Şimali Qafqazda anti-yəhudi aksiyaları: Sakinlər “israilli qaçqınları” axtarır

Şəklin mənbəyi, TASS
Rusiyada keçirilən genişmiqyaslı anti-semitik aksiyalardan sonra, İsrail Rusiyaya xəbərdarlıq edərək, “bütün vətəndaşlarını və yəhudiləri” qorumağa çağırıb.
Sosial mediada yayılan video görüntülərdə Maxaçkalada qəzəbli kütlənin hava limanı binasına daxil olaraq, “israilli qaçqınları” axtardığı əks olunub. Federal Hava Nəqliyyatı Agentliyi aeroportdan uçuşları və enişləri dayandırıb.
Rusiyanın Aviasiya Agentliyinin bildirdiyinə görə, Moskva vaxtı ilə saat 22:20-də hava limanı ərazisində “vətəndaşların icazəsiz binaya girişinin qarşısı alınıb” və təxminən bir saat sonra binaya giriş bağlanıb və noyabrın 6-sı səhər saatlarınadək bağlı saxlanılacaq.
RIA Novosti agentliyi etirazlarda yüzlərlə insanın iştirak etdiyini bildirib. Dağıstanın Səhiyyə Nazirliyinin bəyanatına görə, aksiya zamanı 20-dən çox insan yaralanıb. Onlardan iki ağır vəziyyətdə olmaqla, ümumilikdə 10 nəfər xəstəxanaya aparılıb. Zərər çəkənlər arasında polis işçiləri ilə yanaşı mülki şəxslərin də olduğu deyilir.
İstintaq Komitəsinin Dağıstan Departamenti kütləvi etiraz maddəsi ilə cinayət işi açıb, RIA Dağıstan xəbər verir.
İsrailin Baş Nazirlik ofisindən bildirilib ki, Rusiya yəhudilərə və israillilərə qarşı yönəlmiş bütün zorakılıqlara qarşı qətiyyətli addım atmalıdır.
ABŞ Prezidentinin sözçüsü Adrienne Watson X (keçmiş Tweeter) sosial media hesabında ölkəsinin “Dağıstandakı anti-semitik etirazları sərt şəkildə pislədiyini” yazıb.
“Dünyada anti-semitizmin gücləndiyinə şahid olduğumuz dövrdə, ABŞ yekdilliklə yəhudi icmasının yanında yer alır. Antisemitizmlə bağlı hər hansı bəhanə və bəraət irəli sürülə bilməz”, - Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü bildirib.
Dağıstan hökuməti Qəzzaya dəstəyini açıqlasa da, vətəndaşlarına müraciət edərək onları sakitləşməyə çağırıb.
Nə baş verib?
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Bazar günü günorta saatlarında Dağıstan Telegram kanallarında Təl-Əvivdən ölkəyə qaçqınların gəldiyini iddia edən mesajlar yayılmağa başlayıb. Bundan qısa müddət sonra yerli sakinlər Maxaçkala aeroportuna yığışıblar, onlardan bəziləri Fələstin bayrağı ilə gəliblər.
“Bura Dağıstandır” telegram kanalının yazdığına görə əvvəlcə etirazçılar aeroport binasından çıxan insanlardan sənəd tələb edərək İsrail vətəndaşlarını axtarmağa başlayıblar, daha sonra isə binaya daxil olublar.
Telegram kanalında yayılan videoda bir nəfər etirazçının “Hər kəsin qarşısında! Gördüyünüz kimi izdihamlı aqressiv gənclər aeroportun ətrafında hərəkət edərək yəhudiləri axtarırlar. Onlar hara gedirlər?”, deyərək qışqırdığı əks olunub. Videoda hava limanı işçilərinin isə qorxu içində “Onlar burada yoxdurlar” dediyi eşidilir.
“Rasuldan soruş” adlı kanalda yerləşdirilən video isə təyyarənin içərisindən çəkilib və görüntülərdə hava limanı boyu insanların qaçışdığı və təyyarə kapitanının səsgücləndirici ilə sərnişinlərdən yerlərində oturmağı və təyyarə qapısını açmamağı dediyi əks olunub.
“Küçədə qəzəbli kütlə var və onlar bizim haradan və niyə gəldiyimizi bilmirlər. Mümkündür ki, biz də bu təhdidlərlə üzləşək”, kapitan xüsusilə qeyd edir.
Digər videoda isə təyyarədən düşən insanlara qarşı bir qrup gənc kişilərin qaçdığı görünür. “Hər kəs göyərtəyə qayıtsın, hər kəs göyərtəyə”, təyyarə bələdçisi qışqırır.
Rusiyanın İzvestiya nəşrinın yaydığı bir fotoda anti-semitik aksiyada iştirak edənlərin təyyarənin qanadına çıxdığı əks olunub.
Rusiyanın dövlət xəbər agentliyi TASS isə baş verənləri təsvir edərək, “ora yığılanların İsrail-Fələstin münaqişəsinə etiraz etdiyi və təhlükəsizlik qüvvələrinin Maxaçkala aeroportunu ciddi nəzarətə götürdüyü”nü bildirib.
İstintaq Komitəsinin Dağıstan Departamenti kütləvi etiraz maddəsi ilə cinayət işi açıb, RIA Dağıstan xəbər verir.
“İsrail vətəndaşlarının (yəhudilərin) girişi qəti qadağandır”
Şənbə günü isə Dağıstanın Xasavyurt şəhərində “israilli qaçqınların” Flamingo otelində olması ilə bağlı yayılan şayiələrə görə sakinlər həmin əraziyə toplaşıb.
“ÇP Dağıstan” telegram kanalının bildirdiyinə görə Xasavyurtda bir sakin otelin yaxınlığında başında kippah (yəhudilərin baş geyimi) və uzun saqqalı olan “İsrail vətəndaşına oxşayan bir nəfər”i gördüyünü dedikdən sonra, sakinlər otelin yaxınlığında toplaşmağa başlayıblar.
Kütlə otelə gələrək bütün qonaqların pəncərələrə doğru gəlməsini tələb ediblər, bu, baş verməyəndə isə otelin pəncərələrinə daş atmağa başlayıblar.
“ÇP Dağıstan” kanalında qeyd olunub ki, polis otel binasına gəldikdən sonra etiraz edənlərdən bir neçəsinə oteldə “yəhudi olmadığını” öz gözləri ilə görməkləri üçün binaya daxil olmağa imkan veriblər.
Kanal həmçinin yazır ki, etirazçılar Flamingo otelinin qarşısında üzərində “İsrail vətəndaşlarına (yəhudilərə) giriş qəti qadağandır” ifadəsi yer alan lövhə yerləşdiriblər.
Xasavyurtda baş verənlərdən sonra Rusiyanın “Podyom” nəşrinə müsahibə verən Dərbənddəki yəhudilərin dini nümayəndəsi Ovadia İsakov deyib ki, yəhudi icmasının böyük əksəriyyəti oranı tərk etməyi düşünür.
“Vəziyyət çox çətindir... insanlar qorxur... və mən onlara nə tövsiyyə edəcəyimi bilmirəm. Dərbənddə 300-400 ailə var. Buranı tərk etməyə dəyərmi? Çünki Rusiyada xilas yoxdur, Rusiyada da etirazlar olub. Hara qaçmalı olduğumuzu bilmirik”, - o qeyd edib.
Yəhudi din xadimi əlavə edib ki, yerli əhalinin düşmənçiliyi İsrailin informasiya müharibəsində uduzmasından qaynaqlanır.
Bazar günü səhər saatlarında Dağıstanın rəhbəri Sergey Melikov vəziyyəti şərh edərkən baş verənlərə görə Telegramda “saxta məlumatlar” yayan “ekstremist mənbələri” ittiham edib.
Qafqazdakı anti-semitik aksiyaları tənqid edənlər də olub. Şimali Qafqaz Müsəlmanları Mərkəzi və Çeçenistanın milli siyasət naziri Axmed Dudayev də etirazlara qarşı çıxıb.
Tikilməkdə olan yəhudi mərkəzinin yandırılması
Rusiyada digər anti-semitik aksiya Kabardino-Balkar Respublikasının Nalçik şəhərində olub. Bir neçə Rusiya mediasının yazdığına görə təmir-tikinti işləri aparılan yəhudi mərkəzlərindən biri yandırılıb. Şəxsiyyəti bilinməyən şəxslər əvvəlcə avtomobil şinlərini yandırıblar və daha sonra yanan şinləri binanın içərisinə atıblar və tikilinin divarlarına təhqiredici ifadələr yazıblar. Hadisə zamanı insanlara xəsarət dəyməyib.
Rusiya hökumətinin “xarici agent” adlandırdığı “Bu Da Belə” və “Qafqaz Düyünü” nəşrlərinin yazdığına görə Şimali Qafqazın digər respublikası – Qaraçay-Çərkəzdə 500-ə yaxın insan Çerkesskdə hökumət binası qarşısına yığılaraq İsraildən gələnlərin regiona daxil olmamalarını və Qaraçay-Çerkes Respublikasındakı bütün yəhudilərin qovulmasını tələb ediblər.










