Nəriman Nərimanov kim idi?

Nəriman Nərimanov Nariman Narimanov Azərbaycan Baku Bakı

Ötən əsrin 90-cı illərin əvvəllərinə qədər Azərbaycanda aprelin 28-i Sovet hakimiyyətinin qurulduğu gün kimi qeyd olunurdu. Azərbaycan Sovet Sosialist Respubikasının yaranmasının banilərindən olan Nəriman Nərimanovun adı da həmişə bu kontekstdə xatırlanıb.

Bu gün Bakıda heykəli ucalan, adı bir çox yerlərdə əbədiləşdirilmiş Nəriman Nərimanov kim idi?

Britaniya Akademiyasının müxbir üzvü və Queen Mary Universitetinin üzvü Dr. Harun Yilmaz BBC News Azərbaycanca üçün yazıb:

Nəriman Nərimanov publisist, həkim və siyasətçi idi. O, Bolşeviklər partiyasının aparıcı azərbaycanlı üzvlərindən biri, Azərbaycanda sovet hökumətinin başçısı olub. Nərimanovun siyasi karyerası o, 1925-ci ildə vəfat etdikdən sonra da davam edib.

1936-cı ildən sonra stalinizm təbliğatı siyasi terror kampaniyasına başlamaq üçün Nərimanov da daxil bəzi bolşevik xadimlərinə qarşı repressiya həyata keçirdi.

Nərimanovun xatirəsi Stalin terrorunun qurbanı oldu.

Onun adı Stalinin ölümündən sonra reabilitasiya edildi və hətta Bakıda böyük abidəsi ucaldıldı.

Bu dəfə o, Azərbaycan vətənpərvərinə çevrildi və 70-ci illərdə millətçilik əhval-ruhiyyəsini yüksəldən bir fiqur oldu.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Müxtəlif sovet siyasəti nəticəsində Nərimanovun ziddiyyətli obrazları yaranıb.

Həmişə yadda saxlamalıyıq ki, Nərimanov öz dövrünün məhsulu olub.

XX əsrin əvvəllərində Qafqazda dəyişiklik tələb edən kiçik bir modernist qrup var idi. Nəriman Nərimanov bu modernistlərin daha geniş çevrəsinə aid idi. Onlar, əsasən, Rusiyada təhsil almış, bəziləri isə Avropaya səfər etmiş və Şərqlə Qərb arasındakı böyük fərqi müşahidə etmişdilər. Onlar xalqları üçün təmiz su və kanalizasiya, elektrik və dəmir yolları, opera teatrları, oğlan və qızlar üçün müasir məktəblər, daha yüksək savadlılıq kimi müasir həyat və tərəqqinin bəhrələrini istəyirdilər.

Bununla belə, Azərbaycanda və Rusiya imperiyasının digər yerlərində modernistlərin fərqli siyasi baxışları və ideologiyaları var idi. Millətçilər müasir milli kimliyi bu modernləşmə paketinin bir hissəsi kimi görürdülər. XX əsr təkcə teleqraf, elektrik enerjisi və dəmir yolları ilə bağlı deyildi, bu, həm də səfərbər olmuş xalqların əsri idi.

Nəriman Nərimanov Nariman Narimanov

Şəklin mənbəyi, Azərtac

Müsəlman modernistlər bütün Rusiyada təşkil olunan Konstitusiya Demokratik Partiyası və ya Kadetlərin sıralarında siyasətə qoşuldular. Sonrakı mərhələdə Qafqazda Müsavat Partiyasını təsis etdilər. Sosial-demokratlar (və ya sosialistlər) da modernist idilər, lakin onların fərqli prioritetləri var idi. Onlar torpağın torpaqsız kəndlilər arasında bölüşdürülməsini, sənayenin, bankların və dəmir yollarının milliləşdirilməsini, səkkiz saatlıq iş günü və cəmiyyətin bütün üzvlərinə səsvermə hüququnu və pulsuz təhsil verilməsini tələb edirdilər. Bəziləri tədrici dəyişiklik əvəzinə inqilab istəyirdi.

Bütün modernistlər bu iki nöqtənin spektri arasında yerləşirdi. Azərbaycanlı müsavatçıların (erkən dövr) və hümmətçilərin, gürcü menşeviklərin, erməni daşnakların və hunçaqların partiya proqramlarında müxtəlif səviyyələrdə millətçilik və sosializm qarışıqları var idi. Bolşeviklər bu siyasi spektrın solunda və millətçilikdən uzaqda idilər. Partiya rəhbərliyi müxtəlif etnik və millətlərdən ibarət idi. Oktyabr İnqilabını təşkil edən Mərkəzi Komitənin iyirmi iki üzvündən yalnız səkkizi (Lenin də daxil olmaqla) rus idi.

Bütün bu ideya və ideologiyalar regionda yeni idi. Nərimanov da daxil ayrı-ayrı şəxslər siyasi təcrübə qazandıqca mövqelərini dəyişirdilər. Siyasi həyatına İran konstitusionalizminin fəalı kimi başlamış Əhməd Ağayev sonra pantürkist oldu və sonda Türkiyədə türk millətçiliyinin təmsilçisi kimi tanındı. Məmməd Əmin Rəsulzadə siyasi səyahətini bolşeviklər arasında soldan başlayıb, millətçilər arasında sona çatdırdı. Həmin dövrdə Rəsulzadə sağa, Nərimanov sola keçdi. Nərimanov (əvvəlki) Müsavatın üzvü kimi başladı, sonra bolşevik oldu.

Nəriman Nərimanov solçu Azərbaycan ziyalısının nümayəndəsi idi. Bir həkim kimi, o, neft bumunun yaşandığı Bakıda fəhlə məhəllələrindəki səfalətdən, antisanitar şəraitdən, çirkli məskənlərdən, xəstəliklərdən xəbərdar idi. Nərimanov Bolşevik partiyasının ideologiyasını və proqramını da yaxşı bilirdi. Təbii ki, o, rejimin dəyişməsində və yeni respublikanın - Azərbaycan Sovet Sosialist Respublikasının qurulmasında aparıcı sima idi. 1920-21-ci illərdə Qafqazda bolşevik hakimiyyəti qurulduqdan sonra bir çox həm solçu, həm də sağçı-modernist yeni Sovet administrasiyasına qoşuldu. Onlar indi güclü dövlətin dəstəyi ilə böyük layihələrini həyata keçirə bilərdilər.

Azərbaycanda sovet hökumətinin başçısı Nərimanov Azərbaycan Sovet Respublikasının ilk illərində ərazi məsələlərinə cəlb olundu.

Çox vaxt Moskvadakı bolşeviklərin və ya Stalin və Orconikidze kimi şəxslərin gizli planlarının olduğu güman edilir: hər şey böyük sui-qəsdlə edilib, Nərimanov isə millətin müdafiəçisi və ya sui-qəsdin qurbanı olub. Geriyə baxıb belə intriqaları, sui-qəsdləri, qurbanları görmək asandır. Düzdür, bolşevik partiyasında fikir ayrılıqları, müzakirələr, küsüşmələr olub, lakin Nərimanovun bolşevik sui-qəsdçilərinə qarşı döyüşməsi 30-cu illərdə ona böhtan atıldıqdan və 70-ci illərdə reabilitasiya olunduqdan sonra yaranmış obrazdır. Əslində, real mənzərə bir qədər fərqli idi.

1920-ci ildə Sovet Federasiyasının mahiyyəti aydın deyildi. Hətta Moskvadakı liderlər də nə edəcəklərini bilmirdilər. Lenin ayrı-ayrı və bərabər respublikaların sərbəst federasiyasını təsəvvür edərkən, Stalin muxtariyyətlərin bir Rusiya respublikasının çətiri altında sıx birləşməsinin daha məqsədəuyğun olacağını düşünürdü. Üçüncü qrup isə tamamilə etnik və ya milli parçalanmaya qarşı idi. İnzibati bölgülər iri limanlar və sənaye mərkəzləri ətrafındakı iqtisadi zonalara uyğun olmalı idi. Nərimanov Leninin xəttinə daha yaxınıydı. İki il sonra kompromis əldə edildi. Bir tərəfdən ayrı-ayrı respublikalar quruldu, digər tərəfdən onlar Moskva vasitəsilə bir-birinə möhkəm bağlandılar.

Başqa bir böyük sual Zaqafqaziyada inzibati bölgü və ərazi iddiaları ilə bağlı idi. Bu müzakirələrdə Nərimanov da iştirak edirdi, amma yenə də konspirasiya dumanı mənzərəni müəmmalı edir. Əslində, 1921-ci ildə Qarabağ qəzası ilə bağlı müzakirələr (digər mübahisəli ərazilərdə olduğu kimi) açıq şəkildə göstərir ki, regional sərhədləri iki aydın prioritet formalaşdırıb.

Bolşeviklər gələndə, artıq üç ilə yaxın idi ki, bölgədə etnik toqquşmalar və ərazi münaqişələri yaşanırdı. Əslində, Qafqaz 1905-ci ildən bəri şiddətli etnik və dini toqquşmalara məruz qalmışdı. Dünən bir-birini öldürən insanlar bu gün birlikdə işləməli idilər. Yeni sərhədlər Moskva üçün erməni mühasibin, azərbaycanlı mühəndisin və gürcü dəmiryolçunun birlikdə su elektrik bəndi və ya zavod tikə bilməsini təmin etməli idi.

Hər bir respublika ayrı-ayrılıqda olanda hər bir millətçi hökumət digərlərinə qarşı maksimalist proqrama əməl edirdi. Bu dəfə hər kəs bir şey alacaqdı, amma hər şeyi yox.

Azərbaycan, gürcü və erməni bolşeviklər, o cümlədən Nərimanov bu məsələdə həmfikir idilər. Onların hamısı həddindən artıq siyasi və sosial təlatümlər dövrünü yaşamışdılar. Ancaq, eyni zamanda, Nərimanov və digər yerli bolşeviklər öz xalqlarını razı salacaq sövdələşməyə nail olmaq istəyirdilər. Hər bir respublikada yerli bolşeviklər etnik və ya dini həssaslıqları daim vurğulayırdılar. Əgər “qırmızı xətlər” keçilsəydi, bu, öz xalqları arasında bolşevik hakimiyyətinə dəstəyi azaltmış olardı. Bu, narazılıq yaradacaqdı. Bu prosesdə Nəriman Nərimanov öz rolunu oynadı. O, maksimalist deyildi, amma hər şeydən də əl çəkmirdi. Nəticə hər kəs üçün orta yol oldu.