Monteneqro: Burda yaşayan azərbaycanlı və türklər niyə hücumla üzləşib? 6 suala cavabda

Monteneqro aksiyalar

Şəklin mənbəyi, Reuters

Monteneqroda saxlanmış iki Azərbaycan və Türkiyə vətəndaşı azad edilib.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Ali Məhkəmə bu qənaətə gəlib ki, bu şəxslərin Podqoritsa sakini M. J.-yə qarşı qəsdən adam öldürməyə cəhd etməsinə dair heç bir əsaslı şübhə yoxdur və onların barəsində verilmiş həbs qətimkan tədbirini ləğv edib, yerli Vijesti saytı yazıb.

Onlar ötən həftəsonu bir yerli sakinin bıcaqlanmasından sonra saxlanmışdı.

Bu hadisədən sonra paytaxt Podqoritsada miqrantlara qarşı etiraz aksiyaları keçirilib. Bu etiraz başqa şəhərlərə də sıçrayıb, türk sahibkarlara məxsus azı iki kafe yandırılıb, maşınlarına hücum olub.

Azərbaycanın bu ölkədəki səfirliyi Monteneqroda olan bütün Azərbaycan vətəndaşlarını hər hansı kütləvi aksiyalardan uzaq durmağa çağırıb.

Həmin vaxt bu ölkədə yaşayan bəzi azərbaycanlılar BBC-yə bildiriblər ki, çölə çıxmağa ehtiyat edirlər: hər an hücumla üzləşə bilmək qorxusuyla yaşayırlar, onlar deyiblər.

Bu Balkan ölkəsində nə baş verir? Niyə türklər və azərbaycanlılar bu gərginliyin mərkəzindədirlər? Azərbaycan və Monteneqro rəsmiləri nə deyirlər?

BBC Azərbaycanca bu suallara cavab tapmağa çalışıb.

1.Nə baş verib?

Monteneqro

Şəklin mənbəyi, RADIOTELEVIZIJA CRNE GORE

25 oktyabr şənbə gecəsi bir Monteneqro vətəndaşı bir qrup türklə mübahisədən sonra bıçaqlanıb, yaralanan şəxsin həyati təhlükəsi olmayıb, Reuters yazıb.

Polis bıçaqlanma hadisəsi ilə bağlı biri türkiyəli, biri azərbaycanlı olmaqla iki nəfərin saxlanıldığını açıqlamışdı.

Sonra Ali Məhkəmə Türkiyə və Azərbaycan vətəndaşları barəsində bir gün əvvəl verilmiş həbs qətimkan tədbirini ləğv edib. Məhkəmə hesab edib ki, hər iki şəxsin Podqoritsa sakininə qarşı qəsdən adam öldürməyə cəhd cinayətini törətdiyinə dair heç bir əsaslı şübhə yoxdur, yerli Vijesti saytı yazıb.

2.Miqrantlara qarşı etirazlar necə başlayıb?

Monteneqro aksiyalar

Şəklin mənbəyi, EVN

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

26 oktyabrda, bıçaqlanma hadisəsindən bir gün sonra onlarla şəxsin Türkiyə nömrəli avtomobillərə hücum etdiyi, bəzi Türkiyə vətəndaşlarının bir kazinoya sığınmağa məcbur qaldığı qeyd olunub.

Monteneqroda yaşayan azərbaycanlı Nəcəf Nəcəfli BBC-yə deyib ki, oktyabrın 26-da axşam onların yaşadığı yataqxanaya hücum olub, naməlum maskalı şəxslər həyətə siqaret çəkməyə düşən azərbaycanlılara daş və butulka atıblar.

Nəcəf Nəcəflinin sözlərinə görə, onlar həyətə düşəndə maskalı şəxslərin artıq qaçıb getdiklərini görüblər.

Onlar polisə zəng vurublar, amma polis onların özünü polis məntəqəsinə aparıb.

Nəcəf Nəcəfli deyir ki, polis onlara qarşı "zorakı davranıb, təhqir edib, şillə-təpik vurub".

BBC Azərbaycanca bu iddialarla bağlı sorğusuna Podqoritsa polisindən hələ cavab almayıb.

Baş vermiş hadisəylə bağlı polis onu da bildirib ki, 45 nəfər Türkiyə və Azərbaycan vətəndaşını hadisəylə əlaqədar saxlayıb və onların ölkədə qanuni qalıb-qalmadıqları ilə bağlı yoxlamalar aparılıb.

Polis saxlanılan şəxslərdən 7-sinin cərimə edildiyini, 8-sinin isə ölkədən deportasiya olunacağını açıqlayıb. Amma bu şəxslərin Azərbaycan, yoxsa Türkiyə vətəndaşı olduğu məlum deyil.

Nəcəf Nəcəfli deyir ki, onlar həmin gün polisdə gecə saat 4-ə qədər qalıblar, sabahısı gün axşam yenidən onların yaşadığı yerə hücum olub. Amma bu dəfə hadisə yerinə gələn polislər səhərə qədər ərazini mühafizə ediblər.

Polis azərbaycanlı və türklərə hücum etməyi planlaşdıranları da həbs etdiyini, onlardan hücum üçün hazırlanmış beysbol dəyənəklərinin müsadirə olunduğunu açıqlayıb.

Polis İdarəsi Podqoritsada milli və dini nifrət və zorakılığın qızışdırılması elementləri olan cinayət əməllərinə görə azı səkkiz nəfərin həbs olunduğunu açıqlayıb.

Onlar "sosial şəbəkələrdə zorakılığa və nifrət nitqinə çağıran paylaşımlara görə" gücləndirilmiş əməliyyat çərçivəsində saxlanılıblar, polis bildirib.

Oktyabrın 27-də Podqoritsadakı Ali Dövlət Prokurorluğu (VDT) "hər hansı bir şəxsin hərəkətlərində milli, irqi və dini nifrətin qızışdırılması cinayət tərkibinin olub-olmadığını" müəyyən etmək üçün cinayət işi açıb.

3.Hücumla üzləşənlər nə deyirlər?

Monteneqro

Şəklin mənbəyi, RADIOTELEVIZIJA CRNE GORE

Şəklin alt yazısı, Bildirilib ki, 25 oktyabr şənbə günü gecə bir qrup türklə toqquşmadan sonra Monteneqro vətəndaşı bıçaqlanıb və hadisə ilə əlaqədar saxlanılanlar var.

Elə həmin gecə, son altı ildir Podqoritsada yaşayan türkiyəli Kiradın mağazası dağıdılıb və yandırılıb.

"Əvvəllər heç vaxt problem yaşamamışam, sonra bir axmaq peyda olur və indi bütün türklər problemdir", - deyə o, BBC Serbcəyə bildirib.

Bar şəhərində Türkiyə vətəndaşlarına məxsus iaşə obyektlərinə Molotov kokteylləri atılıb. Yanğının tez söndürülməsinə baxmayaraq, sahibkarlara böyük maddi ziyan dəyib, yerli Vijesti saytı yazıb.

Barın mərkəzində yerləşən fast-food restoranının sahibi Harun Kaya obyektinin qapısına belə bir yazı yapışdırıb:

"Mən burada ailəm üçün pul qazanıram. Qarışıqlıq yaratmıram və mübahisə etmirəm".

Harun Kaya "Vijesti"yə bildirib ki, qorxu hiss etmir, əksinə Bar sakinlərinin yaxşı niyyətini və hörmətini bir daha görüb: "...bizi ziyarət edirlər, zəng edirlər, xoş sözlər deyirlər, dəstək verirlər"

Paytaxt Podqoritsada inşaat sahəsində çalışan Nəcəf Nəcəfli BBC Azərbaycancaya bildirib ki, onlar oktyabrın 26-sı hücumundan sonra işə getməyiblər və yaşadığı yeri tərk etməyə qorxurlar.

O, Azərbaycanın Monteneqradakı səflriyinin tez-tez onlarla əlaqə saxladığını bildirib.

4. Etirazların keçirilməsinə səbəb nədir?

Monteneqro aksiyalar

Şəklin mənbəyi, EVN

Yerli media yazır ki, etirazçılar türklərə qarşı şüarlar səsləndiriblər. Bu şüarlar nifrət nitqini ehtiva edib, təhqiramiz olub, yerli media yazıb.

İnsan Hüquqları üzrə Fəaliyyət Təşkilatının icraçı direktoru Tea Gorjanc Prelević yerli "Vijesti" saytına bildirib ki, Monteneqroda türkiyəli vətəndaşlara qarşı ksenofob kampaniya, bir Monteneqro vətəndaşının yaralanmasından əvvəl, bir neçə həftə öncə başlayıb və bu kampaniya miqrantlara qarşı "yalan və açıq-aşkar uydurma məlumatların" yayılması ilə aparılıb.

"... Məsələn, onların Monteneqrodakı sayı ilə bağlı yalan xəbərlər, uşaq oğurluqları, zorlamalar, ölkəni ələ keçirmə niyyəti ('neosmanizasiya') və s. – bütün bunlar faşist təbliğatının tanınmış və təhlükəli nümunələridir," - deyə o bildirib.

Monteneqro bəzən Türkiyə ilə əlaqəli mütəşəkkil cinayət qrupları ilə bağlı xəbərlərlə gündəmə gəlir.

Monteneqro "Kavac" adlı cinayətkar dəstənin gizli hüceyrə rəhbəri olduğu müəyyən edilən və qırmızı bülletenlə axtarılan Milan Vujotiç 2022-ci ildə İstanbulda saxlanılmışdı, BBC Türkcə yazıb.

"Camgözlər" mütəşəkkil cinayətkar dəstəsinin lideri Binali Camgöz isə 2024-cü ildə Monteneqrodan Türkiyəyə ekstradisiya edilmişdi.

Monteneqro həm də türklərin turizm üçün seçdiyi ölkələrdən biridir. Rəsmi məlumatlara görə, hər il təxminən 320 min Türkiyə vətəndaşı bu ölkəyə səfər edir.

Bəzi ölkələr, o cümlədən Azərbaycan və Türkiyə vətəndaşları ölkəyə vizasız giriş-çıxış edə bilərlər.

Monteneqroda bəzi tənqidçilər ölkənin miqrasiya siyasətini tənqid edirlər.

5.Monteneqro rəsmilərinin hadisələrə münasibəti nədir?

Baş nazir Miloyko Spajiç

Şəklin mənbəyi, Rusmin Radic/ Anadolu/ Getty Images

Şəklin alt yazısı, Baş nazir Miloyko Spajiç "təcili prosedurla" Türkiyə vətəndaşlarına tətbiq olunan viza sərbəstliyinin "müvəqqəti olaraq dayandırılması" ilə bağlı qərar veriləcəyini bildirib.

Baş nazir Miloyko Spajiç bıçaqlanma hadisəsindən sonra verdiyi açıqlamada "təcili prosedurla" Türkiyə vətəndaşlarına tətbiq olunan viza sərbəstliyinin "müvəqqəti olaraq dayandırılması" ilə bağlı qərar veriləcəyini bildirib.

Monteneqro Ombudsmanı paytaxt Podqoritsadakı etirazı "irqçi" adlandırıb.

"Bütün Türkiyə vətəndaşlarına qarşı zorakılıq və deportasiya çağırışlarının edilməsi irqçi yanaşmanın bariz nümunəsidir," – Ombudsman ofisindən qeyd olunub.

Qurum bildirib ki, yayılan görüntülər ölkənin ksenofob (yadlara qarşı düşmən münasibət) kimi xarakterizə olunması üçün istifadə edilə bilər və bu, ölkəyə gələn, orada yaşayan və ya fəaliyyət göstərən əcnəbilər üçün riskli bir yer kimi təqdim oluna bilər.

Zorakılıq hadisələrini qınayan Prezident Yakov Milatoviç X mikrobloqunda yazıb: "Kollektiv günahkarlığa və ya bütün bir millətin damğalanmasına yer olmamalıdır".

"Monteneqronun daha məsuliyyətli bir miqrasiya siyasətinə ehtiyacı var: İstismara və cinayətə qarşı qətiyyətli, qanunlarımıza hörmət edən hər kəsə qarşı ədalətli bir siyasət", - Milatoviç əlavə edib.

Monteneqro Avropa İttifaqına üzvlüyə hazırlaşır və onun qarşısındakı tələblərdən biri də miqrasiya siyasətinə yenidən baxılmasıdır.

6. Monteneqroda nə qədər azərbaycanlı yaşayır?

Monteneqroda azərbaycanlıların dəqiq rəsmi sayı məlum deyil, lakin Azərbaycanda turizm şirkətləri yerli mediaya bildirib ki, son illərdə bu ölkəyə gedən Azərbaycan vətəndaşlarının sayı xeyli artıb.

Bunun əsas səbəbi Türkiyə şirkətlərinin tikinti sektorunda geniş fəaliyyəti və Monteneqronun Şengen zonasına daxil olmaması ilə bağlıdır. Azərbaycanlılar əsasən tikinti və turizm sahələrində çalışırlar.

TurkCham Montenegro təşkilatının 2024-cü ilin iyul hesabatına görə, Monteneqroda 9.500 türk şirkəti fəaliyyət göstərir.

Daxili işlər naziri Danilo Şaranoviç bildirib ki, Monteneqroda müvəqqəti və ya daimi yaşayış icazəsi olan 100.000 xarici vətəndaş arasında 13 mini türkdür. Onun açıqlamasında azərbaycanlıların sayı barədə məlumat yoxdur.

Video açılmırsa, Youtube kanalımızda baxın.