Putin Qarabağa humanitar yardım göstərməyə çağırıb, "Şuşanın bərpası daim mənim nəzarətimdə olacaq" - İlham Əliyev

Şəklin mənbəyi, TASS/Getty Images
Putin Qarabağa humanitar yardım göstərməyə çağırıb, Şuşa rayonunda xüsusi nümayəndə vəzifəsinə təyin edilən Aydın Kərimovu qəbul edən Prezident İlham Əliyev Şuşanın bərpası ilə bağlı bəzi planları açıqlayıb, Dövlət Sərhəd Xidməti İranla sərhəddə mühafizə strukturunun bərpa olunduğunu bildirib, Britaniya şirkətləri Qarabağda bərpa-yenidənqurma işlərində maraqlıdır, - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Putin Qarabağa humanitar yardım göstərməyə çağırıb
Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağa humanitar yardım göstərməlidir, Rusiya prezidenti Vladimir Putin yanvarın 27-də Davos Dünya İqtisadi Forumu çərçivəsində online çıxışı zamanı bəyan edib.
Onun sözlərinə görə, dünya birliyi və münaqişənin nizamlanmasında iştirak edən ölkələr zərər çəkmiş rayonlara qaçqınların qayıtması, dağılmış infrastrukturun bərpa edilməsi, tarixi, dini və mədəniyyət abidələrinin qorunması və bərpası ilə bağlı humanitar problemlərin həlli üçün yardım göstərməlidir.
Putin Azərbaycan və erməni xalqlarının Rusiyaya yaxın xalqlar olduğunu vurğulayıb və Rusiyanın Dağlıq Qarabağ bölgəsində silahlı münaqişəni dayandırmaq üçün vasitəçi kimi fəal səylər göstərdiyini bildirib.
"Biz bu münaqişədə əsas format olan ATƏT-in Minsk Qrupu formatına əməl etməyə çalışırdıq. Bu formatda 3 həmsədr ölkə var - Rusiya, ABŞ, Fransa. Bu da yaxşı nümunədir. Noyabrda Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanat imzalandı. Bu bəyanat ardıcıl icra olunur. Qan tökülməyi dayandırmaq, tam atəşkəsə nail olmaq və stabilləşmə prosesinə başlamaq mümkün oldu" - Putin deyib.
Bu, Rusiya liderinin uzun fasilədən sonra Davosda ilk çıxışı olub. Vladimir Putin sonuncu dəfə foruma 2009-cu ildə, Rusiyanın Baş naziri olarkən qatılıb.
"Şuşanın bərpası daim mənim nəzarətimdə olacaq" - İlham Əliyev

Şəklin mənbəyi, Azertac
Aydın Kərimov Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edilib. Müvafiq sərəncam çərşənbə günü imzalanıb. Eyni gündə Aydın Kərimovu videoformatda qəbul edən İlham Əliyev Şuşanın bərpası ilə bağlı bəzi planları açıqlayıb.
"Yəqin onu da bilirsiniz və şübhə etmirsiniz ki, Şuşanın bərpası daim mənim nəzarətimdə olacaq və yaxın zamanlarda Şuşa yenə də öz tarixi simasını bərpa edəcəkdir," - Şuşa rayonunda xüsusi nümayəndəsinə tapşırıq verən İlham Əliyev deyib.
Onun sözlərinə görə, Şuşada bütün işlər planlı şəkildə aparılmalıdır və bu arada şəhərin tarixi siması saxlanılmalı, Şuşaya "yad olan" hər hansı bir tikiliyə yol verilməlidir.
Dövlət başçısı infrastruktur layihələrinin icrasının, "birinci məsələ" olduğunu deyib.
"Siz Azərbaycan Dövlət Turizm Agentliyi və Mədəniyyət Nazirliyi ilə birlikdə bu proqramı işləyin. Dünyanın müxtəlif ölkələrində Şuşanın tarixi, işğal dövrü, bugünkü bərpa işləri ilə bağlı təqdimatı keçirilməlidir. Həm Azərbaycan ictimaiyyəti, eyni zamanda, beynəlxalq ictimaiyyət bərpa işlərimizin gedişi ilə bağlı məlumatlandırılmalıdır".
Öz çıxışında İlham Əliyev müharibə gedişatında əsas hədəfin Şuşa olduğunu deyib.
"Bizim hədəfimiz Şuşa idi, zəfərimiz də Şuşa oldu. Şuşanın azad olunması günü Zəfər günü elan edildi," - İlham Əliyev deyib.
Ermənistan müharibədə xəsarət alanlara maddi yardım proqramını təsdiqləyib

Şəklin mənbəyi, gov.am
Ermənistan Hökuməti çərşənbə günü 44 günlük Qarabağ müharibəsi nəticəsində yaralanan hərbi qulluqçulara sosial yardım proqramını təsdiq edib.
Proqrama görə, döyüşlər zamanı xəsarət alan şəxslərə 500 min dram (təxminən 962 dollar) məbləğində birdəfəlik sosial yardımın ayrılması nəzərdə tutulur.
Qərar 1-ci və 2-ci qrup əlilliyi olan döyüşçülərə həvalə olunmur; onlar artıq mövcud qanuna əsasən maliyyə yardımı alır.
"Müddətli hərbi xidmət keçənlərlə bərabər birdəfəlik yardım döyüşlər nəticəsində yaralanmış və hərbi və mülki hospitallarda müalicə almış ehtiyatda olan hərbçilər, könüllülər və başqa şəxslərə də təqdim ediləcək", - proqramı nazirlər kabinetinə təqdim edən Ermənistan Əmək və Sosial Məsələlər üzrə naziri Mesrop Arakelyan deyib.
Onun sözlərinə görə, ilkin məlumatlara görə, proqram üzrə yardım alanların sayı təxminən 6 min nəfərdir. 1-ci və 2-ci qrup əlilliyi olanların sayı təxminən min nəfər təşkil edir.
Nazir daha ağır halların - amputasiya olunub və protezləməyə ehtiyacı olanların - təxminən 120 nəfər olduğunu deyib.
İranla sərhəd "bərpa olunur"

Şəklin mənbəyi, Dövlət Sərhəd Xidməti
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində İranla sərhəddə mühafizə strukturu bərpa olunur, Dövlət Sərhəd Xidməti açıqlayıb.
Qurum bildirib ki, hazırda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın İranla dövlət sərhəd xətti boyu minaladığı ərazilər təmizlənir.
Məlumatda qeyd olunur ki, son günlər ərzində Cəbrayıl rayonunun Həsənli kəndi yaxınlığında 80 ədəd tank əleyhinə mina sərhədçi istehkamçılar tərəfindən zərərsizləşdirilib.
Britaniya şirkətləri Qarabağda bərpa-yenidənqurma işlərində maraqlıdır

Şəklin mənbəyi, Energetika Nazirliyi
Böyük Britaniya şirkətləri işğaldan azad olunmuş ərazilərdə elektroenergetika sahəsi üzrə aparılacaq bərpa-yenidənqurma işlərində maraqlıdır.
Energetika Nazirliyinin məlumatına görə bu sözləri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri James Lyall Sharp energetika naziri Pərviz Şahbazov ilə görüşündə deyib.
Qurum bildirib ki, Böyük Britaniya şirkətləri həmçinin ümumilikdə Azərbaycanda "bərpa olunan enerjidən istifadənin inkişafında" maraqlıdır.
Nazirlik bildirib ki, görüşdə ikitərəfli münasibətlər, energetika sahəsində mövcud əməkdaşlıq imkanları, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonalarının yaradılması istiqamətində müzakirələr aparılıb.
Birgə Monitorinq Mərkəzinin hərbçiləri Azərbaycana gəlməyə hazırlaşır

Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi
Dağlıq Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə daxil olan rusiyalı hərbçilər Azərbaycana gəlməyə hazırlaşırlar.
Rusiya Müdafiə Nazirliyi çərşənbə günü açıqlayıb ki, sülhməramlılar hazırda atəşkəs rejimininə nəzarət üzrə tapşırıqları birgə yerinə yetirmək üçün hazırlıq keçirlər.
Nazirlik bildirib ki, hazırlıq çərçivəsində bigə mərkəzin fəaliyyət istiqaməti və vəzifələri kimi məsələlər, eləcə də yerləşilən ölkənin mədəniyyəti, ənənəsi və xüsusiyyətləri öyrənilir.
Məlumatda deyilir ki, mərkəz atəşkəsə nəzarət etmək üçün dronlardan istifadə edəcək.
Ermənistan-Azərbaycan arasında sentyabrın 27-də başlayan döyüşlər və 44 gün davam edən döyüşlər noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı ilə başa çatıb.
Bəyanata əsasən, rusiyalı sülhməramlıların Qarabağa yerləşdirilməsi, Rusiya və Türkiyə sülhməramlılarının fəaliyyət göstərəcəyi Birgə Monitorinq Mərkəzinin yaradılması razılaşdırılıb.
Nigeriyada öldürülən azərbaycanlı dənizçinin cənazəsi Azərbaycana göndərilib

Şəklin mənbəyi, GIUSEPPE CACACE/AFP/Getty Images
Yanvarın 23-də Nigeriya sahillərində Türkiyə şirkətinə məxsus "Mozart" gəmisində öldürülən azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Azərbaycana göndərilib.
O, gəmiyə hücum edən dəniz quldurları tərəfindən öldürülmüşdü.
Anadolu Agentliyi cənazənin təyyarə ilə Türkiyəyə, oradan isə Azərbaycana göndərildiyini bildirib.
"Mozart" gəmisində olan 19 nəfərdən 15-i girov götürülmüş, 1 nəfər isə öldürülmüşdü.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə telefon danışığında baş vermiş hadisəni "qınayıblar".









