Fransada pensiya yaşının artırılmasına etirazlar: Bordeaux bələdiyyə binası yandırılıb

fransa, etirazlar, pensiya

Şəklin mənbəyi, Getty Images

Fransada pensiya yaşının artırılmasına qarşı etirazlarda Bordeaux bələdiyyəsinin binası yandırılıb.

Giriş qapısını alov bürümüş meriya binasındakı yanğın tez bir zamanda söndürülüb, amma onu kimin yandırdığı bəlli deyil.

Daxili İşlər Nazirliyinin məlumatına görə, cümə axşamı günü 119 mini Parisdə olmaqla, Fransada bir milyondan çox insan küçələrə çıxıb.

Polis paytaxtda nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib və ölkə boyu 80 nəfəri həbs edib.

Etirazlara pensiya yaşının 62-dən 64-ə artırılmasını nəzərdə tutan qanun səbəb olub.

fransa, etirazlar, pensiya

Şəklin mənbəyi, Reuters

Parisdə indiyədək dinc nümayişlərdə dükanların vitrinlərini sındıran, küçə mebellərini sökən və McDonald's restoranına hücum edən maskalı iğtişaşçılarla polis arasında vaxtaşırı toqquşmalar baş verib, Reuters xəbər agentliyi yazır.

Etirazlar zamanı huşunu itirən bir polis məmuru təhlükəsiz yerə aparılıb.

Fransanın Baş naziri Elisabeth Borne Twitter hesabında yazıb: "Fikir ayrılıqlarını nümayiş etdirmək və dilə gətirmək hüquqdur. Bu gün şahidi olduğumuz zorakılıq və deqradasiya qəbuledilməzdir. Səfərbər edilmiş polis və xilasetmə qüvvələrinə bütün təşəkkürlərimi bildirirəm".

fransa, etirazlar, pensiya

Şəklin mənbəyi, Reuters

"Mən bu dəyişikliyin əleyhinəyəm və həqiqətən də demokratiyanın artıq heç bir məna kəsb etməməsinə qarşıyam", nümayişçilərdən biri Reuters agentliyinə deyib. “Biz təmsil edilmirik və buna görə də bezmişik”.

"Məhz etiraz etməklə özümüzü eşitdirə biləcəyik, çünki bütün digər yollar... bu islahatı geri götürməyə imkan vermədi", başqa biri AFP xəbər agentliyinə söyləyib.

İğtişaşlar həmçinin qatarların gediş-gəlişini, neft emalı zavodlarının fəaliyyəini dayandırıb, Parisin Charles de Gaulle hava limanının işçiləri və müəllimlər tətilə çıxıblar.

fransa, etirazlar, pensiya

Şəklin mənbəyi, Reuters

Eiffel qülləsi və Versal sarayı kimi məşhur turistik yerlər də cümə axşamı günü bağlanıb.

Şimaldakı Rouen şəhərində bir qadın əlindən ciddi xəsarət alıb, şahidlərin dediyinə görə, o, baş barmağını itirib.

Qərbdəki Nant, Renn və Lorient şəhərlərində də toqquşmalar olub.

Həmkarlar ittifaqları və siyasi sollar etirazları uğurlu hesab ediblər, lakin bundan sonra nə baş verəcəyi naməlumdur.

Hökumət etirazların zəifləyəcəyinə, küçələrdəki zorakılıqların insanları geri qaytaracağına ümid edir.

fransa, etirazlar, pensiya

Şəklin mənbəyi, Reuters

Müxalifət deyir ki, etirazlar azalmayacaq, lakin həmkarlar ittifaqları cümə axşamı kimi daha çox nümayiş vəd etməkdənsə, irəliyə doğru strategiya hazırlamalıdır.

Yanvar ayından bəri doqquz belə etiraz nümayişi keçirilib, gələn çərşənbə axşamı onuncusu elan edilib.

Martın 6-da pensiya islahatına qarşı tətilə başlayan parisli zibil yığanlar tətili gələn bazar ertəsinə qədər uzadıblar.

İğtişaşlar hökumətin parlamentin aşağı palatası vasitəsilə pensiya yaşını artırmağa məcbur etmək qərarından sonra baş verib.

Fransa prezidenti Emmanuel Makron bu addımı müdafiə edərək islahatın zəruri olduğunu deyib.