Trump İsrailə qoşulmaq barədə qərarını "2 həftə ərzində verəcək"

Donald Trump

Şəklin mənbəyi, Getty Images

Trump İsrailə qoşulmaq barədə qərarını "2 həftə ərzində verəcək".

"İranla yaxın gələcəkdə baş tuta və ya tutmaya biləcək danışıqlar ehtimalını nəzərə alınaraq, qoşulub-qoşulmamaq qərarımı növbəti iki həftə ərzində verəcəyəm", - deyə Ağ Evin sözçüsü Karoline Leavitt media brifinqdə bildirib ki, bu sözləri ABŞ Prezidenti Donald Trump deyib.

İki gündür ki, ABŞ mediası Trump-ın İsrailə qoşulmağı nəzərdən keçirdiyini bildirir.

Trump isə bunlara cavab verib ki, heç kim onun qərarını bilmir.

İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə BBC-yə deyib ki, bu, "Amerikanın müharibəsi deyil".

Bundan əvvəl, ABŞ Prezidenti Donald Trump-ın İrana hücum planını təsdiqlədiyi, amma hələ qəti qərar vermədiyi xəbərləri yayılıb.

Hadisə haqqında daha ətraflı aşağıda oxuyun:

İsraildə İranın hücumu zamanı xəstəxana zərər görüb

İran İsrail

Şəklin mənbəyi, Reuters

İyunun 19-na keçən gecə İranın hücumları nəticəsində İsraildə xəstəxana zərər görüb. Yaralılar var.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

İran dövlət mediası bildirib ki, raket zərbəsi xəstəxananın yanındakı hərbi obyekti hədəf alıb.

İsrail rəsmiləri bildiriblər ki, Soroka xəstəxanasına ciddi ziyan dəyib, gecə boyu hücumlar nəticəsində ölkədə azı 65 nəfər yaralanıb.

İsrail Baş naziri Benyamin Netanyahu deyib ki, İsrail İranın nüvə təhlükəsini "yox edəcək"

"Bu əməliyyatın sonuna qədər İsrail üçün nə nüvə, nə də ballistik raket təhlükəsi qalacaq," – deyə o, hücumlardan zərər görən Soroka Xəstəxanasına baş çəkərkən deyib.

Netanyahu əlavə edib ki, İsrail artıq İranın nüvə proqramına "çox güclü şəkildə" zərbə endirib.

İranın ali lideri Ayətullah Xamenei-nin hədəf ola biləcəyi ilə bağlı suala isə Netanyahu belə cavab verib: "Heç kim toxunulmaz deyil."

İranda İsrail ordusu "qeyri-fəal" Arak ağır su reaktoru və "Natanz" da daxil olmaqla nüvə obyektlərini hədəf aldığını bildirib.

Bundan əvvəl, İran İsrailin Hayfa şəhər sakinlərinə təxliyə olmaq barədə xəbərdarlıq edərək "həyatınıza risk altındadır" deyib.

İran bundan əvvəl də Hayfaya zərbə endirib, İsrail bildirib ki, hücumların çoxunun qarşısı alınıb, lakin zərər görən yerlər də olub.

İranda internet zəifləyib

İranda internet 18 iyundan bəri qeyri-stabildir. Buna görə də ölkə içindən getdikcə daha az foto və videolar yayılır.

Xaricdə olan iranlılar da öz ailələri ilə əlaqə saxlamaqda çətinlik çəkirlər. Bəzi yerlərdə artıq 3 gündür ki, internet xəttinə çatmaq olmur.

İranın Kommunikasiya Nazirliyi internetə məhdudiyyət qoyulduğunu təsdiqləyib.

Nazirlik bildirib ki, İsrail "milli kommunikasiya şəbəkəsindən hərbi məqsədlər üçün istifadə edir".

İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə

"Bu, Amerikanın müharibəsi deyil" – İran rəsmisi

İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə iyunun 19-da BBC-yə müsahibəsində deyib ki, bu, "Amerikanın müharibəsi deyil" və əgər Trump qarışarsa, o, həmişə aid olmadığı bir müharibəyə qarışmış prezident kimi xatırlanacaq.

İranın hərbi gücünün ABŞ-ın hərbi gücünə uyğun olub-olmaması ilə bağlı o bildirib ki, istənilən xarici təcavüzkara qarşı "milli birlik" var, ona görə də kimin daha çox gücə malik olmasının əhəmiyyəti yoxdur – söhbət müqavimətdən gedir.

Trump-ın hərbi planı təsdiqləməsi xəbərinə və Tehranın gözləntisinə gəlincə, Səid Xətibzadə deyib ki, ABŞ-la "anlaşma ərəfəsində olarkən" İsrail "bütün prosesi pozmaq üçün" İrana hücum edib.

İran ABŞ-la danışıqları ötən bazar günü, İsrailin cümə günündə başladığı hücumlarına cavab verməli olmaları ilə izah edərək dayandırıb.

Xətibzadə deyir ki, İranın ABŞ-dan aldığı gizli mesajlar Washington-nun bu müharibəyə qarışmadığı və qoşulmayacağı yönündədir, lakin Trump-ın ictimaiyyətə verdiyi mesajlar "çaşdırıcı və ziddiyyətlidir" və ABŞ-ın bu işə qoşulmasını ehtiva edir.

O, İranın Trump administrasiyası ilə əlaqə saxlamadığını da deyir - Tramp dünən deyib ki, iranlı vasitəçilər Ağ Evə səfər etmək istəyirlər.

Müharibəyə son qoymağın bir yolunun olub-olmadığını soruşduqda, Xətibzadə deyir ki, İran yüzlərlə mülki iranlının öldürülməsinə səbəb olan ilk hücumdan sonra özünü müdafiə edir.

O əlavə edir ki, İsrail diplomatik danışıqlar gedən zaman İranın yüksək səviyyəli komandirlərini öldürüb.

"Biz özünümüdafiədəyik... və təcavüzkar başqa bir ölkəyə hücum edə bilməyəcəyi dərsini alana qədər bu özünümüdafiəni davam etdirəcəyik".

İranın əsas nüvə obyektləri

nüvə obyektləri

Hədəf İranın nüvə proqramı olduğu üçün, elə hücumlar zamanı da əsas diqqət uranı zənginləşdirən obyektlərə yönəlib.

Bu zavodları zədələmək Çernobl və ya Fukusimadakı fəlakətlər kimi "nüvə hadisəsi" riski daşımır, ekspertlər BBC News-a bildiriblər.

Ətraflı burda oxuyun:

Trump İrana "hücum planını təsdiqləyib", lakin qəti qərar verməyib

Trump sosial media hesabında açıqlayıb ki, Wall Street Journal onun İran haqda nə düşündüyünü bilə bilməz.

Bundan əvvəl Wall Street Journal-ın ABŞ prezidentinin İrana hücum planını təsdiqləməsi, lakin son qərarı verməməsi ilə bağlı xəbər yaymışdı.

Böyük Britaniya Baş naziri Keir Starmer Trump-a Irana qarşı hərbi əməliyyatlardan "geri addım atmağı" məsləhət görüb.

O, münaqişənin "real eskalasiya riskinin" olduğunu deyib və bütün tərəfləri diplomatik nəticə axtarmağa çağırıb.

Çərşənbə günü xəbər yayılmışdı ki,Donald Trump İrana hücum planını təsdiqləyib, lakin ölkəni vurmaq barədə qəti qərar verməyib.

Bir mənbə CBS-yə bunu ABŞ Prezidentinin İranın öz nüvə fəaliyyətini bəlkə dayandıracağı gözləntisiylə əlaqələndirib.

Bundan əvvəl, Trumpın İrandakı nüvə zənginləşdirmə zavodu Fordonu vurmağı gözdən keçirdiyi bildirilirdi.

Trump həftənin əvvəlində çıxış edərək səbrinin tükəndiyini elan etmiş və İrandan "qeyd-şərtsiz təslim" olmasını tələb etmişdi. Onun bu tələbini İranın Ali dini lideri Ayəttulah Əli Xamenei rədd etmişdi.

Çərşənbə günü Trump jurnalistlərin ona verdiyi ABŞ-ın İrana girib-girməyəcəyi sualına "mən bunu edə də bilərəm, etməyə də" cavabını vermişdi.

İran İsrailə zərbə endirdiyini deyir

Şəklin mənbəyi, WANA/REUTERS

Şəklin alt yazısı, İran İsrailə zərbə endirdiyini deyir

Trump İsrailə qoşulmaq barədə: "Edə də bilərəm, etməyə də"

Donald Trump İsrail İran siyasət

Şəklin mənbəyi, Reuters

Prezident Trump ABŞ-ın İsrailə qoşulmaqla bağlı sualının cavabında deyib ki, o, bunu edə də bilər, etməyə də.

"Heç kim mənim nə etmək istədiyimi bilmir. Amma bunu deyə bilərəm: İran problem içindədir və danışıqlar aparmaq istəyir".

Sonra o, son günlər bir neçə dəfə təkrarladığı fikrini yenidən dilə gətirib: "İran İsrail zərbə endirməzdən əvvəl danışıqlara daha açıq olmalı idi".

Tramp əlavə edib ki, İran nümayəndələri "bəlkə də Ağ Evə gələ biləcəklərini" bildiriblər, baxmayaraq ki, bunun çətin olduğunu deyib.

"İki çox sadə söz: qeyd-şərtsiz təslim olmaq, - o deyib".

"İranlılar təslim olanlardan deyillər" - İranın ali dini lideri Əli Xamenei deyib.

Bu bəyanat dövlət televiziyasında elan edilsə də, onu Xamenei oxumayıb.

"İranı, onun xalqını və tarixini yaxşı tanıyan müdrik insanlar bu millətlə heç vaxt hədələrlə danışmazlar, çünki iranlılar təslim olanlardan deyillər", Əli Xamenei deyib.

Trump iyunun 17-də Xameneyini "qeyd-şərtsiz təslim"ə çağırmışdı.

Bu gün həmçinin İsrailə bağlı olduğu iddia edilən hakerlər İran kripto şirkəti Nobitex-dən 90 milyon dollar oğurlayıb.

Tehran mağazalarında rəflər "boşalmaqdadır"

İranda yaşamayan bir qadın BBC Farscaya Tehranda və Kərajdakı ailəsinin "çətinliklər yaşadığını" bildirib.

"O qədər çətin vəziyyətdədirlər ki, bank hesablarından pul belə çıxara bilmirlər," deyir o. "Mağazalarda isə əsas ərzaqlar yoxdur. Hətta çörək də tapılmır."

İranda yaşayan bir kişi tərəfindən göndərilən videoda supermarketin bir çox rəflərinin demək olar ki, tam boş olduğu görünür.

"Bir dənə tomat pastası, ya da spagetti tapa bilmirəm. İnsanlar hər şeyi alıb. Yalnız cips və içkilər qalıb," deyə o bildirir.

"Biz diplomatiyadan heç vaxt uzaqlaşmadıq", iranlı mənbə BBC-yə deyib

Tehranda İran Xarici İşlər Nazirliyindən məlumatlı bir mənbə BBC müxbiri Kasra Naciyə deyib ki, İran ABŞ-ın vitse-Prezidenti JD Vance ilə vasitəsiz görüşüb-görüşməməyi gözdən keçirir.

"Biz diplomatiyadan heç vaxt uzaqlaşmadıq", mənbə bildirib.

Ehtimal olunurdu ki, əgər İran təklifi qəbul etsə, İranın xarici işlər naziri Abbas Əraqçı qarşıdakı günlərdə Vance ilə görüşə bilər.

ABŞ Prezidenti Donald Trump jurnalistlərə deyib ki, iranlılar Ağ Evdə görüşməyi təklif ediblər, amma bu, çətin məsələdir.

O, yenə də təkid edib ki, İranın yeganə yolu "təslim olmaq"dır.

İranın Ali dini lideri Əli Xamenei isə təslim olmayacaqlarını bildirib.

Hücumlar davam edərkən Tehran sakinləri harda sığınacaq tapır?

israil iran münaqişə israil-iran müharibəsi

Şəklin mənbəyi, Reuters

Nafiseh Kohnavard

Yaxın Şərq üzrə müxbir, BBC Dünya Xidməti, Beyrut

İsrailin Müdafiə Qüvvələri paytaxt Tehranın bəzi ərazilərinə təxliyə bildirişləri yayıb, lakin sözügedən ərazilər xeyli sıx məskunlaşıb.

Əhali ucsuz-bucaqsız maşın karvanı ilə Tehrandan ölkənin təhlükəsiz hesab etdikləri şimal hissəsinə doğru qaçmağa çalışarkən, yaranan ağır tıxacların görüntülərini müşahidə etdik.

Ancaq həmin ərazilər də vurulub. İsrail çox geniş bölgəni hədəf aldığı üçün heç bir ərazi təhlükəsiz sayılmaz.

Tehranda insanların sığınacaq tapa bilməsi üçün hökumət metro stansiyalarının fasiləsiz fəaliyyətə keçdiyini açıqlayıb.

Tehranın əhalisi 10 milyon nəfərdir, ona görə də təsəvvür edə bilərsiniz ki, bu qədər adamı evakuasiya etmək çoxları üçün mümkün deyil.

Iranın Qızıl Aypara Cəmiyyətinin binası "vurulub"

Iranın Qızıl Aypara Cəmiyyəti

Şəklin mənbəyi, İranın Qızıl Aypara Cəmiyyəti/Instagram

İranın Qızıl Aypara Cəmiyyəti yerləşdiyi binanın vurulduğunu göstərən videonu öz İnstagram sosial media hesabında paylaşıb.

Əli Xameneyi, iranın ali dini lideri, iran, israil,

Şəklin mənbəyi, İran liderinin ofisi

İran lideri onu da deyib ki, "ABŞ-ın hər hansı bir hərbi müdaxilə forması şübhəsiz ki, bərpaolunmaz zərərlə qarşılanacaq."

Trump İsrailin İranın nüvə obyektlərini hədəf alan hücumlarına qoşulmağı düşünür, BBC-nin ABŞ-dakı partnyoru CBS News məlumatlı beş mənbəyə əsasən xəbər verir.

Xamenei sonuncu dəfə İsrailin hücumundan sonra cümə günü televiziyadan xalqa müraciət etmişdi.

İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, ölkənin bəzi bölgələrində həyat normala qayıda bilər.

Katz deyib ki, İsrail öz əhalisini qoruyur, amma, eyni zamanda "təhlükəsizlik meyarlarına əsasən, iqtisadiyyatın və müxtəlif bölgələrin tədricən açılması prosesinə" də başlanılır.

Bu, hökumətin hücum riskinin azaldığını düşündüyünü göstərir.

O, həmçinin qeyd edib ki, İranla "şiddətli döyüşlər" "təhdidlər aradan qaldırılana qədər" davam edəcək.

İsrail bildirir ki, gecə hücumlarında Tehrandakı uranı zənginləşdirən texniki avadanlığın olduğu obyekti və silah obyektlərini vurub.

İran da öz növbəsində İsrailə hücum etdiyini bildirib.

Gecəboyu hava həyəcanı iki dəfə verilib, lakin İranın hücumlarının miqyası azalıb, BBC-nin bölgədəki müxbiri Hugo Bachega yazır.

İranın ali dini lideri Ayətullah Əli Xamenei İsraillə heç vaxt güzəştə getməyəcəyini və "mərhəmət göstərməyəcəyini" deyib.

İran İsrail ABŞ İran-İsrail münaqişəsinə qoşulmağı düşünürmü ABŞ İran-İsrail münaqişəsinə qoşulacaqmı

Şəklin mənbəyi, Getty Images

ABŞ üçün əsas hədəf

Bu arada bu mesaj Böyük Yeddiliyin diplomatlarını Trump-ın bundan sonra nə edəcəyini anlamaq cəhdiylə baş-başa buraxıb, James Landale yazır.

Bu məğlubiyyətin fonunda Xamenei İranın İsrailə heç vaxt güzəştə getməyəcəyini bildirib. O, "biz sionistlərə mərhəmət göstərməyəcəyik" deyib.

Avropa bölünüb. Fransa hakimiyyət dəyişikliyi cəhdinə təkan verməyəcəyini bildirərkən, Almaniya İsrailə bu "qara işi" gördüyüyü üçün minnətdardır.

ABŞ Prezidenti Donald Tramp tərəf olmağı və İsrailin İrana hücumlarına qoşulmağı düşünür. O, çərşənbə axşamı günü milli təhlükəsizlik komandası ilə təxminən 90 dəqiqəlik görüş keçirib.

ABŞ üçün əsas hədəf İranın Fordo nüvə obyektidir. Bu, yerin dərinliklərindədir və yalnız amerikalıların bunkeri vura biləcək bombaları var, təhlükəsizlik məsələləri üzrə müxbiri Frank Gardner yazır.

Trump-ın məsləhətçiləri bu addımla bağlı fərqli fikirdədirlər, təhlilçilərə görə, bu, münaqişəni "tamamilə dəyişdirəcək".

Son üç gündə qırıcı və bombardmançı təyyarələrə yanacaq doldurmaqda istifadə edilən ABŞ-ın azı 30 hərbi tanker təyyarəsi Avropaya göndərilib.

İran münaqişə başlayandan bəri İsrailə cavab zərbələrini davam etdirir - bir gecədə Tehran Təl-Əvivə Fəttah-1 hipersəs raketi atdığı deyilir.

"Biz Xameneini öldürməyəcəyik, ən azı hələ ki..." – Trump
Office of the Iranian Supreme Leader/WANA (West Asia News Agency)/Handout via REUTERS

Şəklin mənbəyi, Reuters

Trump-ın açıqlamasından sonra Ağ Evdə Milli Təhlükəsizlik Şurasının iclası başlayıb.

Donald Trump deyib ki, onlar İranın ali lideri Əli Xameneinin harda "gizləndiyini dəqiq bilirlər".

O, sosial media hesabında yazıb: "O, asan hədəfdir, amma orada təhlükəsizdir. Biz onu aradan götürməyəcəyik, ən azı hələlik".

Trump əlavə edib: "Amma biz istəmirik ki, mülki vətəndaşlara və ya amerikalı əsgərlərə raket atılsın. Səbrimiz tükənmək üzrədir. Bu məsələyə diqqət göstərdiyiniz üçün təşəkkür edirik!"

ABŞ prezidentindən ard-arda üçüncü paylaşım gəlib. Bu dəfə o, böyük hərflə yazıb: "Qeyd-şərtsiz təslim!"

Bir neçə dəqiqə əvvəl isə o yazıb:

"İran səmasında tam və qəti nəzarət bizdədir".

Macron: İranda rejim dəyişikliyi "xaosa səbəb olar"

Fransa Prezidenti Emmanuel Macron G7-də deyib ki, İranda hakimiyyət dəyişikliyinin hərbi yolla həyata keçirilməsi böyük bir səhv olar.

Macron deyib ki, bu, "xaosa" səbəb olar və ölkələrin İranın nüvə proqramı ilə bağlı danışıqlar masasına qayıtmalı olduğunu düşünür.

"Düşünürəm ki, Amerika Birləşmiş Ştatları bütün tərəfləri yenidən danışıqlar masasına toplamalıdır," – deyə o bildirib.

Britaniya baş naziri İran barədə danışıb

Britaniya baş naziri Keir Starmer BBC müxbiri Chris Mason-un "İranda xalqın hökuməti devirməsini alqışlayarmı?" sualına belə cavab verib:

"Mən İrandakı rejimi dəstəkləmirəm. Britaniya baş naziri kimi insanları öz ölkələrində nə edə biləcəkləri ilə bağlı həvəsləndirmək mənim işim deyil. Mənim tam diqqətim gərginliyinin azaldılmasındadır", deyə Baş nazir Starmer cavab verib.

Tehran 16 iyun

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Tehranlılar dövlət televiziyasının mənzil-qərargahından çıxan tüstünü izləyirlər.

İran tezliklə "cəza əməliyyatı" həyata keçirəcəyini açıqlayıb

Axşam saatlarında Tehranda yeni partlayışlar barədə xəbərlər yayılıb. AFP xəbər agentliyi bildirib ki, şəhər boyu güclü partlayış səsləri eşidilir.

İranın IRNA xəbər agentliyi isə "ardıcıl və şiddətli" partlayışların baş verdiyini xəbər verir.

Bundan başqa, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Əbdülrəhim Musəvi video müraciətində İsrail sakinlərinə təxliyə çağırışı edib.

O deyib ki, "xüsusilə Təl-Əviv və Hayfa şəhərləri öz sakinlərini həyatlarını xilas etmək üçün ən qısa zamanda təxliyə etməlidirlər".

Musəvi onu da deyib ki, indiyə qədər həyata keçirilmiş əməliyyatlar xəbərdarlıq xarakteri daşıyıb və İran tərəfindən "cəza əməliyyatı" tezliklə həyata keçiriləcək.

israil iran iran-israil münaqişəsi donald trum donald tramp Amerika

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, İsraildə ərəblərin yaşadığı Tamra şəhərində ölənlər dəfn olunur

Tehranda bəzi sakinlərin paytaxtı tərk etdiyi və şəhərdə bir çox mağazanın bağlı olduğu bildirilir. Artıq şəhərdə tıxacın çox olmadığı, şəhərdən çıxan yolların əvvəlki günlərdə olduğu kimi tıxaclı olmamasının müşahidə edildiyi deyilir.

Şəhərdə qalanlar ikinci evi, yanına gedəcək kimsəsi, pulu olmayanlar və yaxud da xəstəliyi, ya da əlilliyi olan şəxslərdir.

İsrailin səhiyyə nazirliyi deyib ki, ötən axşam İranın hücumlarından sonra 154 nəfər yaralı xəstəxanalara aparılıb.

İranın Səhiyyə Nazirliyi isə 13 iyunda hücumlar başlayandan bəri azı 224 nəfərin öldüyünü, 1200-dən çox insanın yaralandığını deyib.

İsrail ilk hücumdan bəri azı 24 nəfərin öldüyünü açıqlayıb.

ABŞ prezidenti Donald Trump

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Amerika Birləşmiş Ştatlarının Prezidenti G7 sammitindən dönərkən, təyyarədə jurnalistlərin suallarına cavab verib.

Bu arada Trump deyib ki, İran və İsrail arasında "atəşkəsdən daha yaxşısı"nı istəyir.

"Daha yaxşı"nın nə olmasını isə o belə izah edib: "Əsl son. Atəşkəs deyil. Son".

Donald Trump "Truth Social" platformasında yazıb ki, o, atəşkəs danışıqları ilə bağlı "heç bir şəkildə, formada" İranla əlaqə saxlamayıb və İran ABŞ-ın nüvə sövdələşməsinə dair sonuncu sənədi "imzalamalı idi" - "Çox insanın həyatını xilas edərdi!!!" - o qeyd edib.

Cənab Trump onu da deyib ki, İran tərəfi danışmaq istəsə onu necə tapacaqlarını bilir.

ABŞ prezidentinin bu şərhləri İran və İsrail arasında hərbi əməliyyatların beşinci gününə təsadüf edir.

Trump onu da deyib ki, İran "nüvə silahına sahib ola bilməz".

Daha əvvəl Donald Trump Tehran sakinlərini təxliyə olmağa çağırmışdı.

O, çağırışını belə izah edib: "Mən sadəcə insanların təhlükəsizlikdə olmasını istəyirəm".

"Mossad İran raketləri ilə vurulub", İranın dövlət mediası

İranın dövlət mediası İsrailin Mossad agentliyinin vurulduğunu xəbər verib.

Tasnim xəbər agentliyi İsrailin Mossad kəşfiyyat agentliyinin qərargahının yandığını göstərən bir sıra fotolar yayıb.

Agentlik İran İnqilab Keşikçiləri Korpusuna istinadən xəbər verib ki, Mossad İran raketləri ilə vurulub.

"İranın İnqilab Keşikçiləri Komandanlığının Aerokosmik Qüvvələrinin qırıcıları yüksək inkişaf etmiş müdafiə sistemlərinin olmasına baxmayaraq, hərbi kəşfiyyat mərkəzini vurublar", məlumatda deyilir.

Mossad-a zərbə endirilməsi iddiaları ilə bağlı İsraildən açıqlama gəlməyib.

Israil və İrana hücumlar 13 iyundan bəri
İsrailin İrana hücumları

Hava qüvvələrinin məhdudiyyətləri var

Jonathan Beale

BBC-nin müdafiə məsələləri üzrə müxbiri

İsrail bildirir ki, Tehranın səmasında tam nəzarəti ələ alıb. İsrail Hərbi Hava Qüvvələrinin son günlərdə paytaxt üzərində bir neçə hava hücumu həyata keçirmək bacarığı nəzərə alınarsa, bu, böyük ölçüdə həqiqətə uyğun görünür.

İsrail qırıcıları nisbətən yaxın məsafədən idarə olunan bombalar atırlar. Başqa sözlə, onlar uzaqmənzilli qanadlı raketlər kimi uzaqdan atılan silahlara ehtiyac duymurlar.

İranın yaşlanmış və az sayda olan qırıcı təyyarələri heç bir ciddi müqavimət göstərə bilməyib. Hətta bu hücumdan əvvəl də İsrail İranın hava hücumundan müdafiə sistemlərinin böyük bir hissəsini sıradan çıxarmışdı.

Keçən ilin oktyabr ayında İsrail İranın uzaqmənzilli, Rusiya istehsalı olan S-300 sistemlərini hədəf almışdı. Son hücumlarda isə İsrail hava hücumundan müdafiə radarlarını və buraxıcı qurğuları vurmağa davam edib.

Lakin Böyük Britaniyanın Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) müdafiə məsələləri üzrə eksperti Justin Bronk-un sözlərinə görə, İsrail hazırda Tehranın hava məkanında üstünlüyə malik olsa da, tam hava hökmranlığına sahib deyil.

İranın hələ də çox sayda malik olduğu qısamənzilli hava hücumundan müdafiə vasitələri – çiyindən və ya nəqliyyat vasitəsindən buraxılan yer-hava tipli raketlər – hələ də təhlükə yarada bilər.

ABŞ qırıcıları Yəməndə husilərə qarşı tez bir zamanda hava üstünlüyü qazansa da, husilər nisbətən daha yavaş olan bir neçə ABŞ pilotsuz uçuş aparatını vurmağı bacarıblar.

Yaxın Şərqdəki əvvəlki hərbi kampaniyalar – o cümlədən ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı hava zərbələri və İsrailin Qəzzada Həmasa qarşı davamlı hücumları – hava qüvvələrinin məhdudiyyətlərini də göstərir.

Havadan edilən dağıntılar mütləq şəkildə qələbəyə gətirmir.

Təl-Əviv və Qüdsdə/Yerusəlimdə partlayışlar eşidilib

İsrail ordusu İranın yeni raket dalğası atdığını bildirib. BBC müxbirləri Təl-Əviv və Yerusəlim/Qüdsdə partlayış səsləri eşitdiklərini bildirirlər.

İran və İsrail arasında beşinci gündür ki, hücumlar davam edir.

İran mediası gecə saatlarında Tehranda partlayışların olduğunu və hava hücumundan müdafiə olunmaqla bağlı xəbərlər yayır.

İran İsrailə iki dəfə raket atıb və səhər saatlarında İsrailin bəzi bölgələrinə hava hücumu xəbərdarlığı edib.

Hücumlar əvvəlki gecələrə nisbətən daha az intensiv olub və birbaşa təsirləri və ya mümkün itkilər barədə məlumat yoxdur, BBC-nin Qüdsdə/Yerusəlimdə olan müxbiri Hugo Bachega bildirib.

İsrail hərbçiləri bildiriblər ki, İranın Xameneiyə yaxın olduğu deyilən hərbi komandanlarından olan Əli Şadiman ötən gecə Tehranın bombalanması zamanı öldürülüb.

İsrail həmçinin açıqlayıb ki, İran bu səhər ölkəyə 30 raket atıb.

İran israil Təl-Əviv Qüds

Şəklin mənbəyi, Getty Images

ABŞ Prezidenti Donald Trump xəbərdarlıq edib ki, iranlılar Tehranı tərk etsinlər.

Bundan sonra Tehranda yollarda ağır tıxacların olması, yanacaqdoldurma məntəqələrində növbələrin "bir neçə kilometr uzunluqda" olduğunu bildirilib.

Səhər İmami Seher Emami iran-israil

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, İran televiziyası hücuma məruz qalanda teleaparıcı Səhər İmami canlı yayımda olub.

İyunun 16-da İran mediası rəsmi Tehranın İsrailə yeni zərbələr endirməsi ilə bağlı xəbərlər yayıb.

Ondan bir qədər əvvəl isə İran dövlət televiziyası orduya istinadən bildirmişdi ki, İran "infrastuktura hücum edəcək", əgər İsrail sakinləri "sağ qalmaq istəyirsə" təxliyə olunsunlar.

İran TV-nin xəbərində deyilirdi ki, İran İsrailin Channel 12 and Channel 14 televiziyalarını hədəf alacaq.

Bundan bir neçə saat əvvəl İsrail İranın dövlət televiziyasını vurmuşdu. Hadisə nəticəsində ölən və yaralananlar olduğu bildirilib.

İsrail İranın dövlət televiziyasını vurduğunu bildirib

İran dövlət televiziyası, İsrail, hücum

Şəklin mənbəyi, İran sosial mediası

Şəklin alt yazısı, İran dövlət televiziyasının yerləşdiyi media şəhərcik də hücumların hədəfi olub

İsrail ordusu bildirir ki, İranın qərbində "raket infrastrukturunu vurur".

İranın buna reaksiyası hələlik məlum deyil.

İyunun 16-da axşam saatlarında Tehran səmasında uçan İsrailin hərbi təyyarəsi Tehrandakı hərbi bazada iki F-14 qırıcısını hədəf alıb.

Bu döyüş təyyarələri İran səmasında uçan İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin qarşısını almaq üçün istifadə olunurdu.

Bir neçə saat əvvəl isə İsrail İranın dövlət televiziyasının Tehrandakı mənzil-qərargahına zərbə endirib.

İranın dövlət mediası hücum nəticəsində "bir neçə əməkdaşının" öldürüldüyünü bildirib.

Yayılan videolarda canlı yayım zamanı televiziya studiyasını tüstü bürüdüyü və aparıcının oranı tərk etdiyi görünür. Yayım daha sonra bərpa edilib.

İsrailin Baş naziri Benyamin Netanyahu deyib ki, İranın Ali Liderinin "öldürülməsi münaqişəni qızışdırmaz, əksinə, onu bitirər".

O bu sözləri ABŞ-ın ABC News kanalına verdiyi müsahibədə bildirib.

Müsahibə zamanı "İsrail İranın ali liderini hədəf alacaqmı" sualına Netanyahu belə cavab verib:

"Biz nə etmək lazımdırsa, onu edirik".

O əlavə edib: "Biz onların aparıcı nüvə alimlərini hədəfləmişik. Hələ digər obyektlərlə bağlı görüləcək işlərimiz var".

İran İsrail
Şəklin alt yazısı, İsrail İranın dövlət televiziyasının Tehrandakı mənzil-qərargahına zərbəsi canlı yayımda belə görünüb

İyunun 16-da İsrail ordusu paytaxt Tehranın Üçüncü rayonu ərazisində yaşayan insanları oranı "dərhal" tərk etməyə çağırıb. Çağırışa həm də bir xəritə əlavə edilib.

"Son günlər bütün Tehranda olduğu kimi, İsrail hərbiyyəsi yaxın saatlarda İran rejiminin hərbi infrastrukturuna zərbələr endirmək üçün bölgədə fəaliyyət göstərəcək", - İsrail Müdafiə Qüvvələrinin sözçüsü Avichay Adraee X-də yazıb.

"Sizin bu ərazidə olmanız həyatınıza təhlükə yaradır" xəbərdarlıqda deyilib.

Tehranda güclü partlayış səsləri eşidildikdən sonra sosial mediada yayılmış videolarda yaxınlıqdakı dağlardan tüstü çıxdığı görünüb.

İran mediası yazıb ki, Tehranın qərbində şəhərin havadan müdafiə sistemi aktivləşdirilib.

Hakimiyyətə yaxın Fars agentliyi isə yazır ki, İsrail ərazidə hərbi bazanı hədəf alıb.

İran İsrail Tehran İsrail Tehran səmasına nəzarət etdiyini deyir

Şəklin mənbəyi, Getty Images

İsrail Tehran səmasına "nəzarət etdiyini" deyir

İsrail İranın qərbinə yeni hücumlar edib, İranın yerli mediası yazır.

İranın İnqilab keşikçilərinə yaxınlığı ilə bilinən Tasnim xəbər agentliyi bildirir ki, İsrail İranın Iraqa yaxın bölgədə yerləşən Musiyan rayonunda bələdiyyənin yanğınsöndürmə idarəsinin binasına "vəhşicəsinə hücum edib".

"Dronlar da vurulub", Tasnim bildirir.

Bölgədə bir xəstəxananın da vurulduğu bildirilir.

Bir xatırlatma - BBC jurnalistləri İran hökuməti icazə vermədiyi üçün ölkənin daxilindən xəbər verə bilmir.

Hökumət "kiber hücumlara qarşı mübarizə" məqsədilə internetin sürətini azaltdıqlarını bildirib.

İsrail ordusu bundan əvvəl açılayıb ki, İsrail "Tehran səmasına tam nəzarət" edir.

İsrail generallarından biri brifinqdə İranın raket bazasının üçdə birini məhv etdiklərini bildirib.

İran rəsmilərinin buna şərhi hələ bəlli deyil.

Iran israil böhranı iran-israil gərginliyi

Şəklin mənbəyi, IRANIAN RED CRESCENT/Getty

Şəklin alt yazısı, Təbriz

İsrailin keçmiş baş naziri Ehud Barak: "Ən yaxşı ssenari rejimin dağılmasıdır"

İsrailin keçmiş baş naziri Ehud Barak əməliyyatın ilk günlərinin "son dərəcə təsirli" olduğunu – "uzaqgörən planlaşdırmanın, yaxşı hazırlığın və qətiyyətli, aqressiv icranın" nəticəsi olduğunu deyib.

O, İsrailin İranın nüvə proqramına mane olmaq üçün hazırladığı planın ilk mərhələlərində iştirak edib.

Ehud Barak deyib ki, nüvə təhlükəsini aradan qaldırmaq hələ də çox çətin olacaq, çünki İran artıq nüvə dövləti olmaq həddinə çatıb.

Onun sözlərinə görə İsrail gecikə bilməz: "Əgər İranın hərbi nüvə dövlətinə çevrilməsinə mane olmaq üçün ciddi niyyət varsa, yeganə yol rejimin özünə qarşı tammiqyaslı müharibə elan etmək, onu devirənə qədər davam etdirməkdir".

Ancaq keçmiş baş nazir deyir ki, İsrail bunu təkbaşına edə bilməz.

"Bunu müvəffəqiyyətlə həyata keçirməyin yeganə yolu Amerika ilə yaxın əlaqədə olmaq və onların tam və aktiv şəkildə dəstəyini almaqdır".

Onun fikrincə, ABŞ-ın hazırda böyük müharibəyə girməyə həvəsi yoxdur.

"Ən yaxşı ssenari rejimin dağılmasıdır", - Ehud Barak deyir, - "İkinci, ən yaxşısı bu olardı ki, iranlılarla dil tapmaq mümkün olsun. Ümid edək ki, bu işləyər".

"Əks halda", - o, deyir, - "hazırki münaqişə uzun sürən müharibəyə çevriləcək, İsrailin müttəfiqləri onun müdafiəsinə kömək edəcək, lakin müharibədə fəal iştirak etməyəcək.

Erud Barakın sözlərinə görə, ən pis hal odur ki, İran "nüvə silahı əldə etmək üçün bacardığı qədər sürətlə getmək"dən başqa çarəsinin qalmadığını deyəcək.

İran ABŞ-ı İsrailin hücumlarını pisləməyə çağırıb

İran ABŞ-ı nüvə danışıqlarının davam edəcəyi təqdirdə İsrailin hücumlarını pisləməyə çağırıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bağayi deyib ki, danışıqların davam etdirilməsi üçün ABŞ İsrailin İrana hücumlarını "qınamalıdır".

ABŞ-İran nüvə danışıqları bazar gününə planlaşdırılmışdı, lakin ləğv olundu.

İsmayıl Bağayi hazırkı vəziyyətdə danışıqları "mənasız" adlandırıb və ABŞ-ın hücumlarda "tərəf" olduğunu bildirib.

İran həmişə nüvə proqramının dinc xarakterli olmasında israrlı olub. İsrail isə bu iddianı rədd edir.

İran-İsrail münaqişəsi

Şəklin mənbəyi, Planet Labs PBC

İran-İsrail gərginliyinə beynəlxalq reaksiyalar

Çin İsrail və İranı hər iki tərəfin hücumları davam etdiyi üçün gərginliyi azaltmağa çağırır.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü bütün tərəfləri gərginliyi azaltmağa və problemlərin dialoq və danışıqlar vasitəsilə həll olunmasına şərait yaratmaq üçün dərhal tədbirlər görməyə çağırıb.

Çin bundan əvvəl "bu prosesdə konstruktiv rol oynamağa hazır olduğunu" bəyan etmişdi.

İran Prezidenti vətəndaşlarını İsrailin aqressiyasına qarşı çıxmağa çağırıb

İran İsrail münaqişəsi Məsud Pezeşkian İran prezidenti

Şəklin mənbəyi, Reuters

İran Prezidenti Məsud Pezeşkian iranlıları İsrailin aqressiyasına qarşı çıxmağa çağırıb.

Bazar ertəsi günü İran parlamentinin iclasında çıxış edən Pezeşkian deyib ki, İran "diplomatiyaya şans verərək, danışıqlara və dialoqa yol açıb".

"Düşmən İranı və iranlıları qətl və terrorla məhv edə bilməz. Hər hədəfə endirilən hücumdan sonra bayrağı daşıyacaq və yolu davam etdirəcək yüzlərlə başqa qəhrəman var".

Pezeşkian, həmçinin ölkəsinin "nüvə silahına sahib olmağa can atmadığını", lakin "nüvə enerjisindən və xalqının xeyrinə olan tədqiqatlardan faydalanmaq hüququna malik olduğunu" bir daha vurğulayıb.

İsrail İran sakinlərini təxliyəyə çağırdığını deyir.

İordan çayının qərb sahilinin Hebron üzərindəki gecə səmasında İranın ballistik raketlərindən işıq zolaqları görünür, İran İsrailə qarşı cavab zərbələrini bərpa edib

Şəklin mənbəyi, Getty Images

İyunun 15-də İsraillə İran bir-birini bombalamağa davam edib.

Ötən gecə də İsrail İranın hərbi və neft obiyeklərinə zərəbələr endirib, İran da İsrailə ballistik raketlər atıb.

İsrail tərəfi raket hücumundan azı 10 nəfərin öldüyünü, 200-dən çox yaralının olduğunu bildirib.

İran tərərfi İsrailin hücumlarında ölən və yaralılar barədə məlumat verməyib.

Rəsmi İran mediası daha çox İranın İsrailə raket hücumundan danışıb.

İsrail hərbçiləri hədəfə alınan ərazilərin yaxınlığında yaşayan Tehran sakinlərinə fars dilində təxliyə bildirişləri göndərməyə başladığını bildirib.

İsrail xəbərdarlıq edir ki, İranın nüvə proqramı ilə əlaqəli olduğunu iddia etdiyi yerlərə hücum edəcək və insanlar öz təhlükəsizlikləri üçün oranı tərk etməlidirlər.

"İran diktatoru öz rejiminin xilası üçün Tehranı Beyruta, Tehran sakinlərini isə girovlara çevirir", - İsrailin müdafiə naziri İsrael Katz bildirib.

Təhlükəsizlik təhlilçilərinə görə, İsrilin Tehrandakı sakinləri təxliyə etmək xəbərdarlığı İran hökumətinə təzyiq etmək planının bir hissəsidir.

X platformasında İsrail qüvvələri fars dilində yayımlanan yazıda Tehran sakinlərinə bu mesajı göndərdiyini bildirir: "Ölkənin silah istehsal müəssisələri və onlarla əlaqəli obyektlərində və ya yaxınlığında yerləşən bütün şəxslər dərhal bu əraziləri tərk etməli və müvafiq orqanlara məlumat verməlidirlər".

İsrail, İran, müharibə, münaqişə, hava zərbəsi, hərbi

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, İsrailin xilasetmə komandası İranın hava zərbəsi nəticəsində dağılan yaşayış binasının qarşısındadır.

İsrail və İran arasında iyunun 14-ü gecə və səhər saatlarında hava hücumları davam edib.

İranın BMT-dəki nümayəndəsi İsrailin hücumlarından sonra, ölkəsində ölənlərin sayının 70-dən çox olduğunu bildirib. Yaralıların sayı isə 300-ü ötüb.

İsrail isə İranın paytaxt Təl-Əvivə və Yerusəlimə/Qüdsə endirdiyi hava zərbələri nəticəsində ən azı 3 nəfərin öldüyünü və 10-larla yaralının olduğunu açıqlayıb.

Telegram kanallarının bildirdiyinə görə, İranın gecə boyu İsrailə endirdiyi hava zərbələri nəticəsində İsrailin Müdafiə Nazirliyinin binası zərər görüb.

İsrailin isə Tehran aeroportunu hədəf aldığı deyilir.

Hər iki tərəf hücumları davam etdirəcəklərini bildiriblər.

BMT-nin Baş katibi Antonio Guterres İsrail və İranı hava hücumlarını dayandırmağa çağırıb.

"Bu, davamlı hərbi kampaniyanın başlanğıcı ola bilər" - BBC müxbirinin analizi

Hugo Bachega

BBC-nin Yaxın Şərq müxbiri

İsrail, İran, hava zərbəsi, hərbi, münaqişə, müharibə, cəmiyyət, siyasət

Şəklin mənbəyi, Reuters

Yerusəlim/Qüdsdə yüksək partlayış səsləri eşidilib və hava hücumundan müdafiə siqnalları işə salınıb.

İranın başlatdığı növbəti hücum dalğasından sonra İsraildə vəziyyət belədir.

İsrail isə İrana endirdiyi hava zərbələrinin "uğurlu" olduğunu açıqlayıb.

Təl-Əviv Tehrana qarşı başlatdığı hücumları "davamlı hərbi kampaniyanın başlanğıcı" kimi təsvir edir. İsrail, eyni zamanda İranın bu hücumlara daha geniş cavab verəcəyi barədə öz ictimaiyyətini də xəbərdar edir.

İsrail İrana qarşı hava zərbələrinin bu ölkənin nüvə proqramını sıradan çıxartmaq məqsədi daşıdığını deyir.

Təl-Əvivdə inanırlar ki, İranın mövqeyi hazırda zəifdir. Onlar bu iddianı ötən il İranın hava müdafiəsi sistemlərinə və onun regiondakı proksi qüvvələrinə qarşı aparılan uğurlu əməliyyatlarla əsaslandırırlar. Xüsusilə Livanda Hizbullah silahlılarının zərər görməsi İranın bölgədə mövqeyini zəiflədib.

Lakin indiki hücumların həcmi fərqli məqsədin olduğunu göstərir: İranda rejimi yıxmaq. İyunun 13-də İsrailin Baş naziri Benjamin Netanyahu video mesajında İran xalqına birbaşa müraciət etdi və onları liderlərinə qarşı qalxmağa çağırdı.

"İsrailin hərbi əməliyyatının məqsədi İsrailə qarşı olan nüvə və ballistik raket təhdidlərini yox etməkdir. Biz öz hədəfimizə çatdıqca, sizin (İran xalqının-red.) hədəfinizə - azadlığınıza gedən yolu da təmizləmiş oluruq", - Netanyahu bildirib.

Benyamin Netanyahunun bu açıqlaması İran rəhbərliyini narahat edən əsas məqamlardan biri ola bilər. Tehranın hər zaman əsas hədəfi rejimi ayaqda tutmaqdan ibarət olub.

İndi İran rəhbərliyi böyük təzyiq altındadır. Lakin İsrailin hücumlarının İranda daxili sabitliyi pozacağı və onun rejim əleyhinə hərəkata çevriləcəyi hələlik məlum deyil.

İyunun 13-də nə baş verib?

Irana hücum İsrail

Şəklin mənbəyi, Getty Images

İran İsrailə raketlər atıb.

Təl-Əviv şəhərindəki göydələnlərin başı üstündə tüstü yüksəldiyi müşahidə olunur.

Yerusəlimdə partlayış və pəncərə şüşələrinin çiliklənməsi səsi eşidilib, BBC-nin bölgədəki müxbirləri bildirir.

"Yayılmış video görüntülərdə səmada fırlanan raketlər görünür", - BBC müxbiri Tom Bennett yazır.

İranın ali lideri Əli Xamenei İsrailin "müharibə başlatmasından" sonra İranın "ağır zərbələr endirəcəyini" söyləyib.

İran İsrail

İsrail ordusu bir qədər əvvəl İrana yenə hücum etmişdi.

Tehran və Qum şəhərlərində partlayışların olduğu bildirilir.

Tehranın qərbində lentə alınan kadrlarda uzaqdan tüstü müşahidə olunur və BBC müəyyənləşdirib ki, bu video axşam saatlarında çəkilib.

"Saat 6:32-dir, danışan Qarmdarehdir. İndi mən partlayışları eşidirəm və siz tüstünü görə bilərsiniz", - videonu çəkən şəxs deyib.

Yayılmış ilk peyk görüntülərində Natanz nüvə obyektində aşkar zədə əlamətləri görünür.

Natanz obyekti İran üçün önəmlidir, çünki uranın böyük həcmdə zənginləşdirilməsi burda həyata keçirilir.

Ərazilərdən birində ən azı dörd binanın zədələndiyini görmək olar.

Görüntülərdən aydın olan odur ki, zərbələr çox dəqiq olub. Birbaşa hədəfin ətrafındakı binalar ya minimal zərər görüb, ya da həmin binalara heç bir ziyan dəyməyib.

İsrail bu gecə İrana hücum edib.

Böyük hücumundan sonra İran İsrailə 100-ə yaxın pilotsuz uçan aparatla cavab verib. İsrail bəyan edib ki, dronları vurub.

İsrail ordusu hücumda İranın İnqilab Keşikçiləri Korpusunun rəisi Hüseyn Salami və digər komandirlərin öldürüldüyünü bildirib.

İran dövlət televiziyası açıqlayıb ki, Tehran şəhərində yaşayış yerləri zərbələrə məruz qalıb və həlak olanlar arasında dinc sakinlər, o cümlədən uşaqlar da var. Lakin bu məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

İsrailin Baş naziri bildirib ki, hücum "Oyanan Şir" əməliyyatının bir hissəsidir. O əlavə edib ki, İran "İsrailin varlığı üçün birbaşa təhlükə" olub.

İsrail İranı vurub israil ABŞ İran

Şəklin mənbəyi, EPA

İranın ali lideri isə bildirib ki, o, Təl-Əvivi cəzasız qoymayacaq.

İsrail fövqəladə vəziyyət elan edib və tezliklə cavab hücumlarını gözlədiyini deyib.

İran ABŞ-ı İsrailin hücumlarını dəstəkləməkdə ittiham edib, lakin ABŞ bu ittihamları rədd edib.

Prezident Tramp deyib ki, onun hücumlarla bağlı əvvəldən məlumatı olub, lakin ABŞ bu məsələdə tərəf deyil.

Videonu Youtibe kanalımızda zləyə bilərsiniz.

İrana hücum

Şəklin mənbəyi, Getty Images

Prezident Recep Tayyip Erdoğan İsrailin hücumlarını "beynəlxalq hüququ saymayan açıq bir təxribat" kimi qiymətləndirib.

"Netanyahu hökuməti məsuliyyətsiz, aqressiv və hüquqa məhəl qoymayan hərəkətləri ilə bölgəmizi və bütün dünyanı fəlakətə sürükləməyə çalışır", - O, X hesabında yazıb.

"Beynəlxalq ictimaiyyət qlobal və regional sabitliyi hədəf alan İsrail quldurluğuna artıq dur deməlidir. Netanyahu və qətliam şəbəkəsinin bölgəmizi alova atan hücumlarının qarşısı mütləq alınmalıdır", - o qeyd edib.

Erdoğan vurğulayıb ki, Yaxın Şərqdə artıq qan, dağıntı və qarşıdurma görmək istəmirlər.

Prezident hücumları "lənətləyib" və hücumda həyatını itirənlərə görə İran xalqına başsağlığı verib.

Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

Paylaşımın sonu X

Bakı İsrailin İrana hücumundan narahat olduğunu bildirib

Azərbaycan İsrailin İrana hücumundan narahat olduğunu bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 13-də yaydığı bəyanatda bildirib ki, vəziyyətin gərginləşdirilməsini pisləyirlər.

"Tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırırıq", - bəyanatda deyilir.

İrana hücum İsrail

Şəklin mənbəyi, Getty Images

Trump-dan xəbərdarlıq: "İran bir razılaşma əldə etməlidir, yoxsa heç nə qalmayacaq"

ABŞ Prezidenti Donald Trump İranı nüvə proqramı ilə bağlı bir razılaşma əldə etməyə çağırıb və bildirib ki, Tehrana "dəfələrlə şans verib".

ABŞ və İran arasında bu mövzuda aparılan danışıqlar bazar günü altıncı mərhələyə qədəm qoymaq üzrə idi.

Trump "Truth Social" platformasında yazıb:

"Onlara ən sərt ifadələrlə dedim ki, 'sadəcə edin', amma nə qədər çalışsalar da, nə qədər yaxınlaşsalar da, bunu bacara bilmədilər."

O əlavə edib:

"Artıq çox sayda ölüm və dağıntı olub, lakin hələ də bu qırğını dayandırmaq üçün vaxt var".

Onun sözlərinə görə, yoxsa, qarşıda planlaşdırılan hücumlar daha da amansız ola biıər.

Trump xəbərdarlıq edib:

"İran bir razılaşma əldə etməlidir, yoxsa heç nə qalmayacaq və bir zamanlar 'İran İmperiyası' kimi tanınan şeyin qalıqlarını belə xilas etmək mümkün olmayacaq. Daha artıq ölüm, daha artıq dağıntı olmasın. SADƏCƏ EDİN, GEC OLMADAN."

Trump daha əvvəl bildirib ki, İsrailin hava zərbələri endirməzdən əvvəl planlarından xəbərdar olub, lakin ABŞ ordusunun bu əməliyyatda heç bir rolu olmayıb.

İrana hücum İsrail

Şəklin mənbəyi, Getty Images

Beynəlxalq reyslə uçan 10-dan çox təyyarə Bakıya enməli olub

Israilin Iranı vurmasından sonra beynəlxalq reyslə uçan 10-dan çox təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib, Azərtac yazıb.

Hava limanı bildirib ki, İran, İraq və İsrailin hava məkanlarında tətbiq olunan uçuş məhdudiyyətləri fonunda bir sıra beynəlxalq aviaşirkətlərdən onlara ehtiyat eniş üçün sorğular daxil olub.

Bakı Beynəlxalq hava limanından səhər saatlarında müxtəlif istiqamətlərdə uçan beynəlxalq reyslər Bakı hava limanına uğurla eniş edib.

Xamenei: İsrail "ciddi cəzalanmalıdır"

İranın ali lideri Ayətullah Əli Xamenei bildirib ki, İsrail "ciddi bir cəza" ilə cəzalandırılmalıdır.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, İranın ali lideri Ayətullah Əli Xamenei bildirib ki, İsrail "ciddi bir cəza" ilə cəzalandırılmalıdır.

İranın ali lideri Ayətullah Əli Xamenei bildirib ki, İsrail "ciddi bir cəza" ilə cəzalandırılmalıdır.

O deyib ki, İsrail "bu gün əziz ölkəmizdə bir cinayət törədib" və İranın silahlı qüvvələri "bunu cəzasız qoymayacaq".

"Bu cinayətlə sionist rejim özü üçün acı, ağrılı bir taleyi hazırladı və bunu [taleyi] mütləq yaşayacaq."

İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumatına görə, bundan sonra İran İsrail istiqamətinə təxminən 100 PUA göndərib.

İsrailin hücumunun strategiyası nəyə hesablanıb?

İsrail Müdafiə Qüvvələri (IDF) bəyan edib ki, hücumlar həyata keçirilib və İranın İnqilab Keşikçiləri Korpusunun rəhbəri Hüseyn Səlami öldürülüb.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, İsrail Müdafiə Qüvvələri (IDF) bəyan edib ki, hücumlar həyata keçirilib və İranın İnqilab Keşikçiləri Korpusunun rəhbəri Hüseyn Səlami öldürülüb

Sebastian Usher

Yaxın Şərq üzrə analitik

İsrailin İrana budəfəki hücumu ötən il həyata keçirilmiş iki hərbi əməliyyatdan daha genişmiqyaslı və intensiv olmaqla qalmadı. Görünən odur ki, bu hücum həm də ötən ilin noyabrında Livanda Hizbullaha qarşı keçirilmiş əməliyyatda istifadə edilən strategiyanın bəzi elementlərini özündə ehtiva edib.

Bu strategiya yalnız İranın raket bazalarını – yəni, onun güclə cavab vermək imkanlarını – hədəf almaqla kifayətlənmir, həm də İranın rəhbərliyində əsas fiqurları sıradan çıxarmağa yönəlib.

Hizbullahın yüksək rütbəli komandirlərinin "başını kəsmək" strategiyası qruplaşma və onun davamlı əks-hücum qabiliyyəti üçün dağıdıcı nəticələr vermişdi.

Tehrandan yayılan görüntülərdə birbaşa hədəf alınmış binalar görünür.

Bu, İsrailin Beyrutun cənub bölgələrinə hücumlarından yayılan kadrlara bənzəyir.

Həmin hücumlar Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsi ilə nəticələnmişdi.

İranda o səviyyədə bir liderin öldürüldüyünə dair məlumat yoxdur. Ali lider Əli Xamenei hədəf alınmayıb.

Ancaq İsrailin Baş naziri Benyamin Netanyahunun günlərlə davam edə biləcəyini dediyi bir əməliyyatın ilk saatlarında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin, İnqilab Keşikçiləri Korpusunun komandanının və bir neçə yüksək səviyyəli nüvə aliminin öldürülməsi İran elitasına görünməmiş dərəcədə zərər vurmaq deməkdir.

Bu, yəqin ki, İranın ötən il İsrailə etdiyi iki hücumdan daha sərt bir cavabı şərtləndirəcək.

Ancaq, eyni zamanda Tehranın belə bir sərt cavabı təşkil etmək imkanını da bir o qədər çətinləşdirə bilər.

Görünür, Netanyahunun bu münaqişəni eskalasiya etmək qərarı verəndə hesabladığı da məhz bu olub.

Bunu da oxuyun:

"Bu hücumun vaxtı kifayət qədər gözlənilməz oldu"

İrana hücum

Şəklin mənbəyi, Reuters

Hugo Bachega

Yaxın Şərq müxbiri, Qüdsdən

Bu hücumun vaxtı kifayət qədər gözlənilməz oldu. Bazar günü ABŞ və İran rəsmiləri arasında İranın nüvə proqramı ilə bağlı böhranı diplomatik yolla həll etmək məqsədilə görüş keçiriləcəyi gözlənilirdi.

Bu səhər İrandan yayılan məlumatlarda bildirilir ki, Tehran artıq həmin danışıqlarda iştirak etməyəcək.

Eyni zamanda İsrail ordusu məlumat yayıb ki, İranın cavab hücumu başlayıb və İsrailə 100-dən çox PUA göndərilib.

Narahatlıq ondan ibarətdir ki, bu, İranın daha genişmiqyaslı cavab planının bir hissəsi ola bilər. PUA-lardan sonra raketlər də göndərilə bilər. Məqsəd İsrailin hava hücumundan müdafiə sistemlərini iflic etmək ola bilər.

İsrail rəsmiləri bir müddətdir ki, hücum üçün bir fürsət pəncərəsi gördüklərini deyirdilər.

Keçən il İsrailin hava zərbələri nəticəsində İranın hava hücumundan müdafiə sistemləri ciddi ziyan görmüşdü, həmçinin regiondakı İranın müttəfiqləri, xüsusilə Livandakı Hizbullah zəiflədilmişdi. Onlar artıq bir müddətdir hərbi əməliyyat imkanını müzakirə edirdilər.

Və bu, həqiqətən də böyük bir hücumdur – söhbət nüvə obyektləri, hərbi bazalar, hava hücumundan müdafiə sistemləri, yüksək rütbəli hərbi komandirlər və eləcə də alimlərin hədəf alınmasından gedir.

İrana hücum İsrail

Şəklin mənbəyi, Getty Images