Baby Shark: 90 saniyəlik klip necə 400 milyon dollarlıq şirkətə çevrildi?

Pinkfong Baby Shark

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, Osmond Çia

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Bir rəqəmsal məzmun şirkətinin rəhbəri Kim Min-seok 2016-cı ilin iyun ayında 90 saniyədən ibarət bir uşaq mahnısının klipinin yayımlanmasına razılıq verdikdə, bunun sonradan nəyə çevriləcəyindən tamamilə xəbərsiz idi.

Qlobal fenomenə çevrilən video 16 milyarddan çox izlənərək YouTube-un ən çox baxılan videosu oldu.

Bu mahnı inanılmaz dərəcədə yadda qalan Baby Shark idi.

Bu video dünyanın hər yerində kiçik uşaqları valeh etməklə yanaşı, böyükləri də heyrətləndirdi və yaradıcısı olan Pinkfong şirkətinin yüz milyonlarla dollar dəyərində media şirkətinə çevrilməsinin təməlini qoydu.

Pinkfong-un baş direktoru Kim firmanın Cənubi Koreyanın paytaxtı Seuldakı qərargahından BBC-yə danışaraq deyir:

"Bunun digər məhsullarımızdan fərqli olacağını gözləmirdik. Geriyə baxanda görürəm ki, bu, bizim qlobal yolçuluğumuzun əsasını qoyan dönüş nöqtəsi idi".

Bu yolçuluq Pinkfong-u Cənubi Koreya birjasına çıxardıb və şirkətin səhmləri ilk ticarət günündə 9 fazidən çox yüksələrək 400 milyon dollardan artıq dəyər qazanıb.

Pinkfong CEO-su Kim Min-seok şirkətin birjaya çıxış mərasimində

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Pinkfong CEO-su Kim Min-seok şirkətin birjaya çıxış mərasimində

"Maaş gözləntimiz yox idi"

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

2010-cu ildə SmartStudy adı ilə qurulan şirkət 12 yaşa qədər uşaqlar üçün rəqəmsal məhsul hazırlayırdı.

Şirkətin yalnız üç əməkdaşı var idi: Kim və baş texnologiya direktoru Dongwoo Son da daxil olmaqla.

Kim həmin dövrü belə xatırlayır:

"Ofis çox balaca idi, hətta buradan da kiçik", - o, zəng etdiyi kiçik konfrans otağını göstərərək deyir.

Kim tərcüməçi vasitəsilə danışır və əlavə edir:

"Həmin vaxtlar maaş gözləntimiz belə yox idi".

Pinkfong bir neçə böyük yenilənmədən keçdi, o cümlədən diqqətini 1–3 yaş arası qrupa - yeni yeriməyə başlayan uşaqlara yönəltdi.

Şirkət təxminən 100 əməkdaşa çatdı və daha sadə, öyrənməyə əsaslanan oyunlar və məzmunlara üstünlük verməyə başladı.

Kim deyir: "Baby Shark da məhz həmin vaxt ortaya çıxdı".

Şirkət 2022-ci ildən bəri Pinkfong adı ilə tanınır və bu ad onun ilk cizgi filmlərindən birindəki şən və maraqlı tülküdən ilhamlanıb.

Hazırda şirkətin Tokio, Şanxay və Los-Ancelesdə ofisləri var və təxminən 340 əməkdaşı çalışır.

Şirkət 2022-ci ildə Pinkfong adlı tülkünün adını götürdü.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Şirkət 2022-ci ildə Pinkfong adlı tülkünün adını götürdü.

Baby Shark-ın böyük sıçrayışı

Baby Shark-ın əslində 1970-ci illərdə ABŞ-da yarandığına və adətən, uşaq düşərgələrində oxunan bir mahnı olduğuna inanılır.

Nanyang Texnologiya Universitetinin media analitiki Kevin Chew deyir ki, "Körpə köpəkbalığı, doo, doo, doo, doo, doo" sözlərini təkrarlayan bu mahnı "uşaqlar üçün cəlbedicidir, lakin böyüklər üçün yəqin ki, yorucu olur".

Şirkətin qurucusu Kim də mahnının nə qədər yadda qalan olduğunun fərqindədir.

"Bu, K-pop mahnısı kimidir. Çox sürətli tempi ritmik və asılılıq yaradır", - deyə o bildirir və melodiyanın uşaqlar üçün xatırlamağı asanlaşdıran bir "ilahə effekti" olduğunu əlavə edir.

Mahnı bir anda hitə çevrildi və rəqs fiqurları Cənub-Şərqi Asiyadakı uşaq tədbirlərində nümayiş etdirildikdə böyük maraq doğurdu.

Uşaqların və böyüklərin mahnı ilə birlikdə rəqs etdiyi videolar internetdə yayılmağa başladı və klip viral oldu.

Kim deyir ki, Pinkfong ofisində "bayram havası" yaranmışdı və komanda izlənmə saylarının sürətlə artmasını görürdü.

2020-ci ilin noyabrında Baby Shark klipi YouTube-un ən çox baxılan videosu titulunu qazandı.

Kim bildirir ki, videonun dərcindən sonrakı illərdə şirkətin gəlirinin təxminən yarısı məhz bu videodan gəlib və Baby Shark yeni məzmun və məhsullar üçün bir tramplin rolunu oynayıb.

Lakin Pinkfong 2019-cu ildə amerikalı bir bəstəkarın əsərini oğurlamaqda ittiham edildikdən sonra hüquqi mübarizə ilə üzləşdi.

Cənubi Koreya Ali Məhkəməsi şirkətin versiyasının ictimai mülkiyyət olan xalq mahnısından törədildiyini qeyd edərək iddianı rədd etdi.

Kim-ə görə, bu qələbə şirkətin səhmlərini birjaya çıxararkən mənəvi dəstək oldu.

Tək uğurmu, yoxsa davamlı marka?

Koreya Universitetinin biznes üzrə müəllimi professor Min Jung Kim deyir ki, Pinkfong-un Bebefinn və Sealook kimi digər layihələri sürətlə böyüyür, lakin şirkət hələ də uğurunun yalnız Baby Shark-a bağlı olmadığını sübut etməlidir.

O, həmçinin əlavə edir ki, kiçik uşaqlar eyni materialları təkrar-təkrar izləməyə meyilli olduqları üçün şirkətin hədəf auditoriyası böyük üstünlükdür.

Kim Min-seok ümid edir ki, Baby Shark-ı geridə qoyub daha irəli gedə biləcəklər -Baby Shark hazırda Pinkfong-un gəlirinin təxminən dörddə birini təşkil edir.

Bu arada Bebefinn böyük sıçrayış edərək gəlirin təxminən 40 faizinə sahib olub.

BBC ilə danışan valideynlər isə Baby Shark-ın onlarda yaratdığı hisslər barədə qarışıq düşüncələrə malikdir.

İki uşaq atası Salem Naşef şirkətin məhsullarının maarifləndirici tərəflərini yüksək qiymətləndirdiyini, amma həyat yoldaşının Baby Shark-ı "uşaqlar üçün həddindən artıq stimullaşdırıcı" hesab etdiyini deyir.

Bununla belə, üç yaşlı qızları üşün Baby Shark mövzulu ad günü keçirəcəyinə görə videodan qaçmaq mümkün görünmür.

Prof. Min Jung Kim bildirir ki, Pinkfong-un Baby Shark-ın kommersiya cazibəsinə uyğun başqa personajlar yaradıb-yarada bilməyəcəyi hələ də qeyri-müəyyəndir.

Kim deyir ki, şirkət ilk birja ticarətində təxminən 52 milyon dollar vəsait toplayıb və bu pulu filmlər və personaj çeşidini genişləndirmək üçün istifadə etməyi planlaşdırır.

Şirkət, həmçinin yeni layihələrini formalaşdırmaq üçün alqoritmlərdən və digər məlumatlardan istifadə edərək "texnologiya yönümlü" istehsalçıya çevrilməyi hədəfləyir.

Kim deyir: "Pinkfong, bir çox yaradıcıların hər zaman xəyal etdiyi şeyi gerçəkləşdirdi."

Amma indi şirkət investorlarına özünün yalnız bir dəfəlik möcüzə olmadığını sübut etmək məcburiyyətindədir.