İsrail-Həmas müharibəsi: BMT-nin Qəzzada yardım işləri bir neçə saata dayana bilər

Şəklin mənbəyi, Getty Images
BMT-nin Qəzzadakı yardım əməliyyatı bir neçə saat ərzində dayana bilər və yardım əməliyyatlarının əsasını yanacaq təşkil edir.
BMT-nin Qəzzadakı yardım agentliyi yanacağın tükənməsinin nə qədər fəlakətli olacağını vurğulayır.
Onlar deyirlər ki, blokadada olan bölgədəki bütün əməliyyatlarının əksəriyyətində yanacaq istifadəsi tələb olunur.
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) X platformasında bildirib ki, "İnsanların təmiz içməli suya sahib olmasını, xəstəxanaların açıq qalmasını və yaralıların həyatının xilas olunması əməliyyatlarının davam etməsini təmin etmək üçün yanacaq tədarükünə icazə verilməlidir".
Qəzza zolağı Həmasın İsrailə gözlənilməz hücum etdiyi oktyabrın yeddisindən bəri İsrail təhlükəsizlik qüvvələrinin blokadasındadır və bölgəyə son dörd gündə onlarla humanitar yardım buraxılsa da yanacaq daşınmasına icazə verilmir.
BMT agentliyi bildirib ki, "quyulardan və ya dənizdən su çəkmək və onu istifadə etmək, onu içməli hala gətirmək üçün yanacaq lazımdır. Çörək bişirənlər və qida tədarükçüləri üçün də yemək bişirmək lazımdır. Sonra əsas ləvazimatları lazım olan yerə çatdırmaq üçün daha çox yanacaq tələb olunur".
Yanacaq çatışmazlığının səhiyyəyə təsiri ilə bağlı narahatlıqlar da var.
BMT-nin digər agentlikləri Qəzzada xəstəxanaların üçdə birinin və ilkin səhiyyə klinikalarının təxminən üçdə ikisinin raket hücumundan zədə və ya yanacaq çatışmazlığı səbəbindən bağlandığını güman edir.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Bundan başqa BMT Qəzzaya göndərilən yardımın sürətindən də narazıdır və indiyə kimi bölgəyə çatan yardımın ehtiyacların cüzi hissəsini qarşıladığını deyib.
ABŞ Prezidenti Joe Biden də humanitar yardımın "kifayət qədər sürətli" çatmadığını söyləyib və ABŞ dövlət katibi Antony Blinken BMT Təhlükəzilik Şurasının iclasında münaqişədə "humanitar fasilə" təklif edib.
Oktyabrın yeddisindəki hücumdan sonra Həmas tərəfindən oğurlanan 200-dən çox girov hələ də Qəzzada saxlanılır - indiyədək dörd nəfər azad edilib.
İsrail Qəzzanı ağır bombardmanlarını davam etdirir - Həmasın idarə etdiyi ərazilərdəki Səhiyyə Nazirliyi bildirir ki, oktyabrın 7-dən bəri təxminən 5800 nəfər həlak olub.
Sərhəd yaxınlığındakı icmalara basqın edən və mülki əhalini hədəf alan Həmas silahlılarının İsrailə hücumları nəticəsində 1400-dən çox insan həlak olub.
İsrail-Fələstin münaqişəsi sonuncu dəfə oktyabrın yeddisində Həmasın İsrailə hücumu ilə alovlanıb və sonra İsrail Qəzzanı bombalamağa başlayıb, qurudan hücuma hazırlaşmaq üçün sərhədə qoşun toplayıb.
İsrail diplomatları BMT baş katibini istefa verməyə çağırıb

Şəklin mənbəyi, EPA-EFE/REX/Shutterstock
İsrail Xarici İşlər Nazirliyinin BMT-dəki nümayəndəsi təşkilatın baş katibi Antonio Guterresi istefaya çağırıb bu, onun Həmasın İsrailə hücumunun “təbii ki, təsadüfən baş vermədiyi” bəyanatından sonra olub.
İsrail Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, bununla BMT-nin baş katibi “terrorçuluğa bəraət qazandırıb”.
"O, qurbanların tərəfini tutmaq əvəzinə, Holokostdan bəri görmədiyimiz vəhşiliklərdə qurbanların özlərini günahlandırdı", - İsrailin diplomatı Lior Haiat deyib.
New Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Antonio Guterres, Həmasın hücumunun "xarici amillərin təsiri olmadan" baş vermədiyini və "Fələstin xalqının 56 ildir boğucu işğala məruz qaldığını" bildirib.
Mülki əhalinin qəsdən öldürülməsinə, yaralanmasına və qaçırılmasına və mülki hədəflərə raket atəşinə heç bir şeyin haqq qazandıra bilməyəcəyini ifadə edən Antonio Guterres, "Həmasın İsraildə həyata keçirdiyi dəhşətli və misli görünməmiş 7 oktyabr terror aktlarını birmənalı şəkildə pisləyirəm" deyib.
"Fələstin xalqı öz torpaqlarının tədricən köçkünlərə (İsrailin Fələstin ərazilərində məskunlaşması nəzərdə tutulur) verilməsinin şahidi olub və zorakılığa məruz qalıb. İqtisadiyyatı boğulub. İnsanlar didərgin düşüb, evləri dağıdılıb. Onların vəziyyətinin siyasi həlli ilə bağlı ümidləri puç olur", - Antonio Guterres bildirib.
Onun sözlərinə görə, "bütün bunlara baxmayaraq Fələstin xalqının şikayətləri Həmasın dəhşətli hücumlarına haqq qazandıra bilməz və bu dəhşətli hücumlar Fələstin xalqının kollektiv şəkildə cəzalandırılması üçün əsas ola bilməz”.
Baş katibin sözlərindən sonra İsrailin BMT-dəki səfiri Gilad Erdan Antonio Guterres istefasını tələb edib.
Erdan, “Terror təşkilatı elan edilmiş bir təşkilatın İsrail vətəndaşlarına qarşı törətdiyi ən dəhşətli hərəkətləri anlamayanlarla danışmağın qanuniliyi və mənası yoxdur” deyib.
Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzza zolağında günün sonuna qədər yanacaq tükənəcəyini elan edib və deyib ki, bu, anklavda humanitar səyləri dayandırmaq, yerli sakinlər üçün fəlakət təhlükəsi yardılması deməkdir.
Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Həması yanacaq yığmaqda günahlandıraraq, Gəzza ərazilərində tədarük edildiyi ehtimal edilən çənlərin peykdən çəkilən şəkillərini yayıb.
İsrail tərəfi 500 min litrdən çox yanacaq saxlanılan onlarla yanacaq çəninin Qəzzada Həmasın nəzarətində saxlanıldığını iddia edib.
“Həmasdan soruşun ki, sizə bir az versinlər”, deyə İsrail Müdafiə Qüvvələri cavab verib.
Qəzzadan daha iki girov azad edilib

Şəklin mənbəyi, Lotan Cooper
Ötən gün Həmas Misir və Qətərin vasitəçiliyi ilə iki girovu azad etdiyini açıqlayıb.
İsrail baş nazirinin ofisi azad edilən girovların 79 yaşlı Nurit Cooper və 85 yaşlı Yocheved Lifshitz olduğunu təsdiqləyib.
Mətbuatda yayılan görüntülərdə sərbəst buraxılan iki qadının xərəkdə təcili yardım avtomobilinə aparıldığı görünür.
Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin əməkdaşları girovların Həmasdan alınaraq İsrail hakimiyyətinə təhvil verilməsində rol oynayıblar.

Şəklin mənbəyi, Reuters
Girovluqdan azad olunan Yocheved Lifshitzin qızı Sharone Lifshitz deyib ki, anası buraxılsa da atasından hələ də xəbəri yoxdur, o da girov götürülüb.
Sharone Lifshitz bildirib ki, atası ilə anası eyni yerdə olmayıblar, ona görə də anam onun harada olduğunu bilmir.
"Atam getdikcə zəifləyirdi. Onların hər ikisi çox mehriban insanlardır, ailə adamlarıdır. Onlar həqiqətən ailəyə ev sahibliyi etməyi sevirdilər və atam kibbutzda siyasi işlərlə çox məşğul idi. O, fələstinlilərin hüquqları ilə çox məşğul idi və qonşularımızla sülh üçün çalışırdı", - Sharone Lifshitz deyib.
Onun sözlərinə görə, atası fələstinlilər ilə israilliləri nəzərdə tutaraq hər zaman “birlikdə yaşamağın bir yolunu tapmalıyıq" deyib, bu "işğal ideyasına, əbədi müharibə ideyasına qarşı çox mübarizə aparıb".
Sharone Lifshitz deyib ki, atası yaxşı ərəbcə danışır, Qəzzada bir çox insanı tanıyır, buna görə də oradakı insanlarla çox yaxşı ünsiyyət qura bilər.
Onun sözlərinə görə, anası girovluqdan qayıdanda danışıb ki, onlara qayğı göstərilib və orada həkim olub, buna görə də bunu bilmək "hər kəsə çox rahatlıq verir ki, müalicə var".

Şəklin mənbəyi, Getty Images
İsrail girovların azad edilməsində roluna görə, Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə və Misirə təşəkkür edib.
Rəsmi Təl-Əviv bəyan edib ki, “bütün girovları İsrailə qaytarmaq üçün” çalışır.
Həmasın silahlı qanadı sayılan Əl-Qasım Briqadaları girovların azad olunmasını göstərən video yayımlayıb, videoda iki girovun tibb işçilərinə necə təhvil verildiyi də göstərilir.
Videoda iki qadına yemək və isti içkilər də verildiyi görünür.
Videonun sonunda 85 yaşlı Yocheved Lifschitz üzünü örtərək kamuflyaj geyinmiş bir adamla əl-ələ tutur, sonra arxaya dönüb eyni döyüşçünün əlini sıxır və tibb işçilərinə təhvil verilir.
Bununla Həmasın azad etdiyi israilli girovların sayı dördə çatıb, iki girov da ötən həftənin cümə günü azad edilib.
Oktyabrın yeddisindən bəri mühaisrədə olan Qəzzaya son bir neçə gündə az sayda humanitar yardım çatdırılıb.
BMT-nin məlumatına görə, qida, su və yanacaq ehtiyatlarının kritik dərəcədə aşağı olduğu Qəzzaya daha 20 yardım maşınından ibarət karvan daxil olub.
Bununla belə, aparılan yardımın içində yanacaq olmayıb, bu o deməkdir ki, mövcud ehtiyatlar "yaxın iki gün ərzində tükənə bilər", BMT bildirib.




