Moskvada dronlar iki yaşayış binasını vurub

qırılmış pəncərə

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Hücum kiçik ölçüdə ziyan vurub, şəhər meri deyib.

Dronlar Moskvada iki yaşayış binasını vurub, xəsarət alan olmayıb, Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi yerli mediaya bildirib.

Məlumatlara görə, pilotsuz təyyarədən biri Profsoyuz 98 ünvanda, digəri Yeni Moskva adlanan ərazidə Atlasova küçəsində yerləşən yaşayış binasına dəyib. Nəticəsə binanın fasadı zədələnib, pəncərə şüşələri qırılıb.

Moskva meri Sergey Sobyanin Teleqram kanalında yazıb ki, fövqəladə hallar hadisə yerindədir və hələlik zərərçəkən yoxdur.

BBC Ruscanın redaktoru Steve Rosenberg bildirib ki, o, səhər saat 6 radələrində təxminən 20-25 dəqiqə fasilə ilə iki partlayış səsi eşidib. Sosial mediada gedən müzakirələrdə bir çox adam partlayış səsi eşitdiyini deyib.

Profsoyuznaya küçəsində çoxmərtəbəli binanın yanında polis əməkdaşları

Şəklin mənbəyi, TASS

Şəklin alt yazısı, Profsoyuznaya küçəsində çoxmərtəbəli binanın yanında dayanan polislər

Qəfildən Ukrayna müharibəsinin evə daha çox yaxınlaşdığını hiss edirsən, - o deyib.

Bu gecə Rusiya Kiyevə dron zərbələri endirib, azı bir adam ölüb, Ukrayna rəsmiləri bildiriblər.

Bu ayın əvvəlində Kremlin binasına iki dron zərbəsi endirilmişdi. Rusiya dron zərbəsində Ukraynanı ittiham etsə də, rəsmi Kiyev bu ittihamları rədd etmişdi.

Rusiyanın Ukraynaya hücumundan sonra Moskva ətrafı və Leninqrad vilayətində, o cümlədən Ukrayna ilə sərhəd bölgələrində qeyri-yaşayış sahələrində partlayışlar baş verib.

Rəsmi Kiyev bu hücumlarla əlaqəsi olmadığını bəyan edib.

Kremlə "dron hücumu" - Rusiya Ukraynanı Putini öldürməyə cəhddə ittiham edir

Putin

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Kreml deyir ki, dronlar Putinin iqamətgahını hədəfə alıb

Mayın üçündə Rusiya tərəfi deyib ki, iki dron dünən gecə Moskvada Kremli vurub. Rusiya iddia edib ki, bu, Ukraynanın Prezident Vladimir Putini öldürmək cəhdidir.

Kreml iddia edib ki, hücum zamanı iki drondan istifadə olunub, amma onlar Rusiya müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

Hadisə vaxtı cənab Putin Kremldə olmayıb və binalara zərər dəyməyib, Rusiya xəbər agentlikləri bildirir.

Prezident Volodımır Zelenskinin sözçüsü deyib ki, Ukrayna Rusiyanın keçən il işğal etdiyi torpaqlarını azad etməklə məşğuldur və dron hücumu ilə heç bir əlaqəsi yoxdur.

Digər bir rəsmi BBC-yə deyib ki, bu hadisə Rusiyanın Ukraynada "genişmiqyaslı terror təxribatı" hazırlamasına dəlalət etmiş ola bilər.

Kremlin bəyanatında deyilir: "Dünən gecə, Kiyev rejimi Rusiya Federasiyası Prezidentinin Kreml iqamətgahına pilotsuz uçan aparatlarla hücum etməyə cəhd göstərib".

Rəsmi məlumatdan öncə, Rusiya teleqram kanallarında Kremlin üzərində tüstünü göstərən video yayılıb.

Kreml

Şəklin mənbəyi, Maxim Churusov/Tass

Bundan başqa, Rusiyanın digər regionlarına, o cümlədən sərhəd Bryansk vilayətinə dron hücumarı edildiyi bildirilir.

Kreml hadisəni "planlaşdırılmış terror aktı" adlandırıb və deyib ki, lazım gəldiyi vaxt və necə cavab vermək hüququnu özündə saxlayır.

"Kreml bu hərəkətləri planlaşdırılmış terror aktı və 9 may Qələbə günü ərəfəsində prezidentə sui-qəsd hücumu kimi qiymətləndirir", RIA agentliyi yazıb.

____________________

Rusiya boyunca artan partlayışların səbəbi nədir?

Pavel Aksyonov, BBC Rusca

Kremlə dronla zərbə endirmək cəhdi təsdiqlənərsə, bu, son günlər dalbadal baş vermiş hadisələrin içində ən diqqətçəkəni olacaq.

Bu hadisələr təbiətinə görə bir-birindən çox fərqlidir, müxtəlif obyektlərdə - hökumət mərkəzlərində, dəmir yollarında, elektrik xətlərində (KİV-in məlumatına görə, mayın 1-də Leninqrad vilayətində bir dayaq partladılıb, digəri minalanıb), aerodromlarda, neft anbarlarında baş verir.

İstifadə olunan üsullar da çox müxtəlifdir - pilotsuz təyyarələrlə zərbələr, yandırmaq, yerləşdirilmiş partlayıcılardan istifadə.

Onları zaman və məkan birləşdirir - Moskvanın mərkəzində baş vermiş hadisə və Leninqrad vilayətində elektrik xətlərinin partladılması istisna olmaqla, bütün digər hadisələr ya Rusiyanın Ukrayna ilə həmsərhəd vilayətlərinin ərazisində və ya ilhaq edilmiş Krım ərazisində baş verir. Və onlar cəbhədə hər iki tərəfin Ukrayna Silahlı Qüvvələrinin hücumunun başlamasını gözlədiyi bir vaxtda baş verir.

Ukrayna Silahlı Qüvvələrinin "Cənub" əməliyyat komandanlığının nümayəndəsi Nataliya Qumenyuk açıq şəkildə bildirib ki, zərbələrdən ən azı biri - Sevastopoldakı neft anbarına vurulan zərbə hücuma hazırlıq elementidir. Onun sözlərinə görə, USQ bu yolla Rusiya ordusunun maddi-texniki təchizatını pozmağa çalışır və bu zərbə rusları daha təhlükəsiz yer axtarmaq üçün dağılmağa məcbur etmək məqsədlidir.

Bu cür açıq bəyanata baxmayaraq, bu hadisələrin arxasında əslində kimin dayandığını demək çətindir.

Əvvəllər oxşar hadisələrlə bağlı xəbərlərdə Kiyevdən deyildiyi kimi, Ukrayna Silahlı Qüvvələrinin tərkibinə daxil olmayan qruplar yer alırdı - məsələn, Maçulişi aerodromunda Rusiyanın uçan radarına zərbəni hansısa belaruslu partizanların endirdiyi deyilirdi.

Buna baxmayaraq, zaman və məkanla birləşən bu insidentlərin ümumi planın tərkib hissəsi olması və Ukraynadakı müharibə və hətta gələcək hücumla bağlı ola biləcəyi ehtimalı tamamilə qəbulolunandır.

Bu işdə belə təxribatın məqsədi həqiqətən maddi-texniki təchizatı və logistik imkanları pozmaq ola bilər, lakin onların müxtəlif yerlərdə çox müxtəlif təhdidlərlə Rusiya hakimiyyətini, o cümlədən xüsusi xidmət orqanlarını və silahlı qüvvələrini, onların rəhbərliyinin və şəxsi heyətinin diqqətini yayındırmağa məcbur etmək üçün nəzərdə tutulduğunu düşünmək də məntiqlidir.

Bu cür müxtəlif zərbələr təhlükəsizlik sistemini həddindən artıq yükləyə və onun operativ işləməsini mümkün qədər çətinləşdirə bilər. Kremlə gecə zərbəsi endirmək cəhdi də təsdiqlənərsə, bu, məntiqə uyğun gəlir.