BBC-nin veteranı John Simpson: "40 müharibəni işıqlandırmışam, amma 2025-ci il kimi bir il görməmişəm"

- Müəllif, John Simpson
- Vəzifə, BBC
1960-cı illərdə başlayan jurnalist karyeram ərzində mən 40-dan çox müharibəni işıqlandırmışam.
Soyuq müharibənin necə zirvəyə çatdığını, sonra isə demək olar ki, bir anda yoxa çıxdığını görmüşəm.
Ancaq indiyə qədər 2025-ci il qədər narahatedici bir il görməmişəm. Və bu, təkcə bir neçə böyük münaqişənin baş verməsi ilə bağlı deyil - əsas səbəb onlardan birinin, getdikcə daha aydın şəkildə görünən, misilsiz geosiyasi nəticələrə malik olmasıdır.
Ukrayna Prezidenti Voladimir Zelenski deyir ki, onun ölkəsindəki hazırkı münaqişə dünya müharibəsinə çevrilə bilər.
Təxminən 60 ilə yaxındır münaqişələri izləyən bir insan kimi, məndə onun haqlı olduğuna dair xoşagəlməz bir hiss yaranıb.

Şəklin mənbəyi, AFP via Getty Images
NATO ölkələrinin hökumətləri yüksək hazırlıq vəziyyətindədir və Qərb cəmiyyətinin normal fəaliyyətini təmin edən sualtı rabitə kabellərini Rusiyanın kəsməyə cəhd göstərə biləcəyinə dair istənilən əlamətləri diqqətlə izləyirlər.
Rusiya, pilotsuz uçuş aparatlarını sərhəddən keçirərək NATO ölkələrinin müdafiə qabiliyyətini sınaqdan keçirməkdə ittiham olunur. Rusiya hakerlərinin Qərb ölkələrinin nazirliklərini, fövqəladə xidmətlərini və ən böyük korporasiyalarını sıradan çıxarmağın yollarını hazırladıqları bildirilir.
Qərb hakimiyyət orqanları əmindir ki, Rusiya xüsusi xidmətləri Qərbdə sığınacaq tapmış dissidentlərə qarşı sui-qəsdlər təşkil edir və onları öldürür.
2018-ci ildə Solsberidə keçmiş Rusiya kəşfiyyatçısı Sergey Skripala qarşı törədilmiş, yerli sakinDawn Sturgess-in ölümünə səbəb olan zəhərlənmə hadisəsinin araşdırılması göstərdi ki, bu əməliyyat ən yüksək səviyyədə sanksiyalaşdırılıb.
Bu isə o deməkdir ki, qərar şəxsən Prezident Putin tərəfindən verilib.
Bu dəfə hər şey fərqli hiss olunur
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
2025-ci il bir-birindən tamamilə fərqli üç müharibə ilə yadda qaldı. Bunlardan birincisi Ukraynadır: BMT-nin məlumatına görə, burada 14 min dinc sakin həlak olub.
İkincisi Qəzzadır: İsrailin Baş naziri Benyamin Netanyahu 2023-cü il 7 oktyabrda HƏMAS-ın İsrailə hücumundan sonra - həmin hücum zamanı təxminən 1200 nəfər öldürülmüş, 251 nəfər girov götürülmüşdü - "güclü qisas" vəd etmişdi.
O vaxtdan bəri, HƏMAS-ın nəzarətində olan Qəzza səhiyyə nazirliyinin məlumatına görə, 70 mindən çox fələstinli, o cümlədən 30 mindən artıq qadın və uşaq həlak olub; BMT bu rəqəmləri etibarlı hesab edir.
Bu arada Sudanda iki hərbi fraksiya arasında amansız vətəndaş müharibəsi gedir. Son bir neçə ildə burada 150 mindən çox insan həyatını itirib, təxminən 12 milyon nəfər isə evlərini tərk etməyə məcbur qalıb.
Bəlkə də əgər 2025-ci ildə yalnız bir müharibə olsaydı, dünya onu dayandırmaq üçün daha çox şey edərdi. Amma belə olmadı.
"Mən müharibələri dayandırmağı çox yaxşı bacarıram", - ABŞ Prezidenti Donald Trump Qəzzada atəşkəs barədə razılaşmadan sonra İsrailə yollanarkən bəyan etmişdi.
Doğrudan da, hazırda Qəzzada ölənlərin sayı azalıb. Lakin atəşkəsə baxmayaraq, bu münaqişə qətiyyən bitmiş təsiri bağışlamır.
Yaxın Şərqdə baş verən dəhşətlərə baxaraq elə düşünmək olar ki, Ukraynadakı müharibə daha az əhəmiyyətlidir. Amma bu, belə deyil.

Şəklin mənbəyi, AFP via Getty Images
Soyuq müharibəni nəzərə almasaq, peşəkar fəaliyyətim ərzində işıqlandırdığım münaqişələrin əksəriyyəti lokal xarakter daşıyıb: şübhəsiz ki, qəddar və təhlükəli olublar, amma bütün dünya üçün sülhü təhdid edəcək qədər ciddi deyildilər.
Bəzi müharibələr - Vyetnam, Birinci Körfəz müharibəsi, Kosovo müharibəsi müəyyən məqamlarda doğrudan da daha dəhşətli bir şeyə çevrilə biləcək kimi görünürdü, lakin bu baş vermədi.
Böyük dövlətlər adi lokal müharibələrin nüvə müharibəsinə çevrilməsindən həddindən artıq qorxurdular.
Deyilənə görə, Britaniya generalı Ser Mike Jackson 1999-cu ildə Kosovoda radio vasitəsilə "Mən sizin ucbatınızdan Üçüncü Dünya Müharibəsinə başlamayacam" deyə qışqırmışdı. Həmin vaxt NATO komandiri Rusiya qoşunlarının Priştinaya çatmasından sonra Britaniya və Fransa qüvvələrinə orada bir aerodromu ələ keçirməyi əmr etmişdi.
Lakin qarşıdan gələn 2026-cı ildə Rusiya, görünür, üstünlük uğrunda mübarizə aparmaq əzmindədir: xüsusən də Trump-ın Avropa ilə elə də maraqlanmadığı təsiri fonunda.
Dekabr ayında Putin bəyan etmişdi ki, Rusiya Avropaya qarşı müharibə aparmağı planlaşdırmır, lakin avropalılar istəsə, elə indi döyüşməyə hazırdır. Daha sonra "birbaşa xətt" zamanı Putin demişdi:
"Əgər bizə hörmətlə yanaşsanız, heç bir [xüsusi] əməliyyat olmayacaq. Siz də bizim maraqlarımıza, bizim daim sizin maraqlarınıza hörmət etməyə çalışdığımız kimi, hörmət edəcəksiniz".

Şəklin mənbəyi, Getty Images
Bununla belə, dünyanın ən böyük dövlətlərindən biri olan Rusiya artıq müstəqil bir Avropa ölkəsinə müdaxilə edib. Bu isə həm dinc əhali, həm də hərbçilər arasında çoxsaylı itkilərə səbəb olub.
Ukrayna Rusiyanı azı 20 min uşağı qaçırmaqda ittiham edir. Məhz buna görə Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib. Rusiya isə bu ittihamları rədd edir.
Rusiya bildirir ki, müdaxilə NATO-nun genişlənməsindən müdafiə məqsədi daşıyıb, lakin Prezident Putin başqa bir motivə də işarə edib: Rusiyanın regional təsir dairəsini bərpa etmək istəyi.
Getdikcə dəyişən Amerika
Putin çox yaxşı (və bundan zövq alaraq) anlayır ki, 2025-ci ildə əvvəllər Qərb ölkələrinin əksəriyyəti üçün ağlasığmaz sayılan bir şey baş verdi: ABŞ Prezidentinin İkinci Dünya müharibəsindən bəri mövcud olan strateji sistemə arxa çevirməsi ehtimalı yarandı.
Washington artıq, sadəcə, Avropanı qorumaq istəyib-istəmədiyinə əmin deyil - o, həm də Avropanın inanaraq tutduğu yolu bəyənmir.
Tramp administrasiyasının milli təhlükəsizlik strategiyasına dair yeni hesabatında deyilir ki, Avropa "sivilizasiyanın yox olması kimi qaranlıq bir perspektiv"lə üz-üzədir.
Kreml bu hesabatı məmnuniyyətlə qarşılayaraq bildirib ki, sənəd Rusiyanın baxışları ilə üst-üstə düşür. Əlbəttə ki, düşür.
BMT-nin Rusiyada insan hüquqları üzrə xüsusi məruzəçisi bildirir ki, Putinə daxili müxalifətin böyük hissəsini, həm şəxsən Putinə qarşı olanları, həm də Ukraynadakı müharibəni dəstəkləməyənləri susdurmaq müyəssər olub.
Lakin bu, Rusiya prezidentinin bütün problemlərini həll etməyib: son vaxtlar zəifləmiş inflyasiya yenidən arta bilər, neft gəlirləri azalır, hərbi xərcləri ödəmək üçün isə bu yaxınlarda ƏDV-nin artırılmasına ehtiyac yaranıb.

Şəklin mənbəyi, Getty Images
Avropa İttifaqı ölkələrinin iqtisadiyyatı Rusiyanınkından 10 dəfə böyükdür; Böyük Britaniyanı da əlavə etsək, bu fərq daha da artır. Avropanın ümumi əhalisi təxminən 450 milyon nəfərdir - bu da 145 milyonluq Rusiyadan üç dəfədən çoxdur.
Buna baxmayaraq, qərbi Avropa narahatdır. O, öyrəşdiyi rahat həyat tərzini itirmək istəmir: yaxın vaxtlara qədər, Amerikanı öz təhlükəsizliyini təmin etməyə razı salmaq mümkün olduğu müddətdə, Avropa hətta öz müdafiəsi üçün pul xərcləməyə də könülsüz yanaşırdı.
Amerika getdikcə reportajlarımda təsvir etdiyim tanış Amerikadan uzaqlaşır: o, daha az təsiredici və daxili məsələlərə daha çox fokuslanan bir ölkəyə çevrilib. Bu günkü ABŞ daha çox 1920–1930-cu illərin Amerikasını xatırladır: milli maraqlara üstünlük verən, özünə qapanmağa meyilli bir dövləti.
Gələn il keçiriləcək aralıq seçkilər Trump-ın siyasi təsirini zəiflədə bilsə belə, istisna deyil ki, o, ölkənin kursunu artıq o qədər izolyasionizmə doğru dəyişib ki, 2028-ci ildə NATO-ya daha müsbət yanaşan bir varisin Avropaya kömək etməsi çətin olacaq.
Putinin bunu görmədiyini düşünmək sadəlövhlük olardı.
Eskalasiya riski
2026-cı il, görünür, son dərəcə mühüm olacaq. Tamamilə mümkündür ki, Zelenski Ukrayna ərazisinin əhəmiyyətli bir hissəsini itirmək bahasına sülh razılaşmasına getməyə məcbur qalsın.
Amma Putinin bir neçə ildən sonra "daha artığı" üçün geri qayıtmasının qarşısını alacaq kifayət qədər etibarlı təminatlar veriləcəkmi?
Artıq özlərini Rusiya ilə müharibə vəziyyətində hiss edən Ukrayna və onun Avropadakı müttəfiqləri üçün bu, əsas sualdır.
Avropa Ukraynanın dəstəklənməsində daha böyük məsuliyyət üzərinə götürməli olacaq. Amma əgər Birləşmiş Ştatlar bəzən hədələdiyi kimi Ukraynadan üz döndərsə, bu, Avropa üçün nəhəng bir yükə çevriləcək.

Şəklin mənbəyi, Global Images Ukraine via Getty Images
Bu, nüvə münaqişəsinə çevrilə bilərmi?
Biz bilirik ki, Putin riskli oyunları sevir — daha ehtiyatlı bir lider 2022-ci ildə Ukraynaya müdaxilə etməyə cürət etməzdi.
Onun ətrafındakı şəxslər Böyük Britaniyanı və Avropanın digər ölkələrini öyünə-öyünə təqdim etdikləri yeni silahlarla yer üzündən silmək barədə qan donduran hədələr səsləndirirlər. Lakin Putinin özü, adətən, daha təmkinli davranır.
Amerikalılar NATO-nun fəal üzvləri olaraq qaldıqları müddətdə, hər hansı hücuma dağıdıcı nüvə zərbəsi ilə cavab verilməsi riski həddən artıq böyük olaraq qalır. Hələlik.
Çinin qlobal rolu
Çinə gəlincə, son vaxtlar Xi Jinping Tayvana qarşı, demək olar ki, açıq təhdidlər səsləndirməyib.
Lakin iki il əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) o zamankı direktoru William Burns bildirmişdi ki, Xi Jinping Çin Xalq Azadlıq Ordusuna 2027-ci ilə qədər Tayvana müdaxiləyə hazır olmağı tapşırıb.
Xi Jinping hesab edə bilər ki, əgər Çin adanın "yenidən birləşdirilməsi" üçün qəti addımlar atmasa, bu, zəiflik kimi görünəcək. Çin Xalq Respublikasının sədri isə belə görünmək istəmir.
Belə düşünmək olar ki, Çin indi daxili ictimai rəyə görə narahat olmaq üçün həddən artıq güclü və varlıdır. Amma bu, belə deyil.
1989-cu ildə Deng Xiaoping-ə qarşı etirazlardan - Tyananmen meydanındakı qırğınla nəticələnən hadisələrdən - bəri Çin rəhbərləri ölkə daxilində əhval-ruhiyyəni son dərəcə diqqətlə izləyirlər.
Mən Tyananmen meydanında hadisələrin necə inkişaf etdiyini öz gözlərimlə görmüşəm: onları işıqlandırırdım və bunun üçün bəzən hətta birbaşa meydanın özündə yaşayırdım.

Şəklin mənbəyi, AFP via Getty Images, Sputnik, Pool
1989-cu il iyunun 4-də baş verən hadisələrin tarixi o vaxt düşünüldüyü qədər sadə deyildi: guya silahlı əsgərlər silahsız tələbələri güllələyirdi. Bəli, bu da baş verirdi, amma Pekində və Çinin bir çox digər şəhərlərində daha bir qarşıdurma gedirdi.
Minlərlə adi fəhlə küçələrə çıxmışdı. Onlar hakimiyyətin tələbələrə hücumunu Kommunist Partiyası hakimiyyətini devirmək üçün bir fürsət kimi görürdülər.
Hadisələrdən iki gün sonra mən həmin küçələrdən keçirdim və azı beş polis bölməsinin və yerli təhlükəsizlik xidmətinin üç idarəsinin yandırıldığını gördüm.
Şəhərətrafı ərazilərdən birində qəzəblənmiş kütlə bir polis əməkdaşını yandırmış, onun kömürləşmiş cəsədini divar kənarına qoymuşdu. Başına bir qədər yana əyilmiş şəkildə polis papağı geyindirilmişdi, yanmış dodaqları arasından isə bir siqaret çıxırdı.
Ordu təkcə israrlı tələbə etirazlarını deyil, həm də sadə insanların əsl xalq üsyanını yatırırdı.
O vaxtdan bəri - 36 il keçməsinə baxmayaraq, - Çin siyasi rəhbərliyi həmin hadisələrin xatirəsini basdırmağa qadir olmadığından, daim müxalifətin əlamətlərini axtarır və onları gah Falun Qonq dini hərəkatında, gah müstəqil xristian kilsələrində, gah Honkonqdakı demokratik hərəkatda, gah da yerli səviyyədə korrupsiyaya qarşı etirazlarda tapır.
Fərqli düşüncə amansızlıqla boğulur.
1989-cu ildən bəri mən Çin haqqında çoxlu reportajlar hazırlamışam, onun iqtisadi və siyasi sahələrdə nüfuzlu gücə çevrilməsini müşahidə etmişəm.
Hətta bir vaxtlar Xi Jinping-in rəqibi və siyasi opponenti olmuş tanınmış bir siyasətçi ilə də tanış olmuşdum. Onun adı Bo Xilai idi. O, ingilispərəstiydi və Çin siyasəti barədə təəccüblü dərəcədə açıq danışırdı.
Bir dəfə o mənə demişdi: "Seçilmədiyini bilən bir hökumətin özünü nə qədər güvənsiz hiss etdiyini siz heç vaxt başa düşməyəcəksiniz".
2013-cü ildə Bo Xilai rüşvətxorluq, dövlət vəsaitlərinin mənimsənilməsi və səlahiyyətlərdən sui-istifadə ittihamları ilə ömürlük həbs cəzasına məhkum edildi.

Beləliklə, 2026-cı il son dərəcə mühüm olacağını vəd edir.
Çinin gücü artmağa davam edəcək və Xi Jinping-in Tayvanla bağlı planlarının nədən ibarət olduğu daha aydın görünəcək.
Ukraynadakı müharibə başa çata bilər: amma Putinə sərf edən şərtlərlə. Və o, hazır olduqda yeni Ukrayna əraziləri uğrunda geri qayıda bilər.
Tramp isə, noyabrda keçiriləcək aralıq seçkilər onun siyasi imkanlarını məhdudlaşdırsa belə, ABŞ-ı Avropadan daha da uzaqlaşdıracaq.
Avropanın baxış bucağından perspektivlər bundan daha qaranlıq ola bilməz.
Əgər siz Üçüncü Dünya müharibəsinin nüvə silahlarının tətbiqi ilə açıq atışma şəklində olacağını düşünürdünüzsə, bir daha fikirləşin.
Daha real ehtimal odur ki, bu, avtoritarizmin çiçəklənməsinə xidmət edən diplomatik və hərbi manevrlərin məcmusu olacaq. Bu proses hətta Qərb alyansının parçalanması ilə nəticələnə bilər.
Və bu proses artıq başlayıb.
Məqalənin yuxarısındakı illüstrasiya: AFP/Getty Images







