Türkiyə-Rusiya münasibətlərinin istiləşməsi nə ilə bağlıdır?

Şəklin mənbəyi, AFP
Türkiyə və Rusiya, aralarındakı münasibətləri köklü şəkildə yaxşılaşdırmaq qərarına gəliblər.
“Beşinci mərtəbə”nin qonaqları şərqşünas və ərəbşünas Yelena Suponina və professor Aleksandr Sotniçenkodur.
Onlarla söhbəti Mixail Smotryayev aparıb.
М.S.: Türkiyənin son günlərdəki davranışlarına verilən şərhlərin bəzisində deyilir ki, Türkiyəyə “Brexit” belə ciddi təsir edib. Beləki, buna görə Aİ-də sabitsizlik olacaq və Türkiyə heç yada da düşməyəcək. Bu səbəbdən də başqa qonşularla münasibətləri düzəltmək lazım gəlib. Bu mülahizədə həqiqət varmı?
Y.S.: Britaniyanın Aİ-dən çıxması faktına bu qədər böyük əhəmiyyət verməyə dəyməz. Rusiya və Türkiyə arasında münasibətlərin yaxşılaşdırılmasına hazırlıq əvvəlcədən görülüb. Bu proses ləng olub. Hələ ola bilsin ki, bu proses axsamağa başlasın. Çünki biri var üzr istəmək, biri də var həll olunmamış problemlər. Bunlar başqa-başqa şeylərdir.
Suriya ətrafında ciddi fikir ayrılığı mövcuddur və burada asan kompromislər olmayacaq. Rusiya və Türkiyədə ictimai rəyin formalaşdırılmasına bir neçə həftə bundan əvvəl başlanıb. İyunun 12-də Erdoğanın Putinə təbrik məktubu göndərilib, Moskvada türk politoloqları qəbul ediblər, Türkiyənin xarici işlər naziri Soçiyə, xarici işlər nazirlərinin görüşünə dəvət alıb. O böyük bir ehtimalla gələcək və Sergey Lavrovla görüşəcək və ola bilsin, yaxşılaşma davam edəcək.
Erdoğan başa düşür ki, ABŞ-da bu gün-sabah prezident seçkiləridir və Obamanın işi çətinləşib. O əgər Suriyada bir şey etmək istəsəydi Britaniyanın dəstəyinə arxalanmalı olacaqdı. Britaniya isə hazırda öz işləri ilə məşğuldur. Odur ki, bu məsələ nəzərə alınıb, lakin əsas məqam olmayıb. Ən əsas məsələ iqtisadiyyatdır.
М.S.: Bir versiya da var. (Onun hələ dama basmağa vaxtı çatmayan) hərbçilər Erdoğana iqtisadi problemlərə görə irad tutublar və özünü sakit aparmasını tələb ediblər. Belə bir ssenari mümkündürmü?
А.S.: Onun dama basdığı hərbçiləri çoxdan buraxıblar.
М.S.: Hə də...Məhz elə bu səbəbdən...
А.S.: Bu hərbçilərin xeyli böyük bir nümayəndə heyəti may ayında Suriyada olub və rəsmilərlə görüşüb. Ordunun rolu böyükdür, lakin ordu iqtisadiyyat haqda nadir hallarda düşünür. Ordu siyasət və müharibə barədə düşünür və müharibəni istəmir. Ola bilsin ki, məhz Rusiya ilə münasibətlər siyasətinə elə hərbçilər təsir göstəriblər. Onlar üçün ABŞ-ın Suriyadakı siyasəti tamamilə qeyri-məqbuldur.
Son iki ayda ABŞ bu siyasəti müəyyən dərəcədə dəyişib. Buna qədər MKİ, Pentaqon və Dövlət Departamenti bir-birinə zidd istiqamətlərdə hərəkət edirdilər. Onlardan biri sülh danışqıları aparırdı, digəri türkiyəyönlü silahlıları dəstəkləyirdi, üçüncüsü isə kürdlərə dəstək verirdi. Amma indi amerikalılar diqqətlərini bu yaxınlarda muxtariyyət elan etmiş kürdlərin məsələsi üzərində cəmləyiblər.
Türkiyə üçün bu, qeyri-məqbuldur. Çünki Suriya və Türkiyə kürdləri dil və etnik baxımdan çox yaxındırlar. Suriya kürdlərinin ərazisində PKK-nın keçmiş rəhbərinin siyasəti həyata keçirilir.
Türkiyədə qadağan olunmuş PKK muxtariyyət və hətta kürd rayonlarının Türkiyədən ayrılması uğrunda mübarizıə aparır.
ABŞ-ın müttəfiq kimi itirilməsi Türkiyəni əks istiqamətdə hərəkətə məcbur edib və onlar kiminləsə barışmaq istəyirlər. Türkiyə siyasətindəki yeni istiqamətlər bundan yaranıb. Rusiya, Misir və İsraillə barışmaq istiqaməti...
М.S.: İqtisadiyyatdan danışanda, təkcə Rusiyaya, İsrailə və ya başqa bir yerə pomidor sata bilməmək Türkiyəni belə vəziyyətə sala bilməzdi...Türkiyənin vəziyyəti nə dərəcədə acınacaqlıdır?
Y.S.: Türkiyə iqtisadiyyatının vəziyyəti acınacaqlı deyil, lakin pisləşmə göz qabağındadır. Həm də bunlar çoxc ciddi geosiyasi risklərin fonunda baş verir. Türkiyənin bütün qonşuları ilə münasibətləri pisdir və bir çox qonşu ölkələrdə, İraqda və Suriyada sabitsizlik və müharibə davam edir. Ona görə də “hərbiyyə Erdoğanın yanına gəlib və deyib ki...” versiyası inandırıcı görünməsə də, hərbçilər ölkədəki vəziyyətə ayıq qiymət verirlər.
Axı Türkiyədəki daxili vəziyyət də stabil deyil. Məsələn terror aktları baş verir. Buna görə buradan turistlər, həm də təkcə Rusiya turistləri deyil, həm də İsrail və Almaniya turistləri qaçırlar. Mehmanxanalar və çimərliklər boşdur. Buna görə də Rusiya ilə münasibətlərin yaxşılaşması xəbəri Türkiyənin maliyyə birjalarına müsbət təsir göstərib. İctimai rəy, ələxüsus da keçmiş baş nazirin istefasından sonra bunu gözləyirdi. Elə ən son səhvləri də onun belinə yükləyiblər.
М.S.: Prezident Erdoğan bir az Vladimir Putin kimi təəssürat yaradır. Elə isə o, özünün dostluq münasibətlərini nə qədər dərinləşdirməyə hazırdır? Üzrxahlıqdan və təəssüfdən söhbətlər gedir. Hətta belə bir informasiya da var ki, Türkiyə kompensasiya ödəməyə hazırdır. Hərçənd bu informasiya dərhal təkzib edilib. İstaillə münasibətlərin istiləşməsi də elə bir geniş miqyasda deyil. Türkiyəyə Qəzzada tikinti və təchizatla məşğul olmaq icazəsi verilib. Lakin Türkiyənin bu işə nə qədər iqtisadi qüvvə qoyacağı bəlli deyil. Amma Erdoğanın rüsvay olması daha xatalı məsələdir. Nəzərə alanda ki, bundan müxalifət istifadə edə bilər...
А.S.: Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası bütün 21-ci əsr ərzində Rusiya ilə dost münasibətlərin qurulması təməlində dayanıb. İki ölkə arasında 35 milyard dolları aşan mübadilə də Erdoğanın xidmətidir. Elə Rusiya ilə iş görən biznesmenlərin əksəriyyəti də hakim partiyanın üzvləri və millət vəkilləridir. Rusiya ilə münasibətlər korlananda, onların biznesləri batıb. Halbuki onlar iqtisadi qazanca ümid bəsləyirdilər. Axı Erdoğan artıq 100 milyard dollarlıq mübadilədən danışırdı. Lakin münasibətlər korlanandan sonra çoxları müflis oldu.
Odur ki, partiyası qarşısında Erdoğan rüsvay olmayacaq. Əksinə, onun partiyadaşları onu belə bir qərara sövq edirlər. Elə müxalifət, kürdlər, HDP və MHP də Erdoğanı tənqid edirdilər. Çünki düşünürdülər ki, Rusiya ilə münasibətlərin korlanması nəticəsində iqtisadiyyat çökə bilər. Odur ki, Erdoğan əslində onların ötən ilin sonlarında çağırış etdikləri addımı atıb.
Y.S.: Erdoğan üçün nə isə bir təhlükə olsa belə, yaxın vaxtlarda olmayacaq. Amma əgər işlər düz getməsə, onun yadına özünün kəskin bəyanatlarına baxmayaraq axırda üzr istəməsini salacaqlar. Amma indi Türkiyə cəmiyyəti yorulub və bu addımı müsbət qiymətləndirəcək. Türkiyə biznesinə gəlincə isə, bu xəbərlər onu yalnız sevindirib. Səhvləri isə keçmiş baş nazirin üstünə yıxıblar, hərçənd bu bir ədalətsizlikdir. Erdoğan öz yanında güclü siyasətçi görmək istəmir. Ahmet Davutoğlu məhz belə bir siyasətçiyə çevrilməkdəydi.
М.S.: Regionun bütün ölkələrinin Suriya münasqişəsinə öz münasibəti var. Bu mənada Rusiya ilə ixtilaf daha mühümdür, heç olmasa ona görə ki, Rusiya və Türkiyə bu müaqişədə hərbi iştiraka malikdirlər. Artıq indidən belə şayiələr yayılıb ki, Erdoğan Suriya məsələsində, daha doğrusu, Bəşər əl-Əsədin hakimiyyətdə saxlanması məsələsində Rusiyanın mövqeyini qəbul etməyə hazırdır. Bu versiyada həqiqət ola bilərmi?
А.S.: Bəşər Əsədə Rusiyada münasibət elə də yaxşı deyil, lakin Türkiyə doğrudan da Suriya siyasətini dəyişməyə hazırdır. Hamı bilir ki, bu siyasət iflasa uğrayıb və onu dəyişmək lazımdır. Bunu hətta hakim partiyanın liderləri də başa düşüblər. Elə Ahmet Davutoğlu belə düşündüyünə görə istefaya göndərilib. İndi Rusiya və Türkiyənin Suriyaya dair məsləhətləşmələrə başlamasına ehtiyac var.
М.S.: Məsləhətləşmə uzun işdir. Türkiyənin başqa müttəfiqlərinin bu məsələyə necə baxacaqlarını bilmək olmaz. Türkiyənin NATO üzvü kimi öhdəlikləri var. Burda nə perspektiv ola bilər?
А.S.: ABŞ faktiki olaraq kürdləri dəstəkləyir, odur ki, Türkiyə Amerikanın qarşısında heç bir öhdəliyə malik deyil. Səudiyyə Ərəbistanı və Qətər qarşısında isə öhdəliklər var. Lakin onlarla Suriya məsələsində əməkdaşlıq Türkiyə siyasətinə uğur gətirməyib.
Y.S.: Mən razı deyiləm ki, Rusiyada Əsədə münasibət yaxşıdır. Əlbəttə ki, hamı ona müxtəlif cür yanaşır. Amma bunun böyük siyasətə dəxli yoxdur. Ən başlıcası odur ki, Rusiya 2015-ci ilin sentyabrında Suriyada antiterror əməliyyatlarına başlayıb. Bu əməliyyatların nəticəsində Suriyada qüvvələr nisbəti hökumət qoşunlarının xeyrinə dəyişib. Ən əsası budur. Erdoğan üçünsə 180 dərəcə dönüş etmək çətin olacaq. Bu heç onun xasiyyəti də deyil. Əgər iqtisadiyyat əsasdırsa, Suriya məsələsi gözləyə bilər. Odur ki, Erdoğanın hakimiyyəti dövründə Rusiya-Türkiyə münasibətləri 2010-cu ildə olduğu səviyyəyə qalxmayacaq.
Türkiyə Asiyadan Avropaya gedən qaz yolunun təbii tranzitidir. İsrailin şelfində qaz yataqları tapılıb. Misir və Rusiya da qaz ixracatçılarıdır. Odur ki, burada bir neçə ölkənin və tranzit kimi Türkiyənin maraqları bir araya gəlib. Ən mühümü budur ki, bu üç ölkənin qazın ixracatına dair maraqları toqquşmasın.
М.S.: Erdoğanın hazırda qurmağa çalışdığı siyasi müttəfiqliklər nə dərəcədə möhkəm olacaq?
А.S.: İsraillə siyasi müttəfiqlik ola bilməz, Misirlə də... Çünki Türkiyə Müsəlman Qardaşlığını dəstəkləyib. Amma Rusiya ilə perspektivlər böyükdür. Mühümdür ki, Rusiya türk tərəfinin sorğularına müsbət cavab versin. Türkiyənin siyası müttəfiqi qalmayıb. Odur ki, o bir çox siyasi təklifləri qəbul etməyə hazır olacaq.
М.S.: Sual budur ki, Türkiyə ilə qarşılıqlı münasibətlər indi Rusiyaya nə dərəcədə lazımdır?
А.S.: Əlbəttə ki, lazımdır, çünki bizim hazırda Qərblə münasibətlərimiz çox pisdir. Eləcə də Səudiyyə və Qətərlə...Bu mənada Suriya məsələsini yalnız Türkiyə ilə real şəkildə çözmək olar.



