İlham Əliyev Azərbaycan-Ermənistan görüşü üçün Gürcüstanı təklif edib

Şəklin mənbəyi, Azərtac
Azərbaycan Ermənistanla sülh danışıqlarının Gürcüstanda keçirilməsini istəyir.
Bazar günü Tbilisiyə birgünlük rəsmi səfərə gedən Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşündə deyib ki, əgər Ermənistan da razı olarsa, “Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər”, prezident.az yazıb.
Ilham Əliyevin bu bəyanatı Azərbaycan-Ermənisan liderlərinin bu ayın axırı Brüsseldə gözlənən görüşü ərəfəsində səslənib.
Bundan əvvəl, rəsmi Bakı Fransa, Almaniya, Avropa İttifaqı, Ermənistan və Azərbaycan liderlərinin görüşünün nəzərdə tutulduğu Qranada görüçündən imtina etmiş, buna Fransanın tutduğu "anti-azərbaycan" mövqeyini əsas gətirmişdi.
Prezident. az-ın xəbərinə görə, İlham Əliyev vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalıdılar: “Əgər biz buna nail olsaq, - mən buna ümidliyəm, - o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, bütün bunlar, mümkündür”.
Prezident Əliyev vurğulayıb ki, indiyə kimi buna Azərbaycan torpaqlarının işğal altında olması maneə yaradırdı: “İndi məqam gəlib çatıb və hesab edirəm ki, bu şansı əldən vermək böyük səhv olar”, prezident.az yazıb.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacağına ümid etdiklərini bildirib və vurğulayıb ki, Gürcüstan hər zaman qərəzsiz mövqe nümayiş etdirib və bu məsələdə vasitəçilik etməyə hazırdılar, prezident.az bildirib.
Rəsmi Yerevanın hələ ki, bu təklifə şərhi yoxdur.
İlham Əliyev Charles Michel-ə "Ermənistanın işğalı altında olan 8 Azərbaycan kəndinin azad edilməsinin vacibliyindən" danışıb

Şəklin mənbəyi, Azərtac
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Rəsmi Bakı Azərbaycanın iştirak etmədiyi halda adının Qranada bəyanatına salınmasını “düzgün yanaşma saymır”, Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel-lə şənbə günü telefon danışığında deyib, Azərtac yazıb.
Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi İcmasının sammiti çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazisini tanıyan bəyanatı imzalayıb.
Bəyanatı Ermənistanla yanaşı Almaniya, Fransa və Avropa İttfaqı liderləri də imzalayıb.
Sammit çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlərinin Almaniya, Fransa və Avropa İttfaqı liderlərinin iştirakıyla beştərəfli görüşü nəzərdə tutulmuşdu.
Rəsmi Bakı beştərəfli formata Türkiyənin qatılmasından imtina olunmasını və Fransanın Ermənistana silah vermək istəməsini əsas gətirərək bu Qranada görüşündən imtina etmişdi.
Bundan sonra, Aİ Şurasının Prezidenti Charles Michel Azərbaycan və Ermənistan liderlərini oktyabrın sonuna qədər Brüsseldə üçtərəfli formatda görüşə dəvət edib.
Charles Michel-in dəvətindən əvvəl rəsmi Bakı Brüssel formatını dəstəklədiyini və qısa müddət ərzində görüşməyə hazır olduğunu açıqlamışdı.
Oktyabrın 7-si axşam saatlarında Azərbaycan Prezident Adminstrasiyasının yaydığı məlumata görə, Aİ Şurasının Prezidenti Charles Michel-lə telefon danışığında İlham Əliyev bildirib ki, Fransanın Ermənistana silah verməsi “sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq”, Azərtac yazıb.
Prezident İlham Əliyev Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu deyərək, bu kəndlərin işğaldan azad olunmasının vacibliyini vurğulayıb, xəbərdə deyilir.
Charles Michel X hesabında yazıb ki, Brüssel görüşünə hazırlıq məqsədilə Prezident Əliyevə zəng edib və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə “sadiqliyini ifadə edib”.
O yazıb ki, Əliyevlə söhbətdə ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı hörmətin və sərhədlərin delimitasiyası üzrə irəliləyişin zəruriliyi təkrarlanıb və Qarabağ ermənilərinin təhlükəsizliyinin və hüquqlarının uzunmüddətli perspektivdə də təmin edilməsinin vacibliyi vurğulanıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X
Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan bəyanatı imzalayıb

Şəklin mənbəyi, N.Pashinyan/X
Oktyarın 5-də Nikol Paşinyanla bərabər Avropa İttifaqı Şurasının Pprezidenti Charles Michel, Fransa prezidenti Emmanuel Macron və Almaniya kansleri Olaf Scholz-un da imza atdığı bəyanatda "Ermənistanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına" dəstək verildiyi bildirilib.
Bəyanatda vurğulanıb ki, onlar Ermənistanın (29,800 km2) və Azərbaycanın (86,600 km2) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında iki ölkə arasında münasibətlərin normallaşmasına yönəlmiş bütün səylərə sadiq qalırlar.
Bəyanatda vurğulanıb ki, onlar Qarabağı tərk edərək Ermənistana yerləşmiş ermənilərlə bağlı ehtiyacları qarşılamaq üçün Ermənistana əlavə humanitar yardımın göstərilməsinin zəruriliyi barədə razılığa gəliblər.
“Bu qaçqınlar öz evlərinə və yaşayış yerlərinə qayıtmaq hüquqlarını heç bir şərt olmadan, beynəlxalq monitorinq altında, öz tarixlərinə, mədəniyyətlərinə və insan hüquqlarına lazımi hörmətlə yanaşılmaqla azad şəkildə həyata keçirməlidirlər”, - bəyanatda bildirilib.
Bəyanada o da bildirilib ki, tərəflər SSRİ Baş Qərargahının tərəflərə təqdim edilmiş ən son xəritələri əsasında sərhədin delimitasiyası istiqamətində təcili iş aparmalıdırlar.
Məlumata görə, bu xəritələr həm də hərbi qüvvələrin distansiyası, sülh müqaviləsinin yekunlaşdırılması və bütün humanitar məsələlərin həlli üçün əsas olmalıdır.
Sənəddə tərəflər daha geniş regional əməkdaşlıq üçün bütün sərhədlərin, o cümlədən Ermənistan və Türkiyə arasındakı sərhədin yenidən açılmasına, habelə ölkələrin suverenliyinə və yurisdiksiyasına tam hörmət əsasında bərabərlik və qarşılıqlılıq prinsiplərlə regional kommunikasiyaların açılmasına çağrılıb.
Avropa liderləri Ermənistan və Azərbaycanı, həmçinin bütün məhbusları azad etməyə, itkin düşənlərin taleyini həll etmək və minalardan təmizləmə işini asanlaşdırmaq üçün əməkdaşlığa çağırıblar.
Rəsmi Bakı "Aİ, Azərbaycan və Ermənistan formatında görüşə hazırdır", - Hikmət Hacıyev

Şəklin mənbəyi, Getty Images
Rəsmi Bakı Brüsseldə Avropa İttifaqı, Azərbaycan və Ermənistan formatında tezliklə üçtərəfli görüşlərə hazırdır, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev X hesabında yazıb.
Hikmət Hacıyev bildirib ki, Fransanın regionda “qərəzli və militarizasiya siyasətinə, Cənubi Qafqazda regional sülh və sabitliyə zərər gətirən və Avropa İttifaqının Cənubi Qafqaz siyasətini risk altına qoyan addımlarına və rəsmi Bakının israrına baxmayaraq, region ölkəsi olaraq qardaş Türkiyənin beşli formatda (Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya) olan görüşdə iştirakına imkan verilməməsinə görə Azərbaycan Qranada da iştirak etməməyə qərar verib”.
Hikmət Hacıyev yazıb ki, bəzi media resurslarında Azərbaycanın Ermənistanla təmaslardan və ya danışıqlardan imtina etməsi kimi təqdim edilməsi düzgün deyil və rəsmi Bakı Aİ Şurasının Prezidenti Şarl Mişelinin iştirakı ilə aparılan Avropa İttifaqı, Azərbaycan və Ermənistan formatında olan üçtərəfli Brüssel prosesini və regional sülh gündəliyini dəstəkləyir.
Qranada görüşünə qatılmaqdan imtina edən İlham Əliyevə Almaniya kansleri zəng edib

Şəklin mənbəyi, Getty Images
Almaniya və Azərbaycan regionda sülhü hədəfləyən, "Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel-in rəhbərliyi ilə aparılan Brüssel prosesini yaxından dəstəkləyir”, - Almaniya kansleri Olaf Scholz və Prezident İlham Əliyev telefon danışığında vurğulayıblar, Azərtac yazıb.
Prezident Administrasiyası Almaniya kanslerinin çərşənbə günü İlham Əliyevə zəng etdiyini açıqlayıb. Həmin gün İlham Əliyevin İspaniyanın Qranada şəhərində cümə axşamı günü olacaq Avropa Siyasi Birliyinin sammitinə qatılmaqdan imtina etməsi xəbəri yayılmışdı.
Sammit çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlərinin Almaniya, Fransa və Avropa İttfaqı liderlərinin iştirakıyla beştərəfli görüşü nəzərdə tutulmuşdu.
Rəsmi Bakının Qranada görüşündən imtinasına səbəblərdən biri kimi Türkiyənin bu formata daxil edilməsini istədiyi halda buna imkan verilməməsi və “beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) anti-Azərbaycan ab-havasının formalaşması” göstərilir, APA çərşənbə günü öz mənbəsinə əsasən yazıb.
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin Qranada görüşündən imtina etməsindən təəssüfləndiyni deyən Ermənistan Baş naziri Nikol Paşinyan onunla görüşdə "vacib sənəd" imzalamağa hazırlaşdığını açıqlayıb.
Almaniya hökuməti bildirib ki, Kansler Olaf Scholz oktyabrın 4-də İlham Əliyevlə telefon danışığında "hərbi gücdən istifadəni" rədd etdiyini bildirib, bundeskanzler.de saytı yazıb.
"O vurğulayıb ki, Federal hökumət Azərbaycan və Ermənistan arasında hər iki ölkənin ərazi bütövlüyü prinsipi əsasında danışıqlar yolu ilə həllinə və davamlı sülhə qətiyyətlə sadiqdir", - məlumatda deyilib.
Kansler Dağlıq Qarabağdakı vəziyyət və onun inkişafı ilə bağlı mümkün olan maksimum şəffaflığın vacibliyini vurğulayıb, - bundeskanzler.de yazıb.
Azərtac xəbər verir ki, Almaniya Kansleri İlham Əliyevlə “regional məsələlərlə bağlı fikir mübadiləsi aparıb”.
“Olaf Scholz region ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə Almaniyanın dəstəyini ifadə edib. ... Almaniya Kansleri BMT-nin ölkəmizdəki rezident əlaqələndirici missiyasının Azərbaycanın Xankəndi şəhərinə səfərinin müsbət bir addım olduğunu deyərək bunu yüksək qiymətləndirib”, - sayt yazır.
BBC Azərbaycanca oktyabrın 4-də Avropa İttifaqı Şurasının ofisindən və İspaniya Prezidentinin mətbuat ofisindən, o cümlədən Azərbaycan Prezident Adminstrasiyasından İlham Əliyevin səfərinin təxirə salınıb-salınmamasına cavab ala bilməyib.

Şəklin mənbəyi, EU
Paşiyan: "Mən bu sənədi imzalamağa hazıram"
Çərşənbə günü Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Qranada şəhərində İlham Əliyevlə "vacib sənəd" imzalamağı planlaşdırıbmış, TASS yazıb.
"Son ana qədər və hətta bu gün də biz Qranadaya səfəri təsdiqlədik. Qeyd etmək istərdim ki, biz çox konstruktiv və nikbin idik. Çünki biz əlamətdar sənədi imzalamaq üçün imkan olduğuna inanırdıq. Məlum oldu ki, planlaşdırılan görüş baş verməyəcək və burda bizim təqsirimiz yoxdur. Ümid edirik ki, masanın üzərində olan konseptual sənəd lazımi anda imzalanacaq. Mən bu sənədi imzalamağa hazıram. Təəssüf edirəm ki, sabah mənim belə mühüm qərarı elan etmək imkanım olmayacaq”, - Nikol Paşinyan parlamentdə çıxışında deyib.
Rəsmi Bakı Paşinyanın bu açıqlamasını hələ ki, şərh etməyib.

Çərşənbə günü APA öz mənbələrindən əldə etdiyi məlumata istinadən yazıb ki, Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. "Lakin buna imkan verilməyib və rəsmi Bakı Azərbaycana təklif olunan beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) anti-Azərbaycan ab-havası formalaşdığı" üçün bu görüşdən imtina edib.
"Fransa rəsmilərinin (müdafiə naziri, xarici işlər naziri və s.) ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar, Aİ Şurasının Prezidenti Şarl Mişelin Azərbaycanı ittiham edən dünənki açıqlaması fonunda Azərbaycan bu formatda danışıqlarda iştiraka lüzum görməyib", - xəbərdə deyilir.
"Belə format Azərbaycana lazım deyil. Bakı regiondan uzaq ölkələrlə regionun problemlərini müzakirə etməyə lüzum görmür. Bakı hesab edir ki, bu məsələlər regional çərçivədə müzakirə və həll edilə bilər", - APA yazıb.
Xəbərdə o da vurğulanır ki, əgər əvvəlki Aİ-Azərbaycan-Ermənistan üçlü formatı gündəmə gələrsə, Azərbaycan görüşdə iştirak edə bilər.
"Fransanın iştirak etdiyi heç bir format Azərbaycan üçün məqbul deyil, Bakı belə platformada iştirak etməyəcək", - APA yazıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çərşənbə günü keçirdiyi brifinqdə rəsmi Bakının Qranada görüşündən imtinasını Azərbaycanın suveren hüququ olduğunu söyləyib.
Avropa İtifaqı Şurasının Prezidenti Charles Michel Euronews-a müsahibəsində deyib ki, Azərbaycanın Qarabağdakı son hərbi əməliyyatından məyus olub.
Charles Michel müsahibədə Azərbaycanı tərəfdaş ölkə saydığını desə də, əlavə edib ki, münasibətlər “sadə deyil, çətin”dir: “Bəli, bu real çətinlikləri başa düşmək lazımdır”.
O deyib ki, Azərbaycanın “antiterror əməliyyatı” zamanı Rusiya Qarabağdakı erməniləri sülh və təhlükəsizliklə təmin etməyib və o bunu Rusiyanın erməni xalqına “xəyanəti” kimi qiymətləndirib.
İlham Əliyev və Nikol Paşinyan Avropa Siyasi Birliyinin sammiti çərçivəsində iyunda Moldovada görüşmüşdülər.
Oktyabrın 2-də Prezident İlham Əliyev keçirdiyi görüşlərin birində bildirib ki, Qranadada keçiriləcək görüşün regionda sülh gündəliyinin inkişafına təkan verəcəyinə ümidvardı.
Fransa Ermənistana "silah göndərə bilər"
Fransa “Ermənistana öz təhlükəsizliyini təmin etmək üçün silah göndərməyə hazırdır”, xarici işlər naziri Catherine Colonna Yerevanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında bəyan edib, Armenpress yazır.
O bildirib ki, Fransa gələcəkdə Ermənistana hərbi texnikanın çatdırılmasına imkan verən müqavilə imzalamağa razılaşıb, ancaq hələlik təfərrüatları açıqlaya bilməz”, - xəbərdə deyilib.
Səfir vurğulayıb ki, onun Yerevana səfəri Fransanın Ermənistanın ərazi bütövlüyü əleyhinə “hər hansı təhlükəyə qarşı ayıq-sayıq olacağını göstərmək üçündür”, - Armenpress yazıb.
“Fransa xarici işlər naziri ölkəsinin Ermənistana 12,5 milyon avroluq humanitar yardım planlaşdırdığını da əlavə edib. Catherine Colonna əmin edib ki, lazım gələrsə, bu yardım davam etdiriləcək”, - saytın xəbərində deyilir.
Azərbaycan XİN çərşənbə günü yaydığı bəyanatda fransalı nazirin Azərbaycana qarşı səsləndirdiyi fikirləri “əsassız iddialar” adlandıraraq, “pisləyib və rədd edib”.
“Fransanın Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi qəbuledilməzdir. Fransanın bölgəmizə tarixən müdaxilə etmə cəhdləri kimi, bu səylərin də uğursuzluğa düçar olacağı Fransaya aydın olmalıdır”, qurumun bəyanatında vurğulanır.
BMT missiyası: Xankəndidə "mülki infrastruktura ziyan dəyməyib"

Şəklin mənbəyi, Getty İmages
BMT missiyası Xankəndidə mülki infrastruktura zərər dəymədiyini deyir. Bu barədə missiyanın bazar ertəsi axşam saatlarında yaydığı bəyanatda bildirilir.
Missiya araşdırma aparmaq üçün oktyabrın 1-də Xankəndiyə getmişdi.
Azərbaycan sentyabrın 19-20-də Qarabağda keçirdiyi "antiterror tədbirləri"ndən sonra üzləşdiyi "etnik təmizləmə" ittihamlarını rədd edərək BMT-nin missiyasının bölgədə işləməsinə şərait yaratmışdı.
"Antiterror tədbirləri"ndən sonra separatçı qurum özünü buraxıb, Azərbaycan bütöv Qarabağa nəzarətini bərpa edib, burda yaşayan etnik ermənilər isə kütləvi şəkildə Qarabağı tərk etməyə başlayıb.
Bazar ertəsi rəsmi Bakı Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı planını açıqlayıb. Bir gün qabaq isə elan edib ki, artıq Dövlət Miqrasiya xidməti Xankəndidə əhalinin reinteqrasiya prosesinə başlayıb.
Ermənistan 100 mindən çox erməninin Qarabağı tərk etdiyini deyir. BMT bir həftə ərzində gedənlərin sayının 88 mindən çox olduğunu bildirib.
Azərbaycan hökuməti Qarabağı tərk edənlərin sayını açıqlamayıb.
Ermənistan Qarabağda 120 min, Azərbaycan 50 min etnik erməninin yaşadığını deyir.
"Şəhərdə heç bir mağaza açıq deyil”
Missiya Xankəndi şəhərində az sayda əhali qaldığını müşahidə edib və həmsöhbət olduğu adamlardan Qarabağda 50-1000 arası erməni sakini qaldığını eşidib.
Bəyanatda deyilir ki, missiya üzvləri baş çəkdikləri yerlərdə mülki ictimai infrastruktura, o cümlədən xəstəxanalara, məktəblərə və yaşayış binalarına, mədəni və dini strukturlara hər hansı bir ziyan dəydiyini görməyiblər, həmçinin müşahidə ediblər ki, Azərbaycan hökuməti şəhərdə səhiyyə xidmətlərinin və bəzi kommunal xidmətlərin bərpasına hazırlaşır.
“Missiya müşahidə edib ki, şəhərdə heç bir mağaza açıq deyil”, - bəyanatda deyilir.
Missiyaya son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı nə yerli əhalidən, nə də digər həmsöhbətlərdən şikayət daxil olub.
Bəyanatda deyilir ki, kənd yerləri haqqında məlumatın və oralara çıxışın məhdud olduğunu nəzərə alaraq, orda heyvandarlıq və əkinçiliklə bağlı, o cümlədən fermerlərin qarşıdan gələn mövsümdə buğda səpininə əlçatanlığı və ya hazır olub-olmaması barədə məlumat yoxdur.
“Missiya üzvləri kənd təsərrüfatı infrastrukturunun dağıdılmasını və ya yollarda ölmüş heyvanları müşahidə etməyib”, - məlumatda deyilir.
Missiyanın apara bildiyi söhbətlərə əsasən, indiki mərhələdə yerli əhalinin geri qayıtmaq niyyətində olub-olmadığını müəyyən etmək çətindir. Aydın olan odur ki, etimad və inamın yaradılması lazımdır və bunun üçün vaxta və bütün tərəflərin səylərinə ehtiyac var, missiyanın bəyanatında vurğulanıb.
Məlumatda o da deyilir ki, missiya Laçın dəhlizində Ermənistana doğru hərəkət edən heç bir mülki avtomobilə rast gəlməyib, amma Xankəndi şəhərində onlarla sərnişini Ermənistana aparan avtobus görüb.







