Erdoğan Zəngəzur dəhlizi haqda: "Ermənistanın mövqeyi yumşalıb"

Şəklin mənbəyi, Getty Images, BBC
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan deyib ki, Ermənistanın "Zəngəzur dəhlizi" ilə bağlı mövqeyi yumşalıb.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Onun sözlərinə görə, Ermənistan əvvəllər "Zəngəzur dəhlizi"nə qarşı olsa da, iqtisadi inteqrasiyaya qoşulmaq üçün indi daha yumşaq mövqe sərgiləyir.
Prezident Erdoğan bunu yerli mediaya açıqlamasında deyib.
Bununla belə, Türkiyə lideri hansı yumşalmadan söhbət getdiyinə aydınlıq gətirməyib.
Rəsmi Yerevan Türkiyə Prezidentinin dediklərinə hələlik münasibət bildirməyib.
Lakin Ermənistanda hakim fraksiyanın katibi Artur Ovanesyan jurnalistlərə açıqlamasında "Zəngəzur dəhlizi" ilə bağlı Ermənistanın öz ərazi bütövlüyü və suverenliyinə dair məsələdə heç bir ölkəyə güzəştə getməyəcəyini xatırladıb.
Rəsmi Bakı Naxçıvan ərazisini Ermənistandan keçməklə quru yolla Azərbaycanın digər hissəsinə birləşdirməyi nəzərdə tutan layihəni Zəngəzur dəhlizi adlandırır.
Türkiyə Prezidenti deyib ki, "Zəngəzur dəhlizi" regionun inkişafı üçün vacib məqamdır. Onun sözlərinə görə, bu, sadəcə Azərbaycan üçün deyil, Ermənistan, Türkiyə, İran və digər ölkələr üçün də bir fürsətdir.
"Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin strateji inkişafına da imkan yaradacaq. Zəngəzur dəhlizi dəmir yol sistemini də özündə birləşdirir. Orta Dəhliz bütün gücünü Zəngəzur xəttindən alır. Orta Dəhlizin Zəngəzur xətti ilə birləşməsi və birləşdikdən sonra yük və sərnişin daşınmasında yer alması çox önəmlidir", - Erdoğan deyib.
Orta Dəhliz ticarət məqsədilə Çindən Avropaya uzanan və quru yolu ilə daşımaları nəzərdə tutan layihədir.
Video açılmırsa, YouTube kanalımızda baxın.







