Qəzzadakı tunellərdə qalan Həmas döyüşçülərinin taleyi necə olacaq: həbsxana, yoxsa ölüm?

Qəzza Həmas

Şəklin mənbəyi, AFP via Getty Images

    • Müəllif, Anastasiya Uspenskaya
    • Vəzifə, BBC

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

İsrail və ABŞ Qəzza sektorunun Rəfah bölgəsində yeraltı tunellərdə qalmış onlarla Həmas döyüşçüsünün taleyi ilə bağlı danışıqlar aparır.

Oktyabr ayının birinci yarısında qüvvəyə minmiş sülh planının birinci mərhələsi çərçivəsində İsrail ordusu həmin ərazini nəzarətə götürüb və onlar da İsrail qoşunlarının arxa tərəfində qalıblar.

İsrail və ABŞ-ın qiymətləndirmələrinə görə söhbət təxminən 200 döyüşçüdən gedir. Vaşinqton İsraildən tələb edir ki, döyüşçülərə geri çəkilmək üçün təhlükəsiz dəhliz təqdim edilsin.

Lakin baş nazir Benyamin Netanyahu üçün bu addım israillilərin gözündə son dərəcə qeyri-populyar olardı və eyni zamanda ABŞ-ın istənilən təzyiqinə boyun əydiyi barədə təhlükəli siqnal sayılardı.

Həmas döyüşçülərin vəziyyətini bu yaxınlarda təsdiqləyib və indi dünya birliyini onların azad olunması üçün İsrailə təzyiq göstərməyə çağırır.

Həmas rəhbərliyinin tunellərdəki şəxslərlə əlaqəsinin olub-olmadığı hələlik məlum deyil. Eləcə də onların su və ərzaqla təminatı haqda məlumat yoxdur.

İsrail Müdafiə Qüvvələri bildirir ki, döyüşçülər tunellərdən çıxmağa cəhd edir və itkilər verirlər.

Ordunun məlumatına görə, noyabrın axırlarında 20 döyüşçü öldürülüb, səkkizi isə əsir götürülüb.

ABŞ, İsrail və vasitəçilər arasında bu məsələ ilə bağlı aparılan danışıqlar "amerikan təpəcikləri" (roller-coaster) attraksionunu xatırladır, prosesə yaxın mənbələrin sözlərinə görə: tərəflər gah razılaşmanın astanasına gəlirlər, gah da tam çıxılmaz vəziyyətə düşürlər.

Onların sözlərinə görə, yaranmış vəziyyət Donald Trampın qeyri-müəyyən ifadələrə və operativ şəraitdə gözlənilməyən dönüşlərə malik sülh planı ilə bağlı gələcəkdə nələrin baş verə biləcəyinin aydın nümunəsidir.

Nəyin bahasına olursa-olsun, Trampın sülh planımı?

Jared Kushner- i (sağda) Steve Witkoff-u (ortada)

Şəklin mənbəyi, AFP via Getty Images

Şəklin alt yazısı, İsraildə getdikcə daha çox insan ABŞ-ın beynəlxalq və daxili gündəliklə bağlı əsas qərarları qəbul etməsindən narazıdır. Bu vəziyyəti tənqid edənlər Trampın kürəkəni Jared Kushner- i (sağda) "İsrailin icraedici baş naziri", Steve Witkoff-u (ortada) isə "İsrailin müdafiə naziri" adlandırmağa başlayıblar.
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

BBC-nin Yerusəlimdəki mənbələri deyirlər ki, tunellərdə sıxışıb qalmış döyüşçülərin taleyi ilə bağlı danışıqlarda vəziyyət son vaxtlar daha da gərginləşib.

Tramp administrasiyası üçün bu, tamamilə gözlənilməz bir maneədir, əvvəlcədən nəzərdə tutulması çətin olan, lakin ABŞ Prezidentinin iddialı sülh planını pozmaq təhlükəsi yaradan problemlərdən biridir.

Bu pozuntunun qarşısını almaq cəhdində Donald Tramp 10 noyabrda İsrailə "ağır artilleriya" göndərdi: kürəkəni Jared Kushner-i.

İsrailin bəzi müxalif siyasətçiləri onu artıq "İsrailin icraedici baş naziri" adlandırmağa başlayıblar.

İsrailin ictimai yayımçısı KAN-ın məlumatına görə, Kushner İsraildən döyüşçülərin məhv edilməsindən çəkinməyi qəti şəkildə xahiş edib.

"Güman ki, qohumunu göndərməklə Tramp Netanyahunu sülh planını ilə bağlı öz şəxsi marağını xatırlatmaq istəyirdi. ABŞ Prezidentinin Ukraynada sülhü öz fəaliyyətinə yazıb-yazmayacağı məlum deyil. Amma Yaxın Şərqdəki sülh, faktiki olaraq, onun siyasi CV-sinə daxil edilib və Tramp bunun puç olmasına imkan verə bilməz", - deyə BBC-nin Yerusəlimdəki mənbələrindən biri bildirir.

Lakin bəzi israilli ekspertlərin fikrincə, Trampın sülh planı çökə bilər, ancaq ona görə yox ki, Həmas üzvləri tunellərdə sıxışıb-qalıb. Ona görə ki, plan sürətli diplomatik qələbəni hədəfləyib, "sahədə" uzunmüddətli işləməyi yox.

Məsələn, 20 bənddən ibarət sülh razılaşması çərçivəsində silahını yerə qoymağa razılaşan Həmas döyüşçülərinə amnistiya vəd edilir.

Ancaq İsrail ordusunun məlumatına görə, blokadada olan döyüşçülər artıq dəfələrlə İsrail hərbçiləri ilə toqquşub və bu, üç əsgərin həlak olmasına səbəb olub.

Əgər İsrail onlara dəhliz açarsa, onlar sığınacaqlardan necə çıxacaqlar: silahla, yoxsa silahsız? Silahla çıxacaqlarsa, İsrail hansı əsasla onların toxunulmazlığını təmin etməlidir?

ABŞ tərəfinin bu suallara dəqiq cavabı yoxdur, deyə Yerusəlimdəki mənbə bildirir. Onun sözlərinə görə, Vaşinqton düşünür ki, tələyə düşmüş döyüşçülər silahı yerə qoyacaqlar və bu, plana uyğun olaraq, Qəzza sektorunun demilitarizasiyasına doğru ilk addım olacaq.

Həmas təslim olmağa hazırlaşmır

İsrail və ABŞ kəşfiyyatlarının qiymətləndirməsinə görə, Qəzza sektorundakı yeraltı tunellərin ümumi sahəsi Nyu-York metrosunun sahəsinə bərabərdir.

Şəklin mənbəyi, AFP via Getty Images

Şəklin alt yazısı, İsrail və ABŞ kəşfiyyatlarının qiymətləndirməsinə görə, Qəzza sektorundakı yeraltı tunellərin ümumi sahəsi Nyu-York metrosunun sahəsinə bərabərdir.

Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff bildirib ki, döyüşçülərlə bağlı vəziyyət sülh planının gələcəkdə necə həyata keçiriləcəyinin modeli olmalıdır. Onun sözlərinə görə, Həmas silahsızlaşmağa hazır olduğunu bəyan edib və artıq verdiyi sözü tutmağa başlamağın vaxtıdır.

İsraildə amerikalı tərəfdaşların Həmas-la bağlı sadəlövhlüyü bir qədər təəccüb doğurur, çünki Həmas nəinki silahı yerə qoymağa doğru heç bir addım atmır, əksinə, Qəzza sektorunun küçələrində mövqelərini gücləndirir və ictimai edamlar həyata keçirir.

Əslində, Həmas özü də təslim olmaq niyyətində olmadığını açıq şəkildə bildirir.

"Qoy düşmən bilsin ki, 'kapitulyasiya' sözü əl-Qəssam briqadalarının lüğətində yoxdur", - Həmas-ın silahlı qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları"nın çərşənbə günü yaydığı bəyanatda deyilir.

Bu bəyanatdan isə tam aydın olmur ki, söhbət tunellərdə qalmış 200 döyüşçünün lokal vəziyyətindən gedir, yoxsa təşkilat, ümumiyyətlə, heç bir halda təslim olmayacağına dair prinsipial mövqedən danışır.

Hər iki halda, israilli və beynəlxalq ekspertlərin sözlərinə görə, Donald Trampın sülh planı çatlamağa başlayıb.

"20 bəndlik plan, həqiqətən də, zorakılığın dərhal dayandırılmasına səbəb oldu, lakin onun uzunmüddətli və davamlı sülhü təmin edəcəyi barədə hər hansı gözlənti son dərəcə təhlükəli yanılmadır", - deyə Karnegi Beynəlxalq Sülh Fondunun Yaxın Şərq proqramının rəhbəri Charles Johnson bildirir.

Onun sözlərinə görə, plan fundamental qüsurlarla doludur və bu qüsurlar dəfələrlə hər iki tərəfi döyüşlərin bərpa olunması həddinə gətirib çıxarıb və uzunmüddətli perspektivdə heç nə vəd etmir.

"Həbsxana və ya ölüm"

tunel Qəzza

Şəklin mənbəyi, AFP via Getty Images

Şəklin alt yazısı, İsrail hərbçiləri Rəfahdakı tunellərdən birinin girişində dayanır. Bu arxiv fotosudur (sentyabr 2024), lakin o, İDF-in döyüşçüləri yeraltında necə blokadaya aldığı barədə təsəvvür yaradır.

Benyamin Netanyahunun tənqidçiləri və İsrail müxalifəti Qəzzada müharibə başladığı gündən iddia edirlər ki, onun bütün addımları, əsasən, hakimiyyətdə qalmaq və ultra-sağçı koalisiyasının dağılmasının qarşısını almaq məqsədi ilə atılır.

Ədalət naminə qeyd etmək lazımdır ki, Netanyahu Trampın sülh planına razılıq verərkən əslində kabinetini itirmək riski daşıyırdı, çünki bir neçə nazir Həmas tamamilə məhv edilənə qədər müharibənin davamını tələb edir və əks təqdirdə hökumətdən çıxacaqlarını bildirirdilər.

O zaman vəziyyəti sabitləşdirmək mümkün oldu: ABŞ İsraili əmin etdi ki, Həmas bütün girovları qaytardıqdan dərhal sonra onun silahsızlaşdırılma mərhələsinə keçiriləcək.

Bu şərt demək olar ki, yerinə yetirilib: geri qaytarılmalı olan yalnız iki meyit var. Bu o deməkdir ki, razılaşmanın ikinci mərhələsi yaxınlaşır, lakin ABŞ istisna olmaqla, tərəflərdən heç biri ona keçməyə tələsmir.

İkinci mərhələ Həmas-ın, faktiki olaraq, təslim olmasını, İsrailin isə qoşunları tam şəkildə Qəzzadan çıxarmasını və nəzarəti itirməsini nəzərdə tutur.

Elə bu çətin daxili siyasi vəziyyət fonunda ABŞ tərəfi (bəzi mənbələrin sözlərinə görə, hətta tələb edir) İsraildən yüzlərlə döyüşçünü tunellərdən buraxmağı və onların sərbəst şəkildə ərazidən uzaqlaşmasına imkan verilməsini istəyir.

"Netanyahu buna gedə bilməz. Və məsələ artıq təkcə onun koalisiyaya yapışmasında deyil. Sual belə qoyulur: ABŞ Trampın planının çökməməsi üçün İsrailə təzyiqi nə qədər artırmağa hazırdır və İsrail "qırmızı xətti" harada çəkəcək", - deyə Baş nazirin ofisinə yaxın BBC mənbəsi izah edir.

Bundan əlavə, bu məsələ İsrail üçün milli təhlükəsizlik məsələsidir, - İsrail xüsusi xidmət orqanları xatırladır. Ölkədə getdikcə daha çox səslənən sual isə budur: ABŞ Trampın ambisiyası naminə bu həyati vacib faktoru asanlıqlamı nəzərdən qaçırır?

Mövcud çətin dalandan çıxış yolu kimi, Misir vasitəçiləri belə bir variant təklif edir: 200 döyüşçü silahı yerə qoysun, İsrail isə onların üçüncü bir ölkəyə göndərilməsi şərti ilə buraxılmasına razılaşsın.

Lakin İsrail bu yarımçıq addımı mənasız, hətta təhlükəli hesab edir, çünki bu, Həmas özəklərinin xaricdə güclənməsinə şərait yarada bilər.

İsrailli siyasətçilər bildirirlər ki, tələyə düşmüş qrupun silahsızlaşması yalnız Qəzzanın ümumi demilitarizasiya planının bir hissəsi kimi qəbul edilə bilər, tək bir vəziyyətdən çıxış yolu kimi yox.

"Onların qarşısında cəmi iki seçim var: ya təslim olub İsrail həbsxanasına düşmək, ya da ölmək. Üçüncü variant yoxdur", - ölkənin sabiq müdafiə naziri, "Bizim Evimiz İsrail" partiyasının lideri Aviqdor Liberman deyib.

Nə olacaq?

Bəzi məlumatlara əsasən, bir neçə gün əvvəl İsrail hakimiyyəti döyüşçülərə tunelləri maneəsiz tərk etməyi və onların daha sonra İsrail həbsxanalarına aparılmasını təklif edib.

Təklifdə, həmçinin qeyd olunur ki, müəyyən şərtlər yerinə yetirilərsə, İsrail gələcəkdə onların yenidən Qəzza sektoruna qaytarılmasını istisna etmir. Həmin şərtlərin nədən ibarət olduğu isə hələlik aydın deyil.

Bu təklif qəbul olunmadı. O vaxtdan bəri döyüşçülər İDF-ə qarşı bir neçə hücum həyata keçiriblər.

"Biz Rəfahdakı terrorçulara sağ qalmaq və tunelləri tərk etmək imkanı verdik. Onlar hələ də irəli sürdüyümüz şərtləri yerinə yetirməyə razı deyillər. Görünür, onlar şəhid olmağı seçiblər", - anonimliyin qorunması şərti ilə İsrail rəsmisi Channel 12-yə bildirib.

Çərşənbə günü Həmas yayımladığı bəyanatda İsraili Rəfah tunellərində bloklanan mübarizə döyüşçülərinin "təqib edilməsi, məhv edilməsi və saxlanılması" yolu ilə atəşkəs razılaşmasını pozmaqda ittiham edib.

İsrail isə cavab olaraq bildirib ki, tunellər və raket buraxılış qurğuları tam sökülməyənədək Qəzzanın bərpasının maliyyələşdirilməsi ilə bağlı əsas danışıqlardan çıxa bilər.

Karnegi Fondunun eksperti Charles Johnson deyir: "Qəzzada davamlı sülh məhz Trampın "sövdələşmə" yönümlü xarici siyasətinin uzaqlaşdığı şeyi tələb edir: çoxşaxəli koalisiya dəstəyi və güclü institusional baza".

Yerusəlim Strateji və Təhlükəsizlik İnstitutunun (JISS) baş elmi əməkdaşı Emmanuel Navonun fikrincə, Trampın sülh planını xilas etməyin azsaylı yollarından biri ABŞ-ı regional diplomatiyanı sinxronlaşdırmağa inandırmaqdır.

"Məsələn, İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması Qəzza planının son mərhələsinə saxlanılmamalıdır. Bu ittifaq yeni Yaxın Şərq arxitekturasının mükafatı yox, hərəkətverici qüvvəsi olmalıdır", - ekspert əmindir.