Azərbaycan AŞPA ilə münasibətləri "hələlik bərpa etməyi düşünmür" - Səməd Seyidov

Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətini bir ilə yaxındır ki, dayandırmaq məcburiyyətində qalan Azərbaycan parlamentinin nümayəndə heyəti "hazırki şəraitdə" bu qurumla əlaqələri bərpa etməyi düşünmür, deputat Səməd Seyidov deyib.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov BBC News Azərbaycancaya müsahibəsində bu qurumu "hələ də Azərbaycana qarşı tamamilə obyektivlikdən uzaq olan mövqe" sərgiləməkdə" ittiham edib.
Ötən ilin yanvarında AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməyib, buna qarşılıq olaraq, nümayəndə heyəti də bu qurumdakı fəaliyyətini qeyri-müəyyən müddətə dayandırdığını bəyan edib.
"Avropa Şurasının daimi komitəsinin iclasının gündəliyinə baxdıqda, görürük ki, Azərbaycan orada olmadığı halda, yenə ittihamlar, yenə böhtanlar, yenə də ağlasığmaz bəyanatlar gündəmə gəlir. Biz də konkret olaraq demişik ki, bunlar bu siyasətdən əl çəkməlidirlər", - Seyidov qeyd edib.
Onun sözlərinə görə, bu, "normal dialoq və kommunikasiya" üçün önəmli şərtlərdəndir.
AŞPA-nın noyabr-dekabr aylarında keçirilmiş sessiyalarında Azərbaycanda insan haqlarının pozulması və Rüfət Səfərov, Anar Məmmədli kimi hüquq müdafiəçilərinin həbsi, eləcə də müstəqil jurnalistlərə qarşı "repressiyaların artmasına" dair müzakirələr aparılıb, qurumun rəsmi saytında məlumat verilib.
Milli Məclisin üzvü Səməd Seyidov hesab edir ki, öz daxilində "böhran yaşayan" bir qurum Azərbaycanla, eləcə də digər ölkələrlə bağlı hansısa bəyanat verə bilməz.
"Avropa Şurasının Baş katibi COP29 zamanı Azərbaycanda idi və onu hətta cənab Prezident İlham Əliyev də qəbul elədi. Bizim əlaqələrimiz haqqında, danışıqlar haqqında, konkret qarşılıqlı layihələr haqqında söhbət aparıldığı halda, Avropa Şurasının Parlament Assambleyası tamamilə bu ab-havaya, bu söhbətlərə, bu fikirlərə zidd olaraq bəyanatlar qəbul edir, müzakirələr təşkil edir, Azərbaycanı ittiham edir", - Səməd Seyidov qeyd edib.
Onun fikrincə, təşkilatın bir qolu, həmin təşkilatın başqa qolunun nə etdiyindən xəbərsizdir. Parlament üzvü bunun təşkilat daxilindəki "böhran"ın göstəricisi olduğu qənaətindədir.
Azərbaycan-AŞPA münasibətləri necə pozuldu?

Şəklin mənbəyi, Azərtac
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Azərbaycan 2024-cü il, yanvarın 24-də AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırma qərarı verib.
Bu qərar AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra verilmişdi.
AŞPA deputatları yanvarın 24-də keçirdiyi müzakirədə Azərbaycanın qurumdakı nümayəndə heyətinin etimadnaməsini təsdiq etməyib.
Assambleya bu addımını rəsmi Bakının öz üzərinə götürdüyü "əsas öhdəlikləri" yerinə yetirməməsi, jurnalistlərin həbsi, növbədənkənar prezident seçkisini müşahidə etmək üçün quruma dəvət göndərilməməsi və Qarabağda aparılmış hərbi əməliyyatlarla əlaqələndirib.
Rəsmi Bakı bunu AŞPA-nın "qırmızı xətti" keçməsi" kimi qiymətləndirib və bir neçə ay sonra Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin uzadılmasının əleyhinə səs verən 76 AŞPA üzvü "arzuolunmaz şəxs" elan olunub.
Bu qadağa, Prezident İlham Əliyevin təbirincə, Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtmasından sonra götürüləcək.
Azərbaycan XİN isə bildirmişdi ki, "AŞPA müşahidəçilərinin Milli Məclisə seçkiləri müşahidə etməyə dəvət olunmamasının yeganə səbəbi Almaniya rəsmiləri tərəfindən daxil olmaqla ölkəmizə verilən siyasi səviyyədə vədlərə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin mandatının hələ də bərpa edilməməsidir".
AŞPA sədri Teodor Rusopulos bu qadağanın Azərbaycanın Avropa Şurasındakı vəziyyətini daha da çətinləşdirdiyini demişdi.
İnsan haqları ilə bağlı AŞPA-nın Azərbaycana qarşı ittihamlarına cavab olaraq isə Səməd Seyidov bildirib ki, AŞPA Avropa içərisində olan ölkələrdə qanun pozuntularını, insan haqları ilə bağlı problemləri, demokratiya ilə bağlı gedən prosesləri, korrupsiya məsələlərinə "sadəcə gözlərini bağlayıb, heç nəyə fikir vermək istəmir", ancaq başqa ölkələrdə, o cümlədən Azərbaycanda, Qırğızstanda, Gürcüstanda, harada gəldi "problemlər axtarırlar".
"Belə bir şəraitdə, bu yanaşma ilə onlarla işləmək mümkün deyil. Ona görə də biz bu ilin yanvarından orada fəaliyyətimizi dayandırmışıq. Belə bir böhran içərisində olan təşkilatın, yalan içərisində batmış qurumun hansısa bəyanatına inanmaq olmaz, onlarla hər hansı məsələni müzakirə etmək olmaz", - Seyidov BBC Azərbaycancaya deyib.
Pisləşən münasibətlərin ardından Azərbaycan Prezidenti İlham Əliyev fevral ayında bildirmişdi ki, əgər bir il ərzində nümayəndə heyətinin hüquqları bərpa olunmazsa, Azərbaycan Avropa Şurasından tamamilə çıxmaq barədə məsələyə "ciddi şəkildə" baxa bilər.
Ancaq hələlik nümayəndə heyətinin AŞPA-ya qayıtmasında maraqlı olduğunu gizlətməyən Azərbaycan hökumətinin buna dair əlavə açıqlaması yoxdur.
Üstəlik, Azərbaycan-AŞPA münasibətlərində böhran yaranandan bəri ölkədə bir çox jurnalist və ictimai-siyasi fəal həbs olunub. Hakimiyyət bu həbsləri siyasi yox, sırf hüquqi pozuntularla əlaqələndirsə də, AŞPA-da belə düşünmürlər və bu da Azərbaycan nümayəndə heyətinin bu qış sessiyasında quruma qayıdıb-qayıtmayacağına təsir edə bilər. Çünki AŞPA son ildə öhdəliklərə əməl edilməsi tələblərinin dəyişməsi barədə hər hansı açıqlama verməyib.







