Nikol Paşinyan "həqiqətən konfidensial informasiya" haqqında danışıb

Şəklin mənbəyi, primeminister.am
Qarabağ üzrə danışıqlar prosesi çərçivəsində Azərbaycanla "məxfi məlumat deyilən informasiya mübadiləsinə dair" yayılan xəbərlərdən sonra, Ermənistanın Baş naziri "məxfi məlumatı" açıqlayacağını deyib.
Bundan əvvəl müxalifət hökumət başçısından məsələyə aydınlıq gətirməyi tələb edib. "Zəkalı Ermənistan" fraksiyasının rəhbəri Edmon Marukyan deyib ki, Nikol Paşinyan Milli Məclisdə izahat verməlidir.
Nikol Paşinyan ictimai maraq doğuran mövzuya televiziya müsahibəsində toxunub və "məxfi məlumatı" açıqlayacağını bildirib.
"Və konfidensial deyilən informasiya uydurma yox, həqiqətən konfidensial informasiyadır", - hələ yayımlanmayan müsahibəsi barədə Facebook səhifəsində məlumat verən Ermənistanın Baş naziri yazır.
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş nazirini Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesini bilərək sarsıtmaqda ittiham edib. Nikol Paşinyan isə cavab bəyanatında erməni tərəfinin Qarabağ məsələsində mövqeyinin "konstruktiv olduğunu bildirib".
Bu günlər, Ermənistan KİV-lərinin məlumatına görə, Azərbaycan hakimiyyətinə yaxın informasiya vasitələri tərəfindən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın emissarları arasında Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi üzrə məxfi danışıqlar keçirildiyi xəbəri yayılmışdı. Onun yeri və vaxtı barədə daha dəqiq məlumat verilmir.

Şəklin mənbəyi, 1.tv.am
Azərbaycan prezidentinin elçisinin adı açıqlanmır, lakin Azərbaycan mənbələrində Ermənistan baş nazirinin xüsusi təmsilçisi rolunda baş nazirin keçmiş müşaviri Arsen Xaratyanın adı çəkilir.
Hazırda Tbilisidə fəaliyyət göstərən üçdilli (erməni, gürcü və rus) informasiya portalının həmtəsisçisi və baş redaktoru Arsen Xaratyan öz Facebook səhifəsində "məxfi danışıqlara" aidiyyəti olduğunu təkzib edib.
O, 2018-ci ildə Azərbaycan nümayəndəsi ilə məxfi danışıqlar apardığı haqqında onun adı "hallandırılan" məlumatı uydurma adlandırıb.
Arsen Xaratyan bildirir ki, Azərbaycanda dərc olunmuş məlumata münasibət bildirməyi "mənasız hesab" etsə də, daxili erməni məkanında "spekulyasiyalardan qacınmaq" üçün məsələnin dəqiqləşdirməlidir: "... baş nazirin müşaviri olduğum zaman mən heç bir azərbaycanlı ilə heç bir məsələ müzakirə etməmişəm".
Cümə günü tanınmamış DQR parlament nümayəndə heyəti ilə görüş zamanı Nikol Paşinyan öz çıxışında "Azərbaycan hərbi-siyası dairələrinə" xitabən "məxfi danışıqlar" haqqında məlumat yaymamağı tövsiyə edib.
Paşinyan, son vaxtlar Azərbaycan hərbi-siyasi rəhbərliyi, hakimiyyət dairələri, yerli KİV-lər tərəfindən "təbliğat kampaniyasına yeni element" əlavə edildiyini deyib, "məxfi məlumatlar"ın aşkar edilməsinə diqqət yetirməyə çağırıb və bunu təhlükəli adlandırıb.
"Mən azərbaycanlı həmkarlarıma bu yolu tutmamağı məsləhət edirəm, çünki biz də bu sahəyə müdaxilə edib konfidensial məlumatlar yaymağa başlasaq, qorxuram ki, bu, Azərbaycanda daxili siyasi durumu ciddi şəkildə sabitsizləşdirər. Odur ki, konstruktiv mühitə qayıtmağı məsləhət edirəm", - o deyib.
Məlumata görə, Azərbaycan tərəfi Xaratyan və Paşinyan qarşısında "götürdüyü öhdəliklərə" sadiq qalaraq, danışıqlar barədə ATƏT Minsk Qrupuna məlumat verməyiblər.
Cümə axşamı günü BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxış edən Prezident İlham Əliyev "işğala son qoyulmalı olduğunu" deyib və Ermənistana qətnamələrin icrası üçün "yenilənmiş zaman qrafiki" istəyib.
İlham Əliyev deyib ki, Azərbaycanın "otuz ilə yaxın danışıqlar prosesində iştirakı sülhə sadiqliyin bariz nümunəsidir".
Bu il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonun Ağdam kəndində, şahidlərin dediyinə görə, ilk öncə hərbi postlarda kiçik çaplı silahlardan başlayan atışmaları sonradan ağır silahlar əvəz edib.
5 gün fasilələrlə davam edən döyüşlər nəticəsində Azərbaycan biri general-mayor olmaqla 12 hərbçisini, eləcə də bir mülki vətəndaşını, Ermənistan isə 5 hərbçisini itirib. Döyüşlər bölgədəki gərginliyi daha da artırıb.






