İsrailin İrana hücumu: Azərbaycan cənub ərazilərində radiasiya fonunda "hər hansı çirklənmə aşkar edilməyib"

Şəklin mənbəyi, APA
Müayinələr zamanı ətraf mühitdə radiasiya fonunda hər hansı çirklənmə aşkar edilməyib, yerli media Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatına istinadən yazıb.
Xəbərdə deyilir ki, ölkə ərazisində, transsərhəd bölgələrdə "radiasiya şəraitinə fasiləsiz nəzarət məqsədilə Astara, Beyləqan, Zəngilan, Sədərək və digər sərhədyanı rayonlarında radiasiya fonu üzrə gündəlik müşahidələr aparılır".
Azərbaycan bu gün İsrailin İrana hücumundan sonra ölkənin cənub ərazilərində radiasiyanın səviyyəsini yoxlamağa başlayıb, yerli media yazıb.
Cümə günü gecədən başlayaraq, İsrailin İrana hücumu nəticəsində İranın Natanz nüvə obyektinə zərər dəyib.
Cümə günü axşam saatlarında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi açıqlayıb ki, İranın Natanz zənginləşdirmə obyekti "zərər görüb", lakin "radiasiya səviyyəsinin artmadığı təsdiqlənib", Reuters xəbər agentliyi yazıb.
Qrossi vurğulayıb ki, hazırda İranın müvafiq nüvə obyektlərinin vəziyyəti müəyyənləşdirilir, eləcə də nüvə təhlükəsizliyinə mümkün təsirlər qiymətləndirilir, xəbərdə deyilir.

Şəklin mənbəyi, APA
Azərbaycan bəzi xarici vətəndaşların İrandan təxliyəsi üçün Astara sərhəd-keçid məntəqəsində şərait yaradıb, yerli media yazıb.
Xəbərə görə, bəzi xarici dövlətlər bunun üçün "İranda olan vətəndaşlarının təxliyəsi məqsədi ilə Azərbaycan hökumətinə müraciət edib".
Azərbaycan: "İsrailin İrana hücumundan ciddi şəkildə narahatıq"

Şəklin mənbəyi, Getty Images
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Azərbaycan Xarici İşlər Nazirliyi İsrailin İrana qarşı keçirdiyi hərbi əməliyyatlardan ciddi narahat olduğunu bildirib.
Rəsmi Bakı iki ölkə arasındakı gərginliyin artmasını pisləyib və tərəfləri məsələni diplomatik yolla həll etməyə çağırıb.
İsrailin İrana hava zərbələri endirməsi ilə bağlı nazirlik bu ölkələrdəki Azərbaycan vətəndaşlarına müraciət ünvanlayıb.
Qurum vətəndaşlara zəruri olmadığı halda bu ölkələrə səfər etməməyi tövsiyə edib.
Bundan əlavə nazirlik hazırda İranda olan azərbaycanlılar hərbi və nüvə obyektlərinə yaxın ərazilərə getməməyi xahiş edib.
Fövqəladə vəziyyətlərlə bağlı vətəndaşların bu ölkələrdəki Azərbaycan səfirliyinə və ya konsulluqlarına müraciət etmələri tövsiyyə olunub.
Azərbaycan Hava Yolları iyunun 134 və 14-ü tarixlərində Bakıdan İrana, İsrailə və Birləşmiş Ərəb Əmirliklərinə uçuşları təxirə saldığını açıqlayıb.
Bu arada, rəsmi media yazır ki, İsrailin Iranı vurmasından sonra beynəlxalq reyslə uçan 10-dan çox təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib,
Hava limanı bildirib ki, İran, İraq və İsrailin hava məkanlarında tətbiq olunan uçuş məhdudiyyətləri fonunda bir sıra beynəlxalq aviaşirkətlərdən onlara ehtiyat eniş üçün sorğular daxil olub.
Azərbaycan hökuməti İsrail ilə yaxın dostluq münasibətindədir. Bununla belə rəsmi Bakı son bir neçə ay ərzində İranla da əlaqələrini yaxşılaşdırıb. Bu, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən sonra mümkün olub.
Videonu Youtube kanalımızda izləyin.







