İran azərbaycanlısı Cəfər Pənahi Kann festivalında baş mükafat alıb

Cəfər Pənahi qızıl palma Kann

Şəklin mənbəyi, Reuters

Kann beynəlxalq kinofestivalında bu il Qızıl Palma mükafatını "Sadə təsadüf" filmi ilə iranlı dissident rejissor Cəfər Pənahi alıb.

Film annotasiyasında "repressiv rejimdən necə qisas almağın mümkün olduğunu göstərən qəzəbli, amma eyni zamanda gülməli triller" kimi təsvir olunub.

Cəfər Pənahi əslən İran azərbaycanlısıdır. Onun 67 yaşı var və İranın Şərqi Azərbaycan əyalətinin Miyanə şəhərində doğulub.

Baxmayaraq ki, Pənahi son 15 ildə festivalda iştirak etməyib, onu Kannda çoxdan və yaxşı tanıyırlar. İran hakimiyyəti etibarsız hesab etdiyi rejissora ölkədən çıxmağı qadağan etmişdi.

Pənahinin vətənində çəkdiyi filmlər senzura səbəbindən dəfələrlə qısaldılıb və ya ümumiyyətlə nümayişə buraxılmayıb, rejissorun özü isə iki dəfə həbsxanaya düşüb.

Pənahi ilk dəfə 2010-cu ildə hökumət əleyhinə etirazları dəstəklədiyinə və "sistem əleyhinə təbliğat" yaratdığına görə altı il azadlıqdan məhrumetmə cəzasına məhkum edilir. Lakin iki ay sonra rejissor şərti olaraq, zaminə buraxılır və ona film çəkmək, eləcə də ölkədən kənara çıxmaq qadağan edilir.

İkinci dəfə onu azadlıqdan İran hakimiyyətini tənqid edən iki rejissor həmkarının həbsinə qarşı açıq etiraz etdiyinə görə məhrum etmişdilər.

Bu dəfə Pənahi ona verilmiş altı illik cəzanın cəmi yeddi ayını çəkdikdən sonra həbsdən iki il əvvəl, 2023-cü ildə azadlığa çıxdı. Daha əvvəl rejissora qoyulan İran kino sənayesində işləmək qadağası isə məhkəmə tərəfindən qüvvədə saxlanıldı.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Qalib gələn "Sadə təsadüf" filmini rejissor gizli şəkildə, həbsxanada keçirdiyi şəxsi təcrübəyə əsaslanaraq çəkib.

Filmin qəhrəmanları, əvvəllər onlara həbsxanada işgəncə verdiyinə inandıqları bir şəxslə qarşılaşan beş sadə iranlıdır.

Pənahinin özü bildirib ki, filmdəki personajlar digər məhbuslarla aparılan söhbətlərdən və onların İran hökumətinin zorakılığı və qəddarlığı barədə danışdıqları hekayələrdən ilhamlanıb.

Mükafatı alarkən Pənahi səhnədən həmvətənləri olan iranlıları "problemləri və fikir ayrılıqlarını unutmağa" çağırıb.

"İndi ən vacib olan şey bizim ölkəmiz və onun azadlığıdır. Gəlin səylərimizi birləşdirək. Heç kimin bizə nə geyinmək və ümumiyyətlə nə edə biləcəyimizi, nə edə bilməyəcəyimizi diktə etməyə haqqı yoxdur", - deyə o bildirib.

"Kino cəmiyyətin aynasıdır, – deyə rejissor əlavə edib və təkrar vurğulayıb. - Bizə nə etməli, nə etməməli olduğumuzu deməyə heç kəsə icazə verməyək və gəlin çalışaq, ümidimizi itirməyək".

Pənahi Frans-Press agentliyinə bildirib ki, onu ciddi məhkəmə riski gözləməsinə baxmayaraq, Tehrana qayıdacağına and içib.