Laçında saxlanmış erməni futbolçular: Azərbaycan və Ermənistan bir-birini ittiham edir

Laçın sərhəd-keçid məntəqəsində Azərbaycan sərhədçiləri

Şəklin mənbəyi, AZERTAG

Bazar ertəsi günü Azərbaycanın Laçındakı sərhəd-buraxılış məntəqəsində Qarabağdan Ermənistana gedən üç erməni futbolçusunu 10 günlük həbs etməsinə görə, Ermənistan və Azərbaycan bir-birini ittiham edib.

Rəsmi Bakı bildirib ki, erməni futbolçular “2021-ci ilin dekabrında Azərbaycan bayrağıını təhqir ediblər” və buna görə inzibati qaydada 10 gün müddətinə həbs ediliblər.

Çərşənbə axşamı günü Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib ki, Ermənistan ötən günki futbolçuların saxlanılması ilə bağlı bəyanatında “bölgədə vəziyyətə dair məlumatları təhrif edərək saxta və yalan dolu bəyanatlar yaymaqdadır”.

Ayxan Hacızadə bildirib ki, Ermənistan “cinayət törətmiş şəxslərin qaçırıldığını deməklə öz beynəlxalq öhdəliklərinə əməl etmir”, Azərbaycan isə “etnik və irqi zəmində nifrət əməllərinə qarşı” mübarizə aparır.

Ermənistan XİN bazar ertəsi günü bəyan edib ki, üç erməni futbolçu Rusiya sülhməramlılarının müşayəti ilə və əvvəlcədən razılaşdırılmış səfər zamanı “Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən oğurlanıb”.

Ermənistan Azərbaycanı Laçında sərhəd-buraxılış məntəqəsini “qanunsuz” qurmaqda, Qarabağdakı bütün erməni əhalini “kollektiv cəzaya məruz qoymağı planlaşdırmaqda” ittiham edib.

Azərbaycan bu iddiaları rədd edib.

Azərbaycan bayrağını “təhqir etmiş üç erməni futbolçu 10 günlük həbs olunub” – Baş Prokurorluq

Laçın sərhəd-keçid məntəqəsi

Şəklin mənbəyi, Azərtac

Bazar ertəsi günü Azərbaycandan Ermənistana gedərkən saxlanılan “üç erməni futbolçu barəsində 10 gün müddətinə inzibati həbs tətbiq olunub”, Azərbaycan Baş Prokurorluğu bildirib.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Bu gün səhər “2021-ci ilin dekabr ayında Azərbaycan bayrağı üzərində təhqiredici hərəkətlər edən erməni futbolçuların” Laçın sərhəd-keçid məntəqəsindən keçib Ermənistana gedərkən saxlandığı xəbəri yayılmışdı.

2021-ci ilin dekabrında sosial mediada erməni futbolçuların Azərbaycan bayrağını tapdalamasını əks etdirən videogörüntülər yayılmışdı. Videonun Xocavənddə çəkildiyi iddia olunurdu.

Həmin vaxt Azərbaycan Cinayət Məcəlləsinin milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə və Azərbaycan Respublikasının Dövlət bayrağı və ya gerbi barədə təhqiredici hərəkətlər maddələri ilə cinayət işi qaldırmışdı.

Azərbaycan Baş Prokurorluğunun avqustun 28-də yaydığı məlumatda deyilir ki, saxlanan şəxslər barəsində beynəlxalq axtarış elan edilmişdi.

Qurumun məlumatında bildirilir ki, Laçın sərhəd-keçid məntəqəsində saxlandıqdan sonra istintaqa cəlb edilən şəxslər dindirmə zamanı “törətdikləri əməli etiraf edərək səmimi peşman olduqlarını, gələcəkdə bir daha bu kimi hərəkətlərə yol verməyəcəklərini” bildiriblər.

Baş Prokurorluq “təqsirləndirilən şəxslərin yaşını, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmalarını” nəzərə alıb və “humanizm prinsipi tətbiq edərək onların barəsində cinayət təqibinə xitam verib”, - qurum açıqlayıb.

Cinayət işinə xitam verilsə də, Baş Prokurorluq hesab edib ki, saxlanan şəxslər Azərbaycanın müvafiq qanunu qadağan etdiyi halda, “milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn açıq çağırışlar edən informasiyanı müxtəlif sosial şəbəkələrdə yayıblar”.

Buna görə də saxlanan şəxslər İnzibati Xətalar Məcəlləsinin İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə inzibati məsuliyyətə cəlb olunublar, Baş Prokurorluq bildirib.

Qurumun açıqlamasına görə, erməni futbolçular məhkəmə qərarı ilə 10 gün müddətinə inzibati həbs olunublar.

Baş Prokurorluq bildirib ki, həbs cəzası bitdikdən sonra həmin şəxslər ölkəni tərk edə biləcəklər.

Laçın sərhəd-keçid məntəqəsi Qarabağ Dağlıq Qarabağ

Şəklin mənbəyi, Azərtac

Bazar ertəsi günü Qarabağda mənzillənən “Dağlıq Qarabağ İnformasiya Qərargahı” bildirib ki, Azərbaycan tərəfi Laçın dəhlizindəki keçid məntəqəsində “Rusiya sülhməramlılarının müşayiəti ilə Dağlıq Qarabağdan Ermənistana gedən 22 yaşlı” bir şəxsi saxlayıb.

Qurumun məlumatındakı şəxsin ad-soyadı Azərbaycan Baş Prokurorluğun məlumatında göstərilən adamın ad-soyadı ilə uyğunluq təşkil edir.

“Dağlıq Qarabağ İnformasiya Qərargahı” əlavə edib ki, həmin gənc Yerevana universitetdə təhsilini davam etdirmək üçün gedirmiş.

Ötən ay Azərbaycan Laçın sərhəd-buraxılış məntəqəsində Ermənistana getmək istəyərkən bir nəfəri saxlamışdı.

O, Xocalı hadisələri ilə bağlı ağır cinayətlərdə ittiham edilir.

Ermənistan Xarici İşlər Nazirliyi 68 yaşlı şəxsin saxlanılmasını “beynəlxalq humanitar hüququn” pozulması kimi qiymətləndirmişdi.