Cənubi Koreyanın keçmiş birinci xanımını həbsə aparan yol: Chanel çanta, almaz boyunbağı, korrupsiya

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Hyojung Kim
- Vəzifə, BBC
- Oxuma vaxtı: 5 dəq
Cənubi Koreyada keçmiş birinci xanım Kim Keon Hee-nnin nüfuzdan düşməsinə Chanel markalı bir əl çantası və bir almaz boyunbağı səbəb oldu.
Kim korrupsiyada təqsirli bilinərək 20 ay həbs cəzasına məhkum edildi.
Keçmiş Prezident Yoon Suk Yeol-un həyat yoldaşı Kim Keon Hee əvvəlcə 2025-ci ilin avqustunda rüşvət, birja manipulyasiyası və siyasi müdaxilə də daxil olmaqla bir sıra ittihamlarla saxlanılmış, daha sonra isə həbs edilmişdi.
Kim bütün ittihamları rədd edir.
Məhkəmə yalnız bir ittihamın əsaslı olduğuna qərar verdiyi üçün Kim-in aldığı cəza prokurorluğun tələb etdiyi 15 ildən xeyli az oldu.
Cənubi Koreyada yanvarın 28-də televiziya vasitəsilə canlı yayımlanan bu məhkəmə prosesi Kim-in mühakimə olunduğu üç işdən birincisidir.
Təxminən iki həftədən az əvvəl onun həyat yoldaşı 2024-cü ilin sonunda ölkəni xaosa sürükləyən uğursuz fövqəladə vəziyyət cəhdi səbəbilə beş il həbs cəzasına məhkum edilmişdi.
Cənubi Koreyada keçmiş prezidentlərin həbs olunması ilə bağlı uzun bir tarix mövcuddur.
Lakin ölkədə indiyədək heç vaxt həm keçmiş prezident, həm də onun həyat yoldaşı eyni vaxtda həbs olunmamışdı.
Bəs Kim Keon Hee kimdir və o, həbsxanaya necə düşdü?

Şəklin mənbəyi, Getty Images
"Dərin səmimiyyətlə üzr istəyirəm"
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Prokurorlar iddia ediblər ki, 52 yaşlı Kim 2010-cu ilin oktyabrından 2012-ci ilin dekabrına qədər Cənubi Koreyada BMW dileri olan Deutsch Motors şirkətinin səhmlərində aparılan manipulyasiyalara töhfə verərək 800 milyon vondan artıq (təxminən 552 min dollar ) qazanc əldə edib.
Lakin məhkəmə Kim-in bu planın icrasında birbaşa iştirak etdiyi iddiasını qəbul etməyib.
Həmçinin iddia olunurdu ki, Kim mübahisəli bir dini icmadan iş imtiyazları qarşılığında rüşvət kimi 80 milyon von dəyərində lüks çantalar, almaz boyunbağı və digər hədiyyələr qəbul edib.
Hakimlər korrupsiya ittihamının qismən əsaslı olduğunu bildirərək boyunbağının müsadirə edilməsinə və Kim-in aldığı hədiyyələrin əvəzi olaraq təxminən 13 milyon von ödəməsinə qərar veriblər.
Keçmiş birinci xanıma yönələn digər ittihamlar arasında Covana Contents adlı şirkəti vasitəsilə rüşvətlə əlaqəli sponsorluqlar əldə etmək, eləcə də Seul–Yangpyeong avtomagistralının marşrutunun dəyişdirilməsi və Yangpyeong Gongheung bölgəsinin təsdiq prosesinə müdaxilə etmək də var.
Kim Keon Hee barəsində ümumilikdə 16 ayrı ittiham mövcuddur.
Kim avqust ayında keçirilən məhkəmə iclasında jurnalistlərə belə demişdi:
"Önəmsiz bir insan olmağıma baxmayaraq, problem yaratdığım üçün dərin səmimiyyətlə üzr istəyirəm".

Şəklin mənbəyi, Getty Images
Universitet diplomu ləğv edildi, rüşvətdə ittiham olundu
Kim həyat yoldaşı keçmiş prezident Yoon Suk Yeol siyasətə girməmişdən əvvəl də medianın və ictimaiyyətin diqqətini çəkmişdi.
O, mediada və ictimai tədbirlərdə incəsənət, fəlsəfə və mənəviyyat mövzularına vurğu edir, əvvəlki first lady-lərdən fərqli bir keçmişə sahib olduğuna diqqət çəkirdi.
Əksəriyyəti professor, müəllim və ya vətəndaş cəmiyyəti fəalı olan sələflərindən fərqli olaraq, Kim iş qadını idi.
First Lady titulunu rəsmi şəkildə daşımamışdan əvvəl incəsənət və media sektorları ilə açıq və görünən əlaqələr qurmuşdu. Bu isə ənənəvi olaraq "səssiz dəstəkçi həyat yoldaşı" obrazının tam əksi idi.
Onun özünəməxsus moda seçimləri və üslubu da ictimaiyyətin marağına səbəb olmuşdu.
Kim 1999-cu ildə Sookmyung Universitetinin İncəsənət fakültəsini bitirmişdi, lakin sonradan tələbəlik illərinə aid plagiat iddiaları ilə tez-tez üzləşdi.
Universitetin etik komitəsi dissertasiyasının uyğun olmadığını müəyyən etdikdən sonra, 2025-ci ildə onun diplomu ləğv edildi.
Kim isə bu iddialarla bağlı ictimaiyyətə heç vaxt açıqlama vermədi.
O, 2009-cu ildə Covana Contents adlı incəsənət sərgilərinin planlaşdırılması ilə məşğul olan bir şirkət qurdu və müxtəlif sərgilərin kuratorluğunu etdi.
Lakin 2019-cu ildə Cənubi Koreya mediasında Kim-in vergidən yayınmaqda və incəsənət sərgilərinə ev sahibliyi etmək qarşılığında rüşvət almaqda ittiham edildiyi xəbərlər yayımlandı.
Baş icraçı direktor vəzifəsindən ayrılan Kim 2023-cü ildə bu ittihamlardan bəraət aldı, lakin xüsusi prokuror hələ də bu iddiaları yenidən araşdırır.
2021-ci ildə keçirilən prezident seçkiləri ərəfəsində Kim-in universitetlərə və şirkətlərə saxta sertifikatlar və mükafatlarla müraciətlər etdiyi iddia olunmuşdu.
Kim həmin ilin sonrakı aylarında, tərcümeyi-halında yer alan və "şişirtmə" adlandırdığı məqamlarla bağlı ictimaiyyət qarşısında üzr istədi.
O, həmçinin həyat yoldaşının prezident olması halında "yalnız onun həyat yoldaşı kimi First Lady roluna fokuslanacağını" bildirmişdi.

Şəklin mənbəyi, Getty Images
Kim sonradan Cənubi Koreyanın first lady-si olduqda rəsmi fəaliyyətləri, xarici protokolu, rəsmi olmayan personalı və lüks hədiyyələrin qəbulu ilə bağlı bir sıra tənqidlər eşitdi.
Bunun ən diqqətçəkən nümunələrindən biri, 2022-ci ilin iyun ayında Madriddə keçirilən NATO zirvəsində diplomatik səhnəyə ilk çıxışı idi.
Həyat yoldaşı və o dövrdə Cənubi Koreya prezidenti olan Yoon Suk Yeol-a İspaniya səfərində yoldaşlıq edərkən Kim, sənət muzeylərini ziyarət etmək və flamenko şoularında iştirak etmək kimi əvvəlcədən xəbər verilmədən və ya rəsmi proqram daxilində olmayan tədbirlərdə iştirak etdi.
Daha sonra, 2022-ci ilin sentyabrında Kim-in paytaxt Seul-də bir ofisdə bir şəxsdən lüks bir çanta aldığı göstərilən bir video ortaya çıxdı.
Görüntülər 2023-cü ilin sonlarında mediaya təqdim edildi.
Prezidentlik ofisi əvvəlcə xəbərlərə şərh vermədi və iddialara cavab vermədi. Bu mövqe mübahisələri daha da alovlandırdı.
Vətəndaş cəmiyyəti təşkilatları, Kim Young-ran qanunu olaraq da tanınan Korrupsiyaya Qarşı Mübarizə Qanununun mümkün pozuntularını əsas gətirərək prokurorluğa şikayət etdilər.
Məsələ siyasi polemikaya yol açdı.
Bəzi dairələr Kim-i "maraqlar toqquşmasında" ittiham etdi. Hakimiyyət isə iddiaların "siyasi məqsədli şantaj kampaniyası" olduğunu müdafiə etdi.

Şəklin mənbəyi, Getty Images
Cənubi Koreyada prokurorlar tərəfindən sorğuya çəkilən ilk keçmiş first lady deyildi.
2004-cü ildə, keçmiş prezident Chun Doo-hwan-in həyat yoldaşı Lee Soon-ja, həyat yoldaşının qanunsuz siyasi maliyyələşdirilməsi ilə bağlı olaraq Ali Prokurorluğun Mərkəzi Araşdırma Şöbəsi tərəfindən şahid kimi sorğuya çəkilmişdi.
2009-cu ildə, keçmiş prezident Roh Moo-hyun-un həyat yoldaşı Kwon Yang-sook, Taekwang Industrial-in keçmiş prezidenti və bir sıra siyasətçilərin iştirak etdiyi "Park Yeon-cha qalmaqalı" adlı rüşvət işi ilə bağlı sorğuya cəlb edilmişdi.
Roh Moo-hyun-un vəfatından sonra araşdırma dayandırıldı.
Keçmiş prezident Lee Myung-bak-ın həyat yoldaşı Kim Yoon-ok isə 2012-ci ildə Naegok-dong-da xüsusi bir yaşayış evi üçün torpaq alınması ilə bağlı şübhələr üzündən yalnız yazılı sorğuya cəlb olunmuşdu.



























