Azərbaycanda məhbuslar: az qala yarısı "narkotikə görə" tutulub

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Azərbaycan Avropada məhbus sayına görə ikinci yerdədir.

Azərbaycan həbsxanalarındakı məhbusların az qala yarısı narkotik ittihamı ilə həbs olunub, yeni hesabatda deyilir.

Şərqi Avropa ölkələri və Qafqazda məhbusların sıxlığına görə birinci yeri Türkiyə, ikinci yeri isə Azərbaycan tutur - bu, Avropa Şurasının həbsxanalarla bağlı hesabatındandır.

Avropa Şurasının İllik Cəza Statistikası – SPACE I adlı hesabatda deyilir ki, Azərbaycan əhalisinin təxminən 27 min nəfəri həbsdədir, onlardan 45 faizi narkotiklə əlaqədar həbs olunub.

Yəni, 12 min nəfərdən çox şəxs narkotik ittihamı ilə həbsdədir. Azərbaycan bu göstəriciylə Avropa lideridir.

Hesabata görə, ifrat sıxlıq oradakı şəraitin ağırlaşmasına səbəb olur.

On üç həbsxana rəhbərliyi 2023-cü ilin yanvarından 2024-cü ilin yanvarına qədər məhbus sayında əhəmiyyətli artım olduğunu bildirib.

Məsələn, Azərbaycan həbsxanalarında bu artım 8 faizdən yuxarı olub.

Bu hesabatı hazırlayan araşdırma qrupunun rəhbəri, Lozan Universitetinin professoru Marcelo Aebi bildirir ki, "ifrat sıxlıq məhbusların yaşayış şəraitini və həbsxana rəhbərliyinin reabilitasiya səylərini ciddi şəkildə pozur".

Hesabatda Avropa İttifaqı üzvü olan ölkələrin də adı var - Polşa, Macarıstan, Çexiya, Slovakiya və digərləri də var.

Cənubi Qafqaz ölkəsi Gürcüstan bu siyahıda 3-cü yerdədir.

Video açılmasa, Youtube kanalımızda izləyin.