Ukraynada müharibə: Rusiyanın raket atəşi nəticəsində 7 Chernihiv sakini ölüb

Şəklin mənbəyi, Reuters
Rusiyanın Ukraynanın şimalında yerləşən Chernihiv şəhərinə raket atəşi nəticəsində biri altı yaşlı uşaq olmaqla 7 nəfər həlak olub.
Şəhər merinin səlahiyyətlərini icra edən Oleksandr Lomakonun sözlərinə görə, hücum nəticəsində 117 nəfər yaralanıb.
Ukrayna Daxili İşlər Nazirliyi bildirir ki, yaralananlar arasında ümumilikdə, 12 uşaq var.
Bundan əvvəl ölkənin daxili işlər naziri bildirmişdi ki, yaralılarıdan iyirmi beş nəfər xəstəxanaya aparılıb.
Atəş şəhərin baş meydanına, universitet və teatr binasına zərər vurub.
Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram"dan yazaraq bildirib ki, Rusiya “adi şənbə”ni “ağrı və itki günü”nə çevirib.
Moskva hələ ki, iddialara şərh verməyib.
Chernihiv şəhəri Ukraynanın şimalında, Belarusla sərhəddən, təxminən 50 kilometr məsafədə yerləşir.

Şəklin mənbəyi, Reuters
"Balistik raketin tipik imzası"
James Waterhouse
BBC-nin Chernihiv-dəkı müxbiri
Bu, ballistik raketin tipik imzasıdır. Deşilmiş damlar, havaya uçmuş pəncərələr.
Deyəsən, şəhərin möhtəşəm görünüşlü teatr binası atəşin birbaşa hədəfi olub.
Qonşu tikililərin dam örtükləri havaya uçub, teatrın 100 metr məsafəsindəki bir binada isə yanğın baş verib.
Partlayışın çox güclü olması açıq-aşkar görünür.
Öyrəndik ki, bu səhər həmin ərazidə dron sərgisi keçirilib. Qonaqlar arasında hərbi könüllülər də olub. Sərginin təşkilatçıları deyirlər ki, hava həyəcan siqnalının səsi eşidildikdə insanları sığınacağa yönləndiriblər, lakin onlardan bir neçəsi çölə çıxıb.
Bu sərgi Rusiyanın hücumu üçün mümkün motivdir.
Ancaq hücumun əsas səbəbi vacib şəhərlərinin mərkəzinə ballistik raketlər atılan Ukraynada Rusiyanın davam edən işğalıdır.




