İlham Əliyev sərhədlərin bağlı qalması barədə: "Təkcə kovidə görə deyil"

Şəklin mənbəyi, President.az
Prezident İlham Əliyev Azərbaycan sərhədlərinin bağlı qalmasını milli təhlükəsizlik məsələləri ilə əlaqələndirib.
"Sərhədləri bağlı saxlamaq qərarı kovidə görə verilib. Biz hələ də formal olaraq karantin fazasındayıq. Lakin eyni zamanda, açıq danışaq, sərhədləri bağlı saxlamaq qərarı təkcə ona əsaslanmır."
O bu barədə aprelin 23-də, ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda danışıb.
Prezident Əliyev deyib ki, sərhədlərin bağlı olması azərbaycanlılar, sərhədlərin digər tərəfində yaşayan azərbaycanlılar və digərləri üçün "əlverişsiz" olsada, "milli təhlükəsizlik bütün digər hisslərdən, bütün başqa səbəblərdən üstün olmalıdır".
"Xüsusilədə indiki zamanda. Şimal sərhədimizdə müharibə var. Cənub sərhədimizdə böhrandır. Təzə münaqişələrdə ki, yağışdan sonra göbələk kimi peyda olur. Düşünürəm ki, Azərbaycan xalqı bunu anlayır."
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
O, sərhədlərin bağlı olduğu müddətdə Azərbaycanda təhlükəsizliyin gücləndiyini gördüyünü deyib.
"Prezident, milli təhlükəsizlik məsələləri ilə hər gün məşğul olan adam kimi deyə bilərəm ki, sərhədlərin bağladıqdan sonra bunun milli təhlükəsizliyə saysız-hesabsız xeyrini görmüşük. Və bu reallıqdır."
Əliyev sonda quru sərhədinin açılması ilə bağlı "vəziyyətin hələ gəlmədiyini" deyib.
Bundan əvvəl Prezident Əliyev sərhədlərin bağlı qalması qərarının "insanların xəstələnməməsi" üçün verildiyini demişdi.
Sərhədlər nə vaxt qapadılıb?
Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar olaraq 2020-ci ilin mart ayından quru və dəniz sərhədləri qapadılıb.
O tarixdən etibarən hər üç aydan bir xüsusi karantin rejiminin vaxtı uzadılır. Hazırda Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-dək uzadılıb.
Ümumdünya Səhiyyə Təşkilatı 2023-cü ilin mayın 5-də “COVİD-19-la bağlı qlobal fövqəladə vəziyyətin başa çatdığını” elan edib.




