Ukrayna müharibəsi: Ukrayna və Rusiya Lisiçanska nəzarət etdiklərini iddia edirlər

Ukraynada döyüşlər

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Lisiçanskdakı döyüşlər nəticəsində şəhərin səmasında yayılan tüstülər

Ukraynanın şərqindəki Lisiçansk şəhərinə nəzarət barədə rəqabətli iddialar səslənir və həm Rusiya, həm də Ukrayna qüvvələri nəzarəti öz əllərində saxladıqlarını deyirlər.

Ukrayna qüvvələri oranın Rusiyanın intensiv atəşinə məruz qaldığını deyir, lakin şəhərin ələ keçirilmədiyini israr edir.

Bununla belə, Rusiyanın dəstəklədiyi separatçılar şəhərə uğurla daxil olduqlarını və onun mərkəzinə çatdıqlarını bildirirlər.

Rusiya mediası separatçı və ya Rusiya qüvvələrinin küçələrdə parad keçirdiklərini əks etdirən videolar nümayiş etdirib.

Rusiya mənbələri həmçinin şəhərin xarabalığa çevrilmiş inzibati mərkəzinə Sovet bayrağının sancılması ilə bağlı videonu da yayıb, lakin bu, təsdiqlənməyib.

Bu, Donbas sənaye bölgəsinin bir hissəsi olan Luqanskda Ukraynanın nəzarətində olan sonuncu şəhərdir. Rusiya ötən ay yaxınlıqdakı Severodonetsk şəhərini ələ keçirib.

Luqansk vilayətinin qubernatoru Serhiy Hayda bildirib ki, Rusiya qüvvələri hər tərəfdən şəhəri mühasirəyə alsalar da onlar Lisıçanska daxil ola bilməyiblər.

Rusiyayönlü separatçı Luqansk Xalq Respublikasının Rusiyadakı səfiri Rodion Miroşnik Rusiya televiziyasına deyib ki, Lisiçansk "nəzarət altına alınıb", lakin "hələ azad edilməyib".

Hərbi müdafiə məsələləri üzrə bloqçusu Rob Lee şəhərdən əslən çeçen olan rus əsgərlərinin görüntülərini paylaşıb.

Fevralın 24-də Rusiya Ukraynanın NATO-ya yaxınlaşdığını və buna görə onu “demilitarizasiya” və “de-nazifikasiya” etmək istədiyini iddia edərək işğal etdiyi vaxtdan bəri minlərlə dinc sakin və döyüşçü həlak olub və ya yaralanıb, ən azı 12 milyon insan isə evlərini tərk edib.

Qərb dövlətləri buna cavab olaraq Ukraynanı silahlandırıb və nüvə dövləti və qlobal enerji təchizatçısı olan Rusiyaya qarşı görünməmiş sanksiyalar tətbiq ediblər.