Fransada etirazlar: Minlərlə etirazçı həbs olunub, yüzlərlə polis xəsarət alıb, inzibati binalar, avtomobillər yandırılıb

Fransa, etirazlar, aksiya, nümayiş

Şəklin mənbəyi, Getty Images

Fransada polisin çərşənbə axşamı xidməti silahdan atəş açaraq 17 yaşlı gənc Nahel M-i öldürməsindən sonra başlayan etirazlar artıq 5-ci gündür davam edir.

Minlərlə insanın iştirakı ilə Fransanın bir neçə şəhərində keçirilən aksiyalarda nümayişçilərlə polis arasında toqquşmalar baş verib.

Fransa rəsmilərinin bildirdiyinə görə, təkcə şənbə günü 719 etirazçı həbs edilib.

Nə baş verib?

Fransa, Paris, atışma, polis

Şəklin mənbəyi, Reuters

Fransa polisi çərşənbə axşamı hərəkət edən avtomobili saxlamaq üçün atəş açıb və nəticədə avtomobilin sürücüsü 17 yaşlı Nahel M-i öldürüb.

Hadisə yerli vaxtla səhər saat 8-də paytaxt Parisin qərbində yerləşən Nanterre valiliyində baş verib.

Yerli prokurorluğun bildirdiyinə görə, hadisə şahidləri avtomobilin avtobuslar üçün nəzərdə tutulan zolaqla hərəkət etdiyini, iki polis motosikletinin isə onu təqib etdiyini bildiriblər.

Fransa mediasının yazdığına görə, əvvəlcə polislər yeniyetmənin avtomobili onların üzərinə sürdüyünü iddia etsələr də, yayılan videolarda polis əməkdaşlarının avtomobili təqib etdiyi və daha sonra tıxacda qalan avtomobilə yan pəncərədən yaxınlaşaraq atəş açdığı görünür.

Avtomobildə sürücüdən əlavə iki sərnişin də olub. Onlardan biri həbs edilib, digəri isə qaçmağa müvəffəq olub.

İstifadə olunan avtomobilin bir günlük kirayə alındığı məlum olub.

Autoplus kirayə şirkətindən bildirilib ki, Fransada yeniyetmələr arasında sport avtomobillərin qısamüddətli kirayələnməsi olduqca populyardır.

Nahel M-in əvvəllər hər hansı cinayət əməli olmasa da, o, yerli polislərin tanıdığı yeniyetmə olub. Belə ki, Nahel M daha əvvəl də sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün saxlanılıb və o, sentyabrda 18 yaşına çatmayanların işinə baxan məhkəməyə çıxarılacaqdı.

Onun öldürülməsindən bir gün sonra isə Fransanın bir neçə şəhərində böyük etirazlar başlayıb.

Fransa hökuməti etirazlarla bağlı iclas keçirəcək

Fransa, etirazlar, nümayiş, Paris

Şəklin mənbəyi, Reuters

Əvvəlki günlərlə müqayisədə ötən gecə “həbs edilənlərin sayı az olub”, yerli polis deyib. Belə ki, həftənin çərşənbə günündən etibarən başlayan nümayişlər zamanı cümə axşamı 900, cümə günü isə 1300 aksiya iştirakçısı həbs edilib, rəsmilər yerli mediaya bildiriblər.

Sosial mediada yayılan görüntülərdə, etiraz aksiyasında iştirak edən bir qrup şəxsin, polis şöbələrinə, eləcə də yerli idarəetmə mərkəzlərinə hücum etdiyi əks olunub. Yerli media polis şöbələri də daxil olmaqla, 230-dan çox inzibatı binanın ciddi zərər gördüyünü, bəzi sağlamlıq mərkəzlərinin, biznes obyektlərinin, kitabxana və ATM-lərin dağıdıldığına dair məlumatlar yayıb.

Fransa, etiraz, aksiya
Şəklin alt yazısı, Fransada etirazlar: Lille şəhərində sağlamlıq mərkəzi dağıdılıb

Fransa Daxili İşlər Nazirliyinin açıqlamasına görə, nümayişlər zamanı yüzlərlə polis əməkdaşı xəsarət alıb.

Marseille, Nice, Strasbourg və paytaxt Parisdə iğtişaşlar daha şiddətli olub.

Fransa hökuməti etirazların keçirildiyi regionlara ümumilikdə 45 mindən çox polisin səfərbər edildiyini deyib.

Davamlı iğtişaşlardan sonra şənbə günü Almaniyaya rəsmi səfərini təxirə salan Fransa Prezidenti Emmanual Macron sosial media platformalarını zorakılıq hallarını təşviq etməkdə günahlandırıb.

Ölkəboyu baş verən davamlı etirazlara görə, Prezident Macron-un bu gün yerli vaxtla saat 19:30-da hökumət üzvləri ilə ölkədəki vəziyyəti müzakirə edəcəyi gözlənilir, prezident ofisinin yaydığı məlumatda qeyd olunub.

BMT cümə günü Fransa hökumətini “hüquq mühafizə orqanlarının davranışlarındakı irqçilik və ayrıseçkilik kimi məsələləri ciddi şəkildə həll etməyə” çağırıb. Fransa təşkilatın bu ittihamlarını əsassız adlandırıb.