Yerevan: etirazçılar İstintaq Komitəsinin qarşısına zəncir və güzgü ilə gəliblər

Şəklin mənbəyi, Tavuş vətən naminə hərəkatı /Facebook
Bazar ertəsi əllərini zəncirlə bağlamış bəzi etirazçılar Yerevanda İstintaq Komitəsinin qarşısında aksiya keçiriblər.
Onlar mayın 31-də Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında polislə toqquşma zamanı saxlanan şəxslərin sərbəst buraxılmasını tələb ediblər.
Bu aksiya zamanı 27 nəfərin saxlandığı, amma onlara qarşı hələ ittiham irəli sürülmədiyi bildirilir.
Hər iki aksiyanı lideri Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan olan “Tavuş vətən naminə” hərəkatı təşkil edib.
Onlar 1 aya yaxındır ki, tərəfdarları ilə birgə hökumətə qarşı etirazlar keçirirlər.
İyunun 3-də İstintaq Komitəsinin qarşısına gələn etirazçılar arasında özü ilə güzgü gətirənlər də olub. Onlar struktur nümayəndələrini “ittiham etməzdən əvvəl güzgüdə özlərinə baxmağa” çağırıblar.
İstintaq Komitəsinin qarşısındakı aksiya insidentsiz ötüşüb, yerli media yazıb.
Hazırda Baqrat Qalstanyanın liderlik etdiyi aksiya Yerevanın mərkəzində yerləşən Müqəddəs Anna kilsəsinin qarşısında davam edir.
Ötən cümə günü XİN-in qarşısında nə baş verib?

Şəklin mənbəyi, Alpha News Armenia
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Mayın 31-də Yerevanda, Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında etirazçılarla polis arasında başlamış toqquşma səngiyib, hadisə yerində olan jurnalistlər xəbər veriblər.
Etirazçılar Baqrat Qalstanyanın rəhbərliyi ilə XİN qarşısında etiraz aksiyasını başa vurub Müqəddəs Anna kilsəsinin qarşısına qayıdırlar, BBC-nin Yerevan müxbiri xəbər verir.
Polisdən verilən məlumata görə, 16 nəfər saxlanılıb.
Aksiyanın rəhbəri keşiş Baqrat Qalstanyan həbs olunanların buraxılmasını istəyib.
O, baş verənlərə görə xarici işlər naziri Ararat Mirzoyanın məsuliyyət daşıdığını deyib.
Polis bir əməkdaşının "başının qanadığını" deyib. Baqrat Qalstanyan isə bunun etirazçıların "işi olmadığını", "təxribatçıların törətdiyini" idida edir.
Bundan əvvəl etirazçılar polisin xəbərdarlığına əməl etməyərək zorla binaya soxulmağa cəhd ediblər, yerli media xəbər verib.
Əraziyə xüsusi təyinatlı polis daxıl olub və polis güc tətbiq edərək etirazçıları ərazidən çıxarmağa çalışır, jurnalistlər bildirib.
Bu gün səhər Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, “Tavuş vətən naminə” etiraz hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan xarici işlər nazirinə çıxıb onlara cavab vermək üçün yarım saat vaxt vermiş və əks təqdirdə etirazçıların binaya daxil olacaqlarını demişdi.

Şəklin mənbəyi, alpha news armenia
“Əgər siz enib, ictimaiyyətə açıqlama verməsəniz, bu o demək olacaq ki, siz satqınsınız, agentsiniz və ona görə də Ermənistan Respublikasına deyil, Türkiyə və Azərbaycan hakimiyyətinə xidmət edirsiniz”, - Qalstanyan qeyd edib.
O deyib ki, etirazçılar təhlükəsizlik qüvvələrinin sayına baxmayaraq, binaya daxil olacaqlar, “nəsə olarsa, XİN rəhbəri məsuliyyət daşıyacaq.
Daha əvvəl Baqrat Qalstanyan XİN qarşısında çıxışında Ermənistan rəhbərliyi və XİN-i “düşmən ölkə - Azərbaycan və Türkiyə - rəsmiləri” tərəfindən Ermənistanın ünvanına səslənən təhqirlərə cavab verməməkdə günahlandırmışdı.
Türkşünas kimi təqdim edilən aksiya iştirakçısı Varujan Geğamyan deyib ki, bu etiraz aksiyaları Azərbaycan və Türkiyəni çox narahat edir .
“Bu o deməkdir ki, xalqımızın başladığı mübarizə Türkiyənin və Azərbaycanın maraqlarına uyğun gəlmir. Və bu onları narahat edirsə, deməli, biz düzgün iş görürük. Deməli, bizim müqəddəs mübarizəmiz həqiqətən haqlı mübarizədir”, - o deyib.
Çərşənbə axşamı günü Azərbaycan Prezidenti İlham Əliyev Xocalıya qayıdan sakinlərlə görüşüündə Ermənistanda baş verənləri izlədiyini bildirib.
“Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə biz hər an hazır olmalıyıq”, - İlham Əliyev deyib, Azərtac yazıb.
Ötən gün İzmirdə bir tədbirdə çıxış edən Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Azərbaycan-Ermənistan münasibətlərindən və dolayısı ilə Ermənistandakı aksiyalardan danışıb.
“Erməni xalqı gələcəyini xaricdə "qəzəl" oxuyanlarda, təhrik edənlərdə deyil, əsrlərdir birlikdə yaşadığı qonşularında görməli, anlamalı və lazım olanı cəsarətlə etməlidir”, - Türkiyə Prezidenti deyib, İctimai TV bildirib.
Erdoğan, həmçinin qeyd edib ki, hazırda Ermənistanla Azərbaycan arasında "qalıcı sülh üçün tarixi fürsət" var.
“Qarabağın 30 illik işğaldan sonra azad edilməsi bölgədə qalıcı sülh üçün tarixi fürsət pəncərəsi açıb və məncə, bu fürsət əldən verilməməlidir. Ermənistan xarici güc və diasporun əsarətindən qurtulduğu halda, Azərbaycanla sülhə daha yaxın olacaq”, - o deyib.
Ermənistan Qazaxın dörd kəndini Azərbaycana qaytarmağa razılaşdıqdan sonra ölkədə buna etirazlar başlayıb. Daha sonra etirazçılar Baş nazir Nikol Paşinyanın istefasını istəyiblər.
Onlar hökuməti sərhədlərin müəyyənləşməsi zamanı Azərbaycana birtərəfli güzəştə getməkdə ittiham edir.
Ermənistan hökuməti bildirib ki, kəndlərin qaytarılması "Ermənistanın ərazi bütovlüyünün düzəldilməsi üçündür".
Etirazlara Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, “Tavuş vətən naminə” etiraz hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan başçılıq edir. Ötən həftə Baş nazir postuna Baqrat Qalstanyanın namizədliyi irəli sürülüb.







