Tofiq Yaqublu: "Ölümüm bəlkə dünyanın diqqətini Azərbaycana çəkər"

Həbsdə olan tanınmış müxalifətçi Tofiq Yaqublu aclığın 4-cü günündədir.
Onun qızı Nigar Həzi BBC News Azərbaycancaya deyib ki, bu budəfəki aclığın atasına çox pis təsir edə biləcəyindən narahatdır.
"Yaşı da çoxdur. Səhhətində problemləri var. Öd kisəsi yoxdur, Astması var. Əvvəlki həbslər zamanı işgəncələrdən əsəbləri pozulub", Nigar Həzi deyir.
O, vurğulayır ki, atası Tofiq Yaqublu həbsdən çıxıb-çıxmayacağına əmin deyil.
"Deyir ki, bəlkə, 2-3 ilə öləcəm? Ancaq ölümüm bəlkə dünyanın diqqətini Azərbaycana çəkər, Azərbaycanda gedən siyasi proseslərin demokratikləşməsinə töhvə verər", Nigar Həzi deyir.
Tofiq Yaqublu 9 il müddətinə həbs edilib. Qərarı Bakı Ağır Cinayətlər Məhkəməsi verib.
Vəkilİ Nemət Kərimli cümə günü Tofiq Yaqublu ilə görüşüb.
''Artıq 4-cü gündür aclıq edir. Çəkisi 3,5 kiloqram azalıb. Ürək döyüntüləri 96-dır. Qan təzyiqi 130-85-dir. Hələ ki özünü normal hiss edir, ancaq günü-gündən zəiflədiyi hiss olunur".
Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub.
O, "dələduzluq" və "saxta sənəd hazırlama və istifadə etmə"də günahlandırılıb.
Cinayət işində onun Almaniyaya getmək istəyən bir şəxsdən digər şəxs vasitəsilə pul aldığı iddia olunub.
İttihamları qəbul etməyən Tofiq Yaqublu həbsini "siyasi sifariş" hesab edir.
Beynəlxalq insan haqları təşkilatı olan Amnesty İnternational bildirib ki, Azərbaycanda özünüifadə azadlğı məhdudlaşdırırlır, jurnalistlərdən, insan haqlarını müdafiə edən şəxslərdən qisas alınır və ədalətli məhkəmə hüquqları pozulur.
Sülh və Demokratiya İnstitutunun yaydığı məlumata görə, Azərbaycanda 300-dən çox siyasi məhbus var, onlardan 20-dən çoxu müstəqil jurnalistlərdir.
Azərbaycan hakimiyyəti insan haqları ilə bağlı ittihamları rədd edir və ölkədə heç kəsin fikir ayrılığına görə təqib olunmadığını bəyan edir.
Videoya Youtube-da baxın.







