Almaniya Azərbaycandan üzr istəyib

Almaniya prezidenti Frank-Walter Steinmeier

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Almaniya prezidenti Frank-Walter Steinmeier (arxiv)

Almaniya Prezidentinin Ofisi Azərbaycandan üzr istəyib.

Videonu YouTube kanalımızda izləyin.

Səbəb Almaniya Prezidenti Frank-Walter Steinmeier-in rəsmi İnstagram səhifəsində paylaşılmış, daha sonra silinmiş bir post olub.

Buna görə martin 31-də Almaniyanın Bakıdakı səfiri Ralf Horlemann Xarici İşlər Nazirliyinə çağrılıb və ona "kəskin etiraz" bildirilib.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Almaniya prezidentinin İnstagram səhifəsində "Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "bayrağını" paylaşmaqla ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı edilmiş paylaşım" edilib.

Azərbaycan hadisəni "açıq siyasi təxribat" və "qəbuledilməz" adlandırıb və üzrxahlıq istəyib.

Aprelin 1-də Azərbaycanın dövlət xəbər agentliyi, Azərtacın saytında Steinmeier administrasiyasının rəhbəri, dövlət katibi Dörte Dinger adından Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevə göndərildiyi qeyd edilən məktub paylaşılıb.

Məktubda İnstagram səhifəsindəki postun texniki səhv səbəbilə baş verdiyini yazıb.

"Belə bir səhvə yol verilməsinə görə çox məyusam. Paylaşımın Azərbaycanda bəzi insanlarda yaratdığı yanlış təəssürata görə səmimi-qəlbdən üzr istəyirəm", məktubda deyilib.

Prezident Steinmeier iki gündür ki, Yerevanda rəsmi səfərdədir.

Ermənistan prezidenti və baş nazir Nikol Paşinyanla görüşən Steinmeier Ermənistan hökumətinin sülh gündəmini dəstəklədiyini deyib.

Aprelin 2-də Almaniya Prezidentinin Bakıya səfəri gözlənilir.