Həmas öz məmurlarının maaşlarını necə ödəyir?

Həmas Qəzza israil

Şəklin mənbəyi, MOHAMMED SABER/EPA

Şəklin alt yazısı, Bu cür səhnələrdən sonra İsrail yardımların paylanmasına qoyduğu məhdudiyyətlərə görə qınanıb.
    • Müəllif, Rushdi Abualouf
    • Vəzifə, Qəzza müxbiri
    • Məkan, Bildirdiyi yer İstanbul

Təxminən iki il davam edən müharibədən sonra Həmas-ın hərbi potensialı xeyli zəifləyib və onun rəhbərliyi böyük təzyiq altındadır.

Bununla belə, Həmas müharibə zamanı 30 min dövlət qulluqçusunun, ümumilikdə 7 milyon dollar maaşını ödəyə bilib. Təşkilat bunun üçün gizli nağd ödəmə sistemindən istifadə edib.

BBC keçən həftə təxminən 300 dollar maaş aldığını deyən üç dövlət məmuru ilə danışıb.

Güman edilir ki, hər 10 həftədən bir minlərlə dövlət işçisinə müharibədən əvvəlki maaşlarının təxminən 20 faizi civarında pul ödənilir.

İnflyasiya şəraitində maaşlarının bir hissəsini alan Həmas rəsmiləri arasında qəzəb var.

İsrailin ərzaq məhdudiyyətləri səbəbindən kəskin qida çatışmazlığı hallarının artması davam edir.

Qəzzada bir kiloqram unun qiyməti bu yaxınlarda rekord qıraraq 80 dollara çatıb.

Qəzzada işləyən bank sistemi olmadığı üçün maaş almaq mürəkkəb və bəzən təhlükəlidir.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

İsrail mütəmadi olaraq, Həmas-ın idarəetmə imkanlarını sarsıtmaq üçün vəsaitlərin bölüşdürülməsinə cavabdeh olan rəsmiləri hədəfə alır.

Bəs maaş bölgüsü necə həyata keçirilə bilir?

Polis məmurlarından tutmuş vergi işçilərinə qədər dövlət qulluqçularının və ya onların həyat yoldaşlarının telefonlarına şifrəli mesaj göndərilir.

Mesajda o, müəyyən yerdə və müəyyən vaxtda "bir dostla çay içməyə" dəvət edilir.

Görüş yerində bir kişi və ya bəzən qadın dövlət işçisinə yaxınlaşır və içərisində pul olan möhürlənmiş zərfi gizli şəkildə ona verir və dərhal da yoxa çıxır.

Təhlükəsizlik məqsədilə adının çəkilməsini istəməyən din xadimi maaş almağa getməyin təhlükələrini belə izah edir:

"Hər dəfə maaşımı almağa gedəndə həyat yoldaşım və uşaqlarımla vidalaşıram, çünki anlayıram ki, geri dönməyə bilərəm. Bir neçə dəfə İsrail hava hücumları maaş paylama məntəqələrini hədəfə alıb. Qəzza şəhərində izdihamlı bir bazara olan hücumların birində sağ qaldım".

Təhlükəsizlik məqsədilə adını dəyişdirdiyimiz Alaa həm də müəllimdir və altı nəfərlik ailəsini təkbaşına dolandırmağa çalışır.

"Mən 1000 şekel (təxminən 300 dollar) köhnəlmiş əskinas aldım. Heç bir dükançı onları qəbul etməz. Mən onların cəmi iki yüzündən istifadə etdim. Qalanları ilə nə edəcəyimi bilmirəm", - Alaa BBC-yə deyib.

Alaa izah edir:

"İki ay yarım çəkən aclıqdan sonra pulumuzu cırıq əskinaslarla verirlər.

"Uşaqlarımı yedizdirmək üçün bir az un almaq ümidi ilə tez-tez yardım paylama məntəqələrinə getməli oluram. Hərdən bir az gətirməyə nail oluram, amma çox vaxt heç nə əldə etmirəm".

İsrail ordusu mart ayında Həmas-ın baş maliyyə direktoru İsmayıl Bərhumun Xan Yunusdakı Nasser xəstəxanasına edilən hücumda öldürüldüyünü açıqlamışdı.

Onlar Barhumu Həmas-ın hərbi qanadını maliyyələşdirməkdə ittiham ediblər.

Həmas-ın inzibati və maliyyə infrastrukturunun böyük hissəsinin dağıdılmasına baxmayaraq, maaşları hansı mənbədən ödədiyi aydın deyil.

Həmas-ın maliyyə əməliyyatları ilə tanış olan yüksək səviyyəli Həmas əməliyyatçısı BBC-yə bildirib ki, qrup oktyabrın 7-də baş verən hücumdan əvvəl yeraltı tunellərdə təxminən 700 milyon dollar və yüz milyonlarla şekel nağd pul toplayıb.

Bu vəsaitlərin İsrailin hücumlarında öldürülən Həmas lideri Yəhya Sinvar və onun qardaşı Məhəmməd tərəfindən idarə edildiyi iddia olunur .

Həmas tərəfdarlarına verilən mükafata görə qəzəb

Qəzza Həmas

Şəklin mənbəyi, EPA

Müharibədən əvvəl Həmas xalqdan toplanan vergilərdən və Qətərdən gələn milyonlarla dollar yardımdan asılı idi.

Təşkilatın hərbi qanadı olan və ayrıca maliyyə sistemi ilə fəaliyyət göstərən Əl-Qəssam briqadaları əsasən İran tərəfindən maliyyələşdirilirdi.

Dünyanın ən nüfuzlu islamçı təşkilatlarından biri, Misirdə yerləşən "Müsəlman Qardaşlar"ın yüksək səviyyəli rəsmisi büdcələrinin 10 faizinin Həmas-a yönəldildiyini bildirib.

Siqaretlərə böyük vergi

Müharibə zamanı gəlir əldə etmək üçün Həmas dükan sahiblərinə də vergilər qoymuşdu. Siqareti normal qiymətdən 100 dəfə baha qiymətə satırdı.

Müharibədən əvvəl bir qutu siqaretin qiyməti 5 dollar idi. İndi 170 dollardan çoxdur.

Həmas nağd ödənişlərdən əlavə, İsrailin hücumları səbəbindən rəhbərliyi tez-tez dəyişən yerli fövqəladə hallar komitələri vasitəsilə üzvlərinə və onların ailələrinə ərzaq yardımı paylayıb.

Bu vəziyyət də ictimaiyyətdə hiddət yaradıb.

Qəzzalıların çoxu Həmas-ı yardımı yalnız öz tərəfdarlarına paylamaqda və əhalinin qalan hissəsini kənarda saxlamaqda ittiham edir.

İsrail, həmçinin Həmas-ı keçən ay atəşkəs zamanı bölgəyə daxil olan yardımları oğurlamaqda ittiham edib. Həmas bunu inkar edir.

Lakin BBC-nin Qəzzadakı mənbələri bu müddət ərzində Həmas-ın əhəmiyyətli miqdarda yardım aldığını bildirib.

Beş il əvvəl ərinin xərçəngdən ölməsindən sonra dul qalan Nesrin Xalid BBC-yə deyib: "Uşaqlarım təkcə aclıqdan deyil, həm də Həmas-a bağlı qonşularımızın ərzaq yardımı və çuvallarla un aldığını gördükləri üçün ağlayırlar".

"Əzablarımızın səbəbkarı onlar deyilmi? Niyə 7 oktyabr macərasına başlamazdan əvvəl ərzaq, su və dərman ehtiyatı toplamadılar?", - deyə o əlavə edir.