İranda qəzəb: "Başımıza hansı daşı salaq?"

İranda çörəkçi başına xəmir sürüb etiraz edir

Şəklin mənbəyi, Sosial media

İranda elektrik enerjisinin demək olar ki, hər gün kəsilməsi insanların qəzəbli etirazlarına səbəb olub.

Yerli media yazıb ki, 25 milyon iranlı ailə gündə iki saat işıqsız qalır.

Etirazları keçirənlər əsasən müxtəlif kiçik biznes - balıqçılar, çörəkçilər, məhəllə mağazaları sahibləri, eləcə də sadə vətəndaşlardır.

Urmiyadan bir çörəkçi vəziyyətin pis olduğunu deyib: "Görürsən, şəhərimizdə elektrik enerjisinin fasiləsiz kəsilməsi səbəbindən bu çörək yanıb. Yanan bu çörək müştərini gözləməyə məcbur edir. Bu çörək artıq yeməli deyil".

Enerji sahəsində ekspert Əlireza Kəfişkunan deyib ki, elekrik enerjisi "balansının pozulması böhranı gündən-günə güclənir. Biz indi elektrik enerjisinin kəsilməsinin və iş saatlarının dəyişməsinin şahidi oluruq. Növbəti aylarda disbalans böhranı güclənəcək və yayda sənayelər və daxili sektor üçün daha çox kəsintilərə və daha geniş iqtisadi itkilərə səbəb olacaq."

Bir hökumət nümayəndəsi bildirib ki, enerji çatışmazlığı ölkədə artması çox da uzaq olmayan gələcəkdə faciəyə səbəb ola bilər və ölkə qapana bilər.

Zahedan şəhərində bir çörəkçi işıq olmadığı üçün maşında qalan xəmiri şəhərin elektrik idarəsinə apararaq onun darvazasına və pəncərələrinə sürtüb.

Etirazçılar elektrik böhranına görə hökuməti səriştəsizlikdə və biganəlikdə ittiham ediblər.

Hökumət isə problemi isti havalarla əlaqədar elektrik enerjisi tələbinin artmasıyla əlaqələndirir.

Hökumətin sözçüsü Fatimə Mohacerani bildirib ki, "bilirik, elektrikin kəsilməsi insanlara çətinlik yaradır, bu mövzuda insanlar dərdlərinə ortağıq. Elektrikin rutin olaraq – bəzən gündə 2 dəfə kəsilməsindən təəssüflənirik. İnsanları anlayırıq və rəsmən üzr istəyirik. Amma problemin həlli zaman alacaq."

Daxili İşlər Nazirliyi payıza qədər cümə axşamı günlərini qeyri-iş günü elan edib, bundan başqa, məktəb, dövlət və özəl qurumlarda iş saatı azaldılaraq səhər 6-dan 1-dək elan edilib.

Videonu YouTube kanalımızda izləyin.