Putin: seçkilərədək Kadırov Çeçenistanın başçısı vəzifəsində qalacaq

Putin Ramzan Kadırovu "yaxşı təsərrüfatçı" adlandırıb

Şəklin mənbəyi, RIA Novosti

Şəklin alt yazısı, Putin Ramzan Kadırovu "yaxşı təsərrüfatçı" adlandırıb

Rusiya prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovun seçkilər keçirilən vaxta qədər Respublika başçısı vəzifəsinin icraçısı təyin olunması haqqında fərman imzalayıb.

Belə qərarın qəbul olunması Kadırovun səlahiyyətlərinin aprelin 5-də başa çatması, respublikada prezident seçkilərinin isə sentyabr ayına təyin olunması ilə bağlıdır. Putin bu seçkilərdə Kadırovun iştirak edəcəyinə ümid etdiyini bildirib.

“Ümid edirəm ki, Çeçenistan sakinləri, çeçen xalqı sizin respublika üçün etdiklərinizi seçki kampaniyası əsnasında layiqincə qiymətləndirə bilər”, - deyə Putin Kadırovu “yaxşı təsərrüfatçı” adlandırıb.

Eyni zamanda Putin, nəyi nəzərdə tutuduğunu açıqlamayaraq, Kadırovu “həyatımızın bütün sahələrində Rusiya qanunlarına riayət olunması üçün əlindən gələni” etməyə çağırıb.

Prezident Putin, həmçinin Kadırovun prezidentliyi dövründə respublikanın təhlükəsiz yerə çevrildiyini bəyan edib, lakin Çeçenistanda hüquq müdafiəçilərinə hücum hallarını xatırlatmayıb.

Fevralda Ramzan Kadırov jurnalistlərə demişdi ki, öz vəzifəsini başqasına təhvil verməyə hazırdır.

“Mən deyirəm: mənim vaxtım gəlib. Hesab edirəm ki, hər bir insanın hüdudu var, və Kadırov üçün bu, zirvədir”, - o, NTV telekanalına deyib.