

2020-ci ildə 4 tona yaxın narkotik maddə aşkar edilibsə, 2024-cü ildə bu rəqəm 9 tondan çox olub, Statistika Komitəsi açıqlayıb.

Prezident sərəncamı ilə 2000-ci ilədən bəri ölkədə narkotiklərlə mübarizə üzrə dövlət proqramı qəbul edilir.

Rəsmilər proqramların uğurla icra edildiyini deyirlər. Onlar bildirirlər ki, ölkədə narkomaniyaya qarşı mübarizə aparılır və ictimai maarifləndirmə tədbirləri keçirilir.

Yeni dövlət proqramı 2025-2030-cu illəri əhatə edəcək.