Şüşə olduğuna inanan şahzadə

Şahzadə Alexanda

Şəklin mənbəyi, Alamy

Şəklin alt yazısı, Şahzadə Alexandra təmizliyə diqqət edər, yalnız ağ paltarlar geyinərdi

19-cu əsrə məxsus buruq saçlı və ağ geyimli gənc şahzadə səhnədə asta addımlarla yeriyərək, narahat baxışlarla tamaşaçıları gözdən keçirir.

"Mən çox kövrək təbiətə malikəm," o bizə deyir.

"Daxilimdə piano gizlənir... o, şüşədən hazırlanıb."

Alix Sober-in səhnələşdirdiyi Şüşə piano (The Glass Piano) tamaşası London Coronet Teatrında nümayiş etdirilib. Bu tamaşanı absurd hoqqa hesab etmək olarmı? Qətiyyən.

Həqiqətən tarixi şəxsiyyət olmuş Bavariya Şahzadəsi Alexandra hesab edirdi ki, uşaq yaşlarında şüşədən hazırlanmış piano udub.

O, saray dəhlizlərində ehtiyatlı addımlarla yeriyər, tərəddüdlə qapıları aralayar və harasa dəyərək içindəki aləti sındıra biləcəyindən narahatlıq keçirərdi.

Piano çalan qadın

Şəklin mənbəyi, Tristram Kenton

Şəklin alt yazısı, Şüşə piano (The Glass Piano) tamaşası Bavariya Şahzadəsi Alexandra-dan bəhs edir. O, hesab edirdi ki, uşaq olarkən şüşədən hazırlanmış piano udub

Maraqlısı budur ki, o, bu inancında yalnız deyildi. "Şüşə qarabasması" həqiqətən psixoloji xəstəlik kimi mövcud olub.

Ola bilsin ki, Alexandra kimi piano udduğuna inanan başqa insan haqqında heç bir məlumatımız yoxdur. Lakin tarixdə özünün tamamilə və ya qismən şüşədən ibarət olduğuna inanan bir xeyli insan olub.

Bu cür xəstəlikdən əziyyət çəkən insanlar nə vaxtsa qırıla biləcəklərindən qorxur və hətta bəzi hallarda günəş işığından da ehtiyat edirdilər.

Tanınmış ingilis alimi Robert Burton belə 1612-ci ildə yazdığı Melanxoliyanın anatomiyası kitabında bu şüşə qarabasmasından bəhs edib.

Şüşə qarabasması orta əsrlərdən ta 19-cu əsrə qədər geniş yayılmış psixoloji xəstəlik olub. Ondan əvvəl isə insanlar keramikadan ibarət olduqlarına inanırmışlar. Daha sonralar isə şüşə onu əvəzləmiş olur.

Həddən artıq kövrək olmaq qorxusunun zadəganlar və təhsilli insanlar arasında geniş yayıldığı hesab olunur.

Görünür bu insanlar həmin qarabasma haqqında tibbi məlumatları oxuduqdan sonra özlərində də əlamətlər ortaya çıxıb.

Fransa kralı VI Karl

Şəklin mənbəyi, BNF/Alamy

Şəklin alt yazısı, Fransa kralı VI Karl "şüşə qarabasması" simptomlarına malik ilk şəxslərdəndir

Bu qarabasmadan əziyyət çəkən ilk və ən məşhur şəxslərdən biri 1380-1422-ci illərdə Fransaya hökmranlıq etmiş VI Karl olub.

Şüşədən ibarət olmaq inancı o qədər güclü olub ki, onun kövrək bədənini qorumaq üçün xüsusi dəmir kostyum hazırlandığı deyilir.

Qəribədir ki, şüşə qarabasması 19-cu əsin ortalarında zəifləməyə başlayır. Bunun səbəbini heç kim bilmir. Lakin müasir dövrdə onun əlamətləri nadir hallarda olsa da qeydə alınıb.

Kövrək, təmiz və saf

Artıq şüşə qarabasması psixi xəstəlik kimi qəbul olunub. Buna görə də Sobler, bu mövzudan maraqlı tamaşa hazırlamaq olacağını düşünüb.

Sobler hesab edir ki, insanın içində şüşədən pianonun olması təsviri çox maraqlı metaforadır.

"Bunu günümüzlə necə əlaqələndiririk? O, içimizdəki narahatlığı necə əks etdirir?"

Sobler hesab edir ki, şüşə qarabasmasının əlamətləri hələ də insanların içindədir.

"Mən narahatlıqdan əziyyət çəkirəm, bu çox kəskin bir hissdir," o deyir.

Piano udmaq qədər ifrat olmasa da, Sobler deyir ki, o da beynində hansısa həqiqətlər formalaşdıraraq onu özünün həqiqətinə çevirir.

Şüşə qarabasması artıq mövcud olmasa da, narahatlıqdan ortaya çıxan başqa, daha fərqli və dərin qarabasmalar geniş yayılıb. Sobler qeyd edir ki, daim izləndiyini, dövlətin nəzarətində olduğunu güman etmək geniş yayılmış paranoyyadır.

Başqa bir misal isə Morgellon xəstəliyi ola bilər. Bu xəstəlikdən əziyyət çəkən insanlar bədənlərində parazitlərin olduğuna inanırlar.

Şahzadə Alexandra əvvəllər də olduqca gərgin və həssas insan olubmuş, hətta piano udduğu qənaətinə gəlməmişdən öncə.

İndiki dildə desək onda OKP - obsessiv-kompulsiv pozuntu və ya sarışan hallar nevrozu olub.

O, təmizliyə diqqət edər, yalnız ağ paltarlar geyinərdi. Onda piano ilə bağlı qarabasmalar isə daha sonralar ortaya çıxır.

Onun atası Kral I Ludwig məşuqəsi olan aktrisa Lola Montez-ə çoxlu pul xərcləyir və titullar verir. Məhz bu dövrün kralın subay olan qızı üçün olduqca çətin keçdiyi güman edilir.

Şüşə qarabasması təmizlik və ismət, eyni zamanda kövrəkliklə əlaqələndirilib. Kişilər isə bir çox hallarda pisuara çevrildiklərinə inanırdılar, şüşə pisuara. Kişilər arasında şüşədən yançaqlarının olduğuna inanc da geniş yayılmışdı.

Şüşə kişilər

Bəzi şüşə qarabasması hallarına bir az da zarafatla yanaşaq. Heç şübhəsiz bu mərəz həmin dövrlərdə həkimlər və xüsusən də sənətkarların marağına səbəb olub.

Migel de Servantesin 17-ci əsrdə yazdığı "Şüşə hüquqşünas" əsərinin qəhrəmanı Tomas Rodaja şüşədən olduğuna inanır

Şəklin mənbəyi, Getty images

Şəklin alt yazısı, Migel de Servantesin 17-ci əsrdə yazdığı "Şüşə hüquqşünası" əsərinin qəhrəmanı Tomas Rodaja şüşədən olduğuna inanır

Servanetsin 1613-cü ildə qələmə aldığı qısa hekayəsi, "Şüşə hüquqşünası" əsərinin qəhrəmanı Tomas Rodaja sevgi iksirini qəbul etdikdən sonra bədəninin şüşəyə döndüyünə inanır.

Thomas Tomkisin 1604-cü ildə yazdığı "Lingua" əsərinin personajlarından biri də pisuar olduğunu zənn edir.

Bu qarabasma ilə bağlı tibbi əhvalatlar da mövcuddur.

Saray həkimi Lois de Caseneuve-nin 1626-cı ildə yazdığı qeydlərinə görə, Parisdə yaşayan bir şüşəçi yançaqlarını qorumaq üçün daim döşək bağlayıb. Daha sonra bir həkim onu əmin etmək üçün arxasına möhkəm vurub və deyib ki, əgər ağrı hiss edirsənsə, demək yançaqların şüşədən deyil.

1569-cu ildə yazılmış başqa bir əhvalat isə şüşə su qabı olduğuna inanan kişidən bəhs edir. Çarə? Onu yataq otağına kilidləyərək od vururlar. Kişi qapını döyəcləyərək kömək istəyəndə isə ona deyirlər ki, əgər doğrudan da şüşədən olsaydı indi qapını döyəclədiyinə görə gərək ki qırılardı. Bu isə işə yarayır, əhvalatda belə deyilir.

Həqiqi Şahzadə Alexandranın Lucien Bonaparte-la nişanı təxirə salınır və o, bir neçə kitab yazır

Şəklin mənbəyi, Tristram Kenton

Şəklin alt yazısı, Həqiqi Şahzadə Alexandranın Lucien Bonaparte-la nişanı təxirə salınır və o, bir neçə kitab yazır

Sobler əsərindəki şahzadəyə münasib bir çarə tapır. Alexandranın Napoleonun qohumu Lucien Bonaparte ilə nişanlı olduğu məlumdur. Amma Alexandra onun əvvəllər evli olduğunu və boşandığını öyrənəndən sonra nişan təxirə salınır.

Lakin Sober-in əsərində bu sevgi şahzadəni şüşə qarabasmasından xilas edir.

"Yaşlanmağım və özümə əminlik hissi həyatımı dəyişdi, məni narahatlıqdan xilas etdi. Eyni zamanda mən sevdiyim insanı tapdım. Mənim üçün maraqlı idi ki, görəsən bu, Alexandra-nın da başına gələ bilərmi?!" - Sobler deyir.

"Psixi xəstəliyin çarəsi sevgi deyil. Bizim başqaları ilə olan münasibətlərimiz bizi xilas edə bilər. Onlar bizə çətin vaxtlarımızda dayaq olurlar," o əlavə edir.

Biz əsl həyatda Şahzadə Alexandranın şüşə qarabasmasından xilas olub-olmadığını bilmirik. O öz sevgisinə qovuşmaya da bilər. Lakin onun öz səsini tapdığı məlumdur.

1857-ci ildə şahzadə yazıçı karyerasına başlayır və bir neçə kitabını çapdan çıxardır. Yəqin ki, o, öz hekayəsinin səhnələşdirildiyini görsəydi, sevinərdi.