Avropanın yeni "güclü cütlüyü" Meloni və Merzdirmi?

Meloni və Merz -

Şəklin mənbəyi, BBC/Getty Images

Şəklin alt yazısı, Yaxın keçmişdə Almaniya–Fransa əməkdaşlığı Avropanın hərəkətverici mühərriki kimi ön plana çıxırdı. Lakin son dövrlərdə Merz-in Fransa prezidenti Emmanuel Makrondan uzaqlaşaraq İtaliyanın Baş naziri Meloni ilə yaxınlaşması Avropa mətbuatında "Avropanın yeni güclü cütlüyü Meloni və Merz" kimi şərhlərlə qarşılandı.
    • Müəllif, Övgü Pınar
    • Məkan, Roma
  • Oxuma vaxtı: 5 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

"Artıq Almaniyanın Avropadakı əsas müttəfiqi Fransa yox, İtaliyadır?"

İtaliyanın Baş naziri Giorgia Meloni və Almaniya kansleri Fridrix Merz ötən həftə Romada keçirdikləri görüşdə jurnalistlərin bu məzmunda verdiyi suallara gülərək cavab verdilər.

Meloni-nin "uşaqcasına şərhlər" deyə ötüşdürdüyü bu an istər-istəməz 2011-ci ildə baş vermiş oxşar bir hadisəni yada saldı.

Həmin vaxt gülənlər Almaniya və Fransanın liderləri Angela Merkel və Nikola Sarkozi idi, barəsində gülərək danışılan şəxs isə İtaliyanın Baş naziri Silvio Berluskoni olmuşdu.

23 yanvar tarixində keçirilən hökumətlərarası zirvə toplantısı və İtaliya–Almaniya Biznes Forumu, dəyişən bu rollara görə Avropada yaxından izlənildi.

Yaxın keçmişdə Almaniya–Fransa əməkdaşlığı Avropanın aparıcı gücü kimi çıxış edərkən, son dövrlərdə Merz-in Fransa prezidenti Emmanuel Makrondan uzaqlaşıb Meloni ilə yaxınlaşması Avropa mətbuatında "Avropanın yeni güclü cütlüyü Meloni və Merz", "Merzoni – Avropanın yeni xəyal komandası", "Roma–Berlin: köhnə qitəyə yeni mühərrik" kimi başlıqlarla şərh olundu.

Almaniyanın Tagesspiegel qəzetində Merz-in Romaya səfər etdiyi gün dərc olunan məqalədə belə deyilir: "Bu, diqqətçəkən bir dönüşdür. Cəmi bir il əvvəl CDU/CSU ittifaqı daxilində post-faşist Meloni ilə görüşməyin belə uyğun olub-olmadığı müzakirə edilirdi. İndi isə kansler 10 nazir ilə birlikdə Romaya səfər edib".

Ortaq nöqtələr: Tramp, avtomobil sənayesi, miqrasiya

Bu dönüşün arxasında duran əsas səbəblərdən biri ABŞ Prezidenti Donald Trampa yanaşma tərzidir.

Almaniya və İtaliya liderləri, məsələn Fransa prezidenti Emmanuel Makrondan fərqli olaraq, Trampın Avropada narahatlıq yaradan bəyanat və addımlarına qarşı sərt reaksiyalardan çəkinir, Vaşinqtonla yaxşı münasibətlərin qorunmasından yana çıxış edirlər.

Analitiklər, həmçinin Fransanın Avropa İttifaqının Cənubi Amerika Ortaq Bazarı (MERCOSUR) ilə ticarət sazişinə və dondurulmuş Rusiya aktivlərinin Ukraynaya yardımın maliyyələşdirilməsində istifadə olunmasına qarşı çıxmasının Almaniyanı narahat etdiyini vurğulayırlar.

Gələn il Fransada keçirilməsi gözlənilən prezident seçkiləri və Makronun vəzifə müddətinin sona yaxınlaşması, digər tərəfdən isə Meloni-nin İtaliyada son illərin ən sabit hökumətlərindən birinə rəhbərlik etməsi Berlinin Roma ilə ittifaqı gücləndirməsinin səbəbləri arasında göstərilir.

Aİ bürokratiyasında islahat

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Bu ittifaq ilk növbədə Merz və Meloni-nin Avropa İttifaqı daxilində bir sıra islahatları birlikdə həyata keçirmək niyyətinə xidmət edir.

Meloni İtaliya–Almaniya Biznes Forumunda çıxışı zamanı bildirdi ki, "Avropanın iki əsas istehsal iqtisadiyyatı" olan İtaliya və Almaniya birlikdə hərəkət etsə, "Avropa İttifaqını idarə edən strateji baxışı, qaydaları və prosedurları yeniləmək üçün radikal bir dəyişiklik" həyata keçirə bilərlər.

Meloni və Merz iki ölkə arasında "Strateji İkili və Aİ Əməkdaşlığı üzrə Fəaliyyət Planı Protokolu" və "Təhlükəsizlik, Müdafiə və Dayanıqlıq Sahəsində Genişləndirilmiş Əməkdaşlıq Sazişi" adlı birgə sənədləri imzaladılar.

Bu sənədlər Aİ qaydalarının sadələşdirilməsi, sənaye, müdafiə, miqrasiya və enerji kimi sahələrdə daha sıx əməkdaşlığı nəzərdə tutur.

Sənədlərin imzalanmasından sonra keçirilən mətbuat konfransında Meloni Aİ-nın Yaşıl Razılaşma (Green Deal) qaydalarını "ideoloji" bir baxış adlandıraraq, bu siyasətin Avropa şirkətlərini "diz çökdürdüyünü" söylədi.

Meloni və Merz

Şəklin mənbəyi, Andreas SOLARO / AFP / Getty Images

Şəklin alt yazısı, İtaliyanın Baş naziri Giorgia Meloni və Almaniya kansleri Fridrix Merz yanvarın 23-də Romada iki ölkə arasında keçirilən hökumətlərarası zirvə toplantısından sonra strateji əməkdaşlığa dair ikitərəfli sazişlər imzaladılar.

Qlobal miqyasda daha rəqabətqabiliyyətli Avropa İttifaqı istədiklərini bildirən Meloni, fevralın 12-də keçiriləcək Aİ liderlərinin qeyri-rəsmi toplantısında "Avropa bürokratiyasının sadələşdirilməsi, vahid bazarın gücləndirilməsi, avtomobil sənayesinin dirçəldilməsi və ortaq qaydalara, bərabər şərtlərə əsaslanan iddialı ticarət siyasəti" üçün birgə bəyannamə təqdim edəcəklərini açıqladı.

Merz isə dedi ki, "Avropa İttifaqı ilə ABŞ və Çin arasındakı iqtisadi artım fərqi getdikcə artır. Bu vəziyyət Avropanın hərəkət imkanlarına və Avropa suverenliyinə zərər vurur".

Kansler əlavə etdi: "İtaliya və Almaniya Avropaya yeni bir dinamika qazandırmaq istəyir".

Merz İtaliya ilə ortaq hədəflərini belə ifadə etdi: "Biz Avropanı həqiqətən və ciddi şəkildə bürokratiyanı azaltmaq yolu ilə daha rəqabətqabiliyyətli etmək istəyirik".

Avropada avtomobil sənayesində aparıcı ölkələrdən olan Almaniya və İtaliya, xüsusilə Çinlə rəqabətdə yaşanan çətinliklər səbəbindən, Avropa İttifaqının 2035-ci ildən etibarən daxiliyanma mühərrikli avtomobillərə tətbiq etməyi planlaşdırdığı qadağanın yumşaldılmasını istəyir.

İki ölkənin təşəbbüsü ilə ötən ay Avropa Komissiyası benzin və dizel mühərrikli avtomobillərin satışına icazənin davam etdirilməsini nəzərdə tutan bir plan açıqladı. Bu planın qüvvəyə minməsi üçün Aİ hökumətlərinin və Avropa Parlamentinin təsdiqi tələb olunur.

"İtaliya–Almaniya mühərriki"

Düşüncə mərkəzi olan Avropa Xarici Əlaqələr Şurası (ECFR) Berlin və Roma arasındakı bu yeni yaxınlaşmanı "İtaliya–Almaniya mühərriki iş başındadır" başlıqlı məqalə ilə təhlil edib.

Məqalədə Avropanın üç böyük sınaqla üz-üzə olduğu vurğulanır. Bu sınaqlar belə sıralanır: iqtisadi inkişaf üçün daha rəqabətqabiliyyətli olmaq, geosiyasi baxımdan daha fəal rol oynamaq, güclü siyasi liderlik ortaya qoymaq.

Bu kontekstdə bildirilir ki, "Romadakı görüş keyfiyyət baxımından bir dəyişikliyə işarə edir - uyğunlaşmadan ortaq idarəetməyə doğru keçid".

İtaliyada hökumətə yaxın mövqeyi ilə tanınan Il Giornale qəzeti "Meloni–Merz oxu" başlıqlı şərhində "Almaniya və İtaliya praqmatizmə yönəlir" yazıb.

Il Domani qəzeti isə daha tənqidi bir üslubla, "Meloni və Merz: Yaşıl Razılaşmaya və miqrantlara qarşı müxalif mövqeləri ilə birləşən bir cütlük" başlığını seçib.

Meloni

Şəklin mənbəyi, Antonio Masiello/Getty Images

Şəklin alt yazısı, Partiyası İtaliya Qardaşlarının (FdI) kökləri ifrat sağa dayansa da, Giorgia Meloni hakimiyyətə gəldikdən sonra xarici siyasətdə mərkəz-sağa yaxın bir xətt tutub.

Almaniyada nəşr olunan Handelsblatt qəzeti də "Merz və Meloni – Aİ-da yeni bir ikili ortaya çıxırmı?" başlıqlı yazısında bu mövzuya toxunub. Məqalə İtaliya mətbuatında tez-tez sitat gətirilib. Yazıda Fransa ilə Almaniya arasındakı münasibətlərin soyuduğu bir vaxtda, "İtaliya ilə işlər uzun zamandır olmadığı qədər yaxşı gedir" ifadəsi yer alır.

Fransa mətbuatı da bu inkişaflara biganə qalmayıb. Le Monde qəzetində ötən həftəsonu dərc olunan məqalədə belə deyilir: "Almaniya fikir ayrılıqları səbəbilə Fransadan uzaqlaşarkən, İtaliya ilə yaxınlaşır".

Almaniyanın Tagesspiegel qəzeti isə "Merz niyə Meloni ilə yeni bir ittifaq axtarışındadır?" sualını verərək yazını belə davam etdirir:

"Alman hökumətində bəzi dairələr artıq Romaya yeni Paris kimi baxıldığını deyir. Doğrudan da kansler [Merz] hesab edir ki, Baş nazir [Meloni] xarici siyasətdə Fransa prezidenti Emmanuel Makrondan xeyli daha etibarlı davranır".

Bu, Aİ üçün nə deməkdir?

Partiyası İtaliya Qardaşlarının (FdI) kökləri ifrat sağa söykənsə də, Giorgia Meloni hakimiyyətə gəldikdən sonra xarici siyasətdə mərkəz-sağa yaxın bir xətt tutur.

Mühafizəkar Xristian Demokrat Birliyinin (CDU) lideri olan Merz haqqında isə xüsusilə miqrasiya məsələsində partiyanın mövqeyini daha da sağa çəkdiyi şərhləri verilir.

CDU Avropa Parlamentində mərkəz-sağ mövqedə dayanan Avropa Xalq Partiyası (EPP) qrupuna daxil olduğu halda, FdI ifrat sağçı cəbhədə sayılan Avropalı Mühafizəkarlar və Reformçular (ECR) qrupunda təmsil olunur.

Digər tərəfdən, həm Merz, həm də Meloni Atlantikçi xarici siyasət xəttində birləşir.

İndi isə Merzin Romada "Almaniya və İtaliya tarixlərinin heç bir dövründə indiki qədər yaxın olmayıblar" sözləri ilə ifadə etdiyi bu güc birliyinin Avropa üçün nə məna daşıyacağı sualı gündəmə gəlir.

İtaliyanın Il Giornale qəzetində dərc olunan bir təhlildə bu barədə belə bir proqnoz irəli sürülür:

"Arxa planda Merz və Meloni-nin gələcəkdə Brüsseli idarə edən çoxluğu mülayimlər və sağçılardan ibarət bir koalisiya ilə əvəzləmək istəyi dayanır".